Susan qadın. Elxan Elatlı

Читать онлайн.
Название Susan qadın
Автор произведения Elxan Elatlı
Жанр
Серия Çağdaş ədəbiyyat
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

edən titrək səslə pıçıldadı.

      – Hə… Gözlərimlə gördüm…

      – Allah, sən özün kömək ol! – Bənövşə bu dəfə əlini dizinə çırpdı. Bəs bilmədin ki, kimdir o bədbəxt balası?

      – Yox, hardan bilim?

      – Hansı mərtəbədən atdılar, ata? – balkonun qapısına doğru gedən Ziya təlaşla soruşdu.

      Səxavət başını təəssüflə yellədi:

      – Yuxarı mərtəbələrdən idi. Ya altıncı, ya da yeddinci…

      – Allah qorusun!..

      Bunu deyən Bənövşənin səsində dəhşət var idi.

      – Mən oraya gedirəm, – köhnə paltosunu tələm-tələsik əyninə keçirən Səxavət dedi, – görüm kimdir bu zavallı.

      – Getmə, – arvadı etiraz etdi, – sənin nə işin var orada?

      – Nə olar gedəndə?

      – Sonra sənin də başın ağrıyar.

      – Ağrımaz, sən işində ol. Siz də həyətə çıxmayın, uşaqlar!..

      Cəmi bir neçə dəqiqə əvvəl gözləri ilə gördüyü qorxunc mənzərədən hələ də özünə gələ bilməyən Səxavət mənzili tərk edərək pilləkənlə həyətə endi. Burada park edilmiş çox sayda avtomobillərin arasından keçərək qarşıdakı binaya doğru addımlayanda üçüncü blokun qarşısında on beşə yaxın məhəllə sakininin yığışdığını gördü.

      Onların arasında Babakişi ilə oğlunu, bir də bərbər Kazımı tanıya bildi. Babakişi həmin bu binanın ikinci mərtəbəsində 32 nömrəli mənzildə olurdu. Taksi sürücüsü idi. Hər gün öz köhnə “Mercedes”i ilə həyətdə dayanıb müştəri gözləyirdi. Oğlu Tərlan da taksi sürürdü, amma burada dayanmırdı, hər gün səhər tezdən şəhərə çıxıb bir də axşam qayıdırdı. Saçının çox hissəsi tökülmüş bərbər Kazım da bu məhəllədə olurdu. Həyəti əhatəyə almış dörd binadan birində – sağdakı binada. Elə həmin binanın birinci mərtəbəsində özünə balaca bir bərbərxana açmışdı. Pinti, həm də bacarıqsızın biri idi. Lakin bunlara baxmayaraq şirin dilinə, bir də işini ucuz qiymətə gördüyünə görə məhəllə kişilərinin çoxu, o cümlədən Səxavət də saçını ona düzəltdirirdi.

      Babakişi də, deyəsən, hadisə yerinə indicə gəlmişdi. Buraya daha tez yetişənlərdən nə baş verdiyini soruşurdu. Ona dəqiq cavab verən yox idi. Yalnız kişilərdən biri dedi ki, çığırtı və elektrik məftillərində baş verən partlayışın səsini eşidərək pəncərədən baxıb və yerə düşən adamı görərək buraya qaçıb. Onun fikrincə, bu, intihar idi. Hadisə yerindəki digər sakinlər o kişiyə etiraz etmədilər. Onları qınamaq da olmazdı, çünki son illər ölkədə intiharların sayı hədsiz çox artmışdı.

      Səxavət adamların arasından sivişib qabağa adladı və bu zaman alaqaranlıqda gördüyü acınacaqlı mənzərə az əvvəl keçirdiyi sarsıntını bir az da artırdı. Divardan iki metr aralı, alçaq bəzək kollarının arasına sağ böyrü üstə düşmüş gənc qadın bir ayağını qabağa uzadaraq digər ayağını qarnına doğru yığmışdı. Əynində çəhrayı fon üzərində bəyaz gülləri olan yataq geyimi vardı. Köynək sinəsinə doğru sıyrıldığı üçün vücudunun çox hissəsi və bəyaz rəngli bikinisi açıqda qalmışdı…

      Qarın və böyür hissəsində nazik qara zolaqlar diqqəti cəlb edirdi. Səxavət dərhal düşündü ki, bu zolaqlar yanıq izləridir və qadın açıq elektrik məftillərinin üzərinə düşərkən yaranıb. Sol əli açıq idi. Lakin sağ əlini nədənsə bərk-bərk yummuşdu. Sanki ovcunda nəyisə saxlayırdı. Buraya toplaşanlardan heç biri bədbəxt qadına yaxınlaşmağa cəsarət etmir və heç kəs də ağzını açıb bir kəlmə söz demirdi. Deyəsən, hamı şokda idi.

      Yalnız Babakişi bir qədər irəliləyib meyitə doğru aşağı əyildi və tez də dikəlib yanındakılara bunu dedi:

      – Tanıdım bu qadını, İsrafilin gəlinidir.

      – İsrafilin gəlini? – Kazım nədənsə heyrətləndi.

      İsrafili Səxavət də tanıyırdı. Yəni, əslində, onu məhəllədə tanımayan olmazdı. Məşhur bənna olmuşdu. Son illər isə həm qocalmışdı, həm də onurğa ağrısından əziyyət çəkdiyi üçün işləmirdi. Üz ifadəsi hər zaman çoxlu acı bibər yemiş adamı xatırladırdı. Hamı ilə sərt danışırdı. Səxavətin onunla salam-kəlamı yox idi, ancaq işə getməyib evdə qaldığı günlərdə balkonda siqaret çəkərkən dəfələrlə balaca oğlan nəvəsini həyətdə gəzdirən görmüş, hətta bir dəfə öz-özünə, “Sağ əlin başıma, ay İsrafil kişi, o gün olsun, sənin kimi beləcə nəvəmi gəzdirim” – demişdi…

      – Hə, – Babakişi bərbərə başını tərpətdi, – Eyvazın həyat yoldaşıdır. Bir abırlı gəlin idi bədbəxt… Bu blokun yeddinci mərtəbəsində 41 nömrəli mənzildə olurlar. – Bunu deyib meyitdən kənara çəkilərək ucadan səsləndi: – Siz baxmayın, ay kişilər, günahdır, hamınız bu tərəfə gəlin, qoy qadınlardan biri bunun üstünü-başını düzəltsin!..

      İki qadın dərhal irəli çıxdı və onlardan biri yerə sərilmiş gəlinin köynəyinin ətəyini aşağı çəkərək bədəninin bikini ərazisini naməhrəm gözlərdən gizlətdi.

      Bərbər Kazım adamlardan aralanıb başını yuxarı qaldırdı. Səxavət də ona doğru bir neçə addım ataraq binaya baxdı. Bu binanın həyətə baxan tərəfində balkon yox idi, balkonlar o biri tərəfdə yerləşirdilər. Burada isə yalnız pəncərələr vardı. Altı və yeddinci mərtəbələrdən işıq gəlmirdi.

      – Bu necə olur axı, – Kazım yenidən sakinlərə yaxınlaşaraq təəccüblə dilləndi, – İsrafillə arvadı evdə, Eyvaz evdə, gecənin bu vaxtında gəlin özünü pəncərədən atıb intihar edir. İndi baxdım, pəncərələrindən işıq gəlmir. Belə çıxır ki, heç birinin bu intihardan xəbəri yoxdur?

      – Həqiqətən, qəribədir, – kimsə onun sözlərinə şərik çıxdı.

      Səxavət düşündü ki, bir az əvvəl balkondan gördüklərini, onsuz da, gizlədə bilməyəcək və danışmaq qərarına gəldi:

      – Bu, intihar deyil, ay camaat, bədbəxt qadını pəncərədən aşağı zorla atdılar!

      Hadisə yerinə toplaşmış iyirmidən çox kişi və qadın ona heyrətlə baxırdılar. Birinci bərbər Kazım dilləndi:

      – Nə danışırsan, ay kişi, elə şey olmaz!

      – Təəssüf ki, oldu.

      – Deyəsən, sən nəsə görmüsən? – sualı Babakişi verdi.

      – Hə… – başını təsdiq mənasında tərpətdi. – Siqaret çəkmək üçün balkona çıxmışdım, onda gözümlə gördüm, bu gəlini bir kişi pəncərədən aşağı tulladı.

      – Kişi? – taksi sürücüsü, az qala, çığırdı.

      – Hə, məncə, kişi idi. Qadını pəncərədən aşağı atdı, sonra da pərdəni çəkib otağın işığını söndürdü.

      – Sən özün kömək ol, ay Allah, qulağımız nələr