Xəmsə. Низами Гянджеви

Читать онлайн.
Название Xəmsə
Автор произведения Низами Гянджеви
Жанр
Серия Uşaq ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

Hər baş dövlətin işlərini qavraya bilməz. Kərgədan eşqə düşsə, fil boynunu parçalaya bilər. Qarışqa ölü bir çəyirtkəni zorla çəkib aparar. Ümmanlar yüz nəhri içib nuş etsə, səs çıxarmaz. Arx isə bircə seldən coşaraq hay-haray salacaq. Heç kəs bu göy qübbə altında gizlənə bilməz. Hər kəs şöhrətə, ada öz mərdliyi ilə çatar. Mərd olan kəslər hər dərddən məgər şikayət edərlərmi? Tanrı sirrini hər kəs saxlamağa qadirdirmi? Ya da cingildəyən saz kimi hamı naz çəkə bilirmi? Naz çəkməkdən söz açma. Yalnız gözəllər nazlanarlar.

      Ey tacidar, naz çəkmək Nizaminin işidir.

      QARI İLƏ SULTAN SƏNCƏRİN HEKAYƏTİ

      Bir gün bağrı qan, gözü yaşlı, başı bəla çəkmiş bir qadın Sultan Səncərin ətəyindən yapışaraq dedi:

      – Ey Sultan, mən səndən yaxşılıq görməmişəm, fəqət sənin neçə zülmünə şahid olmuşam. Mənim yerimi kefli bir darğa gəlib alt-üst etdi, üzümə şillə çəkərək birçəklərimi yoldu. Günahım nə idi ki, məni evimdən çıxartdı, saçlarımdan yapışıb sürüyərək çölə atdı. Mən onun zülmlərindən nəfəs çəkə bilmirəm. Onun bu vəhşiliyi, sitəmi köksümə dağlar basıb. “Filan gecə filan adamı kənddə kim vurdu?” – deyə o, yaxamdan yapışdı. Qatilin adını deməyi məndən tələb edir. Ey bu yurdun sultanı, belə də zülm olarmı? Darğa qapını sındıraraq caninin harada olduğunu deməyi təkid edir. Sərxoş darğa özü qatil olduğu halda, nə üçün ağbirçək bir qadını döyüb incidir? Onlar o yanda təbil çalıb xərac yığırlar, bir yanda isə bir qadının üstünə şər atırlar. Bir fikirləş, gör bu darğa nə edir?! Sənin ədalətinə və mənim ismətimə əl uzadır. Mənim yaralı köksüm dağdan-düyündən yanır. Ömürdən-gündən bezərək dünyadan əl çəkmişəm.

      Bu zülmü, bu əzabı yerdə qoysan, səndən qiyamətdə hesab çəkəcəklər.

      Adillik eşqindəsənsə, bəs ədalətin hanı? Haçan sitəmin, qəbahətin sona yetəcək?

      Sultandan qaydadır ki, xalqa güc qüvvət gələr. Bəs niyə daim səndən bizə həqarət gəlir?

      Məgər yetim malını yemək ədalətdirmi?!

      Buna görə Abxazda qarətçilər hələ də lənətlənir. Ağ saçlarımdan utan, dulların əmlakını soyub-çapıb, talama, olub-qalanına dəymə.

      Qul olduğun halda, sən şahlıq sevdasındasan. Ey haqqı dardan asan, canidən şah olarmı?

      Şah gərək ölkədə hər işi sahmana salsın. O gərək xalqın səadətinə keşikçi olsun. Şah adil olsa, könüllər ona məhəbbət bəslər.

      Sən taxt başına gələndən nə hünər göstərmisən? Bu eli ancaq alt-üst edib taladın. Türk dövləti bir zaman dağ kimi ucalmışdı. Onun ədaləti, şəfqəti bütün məmləkəti sarmışdı. O şöhrəti sən yıxdın. O ad-sanın batıb getməyi səndən oldu. Demək, sən türk deyilsən, yağmaçı6 bir hindusanmış. Sənin əllərinlə şəhərlərin bünövrəsi, biçinçinin xırmanı, əkinçinin tarlası dağıldı. Əcəl gəlib yetişməmiş ağlını başına yığ, əlindən iş gəlirsə, bir ədalət qəsri tik. Ədalətin gecəni çıraq kimi işıqlatsın, həmişə bəxtiyar etsin. Ağbirçək qarının sənə söylədiklərini yadda saxla: yetimlərə, dullara qol-qanad ol, onları sevindir. Sən yoxsulların başından qapazı geri çək. Yoxsa məzlumların qarğışından oxlanacaqsan. Sən ki bu qədər hər guşəyə ox yağdırırsan, ancaq girəcəyin guşədən bixəbərsən. Şah cahan qalalarını açan bir açardır. Agah ol, sən qapılar bağlamağa gəlməmisən. Səni şah seçiblər ki, cəfanı azaldasan, bir könül yaralansa, sən ona dərman olasan. Zəiflərin adəti nazla sənə sığınmaqdır. Sənin borcun isə onların telinə sığal çəkməkdir. Qulağını geniş aç, bu möhtac, yalavac zavallıların komasına işıq saç.

      Xorasan ölkəsinin hökmdarı Səncərə bu sözlər kar etmədi, başı cəncələ düşdü. İnan ki, bu dövrdə ədalət ərşə çəkilmiş, o yalnız Simurqun qanadından asılmışdır. Bu torpaq üstə daha sevincdən əsər yoxdur. Bu göy qübbə altında həyadan bir xəbər yoxdur.

      Ey dərdli Nizami, qalx bu dünyanı qucaqla! Ürəklər qana döndü, sən də gəl qan ağla!

      KƏRPİCKƏSƏN QOCANIN HEKAYƏTİ

      Şam şəhəri yaxınlığında qoca bir kişi yaşayırdı. O, insanlardan uzaqlaşaraq mələk kimi tənha həyat sürürdü. Qoca özünə ot-əncərdən köynək toxuyurdu. Heç kəsdən minnət götürməyən qoca kərpic kəsməklə dolanırdı. Əmirlər, sərkərdə və qəhrəmanlar basıldıqda və məğlub edildikdə ölüm məqamının yaxınlaşdığını hiss edincə vəsiyyət edərdilər ki, məzarlarının üstü həmin qocanın kəsdiyi kərpiclərlə örtülsün. Bu halda onlar ümid bəsləyirdilər ki, bu sipər7 onları himayə edəcək, qəbir əzabından qoruyacaqdır.

      Bir gün qoca yenə tərini silə-silə palçıqla, samanla, su ilə əlləşirdi. Bu zaman kənardan qəfil bir gözəl dəliqanlı gənc çıxaraq dili ahla, amanla qocaya müraciət etdi:

      – Bu nə işdir ki, sən görürsən? Belə əzaba və zillətə yalnız qullar dözə bilər. Ayağa qalx, torpağa bu qədər qılınc vurma! Bir qarınlıq (doyumluq) çörəyi səndən kim əsirgəyər?!

      Sən bu qəlibi odda yandırıb külə döndər. Başqa bir qəlib seç, onunla özünə gün ağla. Sən axirət dünyasını qazanmaq üçün çalış. Özünü heydən salma, bu daş-kəsəkdən əl çək! Sən qocasan, ancaq qocalarla otur-dur. Bu iş cavanların işi ola bilər, qoy onlar bununla məşğul olsunlar.

      Qoca cavabında dedi:

      – Ay oğul, dəliqanlılıq etmə! Öz işinlə məşğul ol, mənə ağıl öyrətməyin əbəsdir. Hər sənətin sahibi öz sənətiylə yaşayar. Qocalar kərpic kəsər, kölələr isə yük daşıyar. Mənə əziyyətli olsa da, bu sənəti öyrəndim. Ona görə bu sənəti seçdim ki, boynumda bir kimsənin minnəti qalmasın. Kiməsə əl açıb bundan xəcalət çəkməyin.

      Mən xəzinə, var-dövlət yığmıram ki, məsxərəyə qoyulum. Ay oğlum, mən əlimin zəhmətilə dolanıram. Günahımı götürmə, mən çörək qazanıram. Birgünlük halalımı mən min harama dəyişmərəm.

      Qocanın bu sözlərindən həmin gənc alovlandı. O, qocanın yanından gedərkən gözlərindən gildir-gildir yaş axıtdı.

      Ey Nizami, yetər ki, dünya qapısını çox döydün. İndi məqamı çatıb ki, axirət qapısını döyəsən.

      OVÇU, İT VƏ TÜLKÜNÜN HEKAYƏSİ

      İti görmə bacarığı və uzağı görməkdə usta olan bir ovçu vardı. O, biyabanları, çölləri gəzərək öz ov yerini tapardı. Ovçunun bir bəd iti var idi. Bu it çeviklikdə, ayıqlıqda şirə bənzəyirdi. İt günəş şüalarını ceyran belində tutmağa qadir idi. Onun boynunun qüvvətindən kərgədan tük salardı. Çöl eşşəyi dişindən, dağ kəli zərbəsindən vahiməyə düşürdü. Bu it ovçunun yolçuluqda, çöldə-bayırda dostu və arxası idi. Gecə ayıq-sayıq keşik çəkən it gündüz əmrə müntəzir olardı. Bir gün aslan kimi ovçunun aslan iti yox oldu. Ovçunun bu nisgili, göz yaşları ciyərlərini diddi. Miyançısı qəza olan bu ovlağı gördü. Burada şir başından itin ayağı dönsə də, ciyərini dişində tutub tab gətirməkdən