Название | İfşa edilmiş fırıldaqçı |
---|---|
Автор произведения | Франц Кафка |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9953-8066-1-1 |
Qatar yerindən tərpənib, uzun siyirmə bir qapı kimi gözdən itdi. Relslərin o biri tərəfində, qovaq ağaclarının arxasında cansıxıcı bir qaranlıq vardı. Ora meşə idimi, yoxsa göl, ya da insanların çoxdan yatdığı böyük bir ev? Bəlkə bir kilsə, ya da təpələrin arasında böyük bir dərə? Kim oraya yaxınlaşmağa cəsarət edə bilərdi, digər tərəfdən də kim oraya yaxınlaşmaqdan özünü saxlaya bilərdi?..
Pilləkənin yanında dayanıb, öz otağına çıxmaq istəyən dəmiryol işçisini görən Raban qaça-qaça gəlib onu saxladı:
– Bağışlayın, kənd buradan çox uzaqdırmı, kəndə getməliyəm.
– Uzaq deyil, on beş dəqiqəlik yoldur, amma omnibusla getsəniz… yağış da yağır, yox, lap yaxındır, beş dəqiqəyə çatarsınız.
– Hə, yağış yağır, bu ilki yaz yaxşı keçmir, – Raban cavab verdi. Dəmiryol işçisi sağ əlini belinə dayamışdı, Raban onun qolu ilə gövdəsi arasında yaranmış üçbucaqdan skamyada oturmuş qızı gördü; deyəsən, qız çətiri bağlamışdı.
– Belə havada məzuniyyətə çıxıb kəndə getmək əslində ağılsızlıqdır. Düşünürdüm ki, məni qarşılamağa gələcəklər, – deyə Raban söylədiklərinə əmin olmaq üçün ətrafına baxdı.
– Omnibusa gecikəcəksiniz, qatardan getdikdən sonra o çox gözləmir. Bax, oradan keçin, ağacların arasından.
Vağzalın qarşısından keçən yol qaranlıq idi, binanın sadəcə birinci mərtəbəsindəki üç pəncərədən düşən tutqun işıq uzağı işıqlandırmırdı. Raban ayaqlarının ucunda palçığın içi ilə yeridi və tez-tez “Ey arabaçı! Gözlə! Gəlirəm! Omnibus! Mən burdayam!” – deyə səsləndi. Lakin qaranlıq yolda palçıqlı gölməçələr dərinləşdikcə, Raban dabanlarını da yerə basıb irəliləməyə başladı, birdən alnına atın yaş ağzının toxunduğunu hiss etdi.
Bu omnibus idi; dərhal mindi, sürücünün yerini sərnişinlərdən ayıran şüşənin arxasındakı skamyada oturub söykəndi; lazım olan hər şeyi etmişdi. Sürücü yatırdısa, ancaq sabaha oyanardı, yox əgər ölmüşdüsə, ya yeni sürücü, ya da omnibusun sahibi gələrdi, bunların heç biri olmadıqda isə, sübh qatarı ilə gələn sərnişinlər vağzala doluşub səs-küy qoparacaqdılar. Hər halda sakitləşmək olardı, hətta pərdəni çəkib, omnibusun yerindən tərpəndiyini bildirən təkanları hiss edənə qədər dincələ bilərdi.
“Bu əziyyətlərdən sonra sabah mütləq Betti və anasıyla görüşəcəyəm. Buna heç kim mane ola bilməz. Lakin məktubumun sabah onlara yetişəcəyini əvvəlcədən bilmək olardı, deməli, bu gecə şəhərdə qalıb, sabahkı iş haqqında düşünmədən Elvi ilə əylənə bilərdim. Bax, bu tərəddüdlər üzündən həyatdan zövq ala bilmirəm. Hələ ayaqlarım da islanıb!”
Jiletinin cibindən çıxardığı kiçik şam parçasını yandırıb qarşıdakı skamyanın üstünə qoydu. Bir az işıqlıq oldu; çöldəki qaranlıq üzündən omnibusun pəncərələri qara divara bənzəyirdi. Nə altda təkərlərin, nə də irəlidə atın olduğu ağla gəlmirdi.
Raban ayaqlarını skamyanın üstünə qoyub sildi, təzə, isti corablar geyib, yerini rahatladı. Bu zaman vağzal tərəfdən birinin: “Hey! Omnibusda kimsə varsa, cavab versin!”.
– Var, var, həm də dərhal yola çıxmaq istəyən bir sərnişin! – Raban omnibusun qapısından başını çıxararaq cavab verdi, sağ əliylə tutacaqdan yapışmış, sol əlini ağzına tərəf aparmışdı.
Yağış yaxalığından aşağı tökülürdü.
İki torbadan özünə bürüncək tikmiş sürücü gəlib çıxdı; əlindəki fənərin işığı gölməçələrin üzərində oynayırdı. Qaşqabaqlı halda izahat verməyə başladı: bilirsizmi, möhtərəm cənab, o içəridə Lebeda ilə kart oynayırdı, qatar gəldikdə oyun qızışdığı üçün ayağa qalxıb baxmamışdı. Amma kimsə buna irad tutarsa, o adama heç bir söz deməyəcək; onsuz da bura murdar bir yerdir, Raban kimi bir cənabın burada nə gəzdiyini, doğrusu, anlaya bilmir; hörmətli cənabı vaxtında mənzilə çatdıracaq, buna görə də şikayət etməyə ehtiyac yoxdur. Bir az əvvəl cənab Pirkeshofer, yəni cənab müavin ona sarışın bir cənabın kəndə getmək istədiyini dedi. O da dərhal binadan çıxıb, omnibusda sərnişin olub-olmadığını soruşdu, bəlkə elə deyil, dərhal omnibusa yaxınlaşıb möhtərəm cənabla maraqlanmadımı?
Fənəri araba oxunun ucuna bərkitdi, boğuq bir səslə atı dəhləyərək omnibusu sürməyə başladı; bütün gecə omnibusun üstünə yığılmış yağış suyu axıb, deşikdən içəri dammağa başladı.
Yol bərbad gündəydi, lehmə təkər millərinin üstünü örtür, təkərlər fırlandıqca yelpik şəklinə düşüb arxaya doğru şırıltı ilə sıçrayırdı; arabaçı cilovu çox da dartmadan islanmış atı irəli qovurdu… Bütün bunları bəhanə edib Rabanı məzəmmət etmək olmazdımı? Oxun ucuna bərkidilmiş fənərin titrək işığı birdən gölməçələrin üstünə düşür, təkərlərin altında qalan lehməli su dalğalanaraq ətrafa dağılırdı. Bütün bunlar Raban gözəl, amma bir az yaşlı nişanlısının, Bettinin yanına getdiyi üçün baş verirdi. Düzünə qalsa, buna görə Rabanı danlayan olmamışdı, amma hər halda bu vurulmamış danlaqlara dözüb göstərdiyi fədakarlığı kim qiymətləndirəcəkdi? Əlbəttə, Ra-ban bunu könüllü edirdi, çünki Bettini – nişanlısını sevirdi, Bettinin isə bu fədakarlığa görə ona təşəkkür etməsi yaraşmazdı.
Raban özü də bilmədən başını bir neçə dəfə omnibusun divarına vurub gözlərini tavana dikdi. Budunun üstünə qoyduğu sağ əli aşağı sürüşdü, amma dirsəyi qarnı ilə ayağının arasındakı küncdə qaldı.
Omnibus artıq binaların arası ilə gedirdi. Bəzi evlərdən bayıra işıq düşürdü. Hansısa kilsənin pilləkəni göründü, amma Raban onun hətta birinci pilləsinə baxmaq üçün ayağa durmalı idi. Parkın darvazası qarşısında böyük bir fənər yanırdı, amma bir az aralıdakı övliya heykəli bir xırdavat dükanından düşən zəif işıqda qara ləkə kimi görünürdü. Rabanın gözü bayaq yandırdığı şama sataşdı; şam axıra qədər yanmış və əriyib skamyaya yapışmışdı.
Omnibus meyxananın qarşısında dayandıqda, yağışın və otelin bəzi pəncərələri açıq olduğu üçün müştərilərin səsini eşidən Raban dərhal aşağı düşməkmi, yoxsa meyxana sahibi gələnə qədər gözləməkmi daha yaxşıdır deyə, düşündü.