Martin İden. Джек Лондон

Читать онлайн.
Название Martin İden
Автор произведения Джек Лондон
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952243925 



Скачать книгу

Çünki o bu pulların kitaba verilməyindənsə, otaq kirayəsinə verilməsini daha doğru hesab edirdi.

      Martin gecələr oğru kimi Morzların evinin başına dolanır, işıq gələn pəncərələrə oğrun-oğrun baxırdı. Bir dəfə də ani olaraq Rufu ikinci mərtəbənin pəncərəsi önündə görüb, otağının yerini öyrəndi. Ondan sonra ağacların arxasında gizlənib gözünü saatlarla həmin pəncərədən çəkmirdi.

      Rufun səliqə-sahmanı ona çox böyük təsir bağışlamışdı. Düşünürdü ki, ona layiq olmaq üçün tərtəmiz olmalıdır. Dişlərini yuyub-təmizləyir, kiçik dırnaq şotkası ilə dırnaqlarını sürtürdü. Kitabxanadan aldığı şəxsi gigiyena haqqında kitabda tövsiyə olunurdu ki, hər səhər soyuq su ilə yuyunmaq lazımdır. Martin buna əməl etməyə başladı və bundan sonra mister Higginbotam ondan ayrıca supulu alıb-almamaq haqqında düşünməyə başladı.

      İnkişaf yolunda növbəti addım şalvara əl gəzdirmək oldu. Ancaq elə ilk cəhd uğursuzluqla nəticələndi – ütülədiyi yerdə şalvarı yandırdı və yeni şalvar alası oldu. Bununla da dənizə çıxacağı günü yaxınlaşdırdı. O, artıq içkini də tərgitmişdi. Onun məstliyi Rufa olan məhəbbətdən idi.

      Martin bir axşam Rufu görmək ümidilə teatra getdi və doğrudan da, qızı gördü. Qız Arturun və eynəkli cavan bir oğlanın müşayiətilə gəlmişdi. Həmin oğlan dərhal Martinin qəlbində qısqanclıq hissi oyatdı. Ruf keçib birinci sırada oturdu, Martin isə bütün axşamı onun qızılı saçlarından və yaraşıqlı çiyinlərindən başqa heç nə görmədi.

      Bir neçə oturacaq aralıda oturmuş iki qız Martinə baxıb gülümsəyir, qaş-göz atırdılar.

      Rufu, heç olmasa, uzaqdan görə bilmək üçün Martin tamaşanın qurtarmasına az qalmış salondan çıxdı. Təzəcə münasib bir yer tapmışdı ki, həmin iki qız da özünü yetirdi. Hər ikisi yenə ona baxıb gülümsədi, cavab olaraq o da gülümsədi. Martin Rufun onu qızlarla görəcəyindən qorxurdu. O yaxınlaşıb qızlarla yanaşı yeriməyə başladı. Tinə çatanda qızlardan ayrılıb geri qalmağa, burulub dalana girməyə çalışdı. Lakin qaragözlü qız onun dirsəyindən tutdu:

      – Hara tələsirsən, Bill, yoxsa bizi qoyub qaçmaq istəyirsən?

      Martin gülümsədi. Bura nisbətən qaranlıq idi, o, gözə çarpmaya bilərdi, ancaq Rufun evlərinə gedəcəyi yol burdan keçirdi.

      – Adınız nə oldu? – Martin qaragözlü qızdan soruşdu.

      – Siz öz adınızı dediniz ki?

      – Düz tapmısınız. Adım Billdir.

      – Zarafat eləmirsiniz ki?

      – Bill-zad deyil, – o biri qız sözə qarışdı, – yalan deyirsiniz.

      O, qızın əlini sıxanda ovcunun içindəki tanış kəsikləri hiss etdi.

      – Konserv zavodundan çoxdan çıxmısınız? – soruşdu.

      – Siz hardan bilirsiniz?

      Martin keçib gedən izdihamı gözdən qoymurdu. Birdən fənərlərin parlaq işığında Rufu gördü. O, qardaşı ilə eynəkli oğlanın arasında gedirdi. Martinin ürəyi düşdü. O bayaqdan bu anı gözləyirdi. Qızın şux qaməti, incə yerişi, küçəni keçəndə paltarının ətəyini zərif hərəkətlə yığışdırması belə onu həyəcanlandırdı. Ruf keçib-getdi, o isə fabrikdə işləyən bu iki şit qızla qaldı.

      – Bill, oyanın, sizə nə oldu? – qızlardan hansısa onun qoluna toxundu.

      – Siz nəsə dediniz?

      Qaragözlü qız rəfiqəsini göstərdi.

      – Siz onun üçün də bir oğlan tapsaydınız, birlikdə qəhvə içməyə, dondurma yeməyə gedərdik.

      – Mən bu gün məşğulam, – Martin onları başından eləməyə çalışdı.

      – Bəlkə, xəstə dostunuza baş çəkmək istəyirsiniz? – qaragözlü qız kinayə ilə dedi.

      – Yox, mənim ayrı qızla görüşüm var. Biz başqa bir gün görüşə bilərik.

      – Yalan demirsiniz? – qız dodaqlarını büzdü.

      – Həqiqi sözümdür. Adınız nə oldu? Harda yaşayırsınız?

      – Adım Lizzidir. Beşinci küçənin tinində, bazarın yanında oluram.

      Ayrılmazdan əvvəl hələ beş dəqiqə də qızlarla söhbət elədi. Evə getməyə tələsmirdi. Martin tanış ağacın yanına gəldi. Adət etdiyi yerdə, Rufun pəncərəsinin qarşısında dayanıb həyəcanla pıçıldadı:

      – Mən sizinlə görüşə gəlmişəm, Ruf. Mənə başqa heç kim lazım deyil.

      7

      Rufla tanış olduğu vaxtdan bir həftə keçmişdi, amma hələ də onlara getməyə cəsarət etmirdi. Nəsə bir yanlışlığa yol verməkdən qorxurdu. Məsləhətləşməyə kimsə yox idi; əvvəlki yoldaşlarından uzaqlaşmış, əvvəlki vərdişlərindən əl çəkmişdi. Təzə dostları isə yox idi, ona yalnız kitablar qalmışdı. Martin o qədər oxuyurdu ki, adi insan gözləri buna tab gətirməzdi.

      İndi o çox dəyişmişdi. Ancaq hazırlığının olmaması ona maneçilik törədirdi. Bir gün antik ədəbiyyata, sabah fəlsəfəyə, o biri gün iqtisadiyyata aid kitaba girişirdi. Martinin başı şişmişdi. Anlamadığı sözlərin, terminlərin mənasını öyrənmək üçün saatlarla kitabxanada otururdu.

      Yeganə təsəllisi poeziya idi. Hər misrasını anladığı sadə şairləri vəcdlə oxuyurdu. O, gözəlliyi sevirdi, poeziyada isə gözəllik istənilən qədərdi. Musiqi kimi poeziya da ona güclü təsir bağışlayırdı. Yaddaşı hələ tərtəmiz idi, şeirləri asanlıqla əzbərləyirdi. Martin get-gedə poeziyaya daha dərindən, ürəkdən bağlanırdı.

      Kitabxanaya çox gəldiyinə görə masa arxasında oturan adam artıq Martini tanıyır, ona xoş üz göstərirdi. Bir dəfə Martin bu dostcasına münasibətdən istifadə edib ona yaxınlaşdı.

      – Bağışlayın, sizdən bir şey soruşmaq olarmı? – kitabxanaçı gülümsəyib başını tərpətdi. – Tutaq ki, gənc bir ledi ilə tanış olmusunuz, o da sizi evinə dəvət eləyib. Nə müddətdən sonra bunu etmək olar?

      – Məncə, nə vaxt istəsəniz.

      – Sözün düzü, məsələ başqa cürdür. – Martin hiss elədi ki, həyəcandan köynəyi tərləyərək kürəyinə yapışıb. – Bilirsiniz, mən adi matrosam, kübar cəmiyyətə elə də öyrəşməmişəm. Həmin qız mənim kimi deyil, universitetdə oxuyur…

      Kitabxanaçı gülümsəyərək dedi:

      – Məsləhət görürəm, qıza zəng vurub nə vaxt gəlməyi özündən soruşasınız.

      – Doğru deyirsiniz, heç ağlıma gəlməmişdi.

      Martin kitablarını yığışdırıb tələsik qapıya tərəf getdi. Problem həll olunmuşdu.

      Verdiyi kitabları qaytarmaq bəhanəsilə Rufa zəng etdi.

      – Nə vaxt istəyirsiniz, gəlin, – Ruf sakitcə cavab verdi.

      Martini qapıda özü qarşıladı. Onun ütülənmiş şalvarı, hərəkətlərindəki yaxşılığa doğru dəyişiklik qızın gözündən qaçmadı. Rufun əlini sıxarkən yenə ürək çırpıntısı