Название | Susan qadın |
---|---|
Автор произведения | Elxan Elatlı |
Жанр | |
Серия | Çağdaş ədəbiyyat |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Bir gənc oğlan arxadan dilləndi:
– Mən çağırmışam. Buraya gələn kimi təcili yardıma da, polisə də zəng vurdum.
Yaralı qadın gözlərini azacıq açaraq inildədi. Nəsə deyirdi sanki, ancaq Səxavət onun dodaqları arasından çıxan qırıq kəlmələri anlamadı. “Elmir”, – deyirdi deyəsən. Yəqin oğlunun adı Elmir idi…
Adamların arasından məhəllənin ən yaşlı sakini Lyuba qarının etiraz dolu səsi eşidildi:
– Ona nəsə eləmək lazımdır, ay insanlar! Görürsünüz ki, acı çəkir. Oradan çıxarıb rahat yerdə uzadın, ambulans gələnə kimi ilkin tibbi yardım göstərin. Belə olmaz axı, ürəyiniz daşdandır sizin?
– Arvad düz deyir, gəlin onu kolların arasından çıxaraq, – Babakişinin oğlu Tərlan təklif etdi.
Bərbər Kazım ona etirazını bildirdi:
– Yox, ay bala, duruşunu pozmaq olmaz, qoy polis gəlsin, baxış keçirsin, yəqin, hələ fotosunu da çəkəcəklər. Həm də kimsənin əl izləri qalmasın meyitin üzərində.
– Sən nə boş-boş danışırsan, ay kişi, – Səxavətin tanımadığı bir ağsaqqal bərbərin üstünə bozardı, – meyit deyil bu, ağrı çəkən canlı insandır. Başının üstündə durub ölməsinə tamaşa edəcəksiniz?!
Ağsaqqalın fikrini çoxları təsdiq etsə də, hadisə yerinə yığışanlardan heç kim can çəkən qadına yaxınlaşmadı.
– Bunu kim atıb, görəsən? – Babakişi astadan mızıldandı. – İsrafil, ya oğlu?
– Darıxma, polis gəlsin, hər şey məlum olacaq.
– Bilirsiniz, nə maraqlıdır? – buradakılardan bir başqası uca səslə dilləndi. – Biz bu qədər adam buraya yığışmışıq, ancaq İsrafilin ailəsindən kimsə yoxdur.
– Niyə olsun? – gənc bir oğlan ona ironiya ilə cavab verdi. – Öldürmək üçün pəncərədən aşağı tullayıblar, durub dalınca gəlməyəcəklər ki!?
Bu vaxt binadan bir nəfər çıxıb tərəddüdlü addımlarla onlara yaxınlaşdı. Üz ifadəsində heyrət, ağır kədər və daha çox qorxu vardı. Əyninə təzə kostyum, onun üstündən qalın dəri gödəkcə geyinmişdi. Səxavət otuz yaşlarında olan bu hündürboylu, yaraşıqlı oğlanı həyətdə dəfələrlə görmüşdü, lakin kim olduğunu bilmirdi.
– Əri gəldi! – kimsə ucadan səsləndi və hər kəsin diqqəti birdən-birə gələn adama yönəldi.
– Eyvaz?! – Babakişi də hamı kimi bərəlmiş gözlərini ona zilləmişdi. – Bu nə işdir, ay bala?
Eyvaz adlandırılan gəncin üzünün rəngi solmuş, saçları dağılaraq bir-birinə qarışmışdı. Köynəyinin yuxarıdan birinci və üçüncü düymələri açıq idi. Onun bu acınacaqlı durumu şıq kostyumu və parıldayan qara rəngli təzə tufliləri ilə heç uyuşmurdu. Həyəcandan dodaqları titrəyirdi.
– Odur?.. Əsmərdir?.. – deyə konkret kiməsə müraciət etmədən dilləndi.
Adamlar heç nə demədən çəkilib ona yol verdilər və Eyvaz alçaq bəzək kollarının arasında sərilib qalmış həyat yoldaşına yaxınlaşdı.
– Niyə belə elədin, Əsmər?
Gənc qadın gözlərini bir anlıq açıb-yumaraq inildədi. Nəsə deyəsi halı yox idi.
– Niyə belə elədin? – zarıltılı səslə təkrar etdi.
– Hələ sağdır, təcili yardım çağırmışıq, – adamlardan biri ona xitabən səsləndi.
Eyvaz başını döndərib həmin kişiyə key nəzərlərlə baxsa da, dillənmədi…
İkinci fəsil
ƏSMƏR VƏ EYVAZ
Səkkiz il əvvəl gəncliyinin ilk illərini yaşayan Əsmər universitetin birinci kursunda oxuyurdu. Qönçə ilə birlikdə Biləcəri qəsəbəsindəki kirayə həyət evində qalırdılar. Tale deyilən şey Bakıya ölkənin ayrı-ayrı uzaq guşələrindən gəlmiş bu iki qızı həmin kiçik evdə birləşdirib yaxın etmişdi. Əsmər tələbəliyin ilk günlərində şəhərdəki hündür yaşayış binalarının birində, uzaq qohumları olan bir ailədə qonaq kimi qalırdı. Uşaqlı ailənin içində olmaq onu çox sıxırdı. Səs-küy, tünlük, ailə ilə onun gün rejimlərindəki fərqlər… Bu səbəblərdən Qönçə deyəndə ki, atasının dostu Biləcəridəki həyət evini ucuz qiymətə kirayəyə verir, bu qızı yaxından tanımamasına rəğmən onunla ev yoldaşı olmağa razılaşdı.
Və sonradan bu qərarına peşman olmadı. Xarakterləri xeyli dərəcədə fərqli olsa da, yoldaşlıqları baş tutmuşdu. Bu da Qönçənin həyat eşqi ilə dolu, şən, zarafatcıl, istiqanlı biri olmasından qaynaqlanırdı. Birinci kursda hələ bir az sakit idi zalım balası, ikiyə keçəndən sonra birdən-birə xeyli açılışdı. Universitetdə tənəffüs zamanı səsi auditoriyanı və dəhlizləri başına götürürdü. Hamını bir-bir söhbətə tutur, hamı ilə zarafatlaşırdı.
Qruplarındakı iyirmi beş tələbədən iyirmi üçü qız idi və Qönçə bu qızlar arasında öz fəallığı, liderlik qabiliyyəti ilə seçilirdi. Qrupda ən çox Lamiyə ilə tuturdu onunku. Qönçə bir qədər əsmər, Lamiyə ağmaya olsa da, bu iki qız qrupun ən gözəl qızları sayılırdılar. Azərbaycan tarixindən seminar aparan Tofiq müəllim onlara “bir cüt çiçək” adı qoymuşdu.
Universitetlərin bütün qruplarında olduğu kimi Əsmərgilin qrupunda da ikinci kursdan başlayaraq ümumi birlik pozuldu, düşüncə tərzinə görə bir-birilərinə uyğun gələnlər birləşib kiçik qruplaşmalar yaratdılar. Hər kiçik qrupun lideri də məlum idi, bilinirdi ki, qızlar burada kimin başına toplaşıblar. Əsmər, Lamiyə, Qönçə, Fərihə və Əfsanədən ibarət qrupun lideri Qönçə idi. Əslində, heç bir qrupa qoşulmaq istəməyib təkliyə meyil edən Əsmərin düşüncə tərzi bu qızlarla uyğun gəlmirdi və yalnız Qönçə ilə ev yoldaşı olduğu üçün onların arasında idi.
Həmin dörd qızın heç biri dərs oxuyan deyildi. Qrupdakı digər qızlar kimi dərsə universiteti bitirib diplom almaq xatirinə gəlirdilər. Əsmər isə diqqət və zamanını bilik qazanmağa vermişdi. Qrupda iki əlaçıdan biri idi. Bir o idi, bir də qrup nümayəndəsi Nəzrin. Əslində, dekan müavini ilə “dostluq” edən Nəzrin saxta əlaçı idi, qiymətləri güzəştlə yazılırdı. Bu nəzərə alınarsa, sinifdə fikrini-diqqətini yalnız dərsə verən yeganə tələbə Əsmər idi.
Onların beş nəfərlik dəstəsinə digər yoldaşları “Gözəllər dəstəsi” adı qoymuşdu. Qönçə ilə Lamiyə məlum məsələdir ki, təkcə qrupda yox, bütün fakültədə ən gözəl qızlar idilər. Əfsanə də normal idi, kosmetikadan gen-bol istifadə edib özünə bəzək-düzək verməklə gözəllər cərgəsinə girmişdi. Suyuşirin bir qız olan Fərihə isə boyu dəstədəki digər qızlarla müqayisədə bir qədər qısa olsa da, cəzbedici fiqurası vardı. Məlum məsələdir ki, özü gözəl olan bir qız kifir biri ilə rəfiqə olmaq istəyər, ancaq azacıq ağlı olan kifir qız heç vaxt gözəl rəfiqəsinin olmasını istəməz. Çünki gözəl rəfiqənin yanında onun kifirliyi daha çox nəzərə çarpacaq. Qönçə və Lamiyə kimi qızların dəstəsinə