Название | Martin İden |
---|---|
Автор произведения | Джек Лондон |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243925 |
1
İrəlidə gedən adam açarla qapını açdı. Arxada gələn cavan oğlan isə kandara ayaq basmazdan öncə yöndəmsiz hərəkətlə kepkasını başından çıxardı. Cavan oğlanın əynindəki paltar dəniz iyi verirdi. O, gen-bol hollda özünə münasib bir yer tapa bilməyib sıxıldı. Heç kepkasını hara qoyacağını da bilmirdi. Onu büküb cibinə soxmaq istəyəndə yol yoldaşı kepkanı əlindən aldı. Bunu elə təbii etdi ki, oğlan mütəəssir oldu. Başından ani bir fikir keçdi: “O məni başa düşür… məni satmaz”.
Cavan oğlan yırğalana-yırğalana iri addımlarla yoldaşının arxasınca gedirdi. Qabaqda inamla yeriyən yol yoldaşına baxıb öz yerişinin nə qədər yöndəmsiz olduğunu düşündü. Bu fikirdən utanıb qızardı. Pərtliyini zarafatla gizləməyə çalışdı:
– Artur, dostum, ayaq saxlayın. Bilirsiniz ki, bura gəlmək istəmirdim. Yəqin, sizinkilərin də məndən ötrü ürəkləri atmır.
– Boş şeydir! – dostu halını pozmadı. – Biz sadə adamlarıq. Oho, mənə məktub var!
Artur zərfi açıb məktubu oxumağa başladı. O isə fürsətdən istifadə edib ətrafa göz gəzdirdi. Masanın üstündəki kitabları görəndə gözləri parıldadı. Həyəcanla onları vərəqlədi. Kitabların, müəlliflərin adına baxdı. Suinbernin cildini əlinə götürüb harada olduğunu unudaraq oxumağa başladı. Sifəti alışıb-yandı. Müəllifin adına yenə baxmaq üçün iki dəfə kitabı örtdü. Suinbern! Görəsən, şairlərin çoxu kimi ölüb-gedib, yoxsa hələ yaşayır?
Başı kitab oxumağa elə qarışmışdı ki, gənc bir qızın otağa girdiyindən xəbəri belə olmamışdı.
– Ruf, bu, mister İdendir! – Arturun səsi onu ayıltdı.
Həyatı boyu “İden”, ya ”Martin İden”, ya da, sadəcə, “Martin” deyə çağırılmışdı, indi isə birdən-birə “mister İden” demişdilər.
Qarşısında solğun bənizli ilahi bir xilqət dayanmışdı. Qızın parlaq, iri mavi gözləri, qalın, sarışın saçları vardı. Ruf əlini ona uzatdı və bu zaman oğlanın gözlərinin içinə baxdı.
– Mister İden, əyləşin, – qız dedi. – Arturun danışdıqlarından sonra çox istəyirdim ki, sizinlə tanış olum. Özünüzü çox cəsarətli aparmısınız.
Martin başını yırğalayıb mızıldadı ki, onun yerində kim olsa, belə edərdi. Bu zaman qız onun əllərinin sıyrıldığını gördü. Üzündəki, alnındakı çapıqlar da qızın gözündən qaçmadı. Oğlanın torba kimi sallanan, çiyinləri bürüşmüş kostyumunun altında əzələli qollarını da sezdi.
Ruf sərbəst və zərif bir əda ilə keçib kresloda əyləşdi. Martin öz yöndəmsiz görkəmini təsəvvür eləyib lap sıxıldı. Ehtiyatla kresloda oturdu. Bilmirdi ki, əllərini hara qoysun. Tərs kimi, Artur da otaqdan çıxdı.
– Mister İden, – qız dedi, – boynunuzdakı o çapıq hardandır?
– Meksikalının bıçağının yeridir, miss, –boğazını arıtlayıb cavab verdi. – Əlbəyaxa olduq. Əlindən bıçağı alanda burnumu dişləmək istədi.
– Ay!.. – qız ucadan dedi. Üzündən çaşqınlıq oxundu.
Martin kübar bir xanımla belə axmaq şeylər haqqında danışmağın yersiz olduğunu anlayıb söhbəti qıza yaxın mövzunun üzərinə gətirməyi qərara aldı.
– Bu… Svaynbern adlı şair…
– Svaynbern yox, Suinbern, – qız onun səhvini düzəltdi.
– Hə, – deyib yenə qızardı. – Çoxdan ölüb?
– Öldüyünü eşitməmişəm, – qız ona maraqla baxdı. – Bəs siz harda tanış olmusunuz?
– Heç onun üzünü belə görməmişəm. Siz gəlməmişdən əvvəl o masanın üstündəki kitabdan bir neçə şeirini oxudum. Onun şeirləri xoşunuza gəlir?
Qız Martini maraqlandıran mövzuda çox sərbəst danışmağa başladı. O, gərginliklə qulaq asır, bu balaca başa bu qədər bilik sığdığına təəccüblənir və qızın gözəlliyi qarşısında heyranlıq duyurdu. Hə, kitablarda yazılanlar doğrudur. Həyatda belə qadınlar olur. Onlara görə yaşamağa, onlara görə vuruşmağa, onlara görə ölməyə dəyər.
Martinin gözlərindəki parıltı qızı qorxutdu. Ancaq ona dikilən baxışlardan həm də xoşlanırdı.
– Hə, dediyim kimi… Axı mən nə deyirdim? – qız özünü saxlaya bilməyib bərkdən güldü. – Hə, deyirəm ki, Suinbernin elə şeirləri var ki, heç oxumağa dəyməz. Böyük şairin şeirindən bir misranı belə çıxarıb atmaq olmur.
– Miss, – o dedi, – belə şeylərdən çox da başım çıxmır. Bunlar mənim ağlım kəsən şeylər deyil. Mən kitabları, şeiri sevirəm, vaxt tapan kimi mütaliə edirəm. Ancaq onlar haqqında sizin kimi düşünə, danışa bilmirəm.
– İnanıram ki, siz çox şeyə nail olacaqsınız. Çünki siz çox güclüsünüz.
Bu zaman otağa ucaboy, qamətli, gözəl, sarışın qadın girdi. Qız dərhal ayağa qalxıb ona doğru getdi. “Yəqin, anasıdır”, – deyə Martin düşündü.
2
Süfrə arxasında Rufla yanaşı oturmuşdu. Çəngəl-bıçağın çoxluğu onu qorxudurdu. Qarşısında Artur və Norman əyləşmişdi. “Rufun qardaşlarıdır!” – ürəyində onlara sevgi duydu. Onun bu mühitdə gördüyü ən gözəl şey ailə üzvlərinin bir-birinə olan məhəbbəti idi. Martin ömrü boyu sevgi axtarmışdı. Odur ki indi ailə üzvlərinin qarşılıqlı məhəbbəti onun qəlbini riqqətə gətirdi.
Martin əvvəllər kübar məclislərin qonağı olmamışdı. Ona görə altdan-altdan çəngəl-bıçağı necə tutduqlarına, hansı yemək üçün nədən istifadə etdiklərinə baxır, eyni zamanda, süfrə arxasındakıların Rufa olan münasibətlərini aydınlaşdırmağa çalışırdı. Bundan əlavə, o danışmalı, ona deyilənlərə qulaq asmalı, ətrafda nə danışdıqlarını eşitməli, lazım gəlsə, cavab verməli, həm də ağzından ədəbsiz söz çıxarmamağa çalışmalı idi. Bu fikirlərə başı qarışan Martin naharın ilk yarısını çox sakit oturdu. Ancaq bu davranışla Arturu yalançı çıxardığını bilmirdi. Artur qohumlarına demişdi ki, qonağı vəhşi olsa da, maraqlı adamdır. Martinin ağlına da gəlməzdi ki, bəladan qurtardığı adam onun haqqında belə danışar.
Nahardan sonra Ruf royalda Martin üçün mahnılar çaldı. Qız ona gizlicə meydan oxuyur, aralarındakı uçurumu daha da dərinləşdirir, sanki başqa-başqa təbəqənin adamları olduqlarını bir daha gözə çarpdırırdı.
O, Rufa heyranlıqla baxırdı. Bəli, onlar başqa-başqa təbəqənin adamlarıydı, ancaq Martin aradakı uçurumu adlamağı çox arzulayırdı.
Oğlan sıxıla-sıxıla xudahafizləşmək istəyəndə qız Suinbernin və Brauninqin kitablarını ona verdi.
– Bu gün həyatımda ən gözəl gündür. Bilirsiniz, belə məclislərə elə də öyrəşməmişəm, – çaşqın halda ətrafına boylandı, – bu cür adamlara, evlərə alışmamışam. Bunlar mənim üçün tamamilə yenidir… ancaq xoşuma gəlir.
– Ümidvaram ki, yenə gələcəksiniz, – qız dedi.
O, kepkasını başına basdı, kandarda ilişib büdrədi və qapıdan çıxdı.
– Hə, necədir, xoşuna gəldimi? – Artur soruşdu.
– Çox məzəli adamdır, bizim üçün də sanki təmiz bir hava axınıdır, – Ruf dedi. – Onun neçə yaşı var?
– İyirmi-iyirmi bir olar.
Ruf qardaşları ilə xudahafizləşib otağına çəkiləndə düşündü: “Demək, mən ondan üç yaş böyüyəm”.
3
– Lənət şeytana! – Martin pilləkəndən düşə-düşə heyranlıqla dedi.
Soyuq yağış çisələsə də, ətrafa nəzər salmadan başıaçıq gedirdi. Axır ki, xəyalı ilə yaşadığı qadına rast gəlmişdi. Doğrudur, qadınlar haqqında çox düşünmürdü, bu onun təbiətinə yad idi. Lakin gec-tez yoluna belə bir qadının çıxacağına ümid eləyirdi.
O