Название | Hekayələr |
---|---|
Автор произведения | Лев Толстой |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242157 |
O, görünür, mənim niyyətimi pis yozaraq qəlbimə toxunduğu üçün məzlum bir görkəm alıb sıxıldı və azca ayağa qalxaraq dirsəyimdən yapışdı.
– Yox, yox, – deyə nəmli gözləri ilə mənə baxdı, üzü yalvarıcı bir ifadə aldı, – mən elə-belə, zarafat eləyirdim.
Bunun dalınca o, nə isə olduqca dolaşıq, bic bir cümlə işlətdi, gərək ki, mənim mərhəmətli adam olmağıma işarə edirdi.
– Je ne vous dis que ça!19 – deyə sözünə əlavə etdi.
Beləliklə, müğənni ilə birlikdə içir və söhbət edirdik. Ofisiantlar da çəkinmədən bizə tamaşa edir və deyəsən, arabir lağa da qoyurdular. Söhbətimin maraqlı olduğuna baxmayaraq, mən onları sezməyə bilməzdim və düzünü deyim ki, getdikcə daha da qəzəblənirdim. Onlardan biri yerindən qalxaraq balaca adama yaxınlaşdı və onun təpəsinə baxaraq gülməyə başladı. Məndə Şveytserqof sakinlərinə qarşı hazır qəzəb ehtiyatı vardı ki, onu hələ heç kəsin üstünə tökməyə macal tapmamışdım. Üstəlik, bu xidmətçilər də məni lap hövsələdən çıxarırdılar. Qapıçı papağını çıxarmadan içəri girdi və yanımda oturub stola dirsəkləndi. Bu axırıncı vəziyyət mənim qurur və heysiyyətimə elə toxundu ki, daha özümü saxlaya bilməyib bütün axşam içimdə toplaşmış qəzəbi işə salmalı oldum. Nə üçün bu adam qapı ağzında məni tək gördükdə ikiqat qabağımda əyilir, indi isə bu səyyar müğənni ilə oturduğumdan kobudluqla yanımda əyləşir? İçimdə qaynamaqda olan qəzəbli nifrət başıma vurdu. Mən bu qəzəbi sevirəm, hətta dilxor olduğum vaxtlarda özüm onu qızışdırıram, çünki o mənə təskinlik verir, qısa müddətə olsa da, mənə qeyri-adi bir çeviklik, qətiyyət və böyük fiziki və mənəvi iqtidar üçün qüvvət verir.
Mən yerimdən sıçradım.
– Nəyə gülürsünüz? – deyə ofisiantlara çığırdım. Hiss edirdim ki, rəng-ruhum ağarıb və dodaqlarım qeyri-ixtiyari olaraq titrəyirdi.
– Mən gülmürəm, sadəcə, elə-belə, – deyə ofisiant geri çəkilə-çəkilə cavab verdi.
– Xeyr, bu cənaba gülürsünüz. Burada qonaq olduğu zaman nə ixtiyarınız var ki, buraya gələsiniz və əyləşəsiniz! Nə cəsarətlə oturdunuz? – deyə qapıçıya çığırdım.
Qapıçı nəsə mızıldaya-mızıldaya ayağa qalxdı və qapıya tərəf uzaqlaşdı.
– Sizə kim ixtiyar verib ki, xidmətçi ola-ola qonağı ələ salasınız? Nə üçün nahar zamanı mənə gülmədiniz və mənimlə yanaşı oturmadınız? Ona görə ki, o, kasıb geyinib və küçədə oxuyur? Mənimsə əynim-başım yaxşıdır. O yoxsuldur, ancaq min dəfə sizdən yaxşı adamdır, mən buna əminəm. Ona görə ki, o heç kəsi təhqir eləmir, sizsə onu təhqir eləyirsiniz.
– Siz nə danışırsınız, axı mən heç bir şey eləmədim, – deyə özümə düşmən hesab etdiyim ofisiant müticəsinə cavab verdi. – Məgər onun oturmağına mane oluram?..
Ofisiant məni başa düşmürdü və almanca danışığım boşa gedirdi. Kobud qapıçı ofisianta havadar çıxmaq istəyirdi, lakin ona elə gəliş gəldim ki, özünü bilməzliyə qoyub əlini yellədi, guya o da məni başa düşmür. Qozbel qabyuyan qadın mənim qızışdığımı görüb qalmaqaldan qorxduğundanmı, ya da fikrimlə şərik olduğundanmı mənim tərəfimə keçdi; mənimlə qapıçının arasında duraraq onu qandırmaq istəyirdi ki, mən haqlıyam və onun susması yaxşıdır, məndən də xahiş edirdi ki, sakitləşim. "Der Herr hat Recht: sie haben Recht"20 deyə təkrar edirdi. Müğənni, görünür, mənim nədən ötrü qızışdığımı və nə istədiyimi başa düşmədiyindən qorxub çox məzlum bir sifət almışdı. Məndən xahiş edirdi ki, tez buradan çıxıb gedək. Məndə isə qəzəblə danışmaq ehtirası getdikcə qızışırdı. Hər şeyi – camaatın ona gülüşməsini və ona heç bir şey verməyən dinləyiciləri xatırlayıb heç nəyin xatirinə sakitləşmək istəmirdim. Fikirləşirdim ki, əgər xidmətçilər belə yumşalmasaydılar, məmnuniyyətlə onlarla əlbəyaxa olardım, ya da ağacla aciz ingilis qızının başını yarardım. Əgər bu dəqiqədə Sevastopolda olsaydım, qızğın həvəslə ingilis səngərinə atılıb hamını qırıb tökərdim.
– Nə üçün məni bu cənabla o salona deyil, bu biri salona gətirdiniz? Hə? – məndən uzaqlaşmasın deyə qapıçının qolundan yapışıb onu sorğu-suala tutdum. – Nə ixtiyarınız vardı ki, görkəminə görə bu cənabın orada deyil, bu salonda olmasını qərara aldınız? Mehmanxanalarda pul verənlərin hamısı bir deyil? Təkcə respublikada deyil, bütün dünyada belədir. Sizin respublika yaramazdır. Bərabərliyə bir bax! İngilisləri bu salona gətirməyə cəsarətiniz çatmazdı. O ingilisləri ki, bu cənaba pulsuz qulaq asır, daha doğrusu, verməli olduqları pulu ondan santim-santim oğurlayırlar. Nə cəsarətlə bizə bu salonu göstərdiniz?
– O biri salon bağlıdır, – qapıçı cavab verdi.
– Yox, – deyə çığırdım, – düz demirsiniz, salon bağlı deyildi.
– Özünüz yaxşı bilirsiniz.
– Bilirəm, bilirəm ki, yalan danışırsınız.
Qapıçı dönüb məndən uzaqlaşdı.
– Eh! Nə deyəsən! – deyə mızıldadı.
– Yox, "nə deyəsən"-zad yoxdur. Məni bu saat o biri salona apar.
Qozbelin öyüd-nəsihətinə və müğənninin xahişinə baxmayaraq, mən evə getməyib baş ofisiantı tələb etdim və müsahibimlə birlikdə o biri salona keçdim. Baş ofisiant mənim qəzəbli səsimi eşidib həyəcanlı sifətimi gördükdə mübahisəyə girişmədi və əsəbi bir nəzakətlə dedi ki, ürəyim istədiyi yerə gedə bilərəm. Mən qapıçıya onun yalan danışdığını sübut edə bilmədim, çünki biz hələ salona daxil olmamışdan o qaçıb gizlənmişdi.
Salon, doğrudan da, açıq idi, işıqları da yanırdı. Stollardan birinin arxasında bir ingilis öz xanımı ilə birlikdə oturmuşdu. Bizə xüsusi bir stol göstərmələrinə baxmayaraq, kirli müğənni ilə birlikdə ingilisin lap böyründə əyləşərək axıradək içilməmiş butulkamızın buraya gətirilməsini tapşırdım.
İngilislər əvvəlcə təəccüblə, sonra isə qəzəblə, yanımda oturub qorxusundan sarısını udmuş balaca adama baxırdılar: sonra aralarında nə isə danışdılar, xanım boşqabı itələdi və ipək paltarını xışıldada-xışıldada əri ilə birlikdə gözdən itdi. Şüşə qapıların dalından onları görürdüm. İngilis əli ilə bizim tərəfi göstərərək, ofisianta qəzəblə nə isə deyirdi. Ofisiant başını qapıdan uzadıb içəri baxdı. Mən sevinclə gözləyirdim ki, indicə gəlib bizi çıxaracaqlar və mən də, nəhayət, öz qəzəbimi onlara tökəcəyəm. Lakin xoşbəxtlikdən bizi rahat buraxdılar.
Bayaq şərabdan imtina edən müğənni indi buradan tez çıxıb getmək üçün butulkanı tamam boşaltdı. Mənə elə gəldi ki, o, qonaqlıq üçün öz duyğuları ilə mənə minnətdarlıq etdi. Onun nəm gözləri daha da yaşarmışdı və işıldayırdı. Ən qəribə, dolaşıq bir cümlə ilə minnətdarlığını bildirdi. Əgər hamı artistlərə mənim kimi hörmət edərsə, onun razı qalacağını və mənə
19
Bunu ancaq sizə deyirəm!
20
Cənab haqlıdır, siz haqlısınız (alm.)