Название | Yerin mərkəzinə səyahət |
---|---|
Автор произведения | Жюль Верн |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243369 |
Onun gəldiyi nəticə doğru idi.
– Saknussem alim olduğu üçün öz doğma dilində yox, təbii ki, o dövrün ziyalıları arasında geniş yayılmış latın dilində yazırdı. Deməli, bunun latın dili olduğuna heç bir şübhə yeri qalmamalıdır. Biz bir az tər töküb bu şifri aça bilərik. Yeri gəlmişkən, sən latın dili üzrə mütəxəssissən. Bizə şifrin açarını əldə etmək lazımdır. Açarı əldə etsək, onu asanlıqla oxuyacağıq. Aksel, fikrin haradadır?
Mən bu suala cavab vermədim. Baxışlarım Otto Lidenbrokun xaç qızlığı Qretxenin portretinə yönəlmişdi. Qız indi qohumlardan birinin evinə getmişdi və mən ondan ötrü bərk darıxırdım. Etiraf edim ki, uzun müddət idi bir-birimizi təmiz məhəbbətlə sevirdik. Amma dayımın bu sevgidən xəbəri yox idi. Biz ondan xəbərsiz nişanlanmışdıq. Fikirləşmişdik ki, özünü elmə həsr etmiş bir geoloq bizim hisslərimizi başa düşməz. Qretxen mavigözlü qəşəng bir sarışın idi, ciddi və ötkəm xarakterə malik olması mənə olan sevgisinə heç bir xələl gətirmirdi.
Bu zaman dayım yumruğunu stola çırpıb məni xəyaldan ayırdı:
– Səninlə deyiləm? Məncə, cümlənin mənasını almaq üçün sözləri üfüqi yox, şaquli istiqamətdə yazmaq lazımdır. Görək bundan nə çıxır!
Mən sözləri yuxarıdan aşağı yazdım.
– Yaxşı, Aksel, indi buraya bir cümlə yaz. Ancaq hərfləri beş-beş, altı-altı sütuncuqlar şəklində yaz.
Mən onun dediklərini yerinə yetirdim.
– Əladır, – dayım dedi. – İndi cümləni oxumaq üçün hər sözün əvvəlcə birinci, sonra ikinci, sonra üçüncü hərflərini birləşdir və beləcə də davam et.
Mən böyük heyrət içində cümləni oxudum:
"Səni var qəlbimlə sevirəm, əziz Qretxen!"
Özümdən asılı olmayaraq yazdığım bu cümlə məni axmaq kimi ələ vermişdi.
– O-o-o! – professor dedi. – Deməli, sən Qretxeni sevirsən?
– Hə… Yox… – deyə utana-utana mızıldandım.
– Sən Qretxeni sevirsənmiş! Yaxşı, bu məsələni sonraya saxlayaq. İndi gəl başqa üsullara keçək, – deyə söhbəti dəyişdi.
Dayım bir neçə başqa üsuldan istifadə edib hərfləri mənə müxtəlif formalarda yazdırdı. Amma yenə də hərf yığınından başqa heç bir şey alınmadı. Güclü yumruq zərbəsindən stol silkələndi. Dayım yenə özündən çıxmışdı:
– Lənət şeytana, bu ki cəfəngiyyatdır!
Bunu deyib güllə kimi otaqdan çıxaraq küçəyə düşdü və var gücüylə qaçmağa başladı.
O gedəndən sonra bu qərara gəldim ki, hər şeyi Qretxenə danışım. Amma sonra fikrimi dəyişdim. Birdən dayım geri qayıdar, məni evdə tapmaz, lap əsəbiləşər. Bilirdim ki, dayım bu sirli şifri açmamış bir yerdə otura bilməyəcək. Ən yaxşısı elə evdə qalmaq idi.
Başqa işlə məşğul olmaq istədim. Amma sənəd yadımdan çıxmırdı ki, çıxmırdı. Təzədən onun üzərində işləməyə başladım. Hərfləri iki-iki, üç-üç birləşdirsəm də, bir şey çıxmadı. Ancaq on dörd, on beş, on altıncı hərflərdən ingilis sözü olan "ice" sözünü, daha bir neçə hərfdən isə “sir” sözünü düzəldə bildim. Nəhayət, sənədin düz ortasında bir neçə latın sözünü oxuya bildim. Ardınca bir yəhudi və bir neçə fransız sözünü də aşkar etdim. Müxtəlif dillərə məxsus olan "buz", "cənab", "qəzəb", "qəddar", "müqəddəs meşə", "dəyişkən", "ana", "soğan", "dəniz" sözləri arasında nə əlaqə ola bilərdi?
Birdən elə bil məni ilan vurdu. Qarşımda iki latın sözü dururdu: "craterem", "terrestre"! Çox həyəcanlanmışdım. Özümü ələ alıb sözlərdə gizlənən cümləni başdan-ayağa oxuya bildim. Yox, bu, inanılmazıdır! Doğrudanmı, bu səyahəti eləyən tapılıb…
– Yox, – deyə qışqırdım. – Dayım bunu bilməməlidir! Yoxsa o da həmin yerə səyahət edəcək. Bu cəsur geoloqu sözündən döndərmək mümkün olmayacaq! Professor özü də bu sirri aça bilər. Yaxşısı budur, onun əlinə keçməmək üçün sənədi yandırım!
Buxarıda od yanırdı. Bu vərəqi və Saknussemin perqamentini götürüb oda atmaq istəyirdim ki, otağın qapısı açıldı və dayım içəri girdi.
3
Mən cəld sənədi stolun üstünə qoydum. Professor Lidenbrok üzgün görünürdü. Ehtimal ki, gəzinti zamanı çox baş sındırmış, yeni-yeni üsullar üzərində fikirləşmişdi. O öz kreslosuna əyləşib riyazi hesablamaları xatırladan düsturlar yazmağa başladı.
Mən ona diqqətlə göz qoyurdum. Birdən sirri aşkar elədi, onda necə?
Dayım üç saat ərzində dayanmadan çalışdı, nə başını qaldırdı, nə bir kəlmə söz dedi. Mən yaxşı bilirdim ki, o bu hərflərdən bütün mümkün birləşmələri düzəltsə, axtarılan cümləni əvvəl-axır tapa bilərdi. Bu yazıda isə yüz otuz iki hərf vardı, bu hərflərdən o qədər söz birləşməsi düzəltmək olardı ki, sayı-hesabı bilinməzdi.
Vaxt keçdi, gecə düşdü. Küçələrin səs-küyü kəsildi. Dayım hələ də tapşırığın həlliylə məşğul idi. Qulluqçu Marta qapını açıb şam yeməyini yeyib-yeməyəcəyi barədə soruşanda da heç bir cavab vermədi. Marta çıxıb getdi. Mənsə divanda uzanıb yuxuyla mübarizə aparırdım. Amma bunun heç bir faydası olmadı. Yuxu məni apardı.
Səhər oyananda yorulmaz tədqiqatçının hələ də iş başında olduğunu gördüm. Gözləri qızarmış, saçları dağılmışdı. Rəngi qaçmış üzündə ləkələrin əmələ gəlməsi məqsədinə çatmaq üçün gərgin inadla çalışdığından xəbər verirdi.
"Yox, ona heç nə deməyəcəyəm, – ürəyimdə dedim. – Onu tanıyıram, bu səyahətə mütləq gedəcək, heç kəs onu sözündən döndərə bilməz. Başqa geoloqların eləmədiklərini etmək üçün həyatını təhlükəyə atmağa da hazırdır. Professora məlumat vermək onun məhvinə bais olmaq deməkdir. Qoy bacarırsa, özü tapsın".
Mən qərarımı verib gözləməyə başladım. Ancaq tezliklə Marta bazara getmək istəyəndə məlum oldu ki, qapı bayırdan açarla bağlanıb. Əlbəttə, onu axşam gəzintidən qayıdan dayım bağlaya bilərdi. Doğrudanmı o bizi ac saxlamaq fikrinə düşmüşdü? Bəli, belə də olmalıydı. Mən buna bənzər bir hadisəni xatırladım. Bir neçə il əvvəl dayım mineralların təsnif edilməsi üzərində işləyərkən bir dəfə düz qırx səkkiz saat heç nə yeməmiş, biz də onunla birlikdə ac qalmışdıq.
Mən başa düşdüm ki, səhər yeməyi də şam yeməyi kimi ləğv ediləcək. Yazıq Marta bərk həyəcanlanmışdı. Mən əzablara qəhrəmancasına dözməyə hazırlaşırdım. Dayım isə işləməyində idi.
Günortaya yaxın aclıq məni əldən salmağa başladı. Artıq güclə