Çarli Çaplin. Питер Акройд

Читать онлайн.
Название Çarli Çaplin
Автор произведения Питер Акройд
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952244595



Скачать книгу

neçə həftədən sonra psixiatriya müalicəxanasından çıxan Hanna da onlara qoşulur. Artıq ailənin pulu var. Uşaqlar özlərinə iki yataq otağı olan mənzil kirayələyirlər. Hanna alış-verişlə məşğul olur, otaqları yığışdırır. Ancaq onun susqunluğu, özünü həmişəkindən fərqli olaraq hədsiz sakit aparması narahatlıq doğurur. Qardaşlar qadını Çester-stritə göndərməyə qərar verirlər. Orada – vərdiş etdiyi həyatı yaşamaq Hanna üçün daha rahat olardı.

      Qastrollar yayın əvvəlinə qədər davam eləyir. İndi gənc Çaplin dincələ bilər. O, Sidni ilə birlikdə Çester-stritə, anasının yanına gedir. Qardaşların Cester-stritdə qaldıqları müddətdə nə işlə məşğul olduqları məlum deyil. Ancaq Çarli sonralar qeyd edirdi ki, oktyabrın sonlarında yeni truppa ilə qastrola çıxanda özünü xeyli yüngülləşmiş hiss eləyirdi. Görünür, Hanna ilə yaşamaq qardaşlar üçün artıq tamamilə işgəncəyə dönübmüş.

      Sidni isə canını qurtarmaq üçün yenidən dənizə üz tutur. O, üç aydan sonra Kenninqtona qayıdanda Hannanın xəstəliyi daha da şiddətlənmişdi. Bu səbəbdən də 1905-ci il martın 16-da qadın xəstəxanaya aparılır. «O gah rəqs eləyir, gah oxuyur, gah ağlayır. Xəstə hərdən pis hərəkətlərə yol verir, nalayiq sözlər danışır, hərdən dua eləyib təzədən doğulduğunu deyir», – Hannanın xəstəlik kağızında belə yazılıb. İki gündən sonra onu yenidən psixiatriya müalicəxanasına aparırlar. Hanna yeddi il orada qalır. Daha sonra şəxsi klinikaya köçürürlər. Klinikanın xərcini isə həmin vaxt artıq varlı və məşhur olan Çaplin ödəyirdi.

      İkinci qastrol 1905-ci ilin mayında sona çatır. Çarli yenə bir müddət dincəlir.

      «Şerlok Holms»un uğuru həqiqətən möhtəşəm idi!

      Həmin il avqustun ortalarında Çaplin üçüncü turneyə çıxır. Bu dəfə partnyorları onu razı salmır. O, truppanı zəif hesab eləyir, əvvəlki heyətin bu və ya başqa səhnəni necə oynamalı olduğunu daim irad tutur və beləcə aktyorlarla münasibəti korlayır. İlk skripkanı da məhz həmin dövrdə alır. Sonra ona violonçel də qoşulacaq. Melanxolik musiqi onun xarakterinə çox uyğun gəlir. Çaplin oktyabrda truppadan çox rahatlıqla ayrılır.

      Həmin dövrdə yeniyetmə aktyor anasına nadir hallarda məktub yazırdı. Yanına tez-tez gedib-getmədiyi isə məlum deyil. Anasının dəli olmağı onu qorxudurdu. Otuz səkkiz il ərzində Çaplinin filmlərində operator vəzifəsini yerinə yetirən Roland Totero (1890–1967) sonralar xatırlayırdı ki, Çarli özü də bir gün dəlixanaya düşəcəyindən çox narahat idi. Başqa tanışları da onun tez-tez dəlilik haqqında düşündüyünü yazırlar. O, arvadının necə dəli olmasından bəhs edən köhnə mahnını zümzümə etməyi xoşlayırdı. «Bax burasında nəsə xarab olmuşdu» deyəndə Çarli əlini öz başına toxundururdu. Ola bilsin, hərdən qışqırıb özündən çıxması, əhvalının qəfil pozulması da məhz haçansa dəli olacağı qorxusu ilə bağlı idi. Bütün bu səbəblərdən Çaplin yaşlı vaxtlarında daim nevropatoloqa müraciət eləmək məcburiyyətində qalacaqdı…

      «Şerlok Holms»ın son tamaşası 1905-ci il dekabrın 2-də, Uilyam Cillet teatrdan qəfil şəkildə ayrıldıqdan sonra oynanılır. Halbuki Çaplin aktyor sənətinin sirlərinə yiyələnmək üçün Cilletlə hələ uzun müddət bir yerdə olacağına ümid eləyirdi. Beləliklə, Çarli yenidən bir müddət işsiz qalır, bilyardxanalarda veyillənir. Hərdən əyləncələrə baş vurur. Buna baxmayaraq, onun üçün ən başlıca şey – işdir. 1906-cı ilin əvvəlində «Şerlok Holms»la öz dördüncü turnesinə çıxır. Tamaşanı Londonun ətraflarında, həmçinin şimaldakı bir neçə şəhərdə oynayırlar. Həmin vaxt tamaşanın özü də, rol da, görünür, Çaplini artıq bezdirir. Bu səbəbdən də Sidni qardaşını, əsasən, balaqan komediyaları oynayan truppaya keçməyə həvəsləndirir. Beləcə, Çarli üç ay «Təmir» adlı məzhəkədə fərsiz dülgər rolunu oynayır. Pyesin gedişində fəhlələr evdə hər şeyi alt-üst edirlər. Palçıq vedrələri çönür, nərdivanlar aşır, boya hər tərəfə sıçrayır…

      Lakin «Təmir»də oynamaq Çarlinin ürəyincə deyildi. O, ciddi aktyor olmaq istəyirdi. Buna görə də anasının söhbətlərindən yaxşı bələd olduğu müzik-holl dünyasına qayıdır. İndi onu qarşıda məzhəkəçilər, tryuklar10, parodiyalar gözləyirdi. Yeri gəlmişkən, «Təmir» Çaplinin sözsüz oynadığı ilk pyesdir.

      Həmin günlərdə təsadüfən gözünə qəzetdəki bir elan sataşır: 14–19 yaş arası kişi cinsindən olan komediya aktyorları qəbul edilir.

      Artıq 17 yaşı tamam olan Çarli özünü sınamaq qərarına gəlir.

      Elanı verən «Keysi sirki» fəhlə məhəllələrində yaşayan gənclərin müzik-holl repertuarlarından populyar nömrələri oynadığı bir şou idi. Bu janr satira, vulqar mahnılar, qısa intermediyalar üçün yaxşı imkan yaradırdı. Həmin şouda Çaplin özünü suda balıq kimi hiss eləyir. O, 1906-cı ilin yazında truppaya qəbul olunur.

      Sonralar Çaplin bu şounu dəhşətli adlandıracaqdı, lakin onu da etiraf edəcəkdi ki, «Keyski sirki» komediya sənətini dərindən mənimsəməsində ciddi rol oynayıb. Truppanın baş komediya aktyoru Uill Mürrey isə fəxrlə söyləyəcəkdi: «Təvazökarlıq etmədən deyə bilərəm ki, Çarliyə sürüşmə hərəkətini məhz mən öyrətmişəm».

      Çaplinin sonralar bir çox filmlərdə istifadə etdiyi bu hərəkət onun, bir növ, vizit kartı olur. Bir ayağını qaldırıb o biri ilə yüngülcə tullanır – bu, bir növ, sürüşməyə oxşayır. Çaplin heç də adi olmayan həmin tryuku Mürreylə uzun sürən məşqlərdən sonra mənimsəyir. Gənc aktyor eyni zamanda qaçarkən birdən dayanmağı da öyrənir – qəfil «tormozlayıb» bir ayağının üstündə donub-qalır. Ağzı üstə yıxılmamaq üçün isə bu vaxt sinəsini qabağa verir. Başını, bədənini həmişə dik tutur.

      Çaplin başqa komik tryuklar da mənimsəyir: əl ağacını qarmaqdan asmağa çalışır, ancaq onu tərsinə tutur. Əl ağacı tappıltıyla yerə düşür. Əl ağacını qaldıranda isə başından şlyapa düşür. Çarli şlyapanı təzədən başına keçirmək istəyir. Ancaq içindən bir qalaq kağız tökülür və şlyapa aşağı sürüşüb, az qala, üzünü örtür. Tamaşaçılar gülüşürlər.

      Çaplin hərəkətləri gülməli alınan ciddi adamı oynayır. O anlayır ki, özünü nə qədər təmkinli aparsa, hərəkətləri də bir o qədər gülməli görünər.

      Həmin vaxtlar populyar komik mahnılarının müəllifi olan Den Lipton sonralar xatırlayacaqdı: «Bu oğlan görmədiyi adamı da əla parodiya eləyə bilirdi. Soyuqqanlılığını saxlamağı bacarırdı, ancaq əsl artistlər kimi emosional və temperamentli idi. O həm də çox ciddi oğlan idi, elə işləyirdi ki, sanki həyatı bundan asılı idi».

      1907-ci ilin yayında Çarli «Keysi sirki»ni tərk edir. Qarşıda onu nələr gözlədiyindən xəbərsiz idi. Bu məcburi istirahət zamanı o, «Şən mayor» adlı pyesdə yaşlı baş qəhrəman roluna razılaşır… Öz dediyinə görə, sonra «On iki ədalətli kişi» adında ekssentrik11 komediya yazır və baş rolu oynamağa hazırlaşır. Ancaq üç günlük məşqdən sonra pyes qəbul olunmur. Bunun ardınca başqa bir tamaşada Çaplin, ola bilsin, ümidsizlikdən yəhudi komiki roluna razılıq verir. Ancaq çoxu yəhudilərdən ibarət olan auditoriya tamaşanı bəyənmir. Hətta bəzi zarafatları yəhudilərə nifrətin – antisemitizmin



<p>10</p>

Tryuk – xüsusi effektli hərəkət və ya texniki fənd

<p>11</p>

Ekssentrik – kəskin səs, zidd görüşlər, qeyri-adi və çox gülməli üsullar əsasında olan tamaşa