Çarli Çaplin. Питер Акройд

Читать онлайн.
Название Çarli Çaplin
Автор произведения Питер Акройд
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952244595



Скачать книгу

«Onun qrim otağının olduğu pavilyon15 hələ də gözümün qabağındadır. Otaqdan çıxanda gedə-gedə sanki məşq edir. Onun yerişi, əl ağacı, şlyapası… Bunlar o vaxt gülməli görünürdümü? Hə, görünürdü. Çünki yeni idi…» O, Karnonun məzhəkələrindəki əyyaş personajının eynisi idi: xanımın ayağına ilişib şlyapasını çıxararaq üzr istəyir, sonra zibil qabına ilişir, yenə karıxmış halda şlyapasını qaldırır. Əl ağacını fırladır və öz şlyapasını vurub salır.

      Çaplin hətta məşqlərdə də çəkilişlərdəki kimi məsuliyyətli idi. Odur ki ətrafdakı texniki heyət və aktyorlar daim gülürdü. Sennet də onlardan geri qalmırdı. Çaplin başa düşürdü ki artıq, hər şey qaydasındadır.

      Beləliklə, «Meyblın son dərəcə çətin vəziyyəti» filmindəki rolu Çaplinin onu məşhurlaşdıran ilk obrazı kimi tarixə düşdü. O, şlyapası, əl ağacı, qısa, dar pencəyi, əzik qalstuku ilə birlikdə əsl Avaraya çevrildi. Çaplin həmişə bu obrazın üstündə işləmiş, onu daim cilalamışdı.

      «Meyblın son dərəcə çətin vəziyyəti» filminin çəkilişindən iki-üç gün sonra Çarli bu dəfə «İki leysan arasında» filmində rol almağa başladı. Bu filmdə onun partnyoru artıq Kiston polislərinin bosu kimi məşhurlaşmış amerikalı komik və aktyor Ford Sterlinq (1882–1939) idi.

      Çaplin şöhrət pillələri ilə qalxır

      Göründüyü kimi, «Keystone» kinostudiyası hədsiz sürətlə işləyirdi. Təsəvvür edin ki, 1914-cü ilin martında Çaplin 12–16 dəqiqə davam edən dörd qısametrajlı filmə çəkilmişdi.

      Artıq rejissor Corc Nikolsdur (1864–1927). O, 1908–1927-ci illərdə nə az, nə çox, düz 221 filmin meydana gəlməsində iştirak edib. Çaplin ona müxtəlif səhnələr və tryuklar təklif edirdi. Ancaq hər dəfə eyni cavabı alırdı: «Bizim vaxtımız yoxdur! Vaxtımız yoxdur!» Başqa aktyorlar rejissorun tərəfini tuturdular. Gənc ingilis isə fərqli idi: onunla işləmək elə də asan deyildi. Bu «yaramaz uşaq» nəinki rejissorlardan, hətta partnyorlarından, dekorasiyadan, bir sözlə, hər şeydən narazı idi.

      Sennet xatırlayır ki, ilk günlər onu təkliyi sevən qəribə adam hesab edirdilər. Çaplin küçələrdə veyillənir, gördüyü hər şeyə xüsusi diqqət kəsilir, aldığı yaxşı məvacibə baxmayaraq, suvağı tökülmüş mehmanxanada yaşamağa üstünlük verirdi. Ancaq bütün bunların gənc aktyorun işləmək həvəsinə qəti dəxli yox idi. Çaplin studiyaya hamıdan tez gəlir, hamıdan gec gedirdi. Bundan başqa, necə oynadığı barədə Sennetin fikrini öyrənir, səhvlərini tutmaq üçün videokadrları dönə-dönə izləyirdi. Üstəlik, montaj16 sənətinə yiyələnmişdi.

      Çarlinin rol aldığı «Conni kinoda» filmindən bir həftə sonra «Qarışıq tanqo» ekrana çıxdı. Bu filmdə Çaplin avara deyil, qəşəng geyinmiş gənc idi. Onun 24 yaşı olsa da, yaşından daha cavan təsir bağışlayırdı. Ümumiyyətlə, «Qarışıq tanqo»da Çarlinin aktyorluq istedadı bir az da parlaq görünürdü.

      «Onun sevimli məşğuliyyəti» filmində Çaplin və «Gonbul» obrazının ifaçısı, amerikalı aktyor və komik, eləcə də ssenarist və rejissor Rosko Arbakl (1887–1933) fırlanan qapılarla, ofisiantlarla, barın başqa daimi müştəriləri və dik pilləkənlərlə mübarizə aparan kefli rolunu oynamışdı. Xüsusilə Çaplinin hərəkətləri öz qəribəlikləri ilə çox gülməli idi. Artıq heç bir şübhə yox idi ki, gənc Çaplin kino ekranında tamam yeni bir obrazın təcəssümüdür. Yeri gəlmişkən, Çaplinin ilk Hollivud macərası da elə həmin dövrə aiddir. Ancaq bu barədə bir qədər sonra…

      Haqqında danışdığımız vaxtlarda Çarli ilə dövrünün parlamaqda olan amerikalı kino aktrisası Peqqi Pirs (1894–1975) arasında sevgi münasibətləri yarandı. Peqqi «Onun sevimli məşğuliyyəti» filmində Çarlinin partnyoru idi. Ancaq onların yaxın münasibəti nəticəsiz qaldı. Miss Pirs gənc aktyordan onunla nikah kəsdirməsini tələb etdi. Çaplin isə evlənməyə isti yanaşmırdı.

      Peqqi ilə arası dəydikdən sonra Çarli bu dəfə başqa bir amerikalı kino aktrisası, prodüser və rejissor Meybl Normandla (1892–1930) yaxınlaşmağa çalışdı. Lakin ondan rədd cavabı aldı. Meybl «Keystoun» kinostudiyasında 1912-ci ildən işləyirdi. Onu Mak Sennet kəşf etmişdi. Tezliklə bu istedadlı və gözəl qız həm Sennetin sevgilisinə, həm də baş rolların ifaçısına çevrilmişdi. Təbiət Meybla ifadəli sifət, şıltaq xarakter bəxş eləyib, bu isə tamaşaçıların, eləcə də həmkarlarının çox xoşuna gəlirdi.

      Çaplin sevdiyi qadınları tez-tez dəyişirdi. 1926-cı ildə jurnalist ondan ideal qadını necə təsəvvür etdiyini soruşanda Çarli belə cavab vermişdi: «Mən onu sevmirəm, o isə məndən ötrü dəli-divanədir».

      Bununla belə, Çaplin filmlərdə qadınlara münasibətdə utancaq idi. Yüngül əxlaqlı qadınlara qarşı isə həmişə kobud davranırdı: onları görən kimi, şlyapasını başının dalına itələyir və həmin qadını dartıb aparmaq üçün əl ağacını qadının ayağına, boynuna ilişdirməkdən çəkinmirdi.

      «Keystoun» kinostudiyası eyni zamanda öz ulduzlarının fotoşəkillərini də satırdı. Bu ulduzlar arasında Meybl Normand, Mak Sennet, Rosko Arbakl və əlbəttə ki, Çarli Çaplin var idi… Gənc aktyor dörd aydan az müddətdə xeyli məşhurlaşa bilmişdi.

      Növbəti ekran əsərində – «Meybl sükan arxasında» filmində qəhrəmanımız sallaq bığları olan yaramaz obrazını canlandırdı. Çarli roldan məmnun deyildi. Bu filmdə Meybl Normand nəinki baş rolun ifaçısı, həm də Sennetlə yanaşı rejissor vəzifəsini yerinə yetirmişdi. Çaplin ona hər hansı gülməli tryuk təklif edəndə Normand yenə vaxtın azlığını bəhanə gətirirdi. İşi belə görən Çarli küsəyən uşaqlar kimi bir qıraqda oturub oynamaqdan imtina etdi. «Fikrimcə, siz o qədər də səriştəli deyilsiniz ki, mənə nə etmək lazım olduğunu deyəsiniz», – o, Meybla bildirdi. Təbii ki, çəkiliş dəstəsi Meyblın tərəfini tutdu. Lakin bu da heç nəyi dəyişmədi: Çaplin yerindən tərpənmədi. «Özüm bilərəm, – deyə aktyor çiynini çəkib dilləndi, – bu mənim rolumdur. İstəyərəm oynayaram, istəyərəm yox…»

      Gənc ingilisin hərəkəti Mak Senneti özündən çıxardı. Belə görünürdü ki, Çaplinlə müqavilə pozulacaq və onun səssiz kinoda aktyorluq karyerasına son qoyulacaq. Lakin ertəsi gün Sennet qəhrəmanımızla sakit və mehriban davranmağa başladı. Sən demə, o, Kessel and Bauman firmasından öyrənib ki, Çaplinin iştirak etdiyi filmlər «Keystoun» kinostudiyasının istənilən başqa məhsullarından populyardır və bu filmlərə sifarişlərin sayı hər gün artmaqdadır.

      Ola bilsin, bunu Çaplin də hiss eləyirdi. O, Sennetin mehribançılığından yararlanıb dedi ki, özü çəkildiyi filmlərə rejissorluq da eləmək istəyir. Bir az irəli gedib bildirək ki, onun rejissorluq etdiyi filmlər «Keystoun» kinostudiyasının tarixində ən uğurlu filmlər olacaqdı.

      Çaplinin rejissor kimi debüt etdiyi «İyirmi dəqiqə sevgi» filmi cəmi-cümlətanı bir axşama çəkilib. Bu filmin «ideya» müəllifi də, rejissoru da, kişi baş rolunun ifaçısı da Çarlinin özü idi. Onun növbəti ekran işi – «Kabaredə yaxalanmış» qısametrajlı filmi isə iki hissədən ibarət ilk komediya idi.

      Конец ознакомительного фрагмента.

      Текст



<p>15</p>

Pavilyon – kino, foto şəkilləri çəkmək üçün xüsusi avadanlığı olan bina, habelə filmin ayrı-ayrı səhnələrini çəkmək üçün kinostudiya binasındakı dekorasiya

<p>16</p>

Montaj – çəkilmiş filmin, yaxud ədəbi və ya musiqi əsərlərinin ayrı-ayrı parçalarının bədii və məna cəhətdən tam şəkildə bir araya toplanması