Mənim üçün qızılgül. Samirə Əşrəf

Читать онлайн.
Название Mənim üçün qızılgül
Автор произведения Samirə Əşrəf
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

eşidirsən, donub e, bu yumurtalar.

      İlahi, hansı yumurtalar, nə donmaq? Yuxulu düşüncələrimin qaranlığında çək-çevir edirəm. Qəfildən elə yumurtanın sarısı kimi sapsarı günəşin işığı kirpiklərimin arasından gözlərimə süzülür.

      Rayondakı evimizin həyətindəyəm. Atamın toyuq-cücə hininin qarşısına səpələdiyi yaşıl soğan, göyərti qıçalarını yeyib bitirən toyuqlar pətənəkləri tox halda şeşələnə-şeşələnə gəzişirlər. Tox olduqları üçün heç biri o birinin təpəsini dimdikləmir. Toyuqların yaxınlığında qolları, qılçaları köklükdən qat bağlayan qızım dayanıb. Amma o, indiki yaşında yox, uşaqlıq çağındadır. Ağ biserli donunun əhatəli ətəyi onu bir az da toppuş göstərir. Qızım yerə dağılmış yumurta sarısına, bir də əlində bərk-bərk tutduğu salamat yumurtaya baxıb deyir:

      – Ana, bu yumurtalar donub.

      Yaxınlaşıram. Qızımın əlindən yerə düşüb sınan yumurtanın sarısına baxıram. Haqlıdır. Yerdəki yumurta ağının üzərində xırda buz kristalları günəşin şüalarında bərq vurur. Qızım əlindəki yumurtanı da mənə tərəf yaxınlaşdırır:

      – Buna əlini vur, bu da buz kimidir.

      Donmuş yumurtaları yumurtlayan toyuq bir kənarda büzüşüb qalıb. Əlimi qızımın mənə doğru uzatdığı yumurtaya toxundururam. Üşüyürəm, canımı soyuq alır. Gözlərimi açıram.

      Ağ tavan düz üzümə zillənib. Divarlar həmin divarlardı. Səhər yenicə açıldığından dənizdən əsən sərin meh çılpaq qollarımı üşüdür. Qollarımı tez adyalın altında gizlədirəm. Gözlərimi yummaq istəyəndə qızımın səsi yenidən eşidilir:

      – Ana, bu yumurtalar donub!

      Axı yumurtalar yuxuda qalmışdı. Gözümü açıb başımın üstündəki həmişəki tavana baxdığımı da dəqiq xatırlayıram. Səs yenə də dinc dayanmır. Çevrilirəm. Qızım əlində tutduğu boşqabı mənə tərəf uzadır. Boşqabın içərisinə çırpılmış iki yumurta sarısı bir-biri ilə qol-boyun olub, ağır-ağır ləngərlənir.

      – Bu yumurtalar donub e. Mən indi nə bişirim?

      – Necə yəni donub?

      – Donub da. Baaax.

      Boşqaba bir də nəzər yetirirəm. Doğurdan da, yumurtaların ağı bir az bərkiyib. Deyəsən, soyuducumun şaxtası bu dəfə də bütün ərzaqlarımızı dondurub.

      – Bir az gözlə, donu açılsın, sonra bişir, ye.

      Qızımın aclığa dözümsüz səsi otağı bürüyür:

      – Axı mən acmışam…

      – Onda elə bişir. At tavaya “qlazok” elə.

      Özüm isə yataqdan qalxıb, ayaqyalın, başıaçıq on beş illik soyuducumun üstünə hücum edirəm. Lap bar verməyən ağaclar kimi ona hədə-qorxu gəlməyə başlayıram. Bircə əlimin baltası kəmdir.

      – Sən yenə bu kasıbın hər şeyini dondurdun?! Alıb içinə nə qoyuruqsa, ya xarab edirsən, ya da dondurub, heçə çıxarırsan. Səni tezliklə burdan rədd edəcəm. Lap elə bu gün səninlə olan haqq-hesabımızı çürüdəcəyik.

      Başı “qlazok” bişirməyə qarışmış qızım, mənim soyuducu ilə apardığım “müharibə”mə baxır, öyrəncəli halda gülümsəyir.

      Günün ən aktual mövzusu soyuducunu yeniləməkdən ibarət olur. Biz daha köhnə soyuducunun əllaməlikləri ilə bacarmırıq, evə yeni soyuducu alınmalıdır.

      Başına torpaq qalanası on beş illik soyuducumuzun üstünə üç dəfə şəhərin ən yaxşı ustalarını gətirmişik. Kalan da xərcimiz çıxıb. Amma o özünə yığışmayıb ki, yığışmayıb.

      Beləliklə yekdil qərar verilir. Kreditə, lap ac qalmaq bahasına olsa da, yeni soyuducu alınmalıdır. Müxtəlif təkliflər səslənir, telefon bağlantısı ilə anam “canlı yayıma”, müzakirələrimizə qoşulur:

      – Alırsınız, bir dəfəlik yaxşısını alın. Bir az da mən kömək edərəm. Amma yaxşısı olsun.

      Gəlinimiz anamın böyürəndən yarı ciddi, yarı zarafat xəttə girir:

      – Üstü açarlı soyuducular da var. Ağzını bağla, açarını da at cibinə.

      Hamı bir-birinə baxır. Təbii ki, bu qərar qəbul olunmur. Bizə qıfıllı soyuducu lazım deyil. Soyuducumuzda qızıl balıq bəsləmirik. Nəyimizə lazımdır açarlı soyuducu?!

      Nəhayət yeni soyuducu iki gündən sonra zülm-zillətlə beş mərtəbə yuxarı qalxır. Əllər üzərində bəh-bəhlə evin dəhlizinə qoyulur. Hər şeyi donduran, bizi ac-susuz qoyan, hörmət-izzət qanmayan soyuducu isə eyvana atılır. Ona bu da azdır! O heç doğranıb ulduz olmağa da layiq deyil. Hələ yatıb-durub şükr etsin ki, onu dəmiralanlara satmamışıq.

      Artıq köhnə soyuducunun yerini tərtəmiz silib süpürmüşəm. Onun paslı ayaqlarının izini də “atestonla” aparmağa nail olmuşam. Qoy bu qoca əbləhin izi də qalmasın. Bir saatdan sonra isə mətbəxin podimunda nəhəng, par-parlayan soyuducu özü üçün cilvələnir.

      Bir gün keçir. Soyuducumuz yavaş-yavaş özünə yer edir. Onunla bağlı oradan-burdan müxtəlif əfsanəvi fikirlər cücərməyə başlayır. Sən demə bu soyuducu əti, balığı, meyvəni lap bir il də təzə saxlaya bilirmiş. Bacım qaranəfəs xəbər yollayır ki, yaxşı baxsın soyuducunun qapısının içərisində suyu sərin saxlamaq üçün balaca “bak” olmalıdır. İki, üç litr suyu ora boşaldandan beş dəqiqə sonra olur buz kimi.

      Qapını açıb diqqətlə baxıram, gözümə qapının içərisinə vurulan ağ plastmasdan başqa heç nə dəymir. Gəlinimiz yenə xəttə qoşulur:

      – İndi alça, gilas, ərik vaxtıdır. Yığ, qoy, buz yerindəki qabın içərisinə. Qışa qədər necə var, elə də qalacaq. Ləzzətlə yeyərsiniz.

      Ardınca da əlavə edir:

      – Nə qədər bacarırsan, o qədər çox yığ.

      Soyuducunu açıram. İçərisindəki süd kimi parıltı gözümü qamaşdırır. Bu qədər yad təzəliyin içərisindən doğma köhnəliklər də boylanır. Nənəmin anama, anamın da mənə cehiz verdiyi yağ kasası, on beş, iyirmi illik mürəbbə bankaları, anamın Cəbrayıldan Bakıya qədər gətirib çıxardığı pendir qabı xeyir şər məclislərində hər cür təzəliyə qarşı etiraz edən ağbirçəklər kimi yan-yana düzülüblər. Soyuducu da sanki onları özündə saxlamağa minnət edir. Amma məndən çəkinir.

      Qapını örtürəm. Bir az mətbəxdə var-gəl edib dəhlizə çıxıram. Hiss edirəm ki, mətbəxlə dəhliz arasındakı məsafədə nə isə yerində deyil. Soyuducunun duruşunda qəlbə narahatlıq gətirən nəsə var. Bir, neçə addımdan sonra tapıram. Kölgə! Soyuducumun kölgəsi hər tərəfi bürüyüb. Mətbəxin pəncərəsindən düşən işığın da qarşısını alıb. Tədbir görmək isə az qala mümkünsüzdür. Bir neçə gün ötür. Nəhəng kölgə yaratdığı qaranlıqla yeni məkanına uyğunlaşır. Boz rəngli soyuducumun özü ilə gətirdiyi soyuqluq, kölgə məni ondan uzaqlaşdırır. Onun zadəgan görünüşünün, varlı sanbalının qarşısında bizim təmirsiz evimiz, yerə sərilmiş nimdaş xalça-palazımız, çox kasıb görsənir. Bu mənzərəni ədalı soyuducumuza