Bomba. Абдурагим-бек Ахвердов

Читать онлайн.
Название Bomba
Автор произведения Абдурагим-бек Ахвердов
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-311-90-7

Скачать книгу

dünyanı təng edib25, bunlar bizi öldürüb, dini-mübini26 yox edəcək. Məsləhət budur ki, burada bölünüb iki dəstə olaq, yarımız Həbəşə tərəf, yarımız Yəsribə tərəf getsin. Əgər dəstənin biri tələf olsa, bəlkə, o birisi salamat gedib, bir yana çıxıb dini-islamı nəşr edə. Və mən o gecənin şahidiyəm ki, meydani-Kərbəlada peyğəmbər övladı, sübhədək ənvari-qüdsiyyə27 içində, din yolunda şəhadətə hazırlanırdılar… İslamın yolunda mən neçə davalar, neçə cahadlar görmüşəm, odur ki, müsəlmanlar məni özlərinə bir əlaməti-məxsusə ittixaz28 etmişlər. Amma indi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara ləkə deyil, bəlkə, mənim ahımın tüstüsüdür ki, əqvami29-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..”

Bu halda xoruzlar banlayıb məni yuxudan oyatdılar. Baxdım, gördüm, sübhə az qalıb və Ay da məğrib30 tərəfə yaxınlaşıb, batmağa hazırlaşır. Yuxudan ayılmağıma artıq heyif edib dedim: “Nə olardı, bir həftə yuxu yatıb Ayla söhbət edib eşitdiyimi camaata bəyan edəydim”.

Ax, nə gözəl olardı, bu Ay danışsaydı!..

ATA VƏ OĞUL

I

Hacı Xəlil, müsinn31 şəxs, 85 il dünyada ömür edəndən sonra xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti32 Quran etməyə məşğul idi. Sağ tərəfdən hacının övrəti əyləşib, əlində dəsmal, həzin-həzin hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd33 ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı, qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan34 kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü hacının üzündə idi.

Hacı Xəlili böht35 aparmışdı və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil 8 yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım, bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa bu uşağı oxudaq, bəlkə, savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub “oğul, Allah özü sənə yar olsun” deyib məktəbə yola saldı.

Hacının mollası və yoldaşları bir-bir onun gözünün qabağından keçirdilər. Budur, Mirzə Nəsib iranlı qoca kişi yuxarı başdan əyləşib, qabağında bir dəstə çubuq, gözlərində eynək, uşaqlara məşq başı yazmağa məşğuldur və uşaqlar divarın dibində cərgə ilə düzülüb oturublar.

Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır və kimisi yoldaşlarının papaqlarından yun qopardıb manqala salır ki, bəlkə, gün çıxa. Amma Xəlil özü bir küncdə əyləşib, əlində çərəkəsi36, diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ələlxüsus yadına gəlir Quran çıxdığı gün ki, atası ona bir dəst təzə libas tikdirib dedi: “Bala, Allahdan arzu edirdim, sənin qazancından bir çörək yeyib ondan sonra öləydim”. Atasının bu sözləri Xəlilin ürəyində bir nisgil olub, ölənədək qalmışdı: çünki atası onun qazancını görməyib, onu bir balaca bacı ilə ana əlində yetim qoyub Allahın rəhmətinə getdi.

Biçarə Xəlil 15 yaşında yetim qalıb, bir xırda savadla məktəbi tərk edib anasına və bacısına çörək qazanmaq fikrinə düşdü.

Xəlilin atasından bir balaca, iki otaqdan ibarət ev və 22 manat kağız pul qalmışdı. Bir neçə gün binəva uşaq çalışıb vuruşdu, amma heç yerdə özünə qulluq tapa bilmədi, axır anası görüb ki, kişidən qalan pulun çox yarısı xərclənib və halət bu günə keçsə, pulun qalanı da qurtarsa, elə acından öləsidir. Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Yazıq övrət Mirzə Nəsibin övrətinin yanına gəlib bu sözləri dedi: “Xanım, bu uşaq axundun dəstpərvərdəsidir37. Neçə il buna dərs verib, savad sahibi eləyib, indi də axundun özünə məlumdur ki, bunun atası ölüb, heç bir şey də özündən sonra qoymayıb. Bir külfət gözünü dikib bir balaca yetimə. Bu bir cüt corabı qoy axundun qabağına, mənim dilimcə ona yalvar, degilən, Allah xatirinə indiyədək bu uşağa ata olub, indi buna rəhm edib bunu bir yerə nökərçiliyə də olsa, versin ki, bəlkə, ayda beş-altı manat məvacib alıb onunla özünü və yetim bacısını saxlasın”.

Anasının bu sözləri heç Hacı Xəlilin yadından çıxmazdı, tez-tez bu sözləri övrətinə və aşnalarına deyərdi və həmişə də Mirzə Nəsibə rəhmət oxuyardı və deyərdi ki: “Mənim bir parça çörəyimin səbəbi o mərhum olub”.

Mirzə Nəsib Xəlilin anasının danışığını o biri otaqdan eşidirdi, qoca mirzəyə övrətin sözləri o qədər təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu. Hövlnak yerindən qalxıb övrətin otağına keçdi. Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub, mollasına təzim edib ədəblə durdu. Mirzə Nəsib corabı qəbul etməyib, Xəlilin anasını xatircəm edib yola saldı və Xəlili özü ilə götürüb öz dostu Ağa Hüseyn xüşkbarfüruşun38 yanına apardı.

Ağa Hüseyn bir dövlətmənd39 şəxs idi. İranla böyük xüşkəbər40 alış-verişi edirdi. Amma bisavad olmağına görə həmişə bir yazı bilən adama möhtac idi. Mirzə Nəsib o qədri ki bacarırdı, Xəlili Ağa Hüseynə tərif edib təvəqqe etdi ki, onu öz yanında saxlasın. Ağa Hüseyn öz dostunun təvəqqeyini qəbul edib ayda 6 manat məvacibə Xəlili dükanda qulluq etməyə qəbul etdi. Hətta ona çörək və ildə də bir libas verməyi həm boynuna götürdü.

Xəlil şadlığından bilmədi ki, nə tövr gəldi, evə çıxdı. İndi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi və bu hiss onun üçün bir mayeyi-iftixar olmuşdu. 6 manat o vədə böyük pul idi: ətin 5 girvənkəsi 1 abbasıya41, yağın pudunu 3 manata verirdilər və Hacı Xəlilin yadındadır ki, 6 manatla onun anası və bacısı mürəffəülhal

25

Təng etmək – dar etmək

26

Mübin – burada: Quranın adlarından biri

27

Ənvari-qüdsiyyə – müqəddəs nurlar, müqəddəs işıqlar

28

İttixaz – götürmə, əxz etmə; qəbul etmək, dərk etmə

29

Əqvam – millət

30

Məğrib – qərb

31

Müsinn – qoca, qocalmış

32

Tilavət – Quranı avazla oxuma

33

Ahi-sərd – soyuq ah

34

Abi-nisan (abi-neysan) – aprel ayında yağan yağış, baharın ilk yağışı

35

Böht – heyrət, təəccüb

36

Çərəkə – keçmişdə mollaxanalarda ərəb əlifbasını öyrənmək üçün dərslik, əlifba kitabı

37

Dəstpərvərdə – burada: yetişdirmə

38

Xüşkbarfüruş – quru meyvə satan

39

Dövlətmənd – dövlətli, varlı

40

Xüşkəbər (xüşkbər) – quru meyvə

41

Abbası – dördşahılıq (iyirmiqəpiklik) metal pul