Mart xoruzu. Отар Чиладзе

Читать онлайн.
Название Mart xoruzu
Автор произведения Отар Чиладзе
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8066-2-7



Скачать книгу

nlıqdan qaranlığa, belə ki, heç təəccüblənməli bir şey də yoxdur. Elm qazanmayıb, vaxt tapmayıb elmlə məşğul olmağa; heç elm ağacının harda bitdiyindən də xəbəri olmayıb ki, bəhərindən bir səbət yığıb ehtiyat saxlasın. Bacarmayıb – heç lazım da deyilmiş. İşdir birdən bacarsaydı, çox güman ki, indi oturub elmini istifadə edə bilməməyin peşmançılığını çəkirdi. Buna baxmayaraq, həyatın necə asanlıqla söndüyünü və onun yerini çox rahatlıqla ölümün aldığını öz gözləriylə görüb. Kim ki buna şahid olmayıb, onda o Nikonun düşüncələrini anlamaz. “Maraqlıdır!” – deyib ölümün acığına gülümsəyir. Doğrudan da maraqlıdır: bir dəqiqə əvvəl ocağın yanında oturub qızınırsan, çubuqla ocağı qurdalayırsan, fikirləşirsən, ürəyindən cürbəcür hisslər keçir, həyəcanlanırsan, xatırlayırsan, ümid edirsən – və növbəti dəqiqədə, – gup! – qum torbası kimi düşüb qalırsan. Doğrudan da çox gülməlidir. Yeri gəlmişkən, gülməkdən də ölmək olar, amma bu başqa mövzudur. Heç kimin ağlına da gəlmədi soruşsun ki, sən kimsən, burda nə edirsən, – peyda olmağına bəndmiş kimi güllələdilər, necə ki dovşanı, çaqqalı və ya canavarı güllələyirlər; əgər o vaxt köhnə kilsədən sən yox, başqa birisi çıxsaydı, onun da başına eyni hadisə gələcəkdi; amma onda xarabalıqdan məhz sən çıxdığına görə indi ölüsən. Artıq heç nə hiss etmirsən, heç nə eşitmirsən… Bununla bərabər, deyəsən artıq xoruzlar banlayır. Ola bilsin, artıq bu nəhayətsiz gecə qurtaracaq. İt də hürür, şübhəsiz hürür. Çoxdan hürür. Bir an da olsun dayanmayıb. İt – hamınındır və heç kimin deyil. Yiyəsizdir. O onsuz da hər gecə dayanmadan hürür, elə bil demək istəyir ki, görürsünüz sizi necə qoruyuram? Amma sən heç nə eşitmirsən. Heç bilmirsən ki, bu sənsən, yoxsa başqa birisi. Çünki sən artıq yoxsan və olub-olmamağının, öz yerinə və ya başqasının yerinə yaşayıb-yaşamamağının qətiyyən fərqi yoxdur. Daha heç nə görmürsən və görmək də istəmirsən; heç nə eşitmirsən və eşitmək də istəmirsən. Bir küncə atılıb qalmısan. Elə bil heç vaxt olmamısan. İnsan qaranlıqdan gəlir və qaranlığa gedir. Bu qədim həqiqətdir, amma insanın başına gələnlərdən xəbəri yoxdur. Qaranlıqdan qaranlığa aparan yol elə qısadır ki, insan heç nə anlamır, anlamağa vaxt tapmır. Anlamağı heç lazım da deyil. Əgər anlasaydı başına hava gələrdi, bu qısa yolu axıracan getmək istəməzdi, tərs eşşək kimi yolun ortasında dayanardı, nə qabağa gedərdi, nə də dala qayıdardı, düzdür, qabaqda da gəldiyin yer kimi bir yer var, amma səni qabağa təbiət, instinkt və hissiyyat aparır, amma dala qayıtmaq üçün ağıl lazımdır, ən əsası, dala öz istəyinlə qayıtmalısan, fikirləşib qərara gəlməlisən və qərara gəlmisənsə, yerinə yetirməlisən. Amma kimin ki, olanlardan xəbəri yoxdur, sakitcə və qayğısız yaşayır özü üçün. Bu çoxlarının ürəyincədir, soruşsan cavab verəcəklər ki: qoy elə belə yaşayım, heç nə də bilməyim. Yaşayırsan və yaşadığını bilmirsən, çünki keçmişi və gələcəyi şüurlu şəkildə təkzib edirsən. Göyüzündən sallanırsan, külək səni yellədir və hamısı yaddaşına yazılır. Yer üzündəki heç bir qaba, yaddaşa yerləşən qədər şey yerləşməz. Elə şeirləri götürək, yaddaşa nə qədər şeir yazılır (əgər şeir oxuyursansa):

      Ətraf necə qaranlıqdır, aman tanrı!

      Hər şey qısa, bir anlıqdır, aman tanrı!..

      Belə məlum olur ki, sənin yolun da bu cür qatı dumana bürünüb. Gedirsən, gedirsən, amma yolun sonu yoxdur, eynən bu sərhədsiz, nəhayətsiz, məğlubedilməz gecənin sonu olmadığı kimi. Xəstəliyin birinci gecəsi elə axırıncı gecəsi kimidir; əgər davam gətirsən, sonrası vecinə də olmayacaq. Xoruzlar banlayır, amma göyüzü qatı zülmət içindədir, işartı görünmür. Çünki xoruzlar Nikonun yaddaşında banlayır, onun yaddaşı xoruzların banını şeir kimi əbədi xatırlayır. Bunlar adi xoruzlar deyil, İlya peyğəmbərin xoruzlarıdır, ona məhkum olunublar və onlar dan söküləndə yox, ölümü hiss edəndə banlayırlar. Gözlərini qıyıb caynaqlarını bədənlərinə qısaraq, qanadlarını çırpa-çırpa İlya peyğəmbərin dağından uçurlar, bərkiyib daşa dönmüş, cadarlanmış, üstünə toz qatı və lələk çökmüş (bu onların öz lələkləridir) torpağa qonurlar, amma yenə də arzuolunan yağışı yağdıra bilmirlər. İlya peyğəmbər, İlya peyğəmbər, necə olub ki, səni hirsləndirmişəm? Lazar qapı dalındadır, gözlərini qırpır. Lazar öləndən dörd gün sonra tanrı onu təzədən diriltdi. Ona görə də ölənləri dörd gündən tez basdırmırlar. Bəlkə dörd gündən sonra doğrudan da diriləcək? Hə, bu sənsən? Salam. Necəsən? De görək başına nə gəlib? Danışmalı bir şey yoxdur, əlimdə ağ çiçək tutub yol gedirdim, azad idim, qorxunun nə olduğunu bilmirdim. Həqiqətən də, ölümün nə ilə qurtardığını kim bilir? Həyatın nə olduğunu kim bilir? Heç nə. Dəqiqə. An. Külək əsib söndürdü. Amma necəsə bacarıb keçmişə qayıtsan və keçmişdən də keçsən, əgər bunu edə bilsən, demək əbədiyyətə qovuşacaqsan və heç vaxt ölməyəcəksən. Heç vaxt ölməyəcəksən. Bəyəm insan bunu arzulamır? O həmişə bu haqda düşünür, şeirlər, nağıllar, əfsanələr yazır. Dirilik suyu tapır, onu hansısa mərhumun üstünə çiləyir, yerdə qalanını isə özü içir, xoşbəxt olur, çox yaşayır, o qədər yaşayır ki, axırda meymuna dönür, İlya Çavçavadzenin qatili kimi onun da bədənini qurd basır. Ölümsüzlük mövcud deyil, ömür isə, qısa və ya uzun olmağından asılı olmayaraq, ölümə hazırlıqdan başqa bir şey deyil. Ömür insana başlanğıcdan, ən əvvəldən verilir ki, o ölümə hazırlaşsın. Ömür – hazırlıq dönəmidir. Əgər verilən vaxt sənə bəs eləməsə, ölümə layiqincə hazırlaşa bilməsən və lazım olan kimi ölməsən, meymuna dönəcəksən, əbəs yalvarışlar içində qalacaqsan: “Bacarmıram. Hələ hazır deyiləm. İstəmirəm. Qorxuram…” Utanılası vəziyyətdir! Tüpürəsən belə ömürə! Vaxtın çatıbsa getməlisən. Qala bilməzsən, heç kim də sənə qalmağa icazə verə bilməz. İstəyir çarın əmisi oğlu ol. Taleyin belədir, gəlmisənsə getməlisən. Buna görə də, ölümə nə qədər tez hazırlaşsan, bir o qədər yaxşıdır. Ondan sonra qalan ömrünü rahat yaşaya bilərsən, hətta nəsə eləyə də bilərsən, çünki artıq haçan öləcəyinin, ölüm mələyinin qapını haçan döyəcəyinin fərqi yoxdur. Ölüm mələyi elə biləcək ki, səni qorxudub, amma sən şadyanalıqla deyəcəksən: “Harda qalmısan?” O da təəccüblənəcək: “Demək belə!” “Bəs necə! – deyəcəksən, – hamı səndən qorxmalı deyil ki.” Mələyin sümükləri xırçıldayacaq, hirsindən titrəyəcək, qışqıracaq: “Ölümə lağ eləməyi sənə göstərərəm!” Sümüklü əlini burnunun qabağında oynadacaq (Ölüm mələyini skelet kimi təsəvvür edir, siniflərində təkəlli skelet var; uşaqlar hər gün onun əlini sıxır, özü də gündə iki dəfə – bir dərsə gələndə, bir də dərs qurtaranda. Bu qaydanı da müəllimləri qoyub – müəllim Vano, o birinci dəfə sinfə girəndə hər şeydən əvvəl, köhnə tanış kimi skeletin əlini sıxıb onunla salamlaşmışdı, bundan sonra uşaqlara tərəf dönüb demişdi ki: “Salam, mən sizin müəlliminizəm.”). Amma sümüklü mələk əbəs yerə qorxutmağa çalışır, bundan artıq nə edə bilər ki? Ölümdən daha pis nə ola bilər? Amma təəccüblüdür, – bu necə olur axı, heç nə hiss etməyəcəksən, görməyəcəksən, eşitməyəcəksən, heç nə deyə bilməyəcəksən, heç nəyə kədərlənməyəcəksən, heç nədən qorxmayacaqsan. Sən olmayacaqsan. Bunu bilirsən, amma təsəvvür edə bilmirsən. Ölənləri çox görmüsən, amma yenə də ağlına batmır. Və bunu öyrənmək də olmur. Fizikanı öyrənmək olur, kimyanı da, riyaziyyatı da, xarici dili də, amma bunu – yox. Qorxulu mənzərədir, tabutu torpaq qucaqlayır, zamanla torpağa qarışırsan. İşdir birdən dirilsən, kim səni eşidəcək, kim biləcək ki, dirilmisən, qazıb çıxartmaq lazımdır. İstəyirsən lap tərsinə dayan torpağın altında, gücün gəldiyi qədər qışqır. Amma onsuz da qışqıra bilməyəcəksən, çünki o saat ağzına torpaq dolacaq. Heç nəfəsini də uzun müddət saxlaya bilməyəcəksən. Nə edirsən et, ordan qurtuluş yoxdur. Birinin tabutuna saat qoymuşdular, amma saat işləmirdi. Mərhumun arvadı hamının gözü qabağında saatı tabutun yanına çırpıb sındırmış, sonra da meyitin qoluna bağlamışdı. Əgər mərhuma o biri dünyada saatın lazım olacağına inanmırsansa, onda nə üçün onu tabuta qoyursan? Yox əgər fikirləşirsən ki, saat ona lazım olacaq, onda nə üçün sındırırsan? Orda kim düzəldəcək? Bəs nə üçün sındırırsan, özündə saxlasan daha yaxşı olmaz? Hər dəfə saata baxanda mərhumu xatırlayardın, həm də tək mərhumu yox, onunla bağlı müxtəlif şeyləri, bütün xırdalıqları… Qəbiristanlığa çatan kimi yağış yağmağa başladı, elə bil vedrədən tökülürdü… Çevrilib dedi ki, bağışla, bilmədim xətrinə dəyər… Saatda bütün ömrümüz hesablanıb, tik-tak,