Название | Polyanna |
---|---|
Автор произведения | Элинор Портер |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242249 |
Belə deyib əvvəlcə pəncərənin üstünə çıxdı. Sonra isə ayağını ağacın ən yaxındakı iri, qalın budağına uzatdı. Meymun kimi budaqdan budağa atılaraq ağacın altına, yumşaq otların üstünə düşdü.
İndi o, bağçada idi. Bağçanın küncündəki güllükdə qoca bir kişi yerə əyilərək işləyirdi . Bağçadan sonra çəmənlik başlayırdı. Daha uzaqda böyük bir təpə görünürdü. Təpənin başında, nəhəng qayanın yanında tənha şam ağacı ucalırdı.
Polyanna cəld və səssiz addımlarla təpəyə doğru yönəldi. Əslində, bu məsafə göründüyü qədər qısa deyildi.
Polyanna bağçadan çıxıb təpəyə doğru getməyə başladıqdan on beş dəqiqə sonra malikanənin geniş salonundakı saat altı dəfə çaldı. Saat sonuncu dəfə çaldıqdan sonra Nensi yemək vaxtının yetişdiyini bildirən zəngi basdı.
Xanım Polli salona gəlib uzun müddət Polyannanı gözlədi. Gördü ki, gələn yoxdur, acıqlı səslə Nensiyə dedi:
– Bu qız harada qaldı belə? Yox, çağırma! Mənim tapşırığıma itaət göstərməyib gecikməsinin cəzasını çəkməlidir. Nə vaxt aşağı ensə, ona yalnız süd və çörək verərsən. Mətbəxdə səninlə birlikdə yeyər.
– Baş üstə, xanım, – Nensi dilləndi.
Elə ki xanım Polli şam edib süfrədən qalxdı və otağına çəkildi, Nensi fürsətdən istifadə edib Polyannanın otağına gəldi. O fikirləşirdi ki, yəqin, qızcığaz xeyli ağladıqdan sonra otağında yatıb qalıb. Amma otağı boş görəndə narahat oldu. Birbaş bağçaya – qoca bağbanın yanına qaçdı. Təngnəfəs halda qışqırdı:
– Cənab Tom, cənab Tom! Mən bilirdim ki, o, bir mələkdir. Budur, otağında yoxdur, yəqin ki, göylərə uçub! Göylərə – atasının yanına!
Yaşlı Tom xidmətçi qızın sözlərindən bir şey başa düşmədi. Heyrətlə ona baxıb soruşdu:
– Sən nə danışırsan, Nensi? Necə yəni göylərə uçub?
Birdən qoca bağban hər şeyi başa düşdü. Gözlərini axşam günəşinin qızılı şüalarına boyanmış təpəyə zilləyərək dedi:
– Bax, Nensi, sənin mələyin ordadır. Orda – Şamlı təpənin başında!
Nensi bağbanın işarə etdiyi tərəfə baxdı. Polyannanı orada görüb bir az rahatlandı. Sonra Toma tərəf çevrilib dedi:
– Əgər sahibəm məni çağırsa, ona deyərsiniz ki, çirkli qabları yumaq yadımdan çıxmayıb, sadəcə, bir az hava almaq üçün gəzintiyə çıxmışam, yaxşımı?
Xidmətçi qız bunu deyib Şamlı təpəyə doğru tələsdi.
Qəribə oyun
Nensi Şamlı təpəyə – Polyannanın yanına gələndə əvvəlcə bir az nəfəsini dərdi. Sonra dedi:
– Məni çox qorxutdun, Polyanna! Çölə çıxdığını görmədim. Bəs buraya necə gəldin?
Polyanna qəhqəhə çəkərək güldü. Evdən necə çıxdığını olduğu kimi danışdı. Sonra isə bir az məyus şəkildə dedi:
– Əgər sizi qorxutdumsa, üzr istəyirəm. Bilirsiniz, Nensi, əvvəllər atam, sonra isə Xeyriyyə Cəmiyyəti üzvləri də mənə görə tez-tez təlaşlanardılar. Amma sonradan buna vərdiş etdilər.
– Bilirsən ki, xalan bu haqda eşitsə, necə özündən çıxacaq?
– Bilmirəm. Amma bilmək istəyirəm. Elə ona görə də evə qayıdanda hər şeyi ona danışacağam.
Nensi qəti şəkildə etiraz etdi:
– Yox, yox, sən nə danışırsan?! Xanım Polli bu barədə bilsə, çox qəzəblənəcək. Ona görə də ən yaxşısı odur ki, dərhal malikanəyə qayıdaq və bu barədə xanım Polliyə bir kəlmə də danışmayaq.
Malikanəyə doğru yol aldılar. Aradakı səssizliyi Polyannanın şən səsi pozdu:
– Mənə görə narahatlıq keçirməyinə çox sevindim, Nensi.
– Yəqin ki, çox acmısan. Halbuki xalan səni cəzalandırmaq üçün ancaq süd və çörək verməyimi əmr edib.
– Yemək vaxtı necə gələ bilərdim? Axı onda mən burada idim.
Nensi özünü gülməkdən güclə saxladı:
– O bunu haradan biləydi. Həm də yaxşı ki, bilməyib. Yoxsa, yəqin, bu axşam süd və çörəkdən də məhrum olardın. Hər halda, sənə ləziz bir şam süfrəsi aça bilməyəcəyimə görə çox məyusam.
– Amma mən qətiyyən məyus deyiləm! – Polyanna dedi. – Hətta bundan çox məmnun oldum.
– Məmnun oldun? – Nensi təəccüblə soruşdu. – Açığı, başa düşə bilmirəm, nə demək istəyirsən.
– Bəli, məmnun oldum, həm də ikiqat. Birinci, ona görə ki, mən süd və çörəyi çox sevirəm. İkincisi, onları səninlə bərabər yeyəcəyəm. Görürsən, məyus olmağa dəyməz.
Nensi təəccüblə dedi:
– Qanqaraldıcı bir şeydə də sevinməyə səbəb tapa bilirsən. Heç bilmirəm, nə deyim. Çox qəribədir!
Polyanna şirin-şirin gülümsündü:
– Axı burada təəccüblü nə var ki? Oyunun ən maraqlı yeri elə burası deyilmi?
– Oyunun? Hansı oyunun? – Nensinin təəccübü bir az da artdı.
– Bəli, Nensi, oyunun! Məmnun olmaq oyununun! Bu oyunu mənə atam öyrədib. Onunla bu oyunu oynamağa başlayanda hələ çox balaca idim.
– Mənim oyunlardan başım çıxmır. Üstəlik, bu oyun haqqında da ilk dəfə səndən eşidirəm.
Polyanna gülümsəməyə çalışaraq köks ötürdü:
– Hə, bu oyunu mənə atam öyrətmişdi. Hər şey Xeyriyyə Cəmiyyəti tərəfindən bağışlanan bir cüt qoltuqağacı ilə başladı.
– Qoltuqağacı?
– Hə, qoltuqağacı. Mən kukla istəyirdim. Atam da buna görə Xeyriyyə Cəmiyyətinə müraciət etmişdi. Amma evimizə göndərilən hədiyyə qutusundan gəlincik əvəzinə həmin o bir cüt qoltuqağacı çıxdı. Hədiyyəni göndərən qadın yazırdı ki, onun gəlinciyi yoxdur, bununla belə, hər bir uşağın ehtiyacı ola biləcəyini nəzərə alıb bu qoltuqağaclarını bağışlayır. Hər şey də elə bundan sonra başladı.
Nensi dedi:
– Polyanna, hələ də başa düşə bilmirəm, bütün bunların indi haqqında danışdığın oyunla nə əlaqəsi var?
– Axı burada başa düşülməməli heç nə yoxdur. Bizim oyunun məqsədi kədərli vəziyyətlərdə belə sevinmək üçün səbəb tapmaqdır.
– Üzr istəyirəm, mən yenə heç nə başa düşmədim. Ona gəlincik hədiyyə ediləcəyini gözləyən bir uşaq iki qoltuqağacı ilə qarşılaşırsa, necə məmnun ola bilər?
Polyanna