Название | Kainatin mələkləri |
---|---|
Автор произведения | Эйнар Гудмундссон |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Ey göylərdə doğulan məleykə, toxun mənim şeypuruma,
Çünkü bütün Allahın mələkləri Cənnətlik olurlar.
Yolüstü mən sınmış bir taxta parçası ilə qarşılaşdım,
Mən onu qırmızı lentlə və kəndirlə bağladım…
Suyun vurub sahilə atmış şam ağacını tapdım mən,
Onun gövdəsində mən oyub quş şəkli çəkdim.
Düşüncələrimdə çox zaman mən göylərə üz tuturam.
Əminəm, onlara həyat da verə bilərəm.
O quşlardan bəziləri axınlarda, gölməçələrdə oturublar,
Bəzi balaca quşlar da onların yanında boynubükük…
Gün işığı limanı, körfəzi ilıq şüaları ilə işıqlandırır.
Gün işığı möcüzəvi yerlə birləşib həyat verir dünyaya.
1
Kleppə – dənizin ortasında nəhəng bir tikili kimi ucalan psixiatriya xəstəxanasına qəbul ediləndən sonra, uşaq vaxtlarım yadıma düşdü, kələ-kötür küçədə bir boz, dumanlı gündə dayanan evləri və palçıqlı gölməçələri seyr etməyim yadıma düşdü.
Birdən orta yaşlarında bir kişi diqqətimi çəkdi. O, evin yağışın islatdığı pilləkənlərini bir-bir aşağı enirdi, onunla bərabər arıq, təxminən iyirmi yaşlarında olan oğlu da pillələri enirdi.
Oğlanın qara, qıvrım saçları vardı. O xəzli yaxalığı olan qısa, dəri jaket geyinmişdi, atasının isə əynində yüngül gödəkcə və ona bir qədər boş qalan iş şalvarı vardı.
Ata oğlunun çiynindən tutmuşdu və onu kobud şəkildə irəli doğru itələyirdi. Onun saçı dumanın fonunda qəribə şəkildə rəngsiz görsənir, köynəyinin qolları isə poliverinin qollarının altından çıxırdı.
Onlar küçəyə çatanda qaçaraq özümü onlara yetirdim və atanı çağırdım.
– Sən onu hara aparırsan?
Ata oğlunun çiyninə baxmadan geri çevrildi.
– Kleppə aparıram. – deyə hirslə cavab verdi.
Su damcılarından alnı parıldayırdı. Onun elə bir üz ifadəsi vardı ki, sanki dişlərini xırçıldadırdı. Gözlərinin bozluğunun arxasında qəzəbdən parıldayan, alışıb-yanan bəbəkləri seçmək olurdu.
Sonra onlar dumanın içərisində yox olub itdilər.
Duman onları anamın mənə danışdığı sehrli nağıllardakı kimi uddu. Yadımdadır, həmişə yatmazdan qabaq anamın nağıllarının çoxu bu sözlərlə başlayırdı: “Uzun, uzun zaman bundan öncə....”
Həmin nağıllarda insanlar dağlara və qayalara çevrilərdilər, yaxud da ulduzların göylərdə sayrışdığı vaxtda qaranlıq meşənin yollarında külə dönərdilər.
Onlar qaranlıqdan baxan saysız-hesabsız parıldayan gözlər kimi görünürdülər: sonradan qaranlıq artan sürətlə mənim üzərimə düşəcəkdi qaranlıq… amma ulduzsuz, ay işığı olmayan bir gecədə.
Həmin gündən sonra bir daha həmin ata və oğulu görmədim, hələ də həmin hadisənin ətrafındakı gerçəklikdən xəbərsizəm.
Mən əgər başqa dünyanın içərilərinə baxmalı olsaydım, o mənim gözümdə həyatın özü qədər böyük görünərdi. Amma bu gerçəklik idisə də, mənim bu gerçəklik haqqında zərrə qədər düşüncəm yox idi.
Təbii ki, mənim gerçəkliyi başa düşməyim gerçəkliyin məni başa düşməyi qədərdir. Bu baxımdan biz bərabərik. Bəli, onun mənə heç bir izahat borcu yoxdur və mən ona olan borcumu qaytarmışam.
Əlbəttə ki, nəzəriyyələrinin gerçəkliklə çox pis uzlaşmasını eşidəndə Heqelin (Almaniya,1770-1831) dediyi cavabı verə bilərik: yazıq gerçəklik, mənim gerçəkliyə çox yazığım gəlir.
Bu şairlərin yaza bildiyi bir şeydir.
Bu filosofların deyə biləcəyi bir şeydir.
Amma düşüncələrimizin gerçəkliklə uzlaşmadığı zamanlarda sığınacaqlara məhkum olan və müəssisələrdə saxlanılan bizlərin buna bir cavabı olmur. Çünki bizim dünyamızda doğru və yalnış arasındakı fərqi bilmək haqqı ancaq yad adamlarda olur.
Psixoloji dərmanlar buludu havadan asılı qalıb, sanki günlər keçmir, bir yerdə dayanıb.
– Paul.
Adımı eşidəndə bədənim əsdi, amma heç bir reaksiya göstərmədim. Reaksiyalarım uzaqlarda havada açılıb.
Gözlərimdə sonsuz sakitlik, rahatlıq nəzərə çarpır.
Soyuq bir sakitlikdə fırtına…
2
Mən əbədiyyətin gözündə dəli bir at idim. Sonradan uzanıb səmanı seyr edirdim.
Günəş sürüşüb ürəyimə düşdü.
Və parıldayan işıqları soldu günəşin…
Bir dəfə, çox-çox uzaq illər bundan öncə anam bir yuxu görmüşdü.
Yuxu ilə bağlı qəribə məqam ondan ibarət idi ki, bu yuxu unuduldu və mən öz yoluma səyahətə başlayana kimi bir daha meydana çıxmadı.
Yox, burada söhbət heç də “Bitlz” qrupunun oxuduğu, sevgi evinə aparan uzun və dolanbac yollardan getmir. Söhbət başqa yoldan gedir, daha uzun, daha qaranlıq yoldan.
Bu dörd at haqqında olan bir yuxu idi.
Anam Qudrun mən anadan olandan bir gün öncə bu yuxunu görmüşdü. Demək həmin məşum gündən qırx ilə yaxın vaxt keçib.
Yuxusunda anam on yaşlı bir qız imiş. O Sudurlandsbraut boyunca gedən bir avtobusda imiş. Məktəbdən evə qayıdırmış.
Avtobus kələ-kötür yollarda yırğalana-yırğalana irəliləyirmiş.
Təkərlərin altından çıxan toz ətrafı toz dumanına bürüyübmüş.
Yaz fəsli idi.
Birdən-birə o, avtobusun qabağından bir itin cərgələrin arası ilə hərəkət etdiyini gördü. İt düz onun oturduğu yerə doğru gəlirmiş. Anam qorxub ayağa qalxdı.
İt arxa ayaqları üzərinə qalxaraq anamın ayaqlarını iyləyir onu tutmaq istəyirdi. Anama “sevgisində” o qədər inadkar imiş ki, yazıq arvad artıq növbəti dayanacaqda düşərək avtobusu tərk etmək məcburiyyətində qalıb.
O Suldurlandsbraunda çatmamış arxın kənarı ilə qaçmağa başlayır. Saçları küləkdə uçuşur. Çarşabı kürəyinə düşür. Paltosu əyninə dar gəlir.
Quşlar aydın, mavi səmada oxuyurdu və müharibə hələ ki, başlamamışdı.
Hazırda Suldurlandsbrautuna tikilən, yaxud tikilməkdə olan binalardan o zaman əsər-əlamət yox idi.
Arxdakı su güzgü kimi hamar və şəffaf idi. Günəş şüası suyun üzərinə düşür və onu parıldadırdı. O, səmanı da canına çəkirdi. Uzaq məsafalərdə mavi dağlar gözə dəyirdi.
Anam arxların arasında hoppanaraq çəmənliyə doğru qaçırdı. Torpaq onun ayaqlarının altında burulurdu. Ot bərq vuran lava axınına bənzəyirdi. Dayansaydı əgər, torpaq anamı udacaqdı.
Çəmənliklə uzun müddət irəlilədikdən sonra o, dörd ata rast gəldi. Onlar hər biri bir-birindən bir neçə metr məsafədə boyunlarını büküb otlayırdılar. Anam əvvəllər bu atları heç zaman görməmişdi. Onlar babamın atları deyildilər.
Amma onlar boy-buxunlu, gözəl və məğrur atlar idi: onlardan biri şabalıdı rəngdə, ikincisi qəhvəyi, üçüncüsü kəhər at, dördüncüsü isə alapaça idi.
Mənim anamda bu atların ona məxsus olması hissi yarandı. Onlar indi təhlükədə idilər. Anam onları xilas etməli idi.
Atlar qaçaraq oradan uzaqlaşanda, alapaça gecikməyə başladı. O qaçaraq dövrə