Название | İfşa edilmiş fırıldaqçı |
---|---|
Автор произведения | Франц Кафка |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9953-8066-1-1 |
Üstüörtülü şəkildə olsa da, ortalıqda dolaşan bu iradlara asanlıqla cavab verə bilərdim; çünki onun öz yazdıqları əsla həqiqətə uyğun deyildi. Lakin müəllimin başqa şübhələrini ortadan qaldırmaq çox çətin idi, bu səbəbdən onunla mümkün qədər təmkinli davranmağa çalışırdım. Görünür, müəllim “köstəbək işini ilk üzə çıxaran adam” şöhrətini onun əlindən almaq istədiyimə əmin idi. Amma heç bir şöhrətdən, ad-sandan söhbət gedə bilməzdi, ortalıqda olsa-olsa gülünc bir vəziyyət vardı ki, bu da getdikcə kiçilən dar bir dairəyə məlum idi və əlbəttə, bu məni cəlb etməzdi. Bundan əlavə, yazımın giriş hissəsində tamamilə aydın şəkildə qeyd etmişdim ki, nəhəng köstəbəyin kəşfi şöhrəti əbədiyyətə qədər müəllimə məxsus olmalıdır, – hərçənd o köstəbəyi kəşf etməmişdi, – və mən onun taleyinə sadəcə acıdığım üçün əlimə qələm almağa məcbur olmuşam. “Yazımın məqsədi, – məqaləmin sonunda yersiz bir pafosla yazmışdım; amma bu pafos mənim o vaxt-kı həyəcanıma uyğun idi, – müəllimin əsərinin layiq olduğu qiyməti almasına kömək etməkdir. Əgər bu məqsədə nail ola bilsəm, qoy mənim bu problemlə sadəcə zahirən və ötəri şəkildə bağlı olan adım həmişəlik silinib unudulsun”. Bu işdə rolumun cüzi olduğunu qeyd etməklə, müəllimin məndən narazı qalacağını sanki əvvəlcədən hiss etmişdim. O isə yazımın məhz son hissəsinə əsaslanaraq məni tənqid atəşinə tutmuşdu; onun sözlərinin, daha doğrusu eyhamlarının zahirən bir az haqlı tərəfinin də olduğunu inkar etmirəm; ümumiyyətlə, dəfələrlə hiss etmişdim ki, müəllim öz məqaləsinə nisbətən mənə daha çox diqqət yetirir. Xülasə, müəllim yazımın son hissəsində ikiüzlülük etdiyimi söyləmişdi. Əgər onun elmi işinin yayılmasına həqiqətən kömək etməyə çalışırdımsa, bəs nə üçün sadəcə onun özündən və yazısından bəhs etməklə kifayətlənmir, nə üçün bu yazının bütün müsbət tərəflərini və təkzibolunmaz müddəalarını göstərmir, nə üçün bu kəşfin əhəmiyyətini vurğulamaq və izah etmək əvəzinə, onun məqaləsini kənara tullayıb, özüm bu işi araşdırmağa girişirəm? Bəlkə, bu kəşf yarımçıq edilib? Daha nələrisə tapmaq lazımdır? Madam ki, bu kəşfi özüm yenidən araşdırmalı olduğuma həqiqətən inanıramsa, nə üçün yazımın girişində bu kəşflə maraqlanmadığımı təntənəli şəkildə elan edirəm? Bu saxta təvazökarlıq kimi görünə bilərdi, amma təəssüf ki, daha da pisdir. Mən bu kəşfi gözdən salmağa çalışmışdım və onun dəyərsizləşdirmək, adiləşdirmək üçün hamının diqqətini onun üzərinə çəkmək istəmişdim; yazını yazmaqda məqsədim məhz bu olub. O isə məsələni araşdırıb kəşf etdikdən sonra öyünmək istəmədiyi üçün onu kənara qoyub. Bu məsələ ətrafında hay-küy bir az səngiyərkən, mən yenə onu eşələmiş və ortalığı qarışdıraraq, müəllimi daha çətin vəziyyətə salmışdım. Vicdanlı insan olduğunu müdafiə etməyimin nə əhəmiyyəti vardı onun üçün? Onu iş, yalnız iş maraqlandırır! Mənsə işə xəyanət etmişdim, çünki onun mahiyyətini anlamamışdım, çünki onu düzgün qiymətləndirməmişdim, çünki mən elə qabiliyyət və ağlın yiyəsi deyildim ki, onu araşdıra bilim. O qarşımda oturub, qocalmış, qırış-qırış üzünü mənə tutaraq səssizcə baxırdı, amma ürəyindən keçənlər məhz bunlar idi, başqa cür düşünə bilməzdi. Yeri gəlmişkən, onu yalnız işin maraqlandırdığı doğru deyildi; əslində şöhrətpərəst adamdı, hətta lovğa idi, üstəlik pul da qazanmaq istəyirdi və bu da, ailəsinin böyüklüyünü nəzərə alsaq, heç də təəccüblü deyildi. Amma mənim bu məsələyə qarşı marağım onun öz marağı ilə müqayisədə gözünə o qədər kiçik görünürdü ki, özünü təmənnasız biri kimi göstərə biləcəyini düşünür və bunu ikiüzlülük saymırdı. Etiraf etməliyəm ki, qocanın mənə qarşı sürdüyü ittihamların əslində onun öz arzusundan, yəni, necə deyərlər, öz köstəbəyindən ikiəlli yapışaraq, ona hətta barmağıyla toxunmaq istəyənləri də xain adlandırmasından qaynaqlandığını dəfələrlə öz-özümə desəm də, bununla təsəlli tapa bilmirdim. Əslində vəziyyət belə deyildi, müəllimin davranışları tamahkarlıqla, ən azından təkcə tamahkarlıqla izah oluna bilməzdi, bunun səbəbi daha çox, – uzun sürən səylərinin tam uğursuzluqla nəticələnməsindən doğan məyusluq idi. Amma bu məyusluq da hər şeyi izah etmirdi. Bəlkə, onun kəşfinə olan marağım doğrudan da böyük deyildi: başqalarının laqeydliyinə müəllim alışmışdı artıq və bundan əzab çəksə də, ayrı-ayrı hallar deyil, ümumi vəziyyət onu məyus edirdi. Və budur birdən-birə onun işi ilə fövqəladə dərəcədə maraqlanan biri peyda olmuş, amma o da məsələnin mahiyyətini anlamamışdı. Mənsə küncə sıxılmış olsam da, özümə haqq qazandırmaq istəmirdim. Zooloq deyildim, köstəbəyi mən kəşf etsəydim, bu işə dərindən girişərdim, amma mən kəşf etməmişdim. Belə nəhəng bir köstəbək, şübhəsiz ki, qeyri-adi hadisədir; amma bütün dünyanın bu işlə məşğul olmasını tələb etmək olmaz axı; üstəlik, bu köstəbəyin mövcudluğu təkzibolunmaz faktlarla sübut olunmamışdı və onu tapıb göstərmək də mümkün deyildi. Bunu da bilirdim ki, əgər köstəbəyi özüm kəşf etsəydim, bu qədər zəhmət çəkməzdim, amma müəllim üçün bunu könüllü edirdim.
Əgər yazım uğur qazansaydı, müəllimlə aramdakı anlaşılmazlıqlar bəlkə də silinib gedəcəkdi. Amma uğurdan əsər-əlamət də yox idi. Ola bilər ki, yazım çox da yaxşı alınmamışdı, kifayət qədər inandırıcı deyildi; mən ticarətlə məşğulam, şübhəsiz, belə bir yazını qələmə almaq üçün zəruri olan biliklərə görə müəlllimdən çox-çox üstün olsam da, ona baxanda istedadım kifayət qədər deyildi. Amma uğursuzluq başqa səbəblərdən də asılı ola bilərdi: bəlkə də, yazım əlverişsiz bir vaxtda çap olunmuşdu. Bir tərəfdən, böyük marağa səbəb olmayan kəşfin üstündən elə də çox vaxt keçməmişdi ki, yaddaşlardan silinsin, buna görə də yazımın yenilik kimi qəbul ediləcəyinə və daha çox diqqət çəkəcəyinə ümid etmək olmazdı. Digər tərəfdən də, ilk vaxtlardakı cüzi marağın tamamilə yox olması üçün kifayət qədər zaman keçmişdi. Mənim yazıma diqqət yetirənlər isə illər öncə aparılan müzakirələrdə olduğu kimi məyusluq içində bu mənasız məsələ ilə bağlı yenə boş yerə səylərin göstəriləcəyini düşünür, hətta bəziləri mənim məqaləmi müəllimin broşürü ilə qarışdırırdı. Kənd təsərrüfatından bəhs edən məşhur jurnalların birində bu sözlər, – xoşbəxtlikdən, jurnalın lap axırında və xırda şriftlərlə, – yazılmışdı: “Bizə yenə nəhəng köstəbəklə bağlı yazı yollayıblar. Yadımızdadır, illər öncə bu yazıya doyunca gülmüşdük. O gündən bəri nə bu yazıda ağıllı fikirlər meydana gəlib, nə də biz axmaqlamışıq. Amma indi ikinci dəfə onu lağa qoyub gülə bilmərik. Bunun əvəzinə müəllimlər ittifaqına belə bir sual yönəldirik: doğrudanmı, bir kənd müəllimi nəhəng köstəbəyin dalınca qaç-maqdansa, gedib özünə daha faydalı bir iş tapa bilmir?”. Bu, bağışlanılmaz səhv idi. Jurnalı çıxaranlar nə müəllimin, nə də də mənim yazımı oxumuşdular. Buna görə də, gözucu baxıb gördükləri “nəhəng köstəbək”, “kənd müəllimi” kimi sözlərdən istifadə etməklə ictimai