Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922. Fərhad Cabbarov

Читать онлайн.
Название Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922
Автор произведения Fərhad Cabbarov
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn

Скачать книгу

bolşevik liderlərindən biri Prokofiy Caparidze məsələ ilə bağlı demişdir: “…mədənləri öz nəzarətimiz altına almaq məsələsi istənilən halda qarşımızda dayanacaq və hal-hazırda müştərək müqavilələrin həyata keçirilməsi ilə əlaqədar bu məsələni həll etmək lazımdır.”22 İclasda fəhlə nəzarəti orqanlarının yaradılması, həmçinin neft sənayesinin milliləşdirilməsi məsələsinin təxirə salınmadan Sovet Rusiyasının hökuməti qarşısında qaldırılması haqqında qərar təsdiq olunmuşdur.23 Göründüyü kimi, Bakı bolşevikləri milliləşdirmənin tezliklə həyata keçirilməsini arzulasalar da, son qərarın Rusiyadan gəlməsini gözləyirdilər. Bu, yerli sovet hakimiyyətinin kimə arxalandığını bir daha sübut edir.

1917-ci ilin sonundan 1918-ci ilin martınadək Bakının bütün müəssisələrində fəhlə nəzarəti tətbiq olundu.24 Fəhlə komitələrinə müəssisə administrasiyalarının sərəncamverici və təsərrüfat fəaliyyətinə, fəhlələrin işə qəbulu və işdən azad olunması prosesinə, müəssisələrin xammal, yanacaq, pul vəsaitləri və s. ilə təminatı məsələlərinə qarışmaq ixtiyarı verilirdi. Müəssisələrdə kommersiya sirri ləğv olunurdu. Belə geniş səlahiyyətləri öz üzərinə götürən fəhlə nəzarəti orqanları əslində onları həyata keçirmək iqtidarında deyildilər. “Neftyanoye delo” qəzetində fabrik-zavod komitələrinin müəssisələrdəki rolu haqqında deyilirdi: “Komitələr yerli xarakter daşıdıqları üçün onlar, əlbəttə ki, öz müəssisələrinin şəraitinə və ehtiyaclarına, fəhlələrin maraqlarına bələddirlər… Bu komitə mütləq öz zavodunun istehsalının güclənməsinə, xammalın və yanacağın daha artıq miqdarda alınmasına, məhsulların qiymətinin artırılması hesabına belə əməkhaqqlarının yüksəldilməsinə çalışacaq. Dövlət və ya ictimai maraqlar naminə vacib olan əks fikirlər, məsələn, istehsalın azaldılması, digər müəssisənin xeyrinə yanacaqdan və xammaldan imtina olunması yerli komitə tərəfindən həmişə böyük çətinliklə qarşılanacaq və çətinliklə həyata keçiriləcək…”25

Fəhlə nəzarətinin tətbiqindən sonra müəssisələrin idarə olunması hüququ uğrunda fəhlələrlə sahibkarlar arasında kəskin mübarizə başladı. Birincilər fəhlə nəzarətini fəhlə idarəçiliyi kimi qələmə verirdilərsə, sahibkarlar bunu ənənəvi təsərrüfat fəaliyyətinin əsaslarını sarsıdan addım kimi dəyərləndirirdilər. Neft sənayeçiləri fəhlə nəzarətini sabotaj edir, qazma işlərini azaldırdılar. Bununla da hasilat aşağı düşür, neftin daşınması dayanırdı.

Bakıda fəhlə nəzarətinin tətbiqi metodları haqqında bolşevik liderlərindən biri Saak Ter-Qabrielyan belə yazırdı: “İşlər müdirinin rolunu hər vəchlə məhdudlaşdırmağa çalışır, onları çox vaxt quyuların içinə salır, çörək və su verirdilər… Fəhlələr arasında böyük hərəkət müşahidə edilirdi, fəhlələrin çoxu işdən azad olunmuşdu. Onda biz müştərək müqavilələri həyata keçirdik və həmin müqavilələrlə müəyyən vəziyyəti dekretləşdirdik. Bu 1917-ci ilin oktyabrında və ya noyabrında idi. Həmin məqamda biz “milliləşdirmə” şüarını irəli sürə bilməzdik. Bunun əvəzində “məcburi trestləşdirmə” şüarı irəli sürülmüşdür…”26 Göründüyü kimi, bolşevik hökuməti neft sənayesinin dərhal dövlət nəzarətinə götürülməsi tezisindən hələlik imtina etməyə məcbur oldu. Bolşeviklərin siyasətindəki dəyişikliyin səbəbi bu idi ki, xarici firmaların mülkiyyətinin milliləşdirilməsi hələ də möhkəm dayağı olmayan sovet hakimiyyətinin mürəkkəb durumunu daha da çətinləşdirə bilərdi. Milliləşdirmə ilk növbədə Rusiyanın neft sənayesində maraqları olan İngiltərəyə və Fransaya münasibətdə düşmənçilik addımı kimi dəyərləndiriləcəkdi. 1918-ci il yanvarın 28-də xarici borcların ləğv edilməsi haqqında bolşevik dekretinə Qərb dövlətlərinin reaksiyası bu narahatlığın əsassız olmadığını təsdiqlədi. Xarici dövlətlərin diplomatik nümayəndələrinin notasında bildirilirdi ki, onlar bu cür dekretləri qəbul etmir və təmsil olunduqları hökumətlər öz təbəələrinə dəyən zərərin ödənilməsini tələb etmək hüququnu özlərində saxlayırlar.27

Bu zaman isə Bakıdan kənarda siyasi vəziyyət sürətlə dəyişirdi. Rusiyadan ayrılan Cənubi Qafqazda xarici dövlətlərin, ilk növbədə, Almaniyanın və Osmanlı dövlətinin fəallığı artırdı. Hər iki dövlət regionda özünə dayaq yaratmağa, həmçinin Bakının neft yataqlarını ələ keçirməyə çalışırdı. Qafqaz cəbhəsində Rusiya ilə müharibə aparan Osmanlı dövləti buna daha çox can atırdı. Osmanlıların Cənubi Qafqaz hökuməti ilə münasibətləri də mürəkkəb idi. Bölgədə strateji məntəqələri tutmaq niyyətində olan türklər Zaqafqaziya Seyminə güclü təzyiq göstərirdilər. Bəzi hallarda vəziyyət kəskin xarakter alır və hərbi münaqişə ilə nəticələnirdi. Həmin dövrdə Osmanlı dövləti Bakını antiazərbaycan bolşevik rejimindən xilas etmək işində Azərbaycan milli qüvvələrinin arxalana biləcəyi yeganə ölkə idi. Buna görə Rusiya Bakı kimi mühüm yanacaq bazasının, həmçinin özünün Cənubi Qafqazda yeganə bolşevik forpostunun itirilməsindən ciddi narahatlıq keçirirdi. RSFSR-in millətlər məsələləri üzrə xalq komissarı İosif Stalinin 1918-ci il martın 19-da Bakı Sovetinin sədri S.Şaumyana və P.Caparidzeyə göndərdiyi məktubda deyilirdi: “Bakı – bütün Cənub üçün mühüm olan bu məntəqə hər tərəfdən mühasirəyə alınıb… Bir şey şübhəsizdir: Bakını hərbi və maliyyə cəhətdən möhkəmləndirmək lazımdır… Sizə iki tərəfdən – Daşkənd tərəfdən və Şimaldan kömək gəlir.”28

Cənubi Qafqaz uğrunda beynəlxalq mübarizənin kəskinləşdiyi bir vaxtda Bakının özündə ciddi hadisələr baş verdi. Erməni daşnakları ilə ittifaqa girən bolşeviklər 1918-ci ilin martında Azərbaycan xalqına qarşı soyqırımı törətdilər. On minlərlə azərbaycanlını qətlə yetirən bolşeviklər məqsədlərinə nail oldular və Bakıda tam hakimiyyətə yiyələndilər. 1918-ci il aprelin 25-də yaradılan Bakı Xalq Komissarları Sovetinin (XKS) əsas məqsədlərindən biri neftin Rusiyaya daşınması idi. Bolşevik mətbuatı bu barədə yazırdı: “Rusiyanın taleyi Bakıdan göndərilən neftin həcmindən asılıdır. Bizim yanacağımız, mazutumuz, sürtkü yağlarımız olmasa, Moskva və Novokuznetsk fabriklərini, Piter və Volqaboyu zavodlarını işə salmaq, kəndləri çit, mismar və kənd təsərrüfatı alətləri ilə təchiz etmək mümkün deyil… Bizim inqilabi Qırmızı Ordumuzu respublikanın müdafiəsi naminə vaxtında və lazımi sürətlə hərəkətə gətirmək mümkün deyil.”29

Bakıda hakimiyyətə gələn bolşeviklərin digər məqsədi neft sənayesini milliləşdirilmək idi. Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan bu barədə hələ aprelin 13-də V.Leninə yazırdı: “Bakıda qazandığımız qələbədən sonra Sovet tam möhkəmlənmişdir və bizim ciddi tədbirləri həyata keçirmək üçün imkanlarımız var. Çoxdan qərarlaşdırılan neft sənayesinin milliləşdirilməsini həyata keçirmək niyyətindəyik. Nefti bizim nümayəndəmiz Saak Ter-Qabrielyanla (Stalin onu tanıyır) artıq Həştərxana göndərmişik. O, Həştərxanda yaşayacaq. Sovetə ünvanladığınız tələbnamələrlə ona müraciət edin.”

22

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (bundan sonra – ARPİİSSA): f. 1, siy. 38, iş 221, v. 1.

23

ARPİİSSA: f. 1, siy. 38, iş 221, v. 1.

24

Азимов Г.С. Бакинская коммуна. Баку, 1982, с. 75.

25

Нефтяное дело, 1918, №11-12, стлб. 12.

26

Косторниченко В.Н. К вопросу о национализации отечественной нефтяной промышленности в 1918 г. / Экономическая история. Обозрение. Выпуск 10. Москва, 2005, c. 86.

27

Документы внешней политики СССР: Т.1, Москва, 1957, с. 98.

28

Братья навеки. Документы и материалы об исторической дружбе русского и азербайджанского народов: Т.1. Баку, 1987, с. 292.

29

Василенко А.Б. Каспийская нефть в геополитической стратегии руководства Советской России (1917-1922 гг.) / Нефть страны Советов. Проблемы нефтяной промышленности СССР (1917-1991 гг.) Под общей редакцией В.Ю.Алекперова. Москва, 2005, с. 16.