Название | Mənim üçün qızılgül |
---|---|
Автор произведения | Samirə Əşrəf |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Dan yeri söküləndə günəşsiz pəncərədən mətbəxə dolan qaranlığın yanında soyuducumun kölgəsi öləziyərək tamam yoxa çıxır. “Təbiətin möcüzəvi kölgəsi qarşısında insan əlinin yaratdığı kölgə çox acizdir” – deyə, düşünüb, xeyli təsəlli tapıram.
SATURASIYA
Yuxudan kürəyimin ağrısına oyandım. Gecədən yatağımda qalan telefonun dəstəyini belimin altından sürüşdürüb bir kənara qoydum. Anamın sonuncu göstəriciləri içimdəki ümidsizliyi daha da artırmışdı. Hava yavaş-yavaş işıqlanırdı. Daha bir günüm anamla bağlı təlatümlü xəbərlərin fonunda keçəcəkdi. Onun reanimasiyada verdiyi ölüm-dirim savaşı üçün qardaşım, bacım – bütün qohumları dua edirdi. Bircə mən dua etməyi unutmuşdum. Uzun illər idi dua edə bilmirdim. Buna heç vaxt da tapmırdım. Amma yox, içimdən dua etmək, inanmaq keçsəydi, bəlkə də edərdim. Yalnız ən çətin vaxtlarda allahı xatırlayırdım. Anamın xəstəliyi, əcəllə mübarizəsi hələ mənə tam çatmırdı. On altıncı gün idi ki, onsuz da rahat olmayan həyatım pozulmuş, günlər, həftələr həkimlərlə, tibb bacıları ilə danışmaqla, saturasiya, nəbz, təzyiq, intubasiya, oksigen dəstəyi kimi sözlərlə keçmişdi.
Telefonu və sürüşüb yerə düşmüş dəftərcəni götürüb o biri otağa keçdim. Saat 7 idi. Neçə gündən bəri əzbərimdə qalan nömrəni yığdım. Dəstəkdən tanış operatorun səsi, daha sonra günlərdir qulağımı yağır edən o mahnı səsləndi. Mahnının hansı bəstəkara aid olduğunu tapa bilmirdim. Bir dəqiqəyə musiqi kəsildi. Məlumatçı qadının səsi eşidildi:
– Alo.
– Salam! Xəlilova Rəfiqənin göstəricilərini deyərdiniz…
Səs yoxa çıxdı. Bir, iki, üç, dörd, beş, altı, yediii… Yeddinci saniyədə cavab gəldi:
– Siz xəstənin nəyisiniz?
Vəssalam. Yeddi saniyəlik sükut və verilən sual! Heç yaxşı deyil. Heç. Nəsə baş verib. Ölüb? Yooox! Ola bilməz! Axı niyə ölməlidi? Bilmirəm…
– Qızıyam.
Yenə sükut. Bu dəfə daha qısa. Bir, iki, üç…
– Rəfiqə xanım rəhmətə gedib. Axır qəminiz olsun.
Dəstəyi yerinə qoyub sakitcə otururam. Otaqdakı sükut qulaqlarımı deşir. Ağlamıram. Dincəm. Amma içimdə sürətli sorğu-sual başlanır.
Ömrün boyu qorxa-qorxa bu xəbəri gözlədin. Bunu da eşitdin. Bu da baş verdi. Bundan o tərəfə nə olasıydı ki?! Gec-tez bu xəbəri də alacaqdın.
Anamla davalarım yadıma düşür:
– Sən yorğan-döşəyə düşsən, gəlib sənə baxmayacam.
Doluxsuna-doluxsuna deyir:
– Allah məni sənə möhtac eləməsin. Quş kimi bir gecənin içində uçum gedim.
Arzusuna çatdı. Bir gecənin içində getdi. Amma yox, bir gecə deyil, on altı gecə idi getmək istəyirdi. Sinəsinə, ağzına, burnuna, taxılan aparatlar, əllərinin üstünə sancılan ucu iti iynələr buna imkan vermirdi.
Həkimini qınayıram. Günlərdir üzünü görmədiyim anamın son şəklini ondan istəmişdim. Göndərməmişdi. Qorxdu, amma israrla dedi ki, ananıza nəsə olsa, sizdə ağır təəssürat qalacaq.
İndi bir-bir hamıya xəbər vermək lazımdır. Qardaşıma, bacıma, xalama, dayılarıma… Çox zəhmət çəkməyəcəkdim. Səhər zəngi onsuz da xeyrə işarə deyil. Qulağı səsdə olan qohumlardan hansına zəng vursam, hər şeyi biləcəkdilər.
Deyəsən, bir dəqiqə səssiz-səmirsiz qaldım. Amma sonralar oğlum dedi ki, dörd-beş dəqiqə hərəkətsiz bir nöqtəyə baxıb dayanmışam.
Ayağa qalxıb o biri otağa keçdim. Mobil telefonla ona zəng vurdum, “Evə gəl” – dedim. O da bir kəlmə ilə “yaxşı” cavabını verdi. Elə bil zəngimi – sinəmdən çıxan boğuq səslə “evə gəl” deməyimi gözləyirmiş.
Eyvana çıxmaq istəyəndə gördüm, oğlum lap əvvəldən kölgə kimi yanımı kəsdiribmiş. Xəbəri ilk aldığım andan. Bəlkə, ona görə ağlaya bilməmişəm? Eyvana çıxanda, o da mənimlə gəlmək istəyir. Çiynimlə sinəsindən itələyib, üstünə qışqırıram:
– Gəlmə! İmkan verin, tək qalım. Sizin əlinizdən ağlamaq da olmur. Cəbrayıl alınanda da qoymadınız!
İlahi, bu qədər həngamənin içində Cəbrayılın alınması haradan ağlıma gəldi?
Eyvana çıxıram. Dənizin kənarında tək-tük adamlar gəzişir. İki balıqçı tilovu suya atıb gözləyir. Yavaş-yavaş külək əsir, günəş buludların arxasında daldalanır. Həyəti süpürən qadın həmişəki kimi ağız-burnunu bərk sarıyıb, həvəslə işə girişib. Bir həftə əvvəl ipdən düşən köynəyim də əynindədir. Halbuki, iki gün əvvəl köynəyi ondan xəbər almışdım.
– Suğra xala, bəlkə, aşağıları süpürəndə mənim köynəyimi görəsiniz?
– Yox, yox, nə danışırsan? Heç bir köynək görməmişəm.
İnsafən süpürgəçi arıq olduğu üçün köynək ona məndən yaxşı yaraşır. Otağa qayıdıram. Artıq qızım da yuxudan oyanıb. Matdım-matdım üzümə baxırlar. Paltarımı geyinib yatağa uzanıram. Uzanıqlı vəziyyətdə əvvəl gəlinimizə zəng vururam. Gəlinin “vayyy!!” nidası yadımdadır. Sonra bacımın ərinə zəng edirəm. Səsindəki qorxu və dəhşəti içini çəkir:
– Dayan, dayan, eşitdi – deyib, telefonu kənara atır. Bacımın səsinə telefonu bağlayıram.
Xalama nə isə uydururam:
– Vəziyyəti ağırdır, evə gətirəcəklər.
İçindəki hıçqırıqla birgə udqunur. Dəstəyi qoyur.
Ondan sonra kimlərlə danışdığım yadımda deyil. Otaqda sanki məndən başqa da bir adam var. Danışıram, susuram, tavanın, divarların üzərində bir yer tapıb zillənirəm. O isə qulaq asır, müşahidə edir, vəziyyətdən çıxmağa can atır.
Anamın həkiminə, hər gün əlaqədə olduğum tibb bacısına zəng vururam. Heç biri telefonu götürmür. “Bilirlər” – deyə, öz-özümə düşünürəm. Axı onlar neçə gündür mənə az qala anamın ölüm xəbərini verirdilər:
“Heyf, kaş intubasiya olunmazdan əvvəl bilərdik”.
“Ora girəndən sonra çıxmaq çox çətindir”.
“Ananızın bir faiz ümidi qalıb”.
İş yoldaşlarıma xəbər verirəm. Səhər saat 8-də xəbər hər tərəfə yayılır.
Sınıq-salxaq taksi elə bil yol getmir, addımlayır. Niyə mən mənzil başına, o xaraba qalmış modula çatmıram axı. Onunla dalaşıram.
– Yaxşı taksi çağırmaq lazım idi. Bununla biz beş saata gedib çıxarıq. Atan ölsəydi, belə gecikməzdin!
Təmkinlə