Şah Abbas. Cahid Aydoğmuşoğlu

Читать онлайн.
Название Şah Abbas
Автор произведения Cahid Aydoğmuşoğlu
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952244908



Скачать книгу

Məhəmməd bəy Saruqçi İsfahan hakimi, Allahverdi bəy isə əmir təyin olundu. Beləliklə, Mürşidqulu xanın yorucu himayəsindən qurtulan gənc şah bütün hakimiyyəti öz əlinə aldı və Səfəvi dövlətini müstəqil şəkildə idarə etməyə başladı. Eyni zamanda ustaclıların Səfəvi tarixində oynadığı əhəmiyyətli rol zəifləmiş oldu.

      Bəzi tarixi qaynaqların yazdığına görə, əslində, şahın ustaclılardan xoşu gəlmirdi, hətta onlara nifrətlə yanaşırdı. Yəqin, elə buna görə Şah I Abbasın ömrünün sonlarında vur-tut üç əyalətin rəhbəri ustaclı əmiri idi. Onun zamanında sarsıdıcı zərbə alan və dövlət idarəetməsində rolunu itirən başqa bir boy isə təkəlilər oldu. Belə ki, 1596–1597-ci illərdə təkəlilərin çoxu Həmədan bəylərbəyi Kürd Çəkəni Həsənəli bəy tərəfindən öldürüldü.

      Beləliklə, Şah I İsmayılın zamanında Səfəvi hökmdarına sidq ürəkdən bağlı olan qızılbaş tayfalarını Şah I Abbasa bağlayan qorxu hissi idi.

      Ustaclı və türkmənlərə qarşı həyata keçirilən sərt tədbirlərin əksinə, gənc hökmdar şamlı boyundan çıxan bəylərə etibar edirdi, bu səbəbdən də aparıcı əyalətlərin idarəçiliyini onlara tapşırmışdı.

      Onu da deyək ki, I Abbas taxta çıxandan qısa müddət sonra Kirman, Şiraz, Yəzd, İsfahan və Həmədan hakimləri də üsyan qaldırmışdılar. Həmin üsyanlar özbək hücumlarının artdığı, qızılbaş əmirlərinin isə aranı qızışdırmağa çalışdığı vaxta təsadüf eləyirdi. Gənc hökmdar bu qiyamları yatırmaq üçün ya şəxsən özü gedir, ya da aparıcı sərkərdələrindən Qaramanlı Fərhad xanı göndərirdi. Müxalif qüvvələrlə mübarizə bəzi hallarda uğursuzluğa düçar olsa da, sonda I Abbas istəyinə çatdı. Ölkədə asayiş tamamilə bərqərar edildi.

      Bir sözlə, Səfəvi dövlətinin gənc şahı hakimiyyətinin ilk illərində bir yandan özbək hücumlarının qarşısını almaqla, o biri tərəfdən isə müxalif qızılbaş əmirlərini zərərsizləşdirməklə keçdi. O, istər daxili, istərsə də xarici qüvvələrlə mübarizədə ciddi uğur qazandı.

      Gilan məsələsi

      Gilan əyaləti Xəzər dənizinin cənubunda, Elbrus dağlarının şimalında yerləşirdi. Mərkəzi şəhəri isə Rəşt idi. Bu əyalətin hakimi Xan Əhməd idi. O, Şah Abbasın zamanında Osmanlı dövlətinin himayəsinə sığınmışdı.

      Bu barədə danışmamışdan öncə qeyd edək ki, Gilan əyaləti hələ xeyli əvvəldən iki hissəyə ayrılmışdı. Bunlardan biri mərkəzi şəhəri vaxtilə Şah I İsmayılın gizləndiyi Lahican olan Biyə Piş, digəri isə mərkəzi şəhəri Rey olan Biyə Pes idi. Biyə Piş Gilanın şərqini, Biyə Pes isə qərbini əhatə edirdi.

      1537-ci ildə Biyə Pişin idarəçiliyi o zaman cəmi bir yaşı olan Xan Əhmədə keçmişdi. Şah I Təhmasibin hakimiyyəti dövründə Biyə Pesin hakimi Müzəffər sultan Təbrizdə öldürüldü. Bundan sonra Gilanın qərbi də Xan Əhmədə tapşırıldı. Beləcə, çox kiçik yaşlarında Xan Əhməd bütövlükdə Gilanın hakimi oldu.

      Lakin sonradan Səfəvi sarayı ilə problem yaşayan Xan Əhməd zindana atıldı. 1568-ci ildən etibarən o, 10 il boyunca Qəhqəhə və İstəxr qalalarında saxlanıldı. Bu isə onunla Səfəvi dövləti arasında düşmənçilik yaratdı. Xan Əhməd şaha qarşı özbəklərlə gizli müttəfiqliyə can atmağa başladı.

      Şah Məhəmməd Xudabəndənin tacqoyma mərasimi zamanı Xan Əhməd zindandan azad edildi. Bunda şahın xatunu həlledici rol oynadı. O, qohumu olan Xan Əhmədə zamin durmuşdu. Azadlığa çıxdıqdan sonra, 1578-ci ildə Xan Əhməd yenidən Gilan hakimi oldu. Hətta Xudabəndə bacısı Məryəm sultanı ona ərə verdi. Beləcə, Xan Əhməd həm Səfəvi xanədanının kürəkəni, həm də təkrarən Gilanın hakimi oldu.

      Gilan strateji cəhətdən olduqca əhəmiyyətli bölgədə yerləşirdi. Osmanlı ticarət karvanlarının keçib getdiyi bir bölgə, eyni zamanda ipəkçilik mərkəzi sayılırdı. Əhalisinin xeyli hissəsi sünni olduğundan osmanlıların Gilanla yaxşı münasibəti var idi. Üstəlik, Osmanlı – Səfəvi müharibələri zamanı gilanlılar məhz məzhəb təəssübkeşliyindən çıxış edərək osmanlıların tərəfini tuturdular. İş o yerə çatmışdı ki, Gilan hakimliyində möhkəmləndikdən sonra Xan Əhməd həddini aşaraq I Abbasa məktub yollamış və Osmanlı ilə sülh anlaşması əldə etmək üçün ona məsləhətlər vermişdi. Şah bundan qeyzləndi və Gilan hakiminin məktubunu cavabsız buraxdı. 1590-cı ildə Osmanlı ilə İran arasında sülh müqaviləsi imzalandı. Beləcə, Xan Əhməd ortalıqda qaldı. O, faktiki olaraq Osmanlı sarayının dəstəyindən məhrum qalmışdı. Bununla belə, Gilan hakimi yumşalmaq bilmir, şahın müxaliflərinə sığınacaq verir, saraydan həmin müxaliflərin mərkəzi hakimiyyətə təslim edilməsi barədə gələn tələbləri isə rədd edirdi. Bir sözlə, Xan Əhməd I Abbasa açıq-aşkar meydan oxumaqda idi.

      Gilan hakiminin hələ 1589-cu ildə vəzirlikdən azad etdiyi Xoca Məsih Qəzvinə gəldi və Gilanı ələ keçirmək üçün şahı dilə tutmağa başladı. Əslində, I Abbasın da fikri bu idi. O, qiyamçı qızılbaş əmirlərinin iradəsini qırdıqdan sonra indi də müəyyən əyalətlərdə müstəqil hərəkət etməyə çalışan hakimləri yerində oturtmaq barədə düşünürdü. Bu, ona məmləkətdə yeganə nüfuz sahibinin məhz özü olduğunu göstərmək üçün vacib idi. Hadisələrin belə istiqamətdə cərəyan edəcəyini lap əvvəldən təxmin edən Xan Əhməd əl-ayağa düşdü. Osmanlı ilə bağladığı sülh müqaviləsindən sonra I Abbasın Gilan üzərinə yeriyəcəyini yaxşı bildiyi üçün İstanbula elçi göndərdi.

      Xan Əhməd həmin elçi vasitəsilə Osmanlı padşahına göndərdiyi məktubunda yazırdı: «Əgər siz Xəzər dənizindən gəmilərlə Gilana gəlsəniz, buranı çox asanlıqla ələ keçirə bilərsiniz. Mən Lahicanı sizə verməyə hazıram. Lahicandan Qəzvinə isə az bir yol qalır. Bu minvalla nəinki İraqı, hətta, bəlkə də, bütün Səfəvini fəth edə bilərsiniz».

      Şah I Abbas İstanbula göndərilən elçi barədə xəbər tutanda çox qəzəbləndi. Xan Əhmədin belə bir addım atmasının səbəbini və məqsədini öyrənmək üçün onun yanına adam yolladı. Gilan hakimi isə elçini Həcc icazəsi almaq üçün göndərdiyini, başqa heç bir niyyətinin olmadığını söylədi. Şah onun sözlərinə inanmadı. İstanbuldakı casusları vasitəsilə elçinin nə məqsədlə göndərildiyini öyrəndi. Osmanlı dövlətinin Gilanı tutacağı təqdirdə bunun Qəzvin üçün böyük bir təhdidə çevriləcəyini bilən və qorxuya düşən I Abbas diplomatiya yolu seçdi, Osmanlı sarayı ilə yazışmalara başladı. Həmin əsnada Xan Əhməd İstanbula ikinci elçini yolladı. O, Gilanı Osmanlı dövlətinə bağlamaq niyyətində qəti idi. Bunda məqsədi isə, şübhəsiz ki, ilk növbədə öz iqtidarını qoruyub-saxlamaq idi.

      1591-ci ilin sentyabrında Xan Əhmədin ikinci elçisi İstanbula yetişdi. Elçi Gilan hakiminin öz əli ilə yazdığı məktubu Osmanlı sarayına çatdırdı. Həmin məktubda Xan Əhməd hakimi olduğu əyalətin torpaqlarının yarısını Osmanlı sultanına hədiyyə etdiyini bildirir, bunun əvəzində isə digər torpaqların özünə və övladlarına qalması üçün zəmanət istəyirdi. Lakin osmanlılar bu təklifə isti yanaşmadılar. Onlar sülh anlaşmasını pozmaq və Səfəvi dövləti ilə yeni ixtilaf yaşamaq fikrindən uzaq idilər. Odur ki Xan Əhmədin elçisini Divana