Название | Çarli Çaplin |
---|---|
Автор произведения | Питер Акройд |
Жанр | |
Серия | Tarixi yaradanlar |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952244595 |
Filadelfiyaya qayıdanda ona bir teleqram verirlər. Teleqram Alfred Rivzə ünvanlanıb. Xahiş edilir ki, «Çaffin» və ya buna oxşar soyadlı şəxs Brodveydə yerləşən «Kessel and Bauman» firması ilə əlaqə saxlasın.
Çarli bunun hüquq firması olduğunu və görünür, hansısa varlı qohumun mirası ilə bağlı axtarıldığını düşünür. Ancaq məsələ başqa idi.
«Kessel və Baumen» – New York Motion Pictures adlı kino şirkətinin sahibləri idi. Şirkətin aparıcı komiki Ford Sterlinq bütün layihələrdən gedəcəyilə hədələdiyindən onun yerinə təcili namizəd axtarılırdı. Çarli Çaplin New York Motion Pictures-in şəriklərinə ən uyğun namizəd kimi görünürdü. Lakin digər tərəfdən, gənc oğlan həmin vaxt Karnonun truppasının ulduzu idi, mətbuat da onu bir ağızdan tərifləyirdi.
Çaplinə illik müqavilə təklif olunur: ilk üç ayda həftəsinə 150 dollar, qalan doqquz aya isə həftədə 175 dollar… Çarli həyatında belə məvacib görməmişdi. O, təcili qərar qəbul eləyir: Karno ilə müqaviləsi bitən kimi, mütləq «Keystoun» kinostudiyasına keçəcək! Çaplinə təklifin təşəbbüskarı məhz həmin studiyanın direktoru amerikalı kinorejissoru və prodüser Mak Sennet (1880–1960) idi. Nyu-Yorkda onun çıxışını çox bəyənmişdi. «Balet rəqqası kimi incəliklə hərəkət edən bu balaca oğlan məni heyran etmişdi, – Sennet sonralar yazacaqdı. – Bir həftə sonra onun adını xatırlamırdım, ancaq əmindim ki, bu sərbəst, qəşəng hərəkətləri heç vaxt unutmayacağam». Sennetin o vaxt otuz yaşı olardı və istedadlı rejissor sayılırdı. Bundan başqa, onun komik olan hər şeyi və hər kəsi duymaq istedadı var idi. Onu gülməyə məcbur edən hər şey tamaşaçıları da mütləq güldürürdü. Cəsarətlə demək olar ki, Amerika komediyasını məhz Mak Sennet yaradıb.
Çaplin Karnonun truppasında sonuncu tamaşanı 1913-cü il noyabrın 28-də Kanzas-Sitidə oynayır. Pərdə endikdən sonra Çarli bütün aktyor yoldaşlarını içkiyə qonaq eləyir. Artistlərin əlini sıxanda onun bədəni titrəyir, ancaq bu kədərli vidalaşmanı belə zarafata çevirməyə cəhd edir. Ardınca isə səhnə arxasına qaçıb ağlayır.
Aradan üç həftə keçməmiş Çaplin Kaliforniya ştatının Edendeyl şəhərinə gəlir.
1913-cü il onun həyatında xoşbəxt il olur. İncəsənətin yeni növünün – kino sənətinin təzəcə formalaşdığı illərdə öz anadangəlmə istedadını reallaşdırmaq imkanı qazanır.
«Keystoun» kinostudiyasındakı həyat ilk vaxtlar Çaplinə qəribə gəlir. Kompleksin özü San-Fernando vadisində, fermer sahələrinin arasında yerləşirdi. Qərargah dördotaqlı bunqalodan14 ibarət idi, qrim otağını isə anbar əvəzləyirdi. Kompleks yaşıl hasarla dövrələnmişdi. Girişdə bir neçə avtomobil dayanmışdı. Komediyalar çəkilərkən onlardan zəruri avadanlıq kimi istifadə olunurdu. Yeganə işıq mənbəyi isə Kaliforniya səmasında boy göstərən parlaq günəş idi.
O vaxt filmlər səssiz idi, ancaq çəkiliş meydanında hay-küydən qulaq tutulurdu. Rejissorlar aktyorlara tapşırıqlar verir, səyyar kameralar cırıldayır, ifaçılar bir-biriylə ucadan danışır, çəkic taqqıltısı və musiqi səsi dinmək bilmirdi. Eyni vaxtda üç-dörd film çəkilirdi.
Konkret ssenari yox idi, daha çox improvizasiyalara üstünlük verilirdi; məsələn, əgər yaxınlıqda nəsə yanırdısa, çəkiliş qrupu filmdə rol alan aktyorları alovun fonunda çəkməyə çalışırdı. İlkin ssenari, yaxud «ideya» həmişə təqiblə bitən qəribə hadisələrin ardıcıllığıyla müşahidə olunurdu. «Keystoun» kinostudiyasını məhz təqib fərqləndirir, ən yaxşısı isə «əyri-üyrü xətlə qaçışdır». Məsələn, hirslənmiş polislər sanki görünməyən divarlara dəyib sıçrayırlar. Bundan başqa, Sennet hər dörd kadrdan birini kəsirdi, personajlar isə komediyanın gərginliyini artırmağa çalışaraq tullana-tullana hərəkət eləyirdilər. Aktyorlar hasısa tərpənməz obyektə dəyənə qədər, sadəcə, elə hey qaçan kuklalara bənzəyirdilər. Ətrafda hər şeyin uçub-dağılmasına baxmayaraq, filmin personajları toxunulmaz qalırdılar. Qorxu, acgözlük və ehtirasdan başqa onlardan hər hansı hiss-həyəcan ifadə etmək tələb olunmurdu. Hər şey sürətlə baş verməli idi. Tamaşaçılara fikirləşmək üçün vaxt qalmırdı. Bir sözlə, Sennetin filmləri son dərəcə iti tempilə fərqlənirdi. Komediyalar bir, ya iki hissədən ibarət idi. Hər hissə, təxminən, 30 dəqiqə çəkirdi.
Çaplin ilk dəfə studiyaya nahar fasiləsində gəlir və bunqalodan çıxan, hədsiz qrimlənmiş aktyorların zahiri görkəmi onu həvəsdən salır. O hələ belə şeyə rast gəlməmişdi. Çarli şəhər mehmanxanasına qayıdıb, iki gün burada oturub fikirləşir: nə etməli? Sonra onu şəxsən Sennetin özü dəvət etdi. Kinostudiya rəhbəri yeni komiki ilə görüşməyi səbirsizliklə gözləyirdi. Çarliyə studiyaları göstərib onu aktyorlara, çəkiliş dəstəsinə təqdim etdi. Çaplini ilk dəfə idi ki, qrimsiz görən Sennet bir az karıxmışdı.
– Elə bilirdim, siz daha yaşlısınız, – o, təəccüblə dilləndi.
– Mən istədiyiniz qədər yaşlı görünə bilərəm, – Çarli cavab verdi.
Hər halda, Çaplində elə təəssürat yaranmışdı ki, Mak onu dəvət etdiyinə artıq peşman olub.
Sonralar Sennet qəhrəmanımızı kinofilmlə bağlı hər şeyə təəccüblənən balaca, utancaq ingilis kimi xatırlayacaqdı. Şübhəsiz, Çaplin elə də karıxmamışdı, sadəcə, ətrafdakı hər şeyə diqqətlə, maraqla baxmışdı. Həmin dövrün amerikalı aktyorlarından biri Çester Koklinin (1886–1971) dediyinə görə, Çarli heç nədən gözünü çəkmir, konkret və peşəkar suallar verirdi. Məsələn, bu cür: niyə səhnələr xronoloji ardıcıllıqla çəkilmir? Niyə çəkilmiş materialların neqativinə baxırlar? İştirakı güman edilən personaja necə reaksiya vermək olar?
Bir neçə gün ərzində Çaplin artistlərin və dekorasiyaların arasında boş-boşuna gəzinmişdi. Ona rol vermirdilər. Görünür, bu gənc aktyorla nə eləmək lazım olduğunu hələ heç kim bilmirdi. Nəhayət, gözlənilən an çatdı. «Keystoun» studiyasının gənc rejissoru Henri Lermana küçə fırıldaqçısı rolu üçün aktyor lazım oldu.
«Dolanışıq üçün pul qazanmaq» filmi ekranlara 1914-cü il fevralın 2-də çıxdı. Çaplin həmin filmdə ilk dəfə kino aktyoru kimi çıxış edirdi. Filmdə Çaplin hiyləgər və yaltaq idi, ancaq ondan sanki hər an ciddi təhlükə gözləmək olardı. O, qızın əlini öpür və bu öpüşlər çiyinə qədər gedib çıxır. Bu, Çarlinin növbəti icadı idi. Həmin tryuku ekranda ilk dəfə o etmişdi. Çarlinin artıq bir yığın mimikası var idi – qəribə baxışlar, müxtəlif təbəssümlər, qaşlarını oynatmaq… Bundan başqa, Çaplin sonralar məşhur olan yerişini də ilk dəfə məhz həmin filmdə sınaqdan keçirmişdi.
Çarli əmin idi ki, Lermanın ondan xoşu gəlməyib və gülməli tryukların bir hissəsini qəsdən kəsib. Ancaq gənc aktyor öz təcrübəsizliyini də anlayırdı – o yenə əvvəlki kimi bir az donuq və həddindən artıq əsəbi idi. Görünür, roldan Sennetin özü də razı qalmamışdı. Əlbəttə, film «Keystoun» kinostudiyasının standart məhsullarından
14