Şah Abbas. Cahid Aydoğmuşoğlu

Читать онлайн.
Название Şah Abbas
Автор произведения Cahid Aydoğmuşoğlu
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952244908

Скачать книгу

e>

Şah Abbas məmləkətin abadlığı və rəiyyətin asayişi sarıdan gördüyü işlərlə bütün dünyada məşhurdur.

Abbasqulu ağa Bakıxanov

I FƏSİL

Səfəvi dövlətinin quruluşundan Şah Abbasa qədər

Səfəviliyin meydana çıxması

Səfəvilər bir təriqət olaraq meydana çıxsalar da, bir müddət sonra siyasi təşkilat yaratmağa nail olan xanədana çevrildilər. Bu təriqətin meydana gəlməsi XIII əsrə təsadüf edir. Həmin dövrdə İranda türkmən şeyxlərinin nüfuzu yüksəlməyə başlamışdı. Belə ki, monqollar hədsiz dərəcədə qəliz ibarələrlə islam dəyərlərini öz mədəniyyətləri ilə əlaqələndirməyə çalışan fars alimləri ilə müqayisədə daha sadə dildə danışan türkmən dərvişlərinə üstünlük verirdilər. Üstəlik, monqollar qəbilə ənənələri baxımından türkmənləri özlərinə daha yaxın sayırdılar.

Səfəviyyə təriqətinin başçısı Şeyx Səfiəddin-Ərdəbili (1252 – 1334) idi. O, 1252-ci ildə Xəzər dənizinin cənub-qərb sahillərinə yaxın Ərdəbil şəhəri ətrafında dünyaya gəlmişdi. Altı yaşında yetim qalan Səfiəddin ilk gənclik illərindən dinə qarşı böyük maraq duymuş və öz dünyagörüşünə uyğun mürşid1 axtarmağa başlamışdı. Uzun axtarışlar nəticəsini verdi və o, Şeyx Tacəddin Ceylani ilə rastlaşdı. Səfiəddin sonralar həmin şeyxin qızı Bibi Fatimə ilə evlənəcəkdi.

Şeyx Tacəddindən aldığı biliklər sayəsində dini baxışlarını təkmilləşdirən Səfiəddin ruhani həyat yaşamağa başladı, digər müridlər2 arasından seçilib şöhrət qazandı. Qayınatasının vəfatından sonra onun yerinə Səfiəddin keçdi. Bununla da Səfəvi təkkəsi3 meydana çıxdı, eyni zamanda Səfəvilər tarixi başlamış oldu. Müridləri Səfiəddinə «Ey piri-türk» deyə müraciət edirdilər.

Elxanilər4 dövründə Səfiəddinin bir övliya kimi nüfuzu bütün Ərdəbili bürümüşdü. Fəaliyyəti hətta Dəşti-Qıpçaq və Krıma qədər uzanan Şeyx Səfiəddin sayəsində Səfə-viyyə təriqəti çox geniş əraziyə yayılmışdı. Azərbaycan başda olmaqla, Gilan, Mazandaran, Xorasan, Buxara, Anadolu və Rumeli bölgələrində minlərlə mürid onun təkkəsinə qoşulmuşdu.

1334-cü ildə Şeyx Səfiəddin 85 yaşında dünyasını dəyişdi. Onun yerini isə öncə oğlu Sədrəddin (1392-ci ilədək), ardınca nəvəsi Xoca Əli (1429-cu ilədək) tutdu. 1429 – 1447-ci illərdə təriqətə Səfiəddinin nəticəsi Şeyx İbrahim rəhbərlik etdi. Həmin dövrdə səfəvilik dini hərəkata çevrildi, xüsusilə Anadolu və Suriyada geniş yayıldı. Türkiyənin görkəmli tarixçilərindən Faruk Sümərin yazdığına görə, tamamilə sünni təriqət kimi meydana çıxan bu hərəkat Şah İsmayılın babası Şeyx Cüneydin zamanında şiəliyə meyil etməyə başladı.

Şeyx Səfiəddinin nəvəsi Xoca Əli görkəmli sərkərdə Əmir Teymurla (1336 – 1405) yaxın münasibətlərə və onun üzərində ciddi təsirə malik idi. Səfəvi şeyxinə böyük rəğbət bəsləyən Teymur ondan iltifatını əsirgəməmiş, hətta ətraf ərazilərlə birlikdə Ərdəbili ona bağışlamışdı. Bundan başqa, Ankara üzərinə hərbi yürüşdən (1402-ci il) qayıdarkən əmir Ərdəbilə gəlmiş, Anadoludan gətirdiyi 30 min əsiri Xoca Əlinin xahişi ilə ona bağışlamışdı. Teymur gedəndən sonra həmin əsirlər səfəviyyə təriqətinə daxil olmuşdular.

Xoca Əli 1429-cu ildə Qüdsdə vəfat edincə yerinə, yuxarıda da yazdığımız kimi, onun oğlu, Səfiəddinin nəticəsi İbrahim keçmişdi. «Şeyx Şah» kimi də tanınan Şeyx İbrahim 1447-ci ildə dünyasını dəyişdikdən sonra qardaşı Cəfər təriqət başçısı elan edilmişdi.

Cəfərin şeyx elan edilməsindən bir müddət sonra Şeyx İbrahimin altı oğlundan böyüyü Şeyx Cüneydlə əmisinin arasında dini baxışlar səbəbindən fikir ayrılıqları yarandı. Bu isə onların münasibətlərinin soyumasına gətirib çıxardı. Belə ki, Şeyx Cüneyd şiəliyə meyillənmiş, rafizə5 tərəfdarı kimi çıxış etməyə başlamışdı.

Əmisi ilə arası dəyən Şeyx Cüneyd atasının müridlərindən bir qismini başına yığıb Aran, Azərbaycan və Şərqi Anadolu bölgələrində yaşayan köçəri türkmən yurdlarına yollandı. Onun burada apardığı aramsız təbliğat sayəsində tərəfdarları xeyli artdı və böyük şöhrət qazandı. Bununla da Səfəvi tarixində yeni bir dövr başladı. Şeyx Cüneyd təkcə dini baxımdan güclü şəxsiyyət deyildi, eyni zamanda maddi gücə sahib idi, üstəlik, siyasi iddia ortaya qoyur, hakimiyyəti ələ keçirmək barədə düşünürdü. Həmin vaxt indiki İranın böyük hissəsində iqtidar sahibi olan Qaraqoyunlu hökmdarı Cahan şah (1397 – 1467) bu təhlükəni sezdi. O, yaxın dostu Şeyx Cəfərin tövsiyəsi ilə Şeyx Cüneyddən başının dəstəsini dağıtmağı və Qaraqoyunlu torpaqlarını tərk eləməyi tələb etdi. Cüneyd bununla razılaşmalı oldu və ata yurdundan ayrılıb Anadoluya yollandı. Öncə ovaxtkı Osmanlı padşahı II Murada, sonra isə Qaramanoğlu İbrahim bəyə sığınmaq istədi. Bu cəhdləri nəticəsiz qaldıqda Toros dağlarında yaşayan varsaq türklərinə, ardınca da Suriyaya üz tutdu. Lakin həmin səyləri də boşa çıxdı. Axırda bütün ümidini Qaraqoyunluların rəqibi olan Ağqoyunlulara bağladı və Uzun Həsənə6 pənah apardı.

Qatı şəkildə sünni olmasına baxmayaraq Uzun Həsən şiə tərəfdarı kimi tanınan Şeyx Cüneydi əldən buraxmaq istəmədi. Bunun isə bircə səbəbi var idi: ondan rəqibi Cahan şaha qarşı istifadə eləmək! Çünki Şeyx Cüneyd ətrafına nə az, nə çox, düz iyirmi min silahlı adam toplaya bilmişdi.

Beləliklə, Cüneydi himayəsinə alan Ağqoyunlu hökmdarı hətta bacısı Xədicə Bəyimin 1458-ci ildə onunla evlənməsinə icazə verdi. Bu izdivac Şeyx Cüneydə Ağqoyunlu ölkəsində sərbəst fəaliyyət göstərmək imkanı yaratdı. Nəticədə isə şiəliyin siyasiləşməsinə və gələcəkdə yeni şiə dövlətinin meydana çıxmasına yol açdı.

Anadolu türklərinin böyük bir qismini tədricən səfəvi təriqətinə bağlayan məhz Şeyx Cüneyd olmuşdur. Həmin dövrdən etibarən səfəvilər Anadoluda dini və siyasi məqsədlərlə qızılbaş türklərini yetişdirməyə başladılar. Sonradan isə qızılbaşlar7 Anadoludan İrana axın etdilər.

1460-cı ildə Şeyx Cüneyd dünyasını dəyişdi. Onun yarımçıq qalan fəaliyyətini isə Uzun Həsənin bacısından olan oğlu Heydər davam etdirdi. Şeyx Heydər ilk vaxtlar Anadoludakı tərəfdarlarının sayını artırmaqla məşğul oldu. Bir müddət sonra dayısı Uzun Həsənin Dəspinə xatundan8 olan qızı Aləmşah bəyimlə evlənən Şeyx Heydərin həmin izdivacdan üç oğlu dünyaya gəldi. Bunlar Sultan Əli, İsmayıl və İbrahim idi.

Zaman keçdi və iş o yerə çatdı ki, Şeyx Heydər Anadoluda mövqelərini gücləndirmək üçün yerli əhali arasında təbliğatı sürətləndirdi, hətta üsyanlar qaldırmaqdan çəkinmədi. Uzun Həsənin vəfatından sonra onun yerinə keçən Sultan Yaqub (1464 – 1490)9 getdikcə böyüyən səfəvi təhlükəsini görərək Şeyx Heydərdən itaət və sədaqət andı içməyi tələb etdi. Qazı hüzurunda and içən Şeyx Heydər Ərdəbilə qayıtdı. O, buranı sözün həqiqi mənasında hərbi-siyasi qərargaha çevirdi. Məqsədi atasının hakimiyyət uğrunda yarımçıq qalmış mübarizəsini başa çatdırmaq, eyni zamanda onun qisasını Şirvanşahdan almaq idi10. İş o yerə çatmışdı ki, hətta təkkənin otaqları belə silah anbarını xatırladırdı.

1486-cı ildə Şeyx Heydər on min nəfərlik ordusu ilə Dərbəndi aşaraq dağlı xalqlar üzərinə yürüş etdi. Bu səfərdən altı min xristian əsir və bol qənimətlə geri dönən şeyxin uğurlu hərbi yürüşü onun şöhrətini xeyli artırdı.

1488-cı ildə Ağqoyunlu hökmdarı Sultan Yaqubun icazəsi ilə yenidən «kafir» çərkəzlər üzərinə yürüşə çıxan Şeyx Heydərin aqibəti faciəli oldu. Əslində, atasının intiqamını almaq istəyən şeyx Şirvanşah Fərrux Yasar

1

Mürşid – dini-fəlsəfi, ictimai-siyasi cərəyanın, birliyin və ya cəmiyyətin rəhbəri, müridin müəllimi (red.)

2

Mürid – bir müsəlman təriqət şeyxinə və ya mürşidinə tabe olaraq ondan təriqətin üsul və mərasimlərini öyrənən adam; şagird (red.)

3

Təkkə – təriqət mənsublarının bir araya yığışdığı, təlimat aldığı, ilahi hikməti və Allah sеvgisini öyrənib anladığı məkan (red.)

4

Elxanilər (və ya Hülakülər dövləti) – 1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258 – 1265) tərəfindən yaradılmış dövlət. 1357-ci ildə süquta uğramışdır. (red.)

5

Rafizə – şiələrdə təriqət adı (red.)

6

Uzun Həsən (1423 – 1478) – Ağqoyunlular sülaləsinin IX hökmdarı. 1453-cü ildən 1478-ci ilə qədər hakimiyyətdə olmuş, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur (red.).

7

Qızılbaşlar – XV–XVI əsrlərdə Azərbaycan, Anadolu və İran ərazisində məskunlaşmış türk tayfaları ittifaqı. Öncə şamlu, rumlu, ustaclı, əfşar, təkəli, qacar və zülqədər tayfalarından ibarət olan qızılbaşların tərkibinə sonralar bayat, baharlı, alpaut və b. tayfalar da qatılıb. Bu tərkibdə yeganə irandilli tayfa talışlar olub. Qızılbaşlar 12 şiə imamının şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma bağladıqları üçün belə adlandırılıblar (red.).

8

Dəspinə xatun (1438 – 1507) – Trabzon imperatoru olan IV İohannın qızı idi. Atası onu Ağqoyunlularla ittifaq bağlamaq məqsədi ilə 1458-ci ildə Uzun Həsənlə evləndirmiş, lakin bu, Trabzon imperiyasının 1461-ci ildə Osmanlı dövlətinə birləşdirilməsini əngəlləyə bilməmişdi (red.).

9

1478-ci ildə taxta çıxan Sultan Yaqubun hakimiyyəti 12 il sürmüşdür (red.).

10

Məsələ burasındadır ki, Şeyx Cüneyd öz təsir dairəsini genişləndirmək məqsədi ilə Şirvanı zəbt etmək fikrinə düşmüş və 10 min tərəfdarı ilə hərbi yürüşə başlamışdı. İşi belə görən Şirvanşah Xəlilüllah böyük ordu ilə onun qarşısına çıxmış, 1460-cı ildə baş verən döyüşdə Cüneyd öldürülmüş, tərəfdarları ağır məğlubiyyətə uğradılmışdır. Bəzi mənbələrə görə isə o, öncə əsir alınmış, daha sonra Şirvanşahın əmri ilə edam edilmişdir (red.).