Mart xoruzu. Отар Чиладзе

Читать онлайн.
Название Mart xoruzu
Автор произведения Отар Чиладзе
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8066-2-7



Скачать книгу

çox şeymi sökəcəyəm; bunlar bir yana, ən azı uşaqlarımı böyütməliyəm!” Tanrı fikrə getdi, alnı qırışlandı. Həqiqətən də, bu nədir axı, – onu palçıqdan yarat, o da sənə qarşı gəlsin: “Razı deyiləm, daha çox istəyirəm, daha yaxşısına layiqəm.” Amma tanrı hirslənmədi, əksinə, insana yazığı gəldi. Amma tanrı yaratdığı insanın bu ilk etirazını görəndə, onun başına gələcəkdə nələr gələcəyini də hiss etdi. Qısası, tanrı eşşəkdən, itdən və meymundan aldığı illəri də insanın ömrünə yazdı. Elə o vaxtdan da insanın pis günləri başladı. İnsan özünə yazılmış otuz ili insan kimi yaşayandan sonra, iyirmi il başını da qaldırmadan, yarıac-yarıtox eşşək kimi işləyir. Bu iyirmi ildə qazandıqlarını o öz insan səbrinə və eşşək zəhmətkeşliyinə borcludur. Növbəti iyirmi ildə qazandıqlarını it kimi qorumağa başlayır, gözlərini də qırpmadan, yatmadan, dincəlmədən elə qoruyur ki, quru sümüyünü də oğurlaya bilməzsən. Gecələr işığı söndürmür, çomağını əlindən buraxmır, ayıq yatır, bir gecəyə iyirmi dəfə isti yatağından durub evi, həyəti, anbarı, çaxır çəlləklərini – keçən iyirmi ildə qazandığı və ona əziz olan hər şeyi dönə-dönə yoxlayır, bu da insan xəsisliyindən və ehtiyatlığından əlavə, ona verilmiş it ömrünün təbiətindən qaynaqlanır. Və əgər ona verilmiş iyirmi illik meymun ömrünü yaşamaq qisməti olsa, axırda əsil meymuna dönür. Baxmayaraq ki, o özü bu dönəmi “təzədən uşaq olmaq” adlandırır. Mənim qaynatam doğrudan da, əsil uşağa dönmüşdü. Daim dalınca qaçmaq lazımdır. Yeməyi üstünə dağıdır. Şalvarını bağlamır. Yuxuda durub gəzir. Və belə də davam edir. Burdan da görünür ki, əbədi həyat yaxşı şey deyil. Haçansa boğaza yığılırsan və s. Bundan başqa, həyatın ölümdən daha yaxşı olduğunu kim bilir (əgər bilirsə, onda hardan öyrənib)? Üçüncü seçim yoxdur, ya diri olmalısan, ya da ölü. Ya da, indusların iddia etdiyi kimi, bir neçə dəfə doğulmalısan – ağac kimi, quş kimi, heyvan kimi, insan kimi… hər dəfə başqa formada. Məsəlçün, Niko əmindir ki, haçansa quş olub, vəhşi quş. Amma hansı quş olduğunu bilmir. Qartal? Quzğun? Qırğı? Amma o yuvanı xatırlayır, qayanın üstündəki, günəşin qızdırdığı yuvanı, bu günkü kimi xatırlayır. Mafusail necə deyir? Yaşımı saymağa çalışma, çaşıb qalarsan. O Adəmin nəvəsi idi. Dediyinə görə, Adəm öləndə onun üç yaşı vardı. Nuhun yanında dülgərlik edib. Deyir, Sodomun yanmağını öz gözləriylə görüb – orda onun da sevgililəri var imiş. Qürrələnməli nəsə var – o da qürrələnir. Çox yaşamaq da qəhrəmanlıqdır; deməli çox şeyi qaldıra bilirsən, böyük hövsələ sahibisən. Tanrı səni qorusun! Ona görə də xalq onun haqqında şeirlər qoşub. Xalq çox yaşayanları sevir, çünki xalqa nümunə lazımdır, uzunömürlülük nümunəsi. Yasa gələndə, mütləq mərhumun yaşıyla maraqlanırlar. Yeri cənnət olsun, ananızın neçə yaşı vardı? Amma anaların yaşı olmur! Ümumiyyətlə insanın yaşı yoxdur. Bütün insanları, o cümlədən hələ doğulmayanları da, Adəm kisənin içində cənnətdən gətirib, belə deyək, oğurlayıb. Elə o vaxtdan da hər insanın yaşı hesablanır. Bunu müəllim Vano demişdi və Niko bu haqda fikirləşməyə başlamışdı. Əsas bildiklərin deyil, əsas bilmədiklərindir. Vacib səndə olmayanlar deyil, səndə olanlardır, hər gün işlətdiyin, qarnını doydurmaq üçün istifadə etdiyin və ya özünə ziyan verdiyin şeylərdir, məsəlçün elə bu baltanı götürək, bu küt baltanı. Amma insanın çox yaşamaq həvəsini anlamaq çətindir, Niko olsun və ya bir başqası, görəsən həyatda nə görüblər ki, çox yaşamaq istəyirlər?

      Elə Nikonun özünü götürək, ondan olsaydı, heç doğulmaq istəməzdi, bir halda ki istədiyin kimi yaşaya bilməyəcəksən, onda doğulmağın nə mənası; amma indi bu haqda fikirləşmək yersizdir – çünki o artıq doğulub və on beş ilə yaxın yaşayıb, onun doğulub-doğulmamaq məsələsi on altı il qabaq həll olunub, özü də onun özünün iştirakı olmadan və indi istədi-istəmədi, bacardığı kimi yaşamalıdır. Geriyə yol yoxdur, yol ancaq qabağa aparır. Amma yolu hələ tapmaq lazımdır. Düzgün yolu seçmək lazımdır, daha doğrusu, o hələ çox əziyyət çəkməlidir ki, gözləri açılsın və yolu görə bilsin.

      2

      Nikonun xalasına inansaq (ola bilməz ki, bir adam həmişə yalan danışsın!), onun bütün bədbəxtliklərinin səbəbi qısqanclıqdır: belə çıxır ki, Niko öz anasını qısqanır və ona görə də oxumaq həvəsini itirib, o qədər vəhşiləşib ki, onu məktəbdən də qovublar, Valo Badalaşvilidən başqa heç kim, nə yaxınlar, nə də uzaqlar ona hörmət etmir, quldurlara qoşulub, bütün pis işləri özünə çəkir və buna görə də – əlbəttə, ancaq buna görə – indi əlləri sinəsinin üstündə uzanıb qalıb, bütün bədəni cırmaq-cırmaqdır, elə bil pişik sürüsüylə vuruşub və deyəsən hələ çox uzanıb qalacaq (əgər həmişəlik belə qalmasa).

      Ümumiyyətlə xalası tərbiyəvi söhbətləri xoşlayır, amma ona çox inanmırlar, ona görə yox ki, inandırıcı danışa bilmir, yox, ona görə ki, uşaqlıqda ancaq yalan danışıb – bunu özü də etiraf edir – indi nə desə heç kim inanmır, çünki düz dediyini, yoxsa yalan danışdığını anlaya bilmirlər. Bu hal onun özünün vecinə də deyil, hərdən nənə onun əlindən hirslənib üstünə qışqırır ki: “Bəsdir, bu qədər yalan danışmaq olmaz axı!” – belə vaxtlarda xala nə utanır, nə qızarır, heç kefini də pozmadan sakitcə deyir ki, belə lazımdır, indi daha ancaq axmaqlar yalan danışmır və yenə də öz bildiyi kimi edir. Və xalasının dediyinə görə, Nikonun anası atasını oğlundan daha çox sevdiyinə görə hirslənir – o oğlunu ərinə satıb, oğlunu hardasa çox uzaqda yerləşən Siqnaxiyə göndərib, özü isə ərinin yanında qalıb… Lap tutaq ki, bu düzdür, burda pis nə var ki? Bunu mühakimə etmək olar? Sevgi olan yerdə qısqanclıq da var. Sevirsənsə qısqanırsan. Sevmirsənsə qısqanmırsan, qısqanclığın nə olduğunu da bilmirsən. Səninçün hər şey birdir. Heç ananı da ərini daha çox sevdiyi üçün günahlandırmaq olmaz, çünki əvvəlcə ər olub, oğul sonradan gəlib. Ana da birincini seçib… daha vacib olanı. Qadınlar, əsil qadınlar həmişə belə hərəkət edirlər: onlara ancaq biri lazımdır, ya o, ya da bu. İkisiylə bir yerdə alınmır, istəyirsən onlara qancıq de, istəyirsən başlarına vur, alınmır. “Bax, Kamar – qancıq. Əri daha şirindir onunçün!” Hə, oğlundan daha şirin və daha əzizdir. Əlbəttə, əgər Amiraninin oğlu olsaydı. Müəllim Vano deyir ki, biz hamımız Amiraninin övladlarıyıq, amma Amiraninin öz oğlu da ola bilərdi, öz qanından, öz canından. Nə üçün də yox? Hansı qadın Amirani kimi qəhrəman üçün oğul doğmaqdan imtina edərdi? O cümlədən də Kamar. Qancıq? Sevdiyi üçün? Ona görə ki, sevgisinə görə hər şeyi qurban verib? Valideyninə qulaq asmayıb. Bu, əlbəttə, yaxşı iş deyil, amma valideyn də qadının seçiminə qarışmamalıdır, çünki qadın – varlığın yarısıdır, daha doğrusu o biri yarısını tapmayana qədər heç kimdir, öz Amiranisini tapmayana qədər. Qadın üçün ata keçmişdir, ər isə gələcək. Qadın heç fikirləşmədən və təəssüflənmədən, tanrı tərəfindən müəyyən olunmuş qaydada, ikinci yarısının yeganə dostu olmaq üçün keçmişdən gələcəyə keçir. Əgər o öz oğlu haqqında fikirləşmirsə, burda təəccüblənməli nə var ki? Görünür, oğlu da buna layiq deyilmiş, çünki atasının başını uca edəcək biri deyil: Amiraninin oğlu olmaq çətin məsələdir, ümumiyyətlə, yaxşı atanın oğlu olmaq çox çətindir. Belə ataların oğulları doğulan kimi çətinə düşürlər, çünki atalarının