Şah Abbas. Cahid Aydoğmuşoğlu

Читать онлайн.
Название Şah Abbas
Автор произведения Cahid Aydoğmuşoğlu
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952244908



Скачать книгу

üzərinə yeritdi. Osmanlı sədr-əzəmi Lələ Qara Mustafa paşanın başçılıq etdiyi ordu 1578-ci ildə Ərzurum istiqamətindən hərəkətə keçdi. İki ölkənin ordusu indiki Türkiyə ərazisində, Çıldırda qarşılaşdı. Səfəvilər həmin döyüşdə məğlub oldu. Bu minvalla öncə Tiflis, daha sonra isə Şirvan və ətraf bölgələr Osmanlı dövlətinin əlinə keçdi. Səfəvilər Şirvan və Gürcüstanı geri qaytarmaq üçün bir neçə dəfə cəhd etsə də, Məhdi xatunla qızılbaş əmirləri arasında kəskin ixtilaflar və Osmanlı sərkərdəsi Özdəmiroğlu Osman paşanın ağıllı taktiki gedişləri səbəbindən həmin cəhdlər nəticəsiz qaldı. Növbəti cəhdlərin birində isə səfəvilər Özdəmiroğluna köməyə gələn Krım hakimi Adil Girayı məğlub edərək əsir götürdülər. Bu hadisədən xəbər tutan Osmanlı sultanı əlavə ordu göndərdi. Vəziyyətin daha da qəlizləşdiyini anlayan Səfəvi dövləti sülh təklif etdi. Aparılan danışıqlar zamanı səfəvilər Şirvanı öz əllərində saxlamaq şərti ilə illik vergi ödəməyə razılaşdılar. Lakin bu razılaşmanın ömrü uzun sürmədi: Səfəvi dövləti gürcü knyazlarının köməyi ilə Şirvandan Tiflisə qədər olan ərazini osmanlılardan tə-mizləmək fikrinə düşdü, nəticədə yeni müharibə oldu və osmanlılar qalib gəldilər.

      Bütün bunlar azmış kimi, bir müddət sonra Səfəvi dövləti yeni daxili xaosla qarşılaşdı. Belə ki, bəzi şiə türkmən bəylərinin hökumət tərəfindən qətlə yetirilməsi aranı qarışdırdı. Bundan istifadə edən Özdəmiroğlu Osman paşa 1585-ci ildə hərəkətə keçdi və Təbriz şəhərini tutdu. Səfəvilər şəhəri geri qaytarmağa çalışsalar da, buna nail ola bilmədilər.

      Təbrizi osmanlılardan geri almaq cəhdi boşa çıxdı. Səfəvi dövlətinin növbəti dəfə sülh təklif etməkdən başqa yolu qalmadı. Elə bu vaxt, 1586-cı ilin sonlarında, daha dəqiq desək, dekabrın 4-də vəliəhd Həmzə Mirzə öldürüldü. Nəticədə yeni vəliəhdin kimliyini müəyyənləşdirmək üçün qızılbaş əmirləri arasında növbəti qarşıdurma başladı.

      Dayanmaq bilməyən Osmanlı ordusu fürsətdən yarar-lanıb Gəncəni də tutdu. Ümumiyyətlə, Həmzə Mirzənin öldürülməsindən sonra ortaya çıxan xaotik vəziyyət qərbdən osmanlılara, şərqdən isə özbəklərə Səfəvi dövlətini daha da sıxışdırmaq üçün münbit şərait yaratmışdı.

      Tarixi hadisələrin belə sürətlə bir-birini əvəz etməsi Şah I İsmayılın yaratdığı qüdrətli dövləti yox olmaq təhlükəsi ilə üzləşdirmişdi. Bu həm də Səfəvi dövlətinin öz xilaskarına qovuşması üçün əla fürsət idi…

      II FƏSİL

      Abbas Mirzənin şahzadəlik dövrü

      Abbas Mirzənin doğumu

      Kitabımızın qəhrəmanı Şah I Abbas dünyaya gələrkən atası Məhəmməd Xudabəndə indiki Əfqanıstan ərazisində yerləşən Herat valisi idi. 1571-ci il yanvarın 29-da, bazar ertəsi gecə doğulan şahzadə Abbas Mirzə gələcəkdə, taxta çıxdıqdan sonra özbək hökmdarı II Abdullah xana yolladığı məktubda yazacaqdı: «Mənim Heratla bağlı gözəl xatirələrim var. Çünki orada doğulub, orada böyümüşəm. Bu gün belə Herat üçün çox darıxıram».

      Abbas Mirzənin anası Məhdi Ülya (əsl adı Xeyrənnisə bəyim) Mazandaran əyalətinin valisi Mirabdulla xanın qızı idi. Mirabdulla xan şiələrin dördüncü imamı Zeynalabdinin soyundan idi. Bunu Məhdi xatunun Maraşi19 seyidlərindən olması da təsdiqləyir.

      Səfəvilərin gələcək hökmdarı doğularkən Şah I Təhmasib Qəzvində imiş. Nəvəsinin anadan olduğunu eşitdikdə çox sevinmiş, oxuduğu şeirlərin birində «Abbas» adına rast gəldiyi üçün ona bu adın qoyulmasını əmr etmişdi. Bundan başqa, yeni doğulan şahzadəyə hədiyyə olaraq xalı, keçə, bir də beşik göndərmişdi.

      Abbas Mirzənin yeniyetməliyi və Heratdakı valiliyi

      Xorasan bölgəsi tez-tez özbəklərin hücumuna məruz qaldığından Şah I Təhmasib bu bölgənin aparıcı şəhərlərindən olan Herata şahzadələrindən birinin başçılıq etməsini istəyirdi. Bu məqsədlə oğlu Məhəmməd Mirzəni (Xudabəndə) Herata yolladı.

      Lakin bir müddət sonra Məhəmməd Mirzə ilə lələsi20 Ustaclı Şahqulu sultanın arası dəydi. Bu səbəbdən I Təhmasib oğlunu Xorasandan uzaqlaşdıraraq Şiraza göndərmək məcburiyyətində qaldı. Beləcə, Herat valisi vəzifəsi boş qaldı. Ardınca Məhəmməd Mirzənin 8 yaşlı oğlu Həmzə Mirzə onun yerinə keçdi. Lakin ata-anası balaca Həmzəni çox sevir və onun belə bir ağır işin altına girməsini istəmirdilər. Odur ki Şah I TəHmasibə məktub yazaraq ondan Həmzənin yerinə ən kiçik oğulları 18 aylıq Abbas Mirzəni təyin etməsini xahiş elədilər. Şah Təhmasib oğlu ilə gəlininin sözünü yerə salmayıb Abbas Mirzəni Herat valisi təyin etdi. Şahzadənin lələsi isə Şahqulu sultan oldu. Beləliklə, körpə şahzadə Abbas Mirzənin böyük hökmdarlıq yolunu açan Herat valiliyi başlamış oldu.

      1576-cı ildə Şah I Təhmasib vəfat etdi. Hakimiyyət uğrunda çəkişmələrdən öncə Heydər, sonra isə II İsmayıl qalib çıxdı. Məhz II İsmayılın hakimiyyəti dövründə Heratda Abbas Mirzənin lələsi Ustaclı Şahqulu sultan qətlə yetirildi. Onun yerinə Əliqulu xan Şamlını Herata göndərdilər.

      Şübhəsiz ki, körpə Abbas Mirzənin yalnız adı vali idi. Heratın əsl hakimi Əliqulu xan sayılırdı. Balaca şahzadəni isə Əliqulu xanın anası Xanağa xanım böyüdürdü. Lələsi öz həyat yoldaşı Canağa xanımla birlikdə Abbas Mirzəyə çox isti münasibət bəsləyir və onu doğma övladları kimi böyük bir şəfqət və məhəbbətlə böyüdürdülər. Beləliklə, səfəvilərin gələcək hökmdarı valideynlərindən ayrı, Əliqulu xanın himayəsində Heratda yetkinlik yaşına çatmışdı. Bu şəhərdə yaşadığı müddətdə Abbas Mirzə bir vaxtlar məşhur özbək şairi Əlişir Nəvaiyə21 (1441 – 1501) məxsus olan sarayda qalmışdır22.

      1577-ci ilin noyabrında Şah II İsmayıl Əliqulu xana qardaşı oğlunu, yəni Abbas Mirzəni öldürməyi əmr etdi. Onun belə bir qərar verməsi təsadüfi deyildi. II İsmayıl öz hakimiyyətini möhkəmləndirmək və onun gələcəyini təminat altına almaq üçün Səfəvi şahzadələrini bircə-bircə aradan götürməyə qərar vermişdi. Abbas Mirzə ilə bağlı bu əmri yerinə yetirməyə Əliqulu xanın əli gəlmirdi. Lakin şahın göstərişindən də kənara çıxa bilməzdi. Vəziyyətdən hali olan anası Xanağa xanım oğluna heç olmasa, mübarək Ramazan ayının bitməsini gözləməyi məsləhət gördü. Əliqulu xan anasının tövsiyəsinə əməl etmək qərarına gəldi. Elə bu zaman II İsmayılın ölüm xəbəri yayıldı. Beləcə, Abbas Mirzə təsadüf nəticəsində ölümdən qurtulmuş oldu. Bu zaman onun cəmi 6 yaşı vardı. Əmilərinin qısa sürən hakimiyyətlərindən sonra 1578-ci ildə Abbas Mirzənin atası Məhəmməd Mirzə «Şah Məhəmməd Xudabəndə» adı ilə Səfəvi taxtına əyləşdi. Atasının şahlığı dövründə Abbas Mirzə Herat valisi olaraq qaldı.

      Əvvəl də qeyd etdiyimiz kimi, Xudabəndə xəstə və qarov olduğu üçün dövlət işləri ilə əsasən həyat yoldaşı Məhdi xatun məşğul idi. Məhdi xatun qorxurdu ki, hakimiyyətdə söz sahibi ola bilmək üçün mütəmadi



<p>19</p>

Maraşilər – indiki İran ərazisində, Mazandaranın da daxil olduğu Təbəsristan bölgəsində məskunlaşmış ərəb əsilli şiə sülaləsi. Maraşi seyidlərinin şiələrin dördüncü imamı Zeynalabdinin soyundan gəldiyi bildirilir (red.).

<p>20</p>

Lələ – Səfəvi dövlətində azyaşlı hakimlərin himayədarları belə adlanırdı (red.).

<p>21</p>

Heratda doğulan Əlişir Nəvai Əmir Teymurun nəvəsi Hüseyn Bayqara ilə bir yerdə böyümüş və təhsil almışdır. Hüseyn Bayqara 1469-cu ildə Teymurilər dövlətinin hökmdarı olduqdan sonra uşaqlıq dostunu özünün vəziri təyin etmişdir (red.).

<p>22</p>

Şah I Abbasın taxta çıxdığı tarixlə bağlı fərqli ehtimallar mövcuddur. Bəzi qaynaqlarda onun 1587-ci ilin iyununda, bəzi qaynaqlarda isə həmin il oktyabrın 16-da hökmdar elan edildiyi bildirilir. Lakin əksər tarixçilər, eləcə də bu kitabın müəllifi etibarlı mənbələrin məlumatları əsasında aparılan təhlillər nəticəsində belə qənaətə gəlib ki, Şah I Abbas məhz 1587-ci il oktyabrın 3-də taxta çıxmışdır (red.).