Yerin mərkəzinə səyahət. Жюль Верн

Читать онлайн.
Название Yerin mərkəzinə səyahət
Автор произведения Жюль Верн
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952243369 



Скачать книгу

title>

      1

      1863-cü il may ayının iyirmi dördündə dayım professor Otto Lidenbrok sürətli addımlarla öz evinə tərəf gedirdi. Onun evi Hamburqun ən qədim məhəllələrindən birində, Kral küçəsində yerləşirdi.

      Professor evinə tez qayıtdığı üçün qulluqçumuz Marta fikirləşdi ki, yəqin, naharı hazırlamaqda gecikib, çünki plitədəki sup hələ bişməmişdi.

      "Dayım səbirsiz adamdır, – öz-özümə düşündüm, – əgər acdırsa, indicə aləmi bir-birinə qatacaq".

      – Cənab Lidenbrok gəldi! – Marta qonaq otağının qapısını azacıq aralayıb dedi.

      – Hələ saat iki olmayıb axı, – Martaya dedim. – Kilsə saatları indicə ikinin yarısını vurdu.

      – Bəs onda cənab Lidenbrok niyə tez qayıtdı?

      – Yəqin ki, səbəbini izah edər.

      – Bu da o. Mən qaçdım, cənab Aksel, siz onu sakitləşdirməyə çalışın.

      Marta mətbəxə qayıtdı, mən tək qaldım. Qəzəblənmiş professoru sakitləşdirmək mənim kimi bir az zəif xarakterli adamın işi deyildi. Buna görə də yuxarıya – öz otağıma çıxmağı qərara aldım. İçəri təzəcə girmişdim ki, giriş qapısının cırıltısını eşitdim, evin sahibi cəld öz iş kabinetinə keçdi.

      Gedə-gedə əsasını bir küncə qoyub şlyapasını stolun üstünə atdı və ucadan qışqırdı:

      – Aksel, bura gəl!

      Cəld əsəbiləşmiş dayımın kabinetinə qaçdım.

      Dayım Otto Lidenbrok İohanneumda professor idi və mineralogiyadan mühazirələr oxuyurdu. Həftədə iki-üç dəfə hövsələdən çıxırdı. Yox, tələbələrin mühazirələrə vaxtında gəlib-gəlməmələri, ona diqqətlə qulaq asıb-asmamaları, dərslərə hazırlaşıb-hazırlaşmamaları onu maraqlandırmırdı. Onun mühazirələri fərdi səciyyə daşıyırdı. O, başqaları üçün yox, özü üçün oxuyurdu. Bu, əsl bilik xəzinəsi, eqoist bir alim idi. Almaniyada bu cür professorlar çoxdur.

      Ancaq dayımın, təəssüf ki, nitq söyləmək qabiliyyəti yox idi. Mühazirə deyərkən tez-tez sözünə ara verməli olurdu. Qəliz sözləri, terminləri tələffüz edərkən yanılmamağa çalışırdı. Məlumdur ki, mineralogiya elmində belə çətinliklə tələffüz edilən terminlər kifayət qədərdir. Bəzən yadından çıxan hər hansı bir söz dilinin ucunda fırlanırdı. Onun tez-tez özündən çıxmasının səbəbi də bu idi.

      Şəhər camaatı dayımın bu zəif cəhətini bilir, bundan sui-istifadə edirdi. Onu qəsdən cırnadır, hövsələdən çıxarırdılar. Lidenbrokun mühazirələrində az adam da iştirak edirdisə, bu o demək idi ki, onların çoxu professorun hirslənməyindən ləzzət almaq üçün gəlib.

      Lakin bütün bu çatışmazlıqlarına baxmayaraq dayım əsl alim idi. İstənilən mineralı səhvsiz təyin edir, onu dövrümüzdə elmə məlum olan altı yüz növ mineralın içində düzgün təsnif edirdi. Bir sıra elmi cəmiyyətlərin üzvü idi. Onun rəyləri ilə hesablaşırdılar. Dövrünün bir sıra görkəmli alimləri ilə görüşmüş, fikir mübadiləsi aparmışdı.

      Xarici görünüşünə gəldikdə isə əlli yaşında, ucaboy, arıq, ancaq güclü orqanizmi olan, yaşından on il cavan görünən bir kişi idi. Uzun, nazik burnu itilənmiş xəncərə bənzəyirdi. Yeriyəndə coşqun təbiətli adamlara xas olan bir tərzdə yumruqlarını sıxırdı.

      Alman professoru üçün dayım nisbətən varlı hesab olunurdu. Yaşadığı ev içindəkilərlə birlikdə onun şəxsi mülkiyyəti idi. Ailəmiz dayımla məndən savayı, onun on yeddi yaşlı xaç qızlığı Qretxendən, bir də qulluqçu Martadan ibarət idi. Mən onun yetim qalmış bacısı oğlu və apardığı elmi təcrübələrdə əsas köməkçisiydim. Onu da etiraf edim ki, geologiya ilə məşğul olmaq xoşuma gəlirdi. Qiymətli daşların arasında heç vaxt darıxmırdım.

      Beləliklə, Kral küçəsində yerləşən evin sahibinin coşqun xarakterinə baxmayaraq onunla birlikdə xoşbəxt yaşamaq mümkün idi. Dayım mənimlə bir az kobud davransa da, məni çox istəyirdi. Buna görə də ona tabe olmaqdan, dediklərinə əməl etməkdən başqa yolum yox idi. Bu fikirlərlə də onun kabinetinə tələsdim.

      2

      Kabinet əsl muzey idi. Burada mineralogiyaya dair bütün nümunələr toplanmışdı. Hər birinin üzərində adı yazılmış bu nümunələr müxtəlif bölmələr üzrə düzülmüşdü. Bu mineralların çoxunun adları mənə də tanış idi.

      Ancaq indi içəri girərkən fikrim dayımın yanındaydı. O, məxmər çəkilmiş kreslosunda oturub əlində tutduğu qədim əlyazma kitaba heyrətlə baxırdı.

      – Kitab belə olar! – deyə səsləndi.

      Bilirdim ki, professor kitab həvəskarıdır, ancaq kitab onun gözündə o zaman dəyərli olurdu ki, o ya çətin tapılır, ya da özündə mühüm bir elmi sirr gizlədirdi.

      – Buna bax, Aksel, – o dedi. – Bu, əvəzsiz bir xəzinədir, onu bu səhər dükandan almışam.

      – Heyrətamizdir! – deyə yalançı heyrətlə onun sözünü təsdiq etdim.

      – Hələ sən bunun cildinə bax! Gör kitab necə asanlıqla açılır! Üz qabığı da, səhifələri də yerindədir. Əladır!

      – Bəs bu gözəl kitabın adı nədir? – deyə soruşdum.

      – Kitabın adı "Xeyms-Krinql"dir, onu on ikinci əsrdə yaşayan Snorre Turleson adlı məşhur island yazıçısı yazıb. İslandiyanı idarə edən Norveç konunqları1 haqqındadır. Özü də tərcümə deyil, təmiz island dilində yazılıb.

      – Gör nə gözəl şriftdir! – deyə yenə kitabı yalandan təriflədim.

      – Ay səfeh Aksel, nə şrift? Bu, runalarla – bir zamanlar İslandiyada istifadə olunan işarələrlə yazılmış əlyazmadır.

      Birdən kitabın içindən yarıçürük bir perqament düşdü. Dayım əyilib onu götürdü və diqqətlə baxmağa başladı. Bu perqament onun nəzərində mühüm tarixi bir sənəd idi.

      – Bu nədir? – dayım eynəyini yuxarı qaldırıb ucadan səsləndi. – Bu işarələr Snorrenin əlyazmalarına oxşayır. Bəs… onların mənası nədir?

      Onun barmaqlarını əsəbi tərzdə tərpətməyindən anladım ki, yazılanlardan heç nə başa düşməyib.

      – Hər halda, bu, qədim island dilidir, – o, burnunun altında mızıldandı.

      Əlbəttə, professor Lidenbrok bu dili bilməliydi, axı o həm də gözəl dilçiydi. O, dünyada mövcud olan bir çox dillərdə və dialektlərdə gözəl başa düşür və bu dillərin böyük hissəsində sərbəst danışırdı.

      Dayım get-gedə hövsələdən çıxmağa başlayırdı ki, saat iki tamam oldu. Marta içəri girib naharın hazır olduğunu xəbər verdi.

      – İstəmirəm! – deyə professor acıqla dilləndi.

      Marta qaçıb getdi, mən də onun dalınca. Bir müddət gözlədim. Professor gəlib çıxmadı. Yeməyi təzəcə qurtarmışdım ki, birdən ucadan danışıq səsi eşitdim.

      Stoldan aralanıb bir sıçrayışla özümü dayımın kabinetinə saldım.

      Dayım alnını qırışdırıb öz-özünə danışırdı. Məni görcək stolu göstərib:

      – Otur burda, yaz, – dedi.

      Mən bir göz qırpımında hazır oldum.

      – İndi mən sənə bizim əlifbanın island işarəsinə uyğun gələn hər bir hərfini diktə edəcəyəm. Amma çalış səhv eləmə ha!

      Mən yazmağa başladım. Qurtaranda anlaşılmaz sözlərdən ibarət olan cədvəl yarandı.

      Dayım kağızı məndən alıb gözdən keçirməyə başladı.

      – Bu nə deməkdir? – öz-özünə dedi. – Şübhəsiz, burada böyük bir məna gizlənir. Sadəcə onu aşkara çıxarmaq lazımdır. Ola bilsin ki, burada böyük bir kəşfə işarə edilir, ya da onu kəşf etməyin yolları göstərilir.

      Sonra



<p>1</p>

Konunq – qədim skandinavlarda əsilzadə və sərkərdə