Название | Uşaqlığın son gecəsi |
---|---|
Автор произведения | Максуд Ибрагимбеков |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-532-68-5 |
Timka ilə Davud haqqında xeyli söhbət elədik. Bu vaxt elektrik qatarı gəldi və Timkanın qardaşı vaqondan endi.
Bizi görən kimi sevindi, bunu o dəqiqə hiss etdik, çünki vaqonu tərk edən kimi gülümsədi. Sonra: “Belə istidə nənə sizə stansiyaya gəlməyə icazə verib?” – soruşdu. Onun xasiyyəti belədir!
Davudun yanından keçəndə Timkanın qardaşı onunla ötəri salamlaşdı, bizə dedi ki, bəzi şeylər fikirləşib və bu dəfə gəlişinin xüsusi məqsədi var. Çünki bu yay kiminsə bizi narahat etməyinə razı deyil.
Birlikdə dənizə getdik, evə qayıtdıqdan sonra Timkanın qardaşı çamadandan hər iki tərəfi qaynaq olunmuş, ortası deşik çuqun boru çıxartdı. Dedi ki, bu onun təzə ideyasıdır.
Timkanın qardaşı atamın qoşalüləsi asılmış divarın yanındakı rəfdən barıt yeşiyini götürdü. Atam bu barıtla patronları doldururdu. Onun çoxlu karton gilizi və patronları doldurmaq üçün qurğusu var.
Əvvəl atam gilizi götürürdü, sonra ölçü ilə ora barıt tökürdü. Bu, tüstüsüz barıt idi: boz-qəhvəyi rəngə çalan xırda hissəciklər şəklində idi. Barıtı tökəndən sonra gilizə karton aralıq yerləşdirirdi, bu zaman gilizin kənarları qurğuda bükülürdü. Beləcə, patron hazır olurdu.
Atam gilizləri dolduranda ona kömək edirdik, ancaq o, bircə Timkanın qardaşına tüfəngə toxunmağa icazə vermişdi.
Timkanın qardaşı qalan bütün barıtı yeşikdən borunun içinə doldurdu. Sonra bir qədər fikirləşib dedi ki, bu, az olacaq, ona görə də bizə hazır patronlardakı barıtı boşaltmağı tapşırdı. Sonra həmin barıtı da boruya doldurdu. Artıq boru ağzına qədər barıtla dolmuşdu.
Timkanın qardaşı borunu çarpayının altında gizlədib dedi ki, gedib çala qazmaq lazımdır. Bunun nəyə lazım olduğunu soruşduq, amma o bizə danışmağa imkan vermədi, dedi, suallarla onun fikirləşməyinə mane oluruq, indi o mütləq düşünməlidir.
Qaranlıq düşənə qədər çalanı qazıb hazır elədik, sonra Timkanın qardaşı cibindən uzun naqil çıxarıb onu borudakı deşiyə birləşdirdi. Bu, fitil naqil idi. Timkanın qardaşı dedi ki, bu cür fitillər suyun altında da yanır. Timkanın atasında belə naqillərdən çoxdur, çünki o, geoloqdur və belə naqillərdən partlayış üçün istifadə edir.
O, borunu çalanın dibinə yerləşdirdi, sonra bizə borunun üstünü torpaqlamağı tapşırdı, bu vaxt Timka ilə mən məsələnin nə yerdə olduğunu başa düşdük. Ancaq bir şey qaranlıq qalmışdı, axı belə açıqlıqda borunu partlatmaq nəyə lazım idi?..
Çalanı torpaqla doldurduq, bircə naqil bayırda qaldı. Təxminən iyirmi metr uzunluğu olan bu naqili evə tərəf apardıq, sonra sakitcə evə girdik. Nənəmi şübhələndirmək istəmirdik.
Bu vaxt nənəm evdə pişiyə yem verirdi. Pişik şübhə ilə bizə baxıb kənara çəkildi, deyəsən, nəsə hiss etmişdi.
Sonra Timkanın qardaşı bir neçə saniyəlik bayıra çıxıb naqilin ucunu yandırdı. Biz naqil boyunca hərəkət edən qırmızı qığılcımı görürdük.
Yaman partlayış oldu! Hətta özümüz də qorxduq. Ancaq hamıdan çox pişik qorxdu. O, həyəcanla miyoldayaraq divara dırmaşmağa başladı. Elə əvvəllər də düz divara dırmaşıb dama qalxmağa cəhd edir, lakin çıxa bilmirdi. İndi isə sanki uçaraq dama dırmaşdı və vahimə ilə fısıldadı.
Evdən bayıra atıldıq. Nənəm də bizim dalımızca yüyürdü və çığıraraq dedi ki, evdən bayıra çıxmayaq, deyəsən, müharibə başlayıb.
Çalanın yanına cumduq. Partlayışdan hər tərəf alt-üst olmuşdu. Çalanın yanında dayanıb gözləyirdik, kəndə əməlli-başlı çaxnaşma düşmüşdü.
Kəndimizdə bu qədər it olduğu heç vaxt ağlıma gəlməzdi. Onlar hamısı bir ağızdan hürüşürdü. Görünür, gecə vaxtı özlərinə maraqlı əyləncə tapmışdılar.
Davud hamıdan əvvəl qaçıb özünü çatdırdı. Çalaya baxıb nə baş verdiyini soruşdu. Sonra adamlar toplaşdı. Deyəsən, bütün kənd camaatı, bağ qonşularımız gəlmişdilər. Timkanın qardaşı ciddi görkəm alıb dayanmışdı və suallara cavab vermirdi. Sonra kənddəki yeganə milis işçisi də gəlib özünü yetirdi. Kəndimizdə milis şöbəsi yoxdur, bu yeganə milis işçisi də kənddə yaşayır, onun işlədiyi şöbə o biri kənddədir. Əslinə qalsa, milis işçisi də bizim kənddə boş-bikar qalır.
Bir sözlə, bu yeganə milis özünü çatdırdı və Timkanın qardaşından nə baş verdiyini xəbər aldı.
Bu vaxt Timkanın qardaşı hamının eşidəcəyi qədər uca səslə dedi ki, bağda mina basdırıb və indi də bu minalardan birini yoxlayırdı. Sonra əlavə etdi ki, bu minaları basdırmaqda məqsədi bağdan üzüm oğurlayanları cəzalandırmaqdır.
Adamlar bunu eşidən kimi tələsik bağdan çıxıb aralıda dayandılar və kənardan qışqıraraq dedilər ki, bu, biabırçılıqdır və Timkanın qardaşı qanunla cəzalanmalıdır.
Davudun rəngi-ruhu ağarmışdı, bunu hətta Ay işığında belə hiss etmək olurdu. O, qəzəblə deyirdi:
“Heç üzüm oğurluğuna görə adam öldürmək olar?” Sonra Timkanın qardaşını göstərib dil boğaza qoymadan donquldanırdı: “Onu məcbur etmək lazımdır ki, bütün minaları çıxarsın”.
Sonra hamı dağılışdı, milis işçisi isə akt tərtib etdikdən sonra dedi ki, əgər minaları çıxartmasa, səhər Timkanın qardaşına xuliqanlığa görə 15 sutka həbs cəzası verəcək.
Səhər Timkanın qardaşının həbs olunacağını gözləyirdik, ancaq onu həbs etmədilər. Timka ilə fikirləşdik ki, yəqin, bu milis işçisinin 15 sutka Timkanın qardaşına keşik çəkməyə həvəsi yoxdur, çünki onu əvəz edəcək başqa adam yox idi.
Səhər milis işçisinin əvəzinə Davud əlində balıqla bizə gəldi. Sanki bir gecənin içində sınıxmışdı və bağımıza çox kədərlə baxırdı. Nə qədər eləsək də, həyətə girmədi, nənəm balığın pulunu verənə qədər küçədə gözlədi.
Yeri gəlmişkən, həmin il üzüm bar verəndən sonra kənddəki bütün bağlarda oğurluq olmuşdu, üzümlərin yarısını oğurlamışdılar. Bütün bağlardan oğurluq eləmişdilər – bizimkindən başqa!
Bu əhvalatı atama danışanda əvvəlcə güldü, sonra yavaşca boynumuzun ardından vurdu və nədənsə köks ötürüb dedi:
– Ay sizi, kapitalistlər!..
Amma barıta və korladığımız patronlara görə heç nə demədi. Sonra ağacın kölgəsində oturub təzə patronları doldurmağa başladıq.
Pişiyimiz ağzında yarasa ilə gələndə artıq işimizi bitirmək üzrə idik. O, hər gün haradansa bir yarasa tutub gətirir, evin qabağında yeyirdi.
Atam dedi ki, bəlkə də, bu bütün ölkədə yarasa yeyən yeganə pişikdir və çox maraqlıdır, görəsən, bu yarasaları haradan tapır? Sonra atam əlavə etdi ki, yarasaların xeyri var: mığmığaları məhv edir. Bu ziyankar pişik isə yarasalardan əl çəkmir, ancaq nədənsə siçanlara