belə deyir: ”Əgər o, ekiz doğmasa, mən lap yerə girim!”) Yox, leytenant bu gün heç bir halda evə gedə bilməzdi. Yəqin, naharı da, şamı da unudub. Yəqin, yalnız bu gün deyil – hələ uzun müddət tikəsini həzzlə uda bilməyəcək. Yəqin, belini bükərək, öz fikirlərinə dalmaqla, meyidin yanında oturub…”Yoldaş rəis, bəlkə sizə kerosin lampası gətirim, bu buzxanada donarsınız”, – növbətçi milis, məsələn, elə həmin Georgi Uparaşvili onun davranışından bir qədər təəccüblənərək, belə söyləyəcək. Georgi özü də, çətin, evə, arvadı və oğluna doğru can atsın – ona da belələri qismət olub. Burda, milisdə onun üçün evdəkindən daha yaxşıdır, daha rahatdır. Orda onu yeyib-tökürlər, burda isə, heç olmasa, kiməsə gərəkdir. Amma leytenant imtina edəcək, onu geri göndərərək, lazım gələrsə, çağıracağını deyəcək və Georgi Uparaşvili ənsəsini qaşıyaraq, dik pilləkənlə yuxarı qalxacaq.Lakin məgər, həqiqətən, təəccüblü deyilmi? Məgər hər kəs onu nəyin tutub saxladığını soruşmazmı, niyə o, yəni leytenant meyidin yanında – tək, qaranlıq zirzəmidə dayanıb? Necə yəni… Necə-niyə? Axı qəlbi və ruhu olan insandır. Bu gün də olmasa, sabah ata olacaq. Oğlu ondan – necə yaşadın, nə əkib, nə biçdin? – soruşanda nə cavab verəcək? Nə danışacaq? Guya, bir dəfə, hələ sənin doğumuna qədər kimsə mənə tərk edilmiş kilsədə quldurun gizləndiyi xəbərini gətirdi və mən təcrübəsizlikdən özümü itirdim, xəyalıma hər cür – həm yaxşı, həm də pis – şeylər gətirdim, doğrusu, onun, həqiqətən, quldur olduğunu indiyə qədər dəqiq bilməsəm də, ağıldankəm Qogiyanın bu adamı öldürməsinə imkan verdimmi deyəcək? Əlbəttə, belə etirafdan sonra oğlunun gözündə qəhrəman olmayacaq, daha da pisi ola bilər: oğlunun ona rəhmi gəlməz, ona acımaz, lağa qoyar: buna görəmi, belə deyər, neçə illərdir, özünü üzürsən? Onun quldur olub-olmadığını hardan bilə, necə yoxlaya bilərdin, axı alnına yazılmamışdı, bu köhnə kilsənin içindən sənə qışqırmayacaqdı ha – mən qulduram, məni hansısa ləyaqətli adamla dəyişik salma! Gələcək oğlunun leytenanta belə cavab verməsini allah göstərməsin, lakin əgər bu gün belə səhv etməyə qadirsənsə, sabah oğluna qəlbsiz böyüdüyünü deməyə iddian olmamalıdır. Amma axı əsl quldurun hələ milis gələnə kimi köhnə kilsədən qaçması tamamilə mümkündür. Bəlkə, burda onu təhlükə hədələdiyini hiss edib və dərhal, heyvan kimi qurtularaq, fikirləşmədən, tərəddüd etmədən, yarımdağılmış divarlara, belə çətinliklə alışdırılmış alova acımadan, bu yerləri tərk edib, qaçaraq gedib. Naskidanın iyi burnuna dəyib – yerindən qopub, bəladan qaçmaqla qurtulub. Əgər məhz belə etməsəydi, necə quldur olardı? Əvəzində elə həmin vaxt, yəni əsl quldurun qaçışı və milisin gəlişi aralığında daha kimsə meydana çıxıb – ümumiyyətlə, kimsə, istənilən şəxs Naskida kimi, Naskidadan sonra yaxınlıqdan keçib, məhz kim – heç bir əhəmiyyəti yoxdur, yollarla azmı adam keçir. Hətta yaxınlarının ölmüş hesab etdikləri içərisndən ölümdən dirilənləri də qayıdır. Məgər bu yolla bircə Naskidamı addımlayır? Bəyəm yol bircə ona məxsusdur? Beləliklə, hansısa qıc olmuş, soyuğa hər hansı hissiyyatını itirmiş şəxs yandan keçmiş, köhnə dağıntılar üzərindən tüstü qalxdığını görmüş və sevinmiş, fikirləşmişdir: bir qədər qızınar, nəfəsimi dərərəm, qarşıda yoxuş var. Heç bir pis şeydən şübhələnməyib, fikrə getməyib – odu, sanki məxsusi ondan ötrü, kim qalayıb, – sadəcə, bir qədər qızınacağına sevinib – bax, müvəffəqiyyət belə olar! Sevinib və – həlak olub. Quldurun qoyub getdiyi odun yanında qızınmaq ona xoş görünüb və Naskida köhnə kilsədə quldurların tam bir dəstəsinin gizləndiyini artıq milisə xəbər verməyə macal tapdığı üçün (qorxunun gözləri iridir), bu gözlənilməz zövq ona baha başa gəlib. Axı Niko özü, bir an da olsun, şübhələnməmiş və özündən soruşmağı fikirləşməmişdi – təsadüfən, bu adam quldur deyil? Lakin, belə, ya elə, artıq taleyin çarxını geri çevirə bilməzsən. Bu şəxs quldurmu, yoxsa nağıl qəhrəmanımı, amma artıq ölüdür. Milisin zirzəmisində, buzlu daş döşəmədə brezentlə örtülərək, əlləri sinəsinə qoyulmuş vəziyyətdə (Nikoda olduğu kimi) uzanıb, ayaqları ucunda isə məcburi qatili, daha doğrusu, qətlinin qeyri-iradi iştirakçısı əyləşib. Həyətdə külək bütün dünyanı özilə aparmağa, süpürməyə hazırdır.Cəmisi beş-altı ev o yanda Lamara (leytenantın hamilə arvadı) isti yataqda yatıb; tükləri, küləyin susmayan uğultusu üzündən, hətta yuxuda da, biz-biz durur. O, qollarını dizləri arasında sıxaraq, yatıb. Amma yuxuda da küləyin bu tükənməz uğultusu arasından ərinin ona doğru istiqamətlənmiş addım səslərini eşitmək üçün dinləyir. Yəqin, hələ ərinin harda olduğunu, nə etdiyini bilmir. Ancaq, yox, necə bilmir, indiyə kimi ona yüz dəfə deyə bilərdilər. Baba pis xəbərlərin qanadlarla uçduğunu deyir. Məgər kimsə ərinin bu gün köhnə kilsənin yanında adam öldürməsini ona bildirməməyə dözə bilərdi – doğrudur, özü atəş açmayıb, amma atəş açan bunu onun razılığı, göstərişi ilə edib. Məlumat vermək, bildirmək, xəbərləmək – bunları adamlara öyrətməyə ehtiyac yoxdur. Burda sual yalnız kimin kimi qabaqlamasındadır. Əgər belədirsə, leytenantın hamilə arvadı indi isti yataqda yatmır, gecə köynəyinin üstündən xalatını atıb, pəncərənin ağzında dayanıb və küçənin zülmətinə baxır. Diqqətlə baxır, ancaq heç nəyi seçə bilmir. Uzaq başı, bəzən pəncərə arxasında külək ulayır və çərçivələrdəki şüşələr həyəcanla cingildəyir. Amma Lamara bunsuz da həyəcanlıdır, narahatdır – əri indiyədək hardadır, ona nə isə olmayıb? Həm də artıq gərginlikdən qorxur, axı hamilədir, körpəni və özünü qorumalıdır. Baba hamilə qadının bir ayağı ilə qəbirdə olduğunu deyir. O isə heç qorunmur – soyuq pəncərəyə yapışıb, yarımçılpaqdır, düz isti yataqdan qalxıb. Soyuq olanda hamilə qadınlar iki cüt corab geyirlər, gövdələri ətrafına isti şal bürüyürlər. Bəziləri sənə boşqab da izatmaz – bəs bilirsinizmi, ağırlıq qaldırmaq ziyandır.Leytenantın hamilə arvadı üçün isə soyuq və gərginlik boş şeydir. Küləksə ulayır, uğuldayır, fit verir – hətta divarlardan keçir, gözləyən qadının qarışmış fikirlərini daha da dağıtmaqdan ötrü onun qəlbinə soxulur.”Onu xidməti buraxmağa məcbur edəcəyəm”, – həyəcanlanmış, özünü itirmiş və təlaşlanmış Lamara belə fikirləşir. Bütün bu tarixçə zarafatdırmı! Yəqin nəyin baş verdiyini ona bildirsələr də, hər halda, hələlik dəqiq heç nə bilmir: kimi öldürüblər, kim öldürüb, kimə qarşı hansı tələb var, niyə və nə üçün.Üstəlik də, otaq soyuqdur (Nikonun otağındakı kimi). Soba sönüb (burda, Nikoda olduğutək). Heç kəsdə soba bütün gecəni qalanmır. Buna kimin pulqabısı dözər? Masanın üstündəki lampa güclə işıqlanır (Nikonun yanındakı masada lampa sönənə qədər güclə işıqlandığı kimi). Əlbəttə, onlarda billur çilçıraqlar hardan ola bilər! Otaqdan his iyi gəlir (burda, Nikoda olduğutək). Yəqin bu, gələcək, doğulmağa hazırlaşan həyat üçün elə də əlverişli şərait deyil; yəqin, lap başlanğıcdan hansı hava ilə tənəffüs etmək az əhəmiyyətə malik deyil. ”Yaxşı olan kimi, yəni körpəni doğantək işləməyə gedəcəyəm – Lamara belə düşünür. Bəli, bəs necə! Yeni doğulmuş körpənin, eynilə həbsxanadan buraxılmış insan kimi, dayə və qulluqçusu olmalıdır; elə burda da xidmət və qayğı lazımdır. – Əri isə qoy evdə otursun, uşaqdan həzz alsın; ya da qoy, hansısa, daha sakit işlə məşğul olsun. Axı yazıqdır, – əgər artıq ölməyibsə, məhv olacaq, öləcək” – daha kədərli fikirləri qovmaqdan ötrü,