"Sevgi sizi nə vaxt çağırsa, arxasınca gedin, Yolları əzablı, enişli-yoxuşlu olsa da. Sizi qanadları arasına alanda ona təslim olun, Sevgi sizinlə danışanda ona inanın. Sevgi sizi ona görə sınağa çəkir ki, ürəyinizin sirlərindən vaqif olasınız. Sevgi ancaq özünü verər sizə, özünü də geri alar sizdən… Sevgi nə kimisə sahiblənər, nə də kiminsə onun sahiblənməyini istər, Sevdiyiniz zaman deməyin ki, “Allah mənim ürəyimdədir”, deyin ki, “Mən Allahın ürəyindəyəm”. Elə bilməyin ki, sevgiyə yol göstərə bilərsiniz, o özü sizə yol göstərər, əgər sizi buna layiq bilərsə. Sevginin tək istəyi özünü gerçəkləşdirməkdir."
"Corc Oruellin “1984” romanı klassik antiutopiya sayılır. Sənətkarın şah əsəri sayılan “1984” ilk nəşrindən bu yana bütün dövrlərin ən oxunaqlı romanlarından sayılıb, ən məşhur siyahılarda ilk pillələrdə yer alıb. “1984” diktatura rejiminin bütün siyasi kələklərini insanı vahiməyə salan çılpaqlığı ilə göstərir. Onun az qala hər abzasında sənətkarın iti müşahidələrindən, dərin zəkasından xəbər verən aforizmlər, bənzətmələr var. Bu əsər bizə deyir ki, bəli, elementar bəşəri prinsiplərin pozulduğu cəmiyyətlərdə hər cür absurdizm mümkündür, orada iki üstəgəl iki beş edər, orada qatıq qara ola bilər. Sağlam məntiqə, insani dəyərlərə köklənməyən heç bir cəmiyyət, heç bir dövlət, heç bir millət “1984”də təsvir edilən şüur deformasiyasından, Böyük Qardaş avtoritarizmindən sığortalanmayıb."
"1912-ci ildə “The London Magazine” jurnalında dərc olunan “Taun” hekayəsi müasir ədəbiyyatın ilk postapokaliptik mətnlərindən hesab olunur. 2020-ci ildə dünyanı bürüyən koronavirus pandemiyası ilə bu hekayədəki hadisələr arasında tükürpərdici oxşarlıqlar var, sanki Cek London kahinlər kimi 108 il sonrakı hadisələri görüb. 2013-cü ildə bütün dünyanı çənginə alan taun epidemiyası, demək olar, bütün bəşəriyyəti məhv edir. Xoşbəxtlikdən, sağ qalanlar içində ədəbiyyat müəllimi professor Smit də var. Ancaq ibtidai dünyanın yeni sakinləri onun mədəniyyət, sivilizasiya haqqında dediklərinə qulaq vermək istəmirlər, onu boşboğaz, qoca sərsəm hesab edirlər. Cek London “al-qırmızı taun” adlı epidemiyanın həm mədəni, həm də fiziki cəhətdən dünyanın axırına necə çıxdığını vahiməli bir şəkildə təsvir edir: kritik anlarda insanlar təbii halından çıxıb barbarlaşır, kapitalistlər tez bir yol tapıb sivişib aradan çıxmaq istəyir, cəmiyyətdə anarxiya, xaos hökm sürür, şəraitin dəyişməsi ilə bir vaxtlar xidmətçi olan insanlar indi öz ağalarını kölə vəziyyətinə salırlar…"
"Dahi yazıçı Qoqolun “Şinel” hekayəsi rus ədəbiyyatının “kiçik insan” mövzusunda yazılmış ən sanballı əsərlərindən biridir. Dostoyevskiyə istinad edilən “hamımız Qoqolun şinelindən çıxmışıq” sözü bu qısa, amma bənzərsiz mətnin necə böyük ədəbi fakt olduğunu çox bariz şəkildə göstərir. Süjet xətti elə də mürəkkəb olmayan əsərin dünya ədəbiyyatında bu qədər əhəmiyyət daşımasında Qoqolun sənətkarlığının müstəsna rolu var. Hekayə ironiya, metafora, simvolizmlə zəngindir, süjeti acı bir realistik xətlə davam eləsə də, sonlara doğru fantastik istiqamət alır, hadisələr absurdizmin içində cərəyan edir. Qoqol sənətkaranə şəkildə Akaki Akakiyeviçin kədərli həyatını təhkiyəsində sentimentallığa yer vermədən, əksinə, ironiya və sarkazmla təqdim edir."
"Hekayənin baş qəhrəmanı Gerasim ürəyitəmiz, işləməkdən yorulmayan, cüssəli bədəninə baxmayaraq, kövrək qəlbli bir insandır. Ətrafındakı adamların yalanları, riyakarlığı onu həyatdan soyudub, heç kəslə yola gedə bilmir. Amma içindəki işıq həyatının tamamilə qaralmasına imkan vermir. Üzləşdiyi xoş bir hadisə nəticəsində sanki yenidən doğulur. Belə ki, günlərin bir günü suda boğulan bir iti – Mumunu xilas edir. Mumu onun ən sadiq dostuna və sirdaşına çevrilir, beləcə, Gerasimin eybəcərliklərdən, günahlardan qoruyub saxladığı dünyasında yenidən günəş doğur. Bu hekayədə təhkimçilik qanununun insanları kölələşdirməsi, onların hətta öz şəxsi qərarlarını belə verə bilməməsi, ağrısı heç cür səngiməyən yara misalındadır. Gerasim də bu boyunduruqdan əziyyət çəkir. Amma onun yarası daha dərindir, çünki qəlbi korlanmayıb, safdır, bir iti öz canı qədər sevə biləcək ürəyə sahibdir. Ancaq belə sevginin bədəli də ağır olur… Klassik rus ədəbiyyatının ən təsirli hekayələrindən biri, şübhəsiz, Turgenevin misilsiz “Mumu” əsəridir. Həcmcə o qədər böyük olmasa da, Turgenev Rusiyanın böyük bir tarixi dövrünü və onun çatışmazlıqlarını bədii müstəvidə təqdim edir."
"“Həyat eşqi” və “Tonqal qalamaq” hekayələri insanın çətin, ağır şəraitdə həyatda qalmasından bəhs edir. Cek London amansız təbiətin qoynunda tək-tənha qalan insanın aclıqla, dondurucu soyuqla mübarizəsini, onun tükürpərdici çarəsizliyini sərt, amma bir o qədər həyati üslubda təsvir edir. Bu kitabda soyuğu, şaxtanı iliyinə qədər hiss edirsən. Həmişə təbiəti ram edən, ondan öz məqsədləri üçün yararlanan bəşər övladına bu dəfə təbiət meydan oxuyur. İnsanı özünə tanıtdırır, əsl xislətini üzə çıxarır. İnsan oxuduqca arzuları, qorxuları ilə üz-üzə qalır, yenidən əbədi sualları özünə verir. Hekayələrdə təsvirlər o qədər real, o qədər inandırıcıdır ki, həmin adsız qəhrəmanlarla empatiya qurmamaq mümkün deyil. Bir çox hallarda həyatı komfortlu, rahat, təhlükəsiz olduğu halda sevən insan bəs, görəsən, həyatın qəddar üzü ilə qarşılaşsa, necə davranar, onu yenə də sevərmi? Cek London bizi bu ağır sualla qarşı-qarşıya qoyur. “Alov həyat demək idi, sönməməli idi”."
"Əziz Ata! Bir gecə tez-tez ulamağa başladım ki, su istəyirəm. Ancaq susadığıma görə yox, həm sizi əsəbiləşdirmək, həm də kiminləsə danışmaq üçün belə eləyirdim. Bir-iki dəfə bərk hədələsən də, xeyri olmadı və onda gəlib məni yorğan-döşəkdən zorla qaldırdın, eyvana çıxarıb qapını bağladın, bir müddət gecə köynəyində bayırda saxladın. İndi demək istəmirəm ki, onda düz eləmədin. Bəlkə də, həmin gecə məni başqa yolla sakitləşdirmək olmazdı. Əlbəttə, həmin hadisədən sonra mən sözəbaxan oldum, ancaq içimdə elə bil nəsə qırıldı. Mən bu mənasız su istəmək həvəsimin təbiiliyi ilə zorla bayıra atılmağın dəhşətini heç cür uyuşdura bilmirdim. Sonralar illər uzunu belə bir dəhşətli fikir mənə əzab verməyə başladı ki, o nəhəng kişi, yəni atam, yəni son instansiya heç bir səbəb olmadan, gecənin birində gəlib məni yorğan-döşəkdən qaldıraraq eyvana ata bilər və belə çıxırdı ki, mən onun üçün heç nəyəm! Kafka"
"Dostoyevskinin “Bəyaz gecələr”i sadədil bir insanın nakam məhəbbətindən bəhs edir. İnsan təkdir, gücsüzdür, lakin sevgi onu bircə anda elə dəyişə bilər ki, gəl görəsən… “Bəyaz gecələr” sevginin gücü, sonsuzluğu, umacaqsızlığı barədə yazılmış ən yaxşı melodramdır – su kimi axıcı, üzücü və romantikdir. Ruhunuzun ən gizlin yerlərində qoruyub saxladığınız süxurları titrədə biləcək və gözlərinizi yaşardacaq bir simfoniyadır. Öz şəhərinizin, kəndinizin, küçənizin sehrli gecələri yadınızdamı? Gecələri ülvi, saf duyğularınızın çulğalaşmasından sonra yaşadığınız peşmançılıq, uğursuzluğun acı təəssüratları, gündüzləri sizi üzdümü? Bundan sonra toparlanacağınıza, daha güclü, daha yaxşı olacağınıza söz verdinizmi? “Bəyaz gecələr”in qəhrəmanı bax beləcə həssas, qəribə və romantikdir, lakin nakam sevgi onu daha da gücləndirə, yeni həyata sövq edə bilir. Bu qəhrəman məcnunsayağı ölməyi yox, yaşamağı, yaratmağı, lakin heç vaxt unutmamağı seçir."
"“Saxta kupon” kiçik bir günahın kəpənək effekti ilə necə böyük fəlakətlərə, hətta ölümə gətirib çıxardığını göstərən didaktik bir hekayədir. Dahi yazıçı “aləmdə hər şey bir-birinə təsir göstərir” ideyasını bu qısa, amma olduqca məzmunlu, dolğun hekayəsində qurduğu mükəmməl kompozisiya vasitəsilə bədii cəhətdən nümayiş etdirir. Bizim bu gün gördüyümüz pis və ya yaxşı bir əməl özümüzdən savayı, həm də ətrafımızdakı insanların – hətta onları tanımasaq belə – həyatına birbaşa təsir edir, onların gələcəyini müəyyənləşdirir. Yazıçı bu rakursdan yanaşaraq ictimai məsuliyyət hissinin əhəmiyyətini bir daha xatırladır. Hekayədə həmçinin XIX əsrin sonlarında Rusiyada ruhanilərin mənəvi cəhətdən aşınmaları, dini təşkilatların riyakarlığı xüsusi olaraq vurğulanır. Ömrünün sonlarında daha çox “insan necə kamilləşə bilər?”, “pak və əqidəli bir insan necə olmalıdır?” kimi mövzular ətrafında düşünən böyük yazıçının bu hekayəsi həmin əzəli suallara verilən cavablardan biridir. "
"“Zəmanəmizin qəhrəmanı” romanının parlaq obrazı Peçorin dünya ədəbiyyatının ən orijinal, ən xarakterik simalarındandır. Peçorin ziddiyyətlərin qəhrəmanıdır. Onu məntiqlə anlamaq mümkünsüzdür. O, ehtirası ilə barizləşən deyil, şövqündə itən xarakterdir. Dövrün böyük təlatümləri, Qafqazda gedən misilsiz oyunların içində insan taleləri əriyib gedir. Günahkar zaman insanları cinsə, vəzifəyə, xarakterlərə deyil, günahkarlara və günahsızlara bölür. Lermontov göstərir ki, bu zamanın qəhrəmanı elə belə də olar. Zamanın qəhrəmanı eqoizmdir, mənəm-mənəmlikdir. Zamanın qəhrəmanı elə zamanın özüdür. Bu əsərdəki bütün qəhrəmanlar nədəsə səhv edirlər. Hər səhv bənzərsizdir, ona görə də hər səhv müstəsna qurban tələb edir. Bu romanda tale hər kəsə öz yanlışını fərqli missiya kimi təqdim edir. Ata taleyi ilə maraqlanmadığı qızını axtardığına görə, Bela isə icazəsiz çölə çıxdığı üçün öldürülür, Peçorin sonunu düşünmədiyi üçün cəzalanır, digər insanların zamanla dəyişdiyi həqiqətini unutduğuna görə tale tərəfindən cavabını alır. O unudur ki, hər kəs öz səhvləri ilə bənzərsizdir."