Название | 93-cü il |
---|---|
Автор произведения | Виктор Мари Гюго |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243918 |
– Bu adamın ehtiyatsızlığı az qala gəmini məhv edəcəkdi. Mərdlik təltif edilməli, xəta isə cəzalandırılmalıdır.
Sonra əsgərlərə baxıb əmr etdi:
– Hökmü yerinə yetirin!
Yaxasında Müqəddəs Lüdovik ordeni olan topçu başını aşağı saldı.
Bir neçə dəqiqədən sonra qaranlıqda atəş səsləri eşidildi. Hökm yerinə yetirilmişdi.
Dumandan göz gözü görmürdü, üstəlik də tufan qalxmışdı. Zədələnmiş gəmi nəhəng dalğaların zərbələrinə tab gətirə bilməyəcəkdi. Uzaqda səkkiz gəminin yelkənləri ağarırdı. «Kleymor» lövbər salıb dayandı. Qüvvələrin qeyri-bərabər olması səbəbindən gəmi məhv olmağa məhkum idi.
5
Qoca sərnişin özünəməxsus təmkinlə baş verənləri müşahidə edirdi. Qraf Buabertlo ona yaxınlaşdı.
– Cənab general, – dedi, – biz eskadra ilə sualtı qayaların arasında tələdəyik. Dalğalara təslim olmaqdansa, döyüşdə ölmək yaxşıdır. Lakin ölmək sizin yox, bizim vəzifəmizdir. Sizin isə Vandeya üsyanına rəhbərlik etmək kimi böyük vəzifəniz var. Sizin ölümünüz monarxiyanın da məhvi deməkdir. Mən sizə qayıq və avarçəkən verərəm. Başqa yolla sahilə çıxmaq mümkün deyil.
Qoca başı ilə razılıq işarəsi verdi. Qraf Buabertlo ucadan bağırdı:
– Əsgərlər və dənizçilər! Bir sərnişin kimi gəmidə apardığımız bu adam kralın nümayəndəsidir. O, Vandeyanın əsgərlərinə rəhbərlik etmək üçün Fransa sahillərinə çıxmalıdır. Bizim sərnişini kim aparmaq istəyir?
Qaranlıqdakı cərgədən bir adam irəli çıxıb dedi:
– Mən.
6
Bir neçə dəqiqədən sonra içərisində iki adamın – qoca sərnişin və avarçəkənin olduğu balaca qayıq suya salındı. Dənizçi göstərişini yerinə yetirərək Menke tərəfə səylə avar çəkirdi. Özləri ilə azca ərzaq: bir kisə suxarı, bir parça qaxac ət və balaca bir çəlləkdə su götürə bilmişdilər.
Qayıq külək və dalğaların arasında görünməz oldu.
Yalnız bundan sonra kapitan üzünü heyətə tutub dedi:
– Əlahəzrət kralın dənizçiləri! Orta dorağacında ağ bayraq qaldırın. Biz axırıncı dəfə günəşi qarşılayacağıq.
– Yaşasın kral! – cərgədəki ekipaj üzvləri bağırdılar. Və korvetdən top atəşi açıldı.
Məsafənin uzaqlığına baxmayaraq az qala elə həmin an qarşı tərəfdən başqa səs eşidildi:
– Yaşasın Respublika!
Üç yüz topdan açılan yaylım atəşi dənizi lərzəyə saldı. «Kleymor» eyni zamanda səkkiz iri gəmiyə atəş açdı.
Qayıqda oturanlar susurdular. Menke qayalığının dar boğazından açıq dənizə çıxmaq lazım idi. Avarçəkən bunu çox məharətlə bacardı. Birdən o, başını qaldırıb qocanın gözlərinin içinə baxaraq dedi:
– Monsenyor, mən sizin əmrinizlə güllələnən topçunun qardaşıyam.
Qoca başını yavaş-yavaş qaldırıb ondan soruşdu:
– Məndən nə istəyirsən?
Dənizçi cavab verdi:
– Sizi öldürmək istəyirəm.
– Nə üçün?
Dənizçinin gözləri parıldadı.
– Bayaq dedim. Mənim qardaşımı öldürdüyünüz üçün.
Qoca sakitcə etiraz etdi:
– Mən əvvəlcə onun canını qurtardım.
– Hə, doğrudur, monsenyor, əvvəlcə qurtardınız, sonra öldürdünüz.
– Onu mən öldürmədim.
– Bəs kim öldürdü?
– Öz təqsiri. Sənin adın nədir?
– Mənim adım Qalmalodur. Ölümə hazırlaşmaq üçün sizə bir dəqiqə vaxt verirəm.
– Mənə nə üçün «monsenyor» deyirsən?
– Çünki aydındır ki, siz ağasınız.
– Sənin ağan varmı?
– Bəli. Özü də adlı-sanlı ağadır. Məgər ağasız yaşamaq olar?
– Bəs indi o haradadır?
– Bilmirəm. O bizim yerlərdən qaçıb. Adı markiz de Lantenakdır. Bretan şahzadəsidir. «Yeddi meşə» malikanəsi onundur. Mən onu heç vaxt görməmişəm. Lakin bu onun mənim ağam olmasına mane olmur.
– Sən onu görsəydin, sözünə qulaq asardınmı?
– Əlbəttə! Biz Allaha və krala itaət etməyə borcluyuq. Lakin indi bu söhbətlərin yeri deyil. Siz mənim qardaşımı öldürmüsünüz, mən də sizi öldürməliyəm.
– Qulaq as! – qoca dedi. – Sənin qardaşın öz vəzifəsini düzgün yerinə yetirə bilmədiyindən bədbəxtlik baş verdi. Korvet düşmən donanmasına rast gəldi, biz də Fransa sahilinə çıxa bilmədik. Biz əlimizdə qılınc və ağ bayraq Vandeyanın sədaqətli kəndlilərinə köməyə getməliydik. Fransanı qurtarmaq üçün! Kralı qurtarmaq üçün! İndi yeganə salamat qalmış adam mənəm, mən də bunun üçün gedirəm. Sən isə mənim yolumu kəsirsən. İndi ixtiyar səndədir. Öldür məni!
Dənizçinin rəngi qaçmışdı. Alnında iri tər damcıları görünürdü. Qoca susduqda o, tapançanı yerə atıb diz çökdü.
– Bağışlayın, monsenyor! – deyə göz yaşları içində səsləndi. – Mən sizin ixtiyarınızdayam! Əmr edin! Bütün əmrlərinizi yerinə yetirməyə hazıram!
– Mən səni bağışlayıram, – qoca dedi.
7
Otuz altı saatdan sonra onlar artıq sahilə yaxınlaşmışdılar. Qalmalo mahir dənizçi idi. Bacardıqca sahilə yaxın sürüb qayığı quma oturtdu.
Qalmalo soruşdu:
– Necə əmr edirsiniz, monsenyor: irəlidə gedib sizə yol göstərim, yoxsa arxanızca gəlim?
– Heç biri lazım deyil, – qoca dedi. – Hərəmiz bir tərəfə getməliyik. Sən buranın meşələrini tanıyırsan?
– Mən burada hər yeri tanıyıram.
– Qulaq as, Qalmalo. Sən sağa gedərsən, mən sola. Silahını gizlət. Çəpərdən özünə bir paya çıxar. Əvvəlcə Sent-Oben meşəsinə girərsən. Orada dərənin kənarında böyük bir şabalıd ağacı var. Bu ağacın altında dayan. Bayquş kimi ulayıb siqnal verərsən. Bizim parolumuz belədir: «Silah başına! Kimsəyə aman verməməli!» Demək, dərədə üç dəfə siqnal verərsən. Sonuncu siqnalı verdikdə sanki yerin altından bir adam çıxacaq. Bu adam Planşenodur, ləqəbi də «Kral qəlbi»dir. Sən bu kokardanı8 ona göstərərsən. Daha sonra meşələri
8