Üç gonbul. Юрий Олеша

Читать онлайн.
Название Üç gonbul
Автор произведения Юрий Олеша
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952242614 



Скачать книгу

evin damına çıxıb xilas ola bilərəm”.

      Zabit tapançasını qaldırdı və nişan almağa başladı. Tibul pərvazın məftil uzanan yerinə çatdı və divardan aralanaraq məftilin üzəri ilə yeriməyə başladı.

      İzdiham içini çəkdi.

      O gah yavaş gedir, gah da birdən qaçmağa başlayır, ayağının birini götürüb o birini qoyur, əllərini yana açaraq tələsik yeriyirdi. Adama elə gəlirdi ki, bu saatca yıxılacaq. İndi onun kölgəsi divara düşürdü. O, fənərə yaxınlaşdıqca kölgəsi divardan lap aşağı düşür, böyüyür və solğun görünürdü. Aşağı uçurum idi.

      O, fənərə gedən yolun yarısına çatmışdı ki, sakitlikdə zabitin səsi eşidildi:

      – İndi atəş açacağam. O, ordan düz hovuza düşəcək. Bir, iki, üç.

      Atəş gurladı.

      Tibul yoluna davam edirdi, zabit isə nədənsə, düz hovuza yıxıldı. O öldürülmüşdü.

      Qvardiyaçılardan biri əlində lüləsindən mavi tüstü çıxan tapança tutmuşdu. O, zabiti güllələmişdi.

      – İtin biri it! – qvardiyaçı dedi. – Sən xalqın dostunu öldürmək istəyirdin. Mən buna imkan vermədim. Yaşasın xalq!

      – Yaşasın xalq! – deyə başqa qvardiyaçılar da onun səsinə səs verdilər.

      – Yaşasın Üç Gonbul! – deyə onların rəqibləri qışqırdılar.

      Onlar dörd bir yana səpələnib məftilin üstü ilə yeriyən adamı atəşə tutdular.

      Onun fənərə çatmağına ikicə addım qalmışdı. Tibul plaşını yellədərək gözləri qamaşmasın deyə parlaq işıqdan qorunurdu. Güllələr onun yanından ötüb-keçirdi. İzdiham sevincindən uğuldayırdı.

      Part! Part!

      – Yan keçdi!

      – Ura! Dəymədi!

      Tibul fənəri əhatə edən halqaya çatdı.

      – Eybi yoxdur! – qvardiyaçılaq qışqırırdılar. – O biri tərəfə keçəcək… O, başqa məftilin üstü ilə gedəcək. Biz onu orada aradan götürərik!

      Burada heç kimin gözləmədiyi bir hadisə baş verdi. Fənərin işığında qapqara görünən zolaqlı paltar geyinmiş adam dəmir halqanın üstündə oturdu və hansı bir lingisə burdu, nəsə çıqqıldadı və fənər bir anlığa söndü.

      Heç kim söz deməyə macal tapmadı. Ətrafa sandığın içindəki kimi dəhşətli qaranlıq və sakitlik çökdü.

      Sonrakı dəqiqələrdə lap yuxarıda yenə nəsə şaqqıldadı və cingildədi. Qaranlıq qübbədə solğun bir kvadrat açıldı. Hamı səmanın iki kiçicik ulduz olan parçasını gördü. Sonra bu kvadrata səmanın fonunda qara bir fiqur girdi və kiminsə şüşə qübbədə yüyürərək qaçdığı eşidildi.

      Gimnast Tibul Ulduz meydanındakı lükdən keçib canını qurtardı.

      Atlar güllə səsindən və qaranlıqdan ürkdülər.

      Doktorun getdiyi fayton az qala çevrilmişdi. Sürücü atların başını birdən döndərib doktoru dolama yolla apardı.

      Beləliklə, doktor Qaspar Arneri qeyri-adi keçən bir gün və bir gecədən sonra, nəhayət ki, evinə döndü. Təsərrüfat müdirəsi Qanimed xala onu artırmada qarşıladı. Qadın çox narahat olmuşdu. Doğrudan da, doktor çoxdandı ki, evdən çıxmışdı! Qanimed xala əlini əlinə vurub ah-uf elədi və başını buladı.

      – Hanı sizin eynəyiniz? Sındırdınız onu? Ah, doktor, doktor! Bəs plaşınız hanı? Siz onu itirmisiniz? Ah, ah!..

      – Qanimed xala, mən hələ çəkməmin iki dabanını da itirmişəm…

      – Ah, bədbəxtliyə bir bax!

      – Bu gün daha ağır bədbəxtlik oldu, Qanimed xala, silahqayıran Prospero əsir düşdü. Onu dəmir qəfəsə saldılar.

      Qanimed xalanın gündüzkü hadisələrdən xəbəri yox idi. O, top səslərini eşitmişdi, evlərin üzərindəki qızartıları görmüşdü. Qonşu qadın ona danışmışdı ki, Məhkəmə meydanında yüzəcən xarrat qiyamçılardan ötrü edam kötükləri düzəldir.

      – Mən olduqca dəhşətə gəlmişdim. Pəncərəni örtdüm, qərara aldım ki, evdən bayıra çıxmayım. Mən hər dəqiqə sizi gözləmişəm. Çox həyəcan keçirirdim. Nahar yeməyi soyudu, şam yeməyi buza döndü, sizsə gəlib çıxmırsınız…

      Səhər açılırdı. Doktor yatmağa hazırlaşdı.

      Onun öyrəndiyi yüzəcən elmdən biri də tarix idi. Onun dəri cildli böyük bir kitabı vardı və mühüm hadisələr barəsində öz fikirlərini bura qeyd edirdi.

      – Səliqəli olmaq lazımdır, – deyə doktor barmağını yuxarı qovzadı.

      Yorğun olmasına baxmayaraq, doktor öz dəri cildli kitabını götürüb masanın arxasında oturdu və yazmağa başladı: “Sənətkarlar, qazmaçılar, dənizçılər – şəhərin bütün yoxsul adamları Üç Gonbul hakimiyyətinə qarşı ayağa qalxdılar. Qvardiyaçılar qalib gəldilər. Silahqayıran Prospero əsir alındı, amma gimnast Tibul isə aradan çıxdı. İndicə Ulduz meydanında bir qvardiyaçı öz zabitini güllələdi. Bu isə o deməkdir ki, tezliklə bütün əsgərlər xalqa qarşı vuruşmaqdan və Üç Gonbulu müdafiə etməkdən boyun qaçıracaqlar. Buna baxmayaraq Tibulun aqibətindən ehtiyatlanıram…”

      Bu vaxt doktor arxada səc-küy eşitdi. Dönüb geriyə baxdı. Arxada divar sobası idi. Sobadan yaşıl plaşlı ucaboy bir adam çıxdı. Bu, gimnast Tibul idi.

      İkinci hissə

      VƏLİƏHD TUTTİNİN KUKLASI

      IV fəsil

      ŞARSATANIN QƏRİBƏ MACƏRALARI

      Sonrakı gün Məhkəmə meydanında qızğın iş gedirdi. Dülgərlər artıq on dənə edam kötüyü düzəltmişdilər. Qvardiyaçıların keşikçisi işə nəzarət edirdi. Dülgərlər işi həvəssiz yerinə yetirirdilər.

      – Biz sənətkarlar və qazmaçılar üçün edam kötüyü düzəltmək istəmirik! – onlar qəzəblə deyirdilər.

      – Onlar bizim qardaşlarımızdır.

      – Onlar bizim kimi zəhmət adamlarını azad eləmək üçün ölümə getdilər.

      – Səsinizi kəsin! – deyə mühafizə dəstəsinin rəisi elə dəhşətlə bağırdı ki, tikili üçün hazırlanmış buradakı taxtalar dağıldı. – Səsinizi kəsin, yoxsa əmr edərəm sizi qamçılayarlar!

      Səhər tezdən müxtəlif tərəflərdən gələn camaat Məhkəmə meydanına yığışmağa başladı.

      Güclü külək əsir, tozu havaya sovurur, lövhələri yellədir və cırıldadır, şlyapaları başlardan alıb atıla-atıla gedən faytonların təkərləri altına atırdı.

      Bir yerdə küləyin əsməsindən tamamilə qeyri-adi bir hadisə baş verdi: uşaq şarları satan şarlarla birgə havaya qalxdı.

      – Ura! Ura! – deyə uşaqlar bu fantastik uçuşu müşahidə edərək qışqırışdılar.

      Onlar