Kitabda böyük yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlalın “Bakı görüşləri” və “Parisdə görüş” adlı öz xatirə qeydləri, eyni zamanda, onun tələbəsi və sonradan dostu olmuş filologiya elmlər doktoru, professor Xalid Əlimirzəyevin “Mənəvi borc” kitabından alınmış xatirələr, professor Şəmistan Mikayılovun, əməkdar jurnalist Flora Xəlilzadənin, Züleyxa Məmmədqızının xatirələri toplanıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. “Mir Cəlal xatirələrdə” kitabı ədibin 110 illiyi münasibətilə çap olunub.
Kitabda görkəmli xeyriyyəçi, mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyev haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanmışdır. Sağlığında “millət atası”, “müsəlmanlığın fəxri” adlarını qazanmış Hacı Zeynalabdin Tağıyevin həyat salnaməsini, onun sahibkarlıq və ictimai fəaliyyətini əks etdirən həmin xatirə və oçerklər bu böyük şəxsiyyətlə maraqlananlar üçün faydalı olacaq.
Kitabda mühacir şair Almas İldırım haqqında xatirələr toplanıb. Xatirələrdə şairin Azərbaycanda, İranda, Türkmənistanda, Türkiyədə yaşadığı dönəmə aid nadir materiallar təqdim edilib, arxiv materialları əsasında yeni bilgilər verilib. Kitabda həmçinin Almas İldırımın məktubları, fotoşəkilləri yayımlanıb.
Kitabda Azərbaycan milli teatrının və mətbuatının banisi, görkəmli jurnalist, xeyriyyəçi, ictimai xadim Həsən bəy Zərdabinin yaradıcılığından bioqrafik səpkili nümunələr, onun doğmalarının – həyat yoldaşı Hənifə xanım Abayeva-Məlikovanın, qızı Qəribsoltan xanım Məlikovanın, kürəkəni Əlimərdan bəy Topçubaşovun xatirələri və tanınmış zərdabişünasların məqalələri toplanıb.
Kitaba topladığımız xatirələr ustad şair Səməd Vurğunun həyat və yaradıcılığının bir çox qaranlıq tərəflərinə aydınlıq gətirir, bir çox əsərlərinin tarixçələrini dəqiqləşdirməyə, hətta naməlum əsərləri haqqında bilgi almağa imkan verir. Xatirələri, əsasən, S.Vurğun haqqındakı “Qalacaqdır dünyada…” (1973) və “Mən ellər oğluyam” (1984) adlı xatirə kitablarından, müxtəlif mətbu orqanlardan və məcmuələrdən, eləcə də şairin ev-muzeyinin arxivindən, o sıradan muzeydə keçirilən tədbirlərin səs yazılarından götürülüb.
Kitabdakı xatirələrdə Üzeyir Hacıbəylinin 63 illik həyatının böyük bir parçası – Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının triumfu, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin təntənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, dahi bəstəkarın ömrünün son günləri geniş əksini tapıb. Bəzi xatirələr müxtəlif illərdə, bir sıra qəzetlərdə, jurnallarda dərc olunub, kitablara daxil edilib. Xatirələrdən bəziləri isə əlyazma halında Ü.Hacıbəylinin ev muzeyinə təqdim edilsə də, bu günə kimi çap olunmayıb.
Türk ədəbiyyatının ən görkəmli və maraqlı yaradıcılığa malik nümayəndələrindən olan Səbahəddin Əlinin taleyi də yaradıcılığı qədər, hətta ondan da artıq diqqət çəkir. Faciəvi ölümü hələ də müəmma pərdəsi altında qalan yazıçı haqqında ancaq 60-cı illərdən sonra danışılmağa başlanılıb və bir çox xatirələr yazılıb. “XAN” nəşriyyatının “Xatirə Ədəbiyyatı” seriyasından 23-cü kitab olan bu topluda həmin xatirələrin bir qismi ilə tanış ola biləcəksiniz.
“Mirzə Ələkbər Sabir haqqında xatirələr” kitabı “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsinə aiddir. Kitabın tərtib olunmasında Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında 1962-ci ildə A.Zamanovun naşirliyi və H.Araslının redaktorluğu ilə işıq üzü görən “Müasirləri Sabir haqqında” nəşrinə istinad edilib.
Bu kitabda klassik Azərbaycan yazıçılarının mövhumat və onun mahiyyətini ifşa edən gözəl nümunələri toplanıb. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Yusif Vəzir Çəmənzəminli və Abdulla Şaiq kimi qələm ustadlarının əsərlərindən ibarət “Pirin kəraməti” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bu dörd gürcü generalının- Dimitri Şalikaşvilinin, Georgi Kvinitadzenin, Şalva Mağlakelidzenin və George Maznişvilinin xatirələrini bir-birinə çox şey bağlayır. Bu memuarlarda Gürcüstanın müstəqillik dövrü, 1917-1921-ci illərin dramatik hadisələri, azad ölkənin işğalına səbəb olan daxili çəkişmələr, kənar qarşıdurmalar haqqında düzgün məlumat almağa kömək edir. Bu kitabda həm də digər tarixi mənbələrdə rast gəlinməyən, yaxud da çox zəif şəkildə təqdim olunmuş tarixi həqiqətlər çox əhatəli şəkildə öz əksini tapmışdır.