Название | Üç gonbul |
---|---|
Автор произведения | Юрий Олеша |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242614 |
Mərmi meydanın üzərindən vıyıldayıb keçdi.
Kimsə qorxudan əlindəki durbini yerə saldı. Mərmi partladı, qüllənin lap yuxarısında olanların hamısı özünü aşağıya, qüllənin içərisinə atdı.
Çilingərin dəri önlüyü hansısa qarmağa ilişdi. O, ətrafına baxdı, dəhşətli bir şey görmüş kimi bütün meydan boyu bağırdı:
– Qaçın! Onlar silahqayıran Prosperonu tutdular! Bu saat şəhərə girəcəklər!
Meydanda nizamsızlıq yaranmışdı. İzdiham darvazadan geri çəkilib meydandan küçələrə sarı qaçdı. Atışmadan hamının qulağı batmışdı.
Doktor Qasparla daha iki nəfər qüllənin üçüncü mərtəbəsində dayanmışdı. Onlar qalın divarın ensiz pəncərəsindən baxırdılar.
Yalnız onlardan biri əməlli-başlı baxa bilirdi. Qalanları bir gözlə baxırdılar. Doktor da bir gözü ilə baxırdı. Lakin bir gözlə baxanda da mənzərə yetərincə dəhşətli idi.
Nəhəng dəmir darvaza taybatay açıldı. Üç yüzə yaxın adam birdən bu darvazaya sarı can atdı. Bunlar yaşıl köbəli boz mahud gödəkcə geymiş sənətkarlar idi. Onların qanı axır, yerə yıxılırdılar. Qvardiyaçılar onların başı üzərində at çapırdılar. Onları qılıncla doğrayır və tüfəngdən atəş açırdılar. Sarı lələklər yellənir, qara müşəmbəli şlyapalar parıldayır, atlar köpüklənmiş qıpqırmızı ağızlarını geniş açır, gözləri hədəqədən çıxırdı.
– Baxın! Baxın! Prosperodur! – deyə doktor qışqırdı.
Silahqayıran Prosperonu kəməndlə dartırdılar. O yeriyir, yıxılır və yenidən qalxırdı. Onun kürən saçları bir-birinə dolaşmış, çöhrəsi qana bulaşmış və boynuna yoğun kəmənd salınmışdı.
– Prosperodur! O əsir düşüb! – deyə doktor qışqırdı.
Bu vaxt mərmi camaşırxanaya düşdü. Qüllə əyildi, yelləndi, bircə saniyə yanakı vəziyyətdə dayandı və uçdu. Doktor kəlləmayallaq oldu, ikinci ayaqqabısının dabanını, əsasını, çamadanını və eynəyini itirdi.
II fəsil
ON EDAM KÖTÜYÜ
Doktorun yıxılması çox uğurlu oldu: onun başı əzilmədi, ayaqları da sınmadı. Amma bunun nə mənası var? Top mərmisi dağıtmış qüllədən uğurla da olsa yıxılmaq elə də xoşagələn hal deyil, üstəlik də cavan yox, doktor Qaspar Arneri kimi qoca adam üçün. Nə təhər olsa da, vahimədən doktor huşunu itirmişdi.
O özünə gələndə artıq axşam düşmüşdü. Doktor ətrafa baxdı.
– Belə dilxorçuluq olar! Əlbəttə ki eynəyim sınıb. Mən eynəksiz baxanda, yəqin ki, uzağı görməyən adam kimi görəcəyəm. Bu elə də xoşagələn hal deyil.
Sonra o, ayaqqabısının qopmuş dabanını yadına salıb deyinməyə başladı:
– Mənim boyum onsuz da hündür deyil, indi isə bir qarış da balaca olacağam. Ya da, ola bilər, ikicə qarış olsun, ona görə ki dabanımın ikisi də qopub. Yox, əlbəttə, bircə qarış olar…
O, çınqıl qalağının üstündə uzanmışdı. Demək olar ki, bütün qüllə dağılmışdı. Divarın uzun və ensiz qırıqları sümük kimi sallanırdı. Çox uzaqda musiqi çalınırdı. Külək oynaq valsın səsini havaya qaldırır, yoxa çıxardır və bir daha eşidilmirdi. Doktor başını qaldırdı. Yuxarıda hər tərəfdən sınıq çatılar sallanıb qalmışdı. Axşamüstü yaşılaçalan səmada ulduzlar sayrışırdı.
– Harada çalırlar ki? – deyə doktor heyrətləndi.
Plaşsız ona soyuq idi. Meydanda bircə səs də eşidilmirdi. Doktor nıqqıldayaraq bir-birinin üstünə aşmış daşların arasından qalxdı. Yolda kiminsə yekə çəkməsinə ilişdi. Çilingər yerdəki tirlərin arasında sərələnib gözlərini səmaya dikmişdi. Doktor onu silkələdi. O, yerindən qalxmaq istəmədi. Çilingər ölmüşdü.
Doktor əlini qaldırıb şlyapasını başından götürmək istədi.
– Şlyapanı da itirmişəm. İndi mən hara gedim?
O, meydandan uzaqlaşdı. Yollarda adamlar yıxılıb qalmışdı, doktor onların hər birinin başı üzərində aşağı əyildi və ulduzların onların açılı qalmış bəbəklərində necə əks olunduğunu gördü. O, ovcunu onların alnına qoydu, bumbuz idilər və zil qaranlıqda qapqara görünən qana bələnmişdilər.
– Budur! Budur! – doktor pıçıldadı. – Deməli, xalq məğlub oldu… İndi nə olacaq?
O, yarım saatdan sonra camaatın olduğu yerə çatdı. Bərk yorulmuşdu. Yemək və içmək istəyirdi. Burada şəhər adi həyatını yaşayırdı.
Doktor uzun yol gedəndən sonra yolayrıcında dayanıb fikirləşdi: “Necə də qəribədir! Alovlar rəngbərəng yanır, faytonlar çaparaq gedir, şüşə qapılar cingildəyir. Yarıdəyirmi pəncərə qızılı şəfəqlə nur saçır. Oradakı sütunlar boyunca qoşa rəqs edənlər gözə dəyir. Orada şən ziyafətdir. Rəngarəng Çin fənərləri qaramtıl suyun üzərində dolanır. Adamlar elə dünənki kimi həyat sürürlər. Yəni onlar bilmirlər ki, bu səhər nə hadisə baş verib? Məgər onlar atəş və inilti səslərini eşitməyiblər? Məgər onlar bilmirlər ki, xalqın rəhbərini, silahqayıran Prosperonu əsir götürüblər? Bəlkə, heç nə olmayıb? Ola bilsin, dəhşətli bir yuxu görmüşəm?”
Tində üçqollu fənərlər yanan yerdə, səki boyunca faytonlar dayanmışdı. Gülsatan qadınlar qızılgül satırdılar. Faytonçular gülsatan qadınlarla söhbət edirdilər.
– Onu kəməndə salıb bütün şəhər boyu sürüdülər. Zavallı!
– İndi onu dəmir qəfəsə salıblar. Qəfəs isə Üç Gonbul sarayındadır, – başına bantlı mavi silindr qoymuş tosqun faytonçu dedi.
Bu vaxt bir xanım qızı ilə gülsatan qadınlara yanaşdı ki, qızılgül alsın.
– Kimi qəfəsə salıblar ki? – deyə o maraqlandı.
– Silahqayıran Prosperonu. Qvardiyaçılar onu əsir götürdülər.
– Allaha şükür! – xanım dedi.
Qız ağlamağa başladı.
– Niyə ağlayırsan, axmaq? – xanım təəccübləndi. – Sənin silahqayıran Prosperoya yazığın gəlir? Ona yazığın gəlməsin. O bizə pislik eləmək istəyib. Bax gör necə gözəl qızılgüldür…
İri qızılgüllər acıtəhər su ilə və yarpaqlarla ağzınacan dolu olan kasalarda qu quşu kimi aramla üzürdü.
– Bu da sənə üç qızılgül. Ağlamaqsa lazım deyil. Onlar qiyamçılardır. Əgər onları dəmir qəfəslərə salmasalar, bizim evimizi, paltarlarımızı və qızılgüllərimizi əlimizdən alacaqlar, özümüzü də doğrayacaqlar.
Bu vaxt onların yanından balaca bir oğlan uşağı qaçaraq keçdi. Əvvəlcə xanımın ulduzlu plaşından, sonra qızın hörüyündən dartdı.
– Eybi yoxdur, qrafinya! – deyə oğlan qışqırdı. – Silahqayıran Prospero qəfəsdə olsa da, gimnast Tibul azadlıqdadır!
– Ah,