Название | Özsüzlük |
---|---|
Автор произведения | Zümrüd Anka |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
– Aman, tanrım!
– Buyur.
– Quşlardan qorxursanmış…
– Qorxuram, hə.
– Niyə? Uçurlar, azaddırlar, yoxsa kontrol etmək olmaz deyə xoşlamırsan onları?
– Sistem xətasıdır quşlar, xaotik hərəkət edirlər, hardan gələcəkləri bəlli deyil, hələ üstəlik dimdikləri də var. Onları ləğv edəcəm, yaddaşlardan siləcəm, quşların varlığından belə xəbəriniz olmayacaq.
– Gözəldirlər axı. Anı yaşasana, olsun da xəta.
– Lalə, atma o simitləri, başımıza yığılırlar.
– Bəs axı deyirdin qorxuların üzərinə yerimək, qorxularla üzləşmək lazımdı. Di üzləş, baxıram.
– Əl çək, ya sən simitini qağayılara yedirib bitirənə qədər mən bax o təhlükəsiz yerdə səni gözləyəcəm, ya da dur, uzaqlaşaq burdan.
– Tamam, gəl belə edək, al telefonumu, o təhlükəsiz yerdən qağayıları yemlədiyim yerdə şəklimi çək.
Ən gözəl şəkillərimdən biri alındı: havada asılı qağayı dəstəsi, ləpəli dəniz, buludlu səma, sahildəki beton skamyada o sevincək mən. Bomboz şəkildə təkcə təbəssümüm rənglidir. Simitim bitdi. Qağayılar dağılışdı. İsgəndərdən telefonumu aldım. Quşlardan qorxduğu halda orda durub məni gözləməyi xoşuma gəlmişdi. İlk görüşdə əllərinin titrəməsi kimi, belə xırdalıqlar niyə xoşuma gəlirdi bilmirəm.
– Mən son bir neçə ildi kitab yazmaq haqda düşünürdüm, indi hardan başlayacağımı bilirəm. Səndən. Sənlə başlayacam kitabıma. Əslində gündəlik kimi bir şey, hadisələr, xatirələr, düşüncələr haqda yazmağı düşünürdüm.
– Özüm haqdadırsa oxuyaram, mənim haqda yaz, mən maraqlıyam. Sənin həyatını kimsə niyə oxusun ki.
– Mən kiməsə maraqlı olmaq istəmirəm ki, ya da kimsə oxusun deyə yazmaram ki. Ümumiyyətlə, məncə yaradıcılıq özünü sübut deyil, özünü ifadə üsuludu. Məşhurluq dalınca qaçanları, kütlənin rəğbəti üçün çalışanları mənən kamilləşmiş hesab edə bilmirəm. Adi olmaq yanlış bir şey deyil e, adi olduğunla barışmamaq, olmadığın kimi görünmək, ömrünü başqaları səni təsdiqləsin deyə israf etmək yanlışdı məncə. Adam gördüyü işdən özü zövq almalıdı ilk öncə. Əvvəllər düşünürdüm uğur hekayəmdən bəhs edən motivasiya kitabı yazacağam, sonra uğura olan münasibətim dəyişdi. Cəmiyyətin uğur meyarları ilə mənimkilər eyni deyil artıq.
– Adımı Vi qoyarsan.
– Vi? Amma o hərf bizim dildə "ve" tələffüs olunur.
– Vi, v, i. Kitab sənin qələmindən doğulur, amma mənim haqda hissələr də yazırsan. O zaman adımı seçmək haqqım var.
– Oldu, Vi.
Telefondakı mərhəmət dilənən səs burnunu çəkə-çəkə qulağıma pıçıldayır:
– Lalə, Cəlala haqsızlıq edirsən, bağışla onu.
– Nə haqsızlığı, ay ana?! Mən ondan heç küsməmişəm, nəyi bağışlayım axı? Bir də onun yerinə sən niyə üzr istəyirsən, bəlkə o heç bağışlanmaq istəmir.
– O, yaxşı adamdır, onun bizə elədiyi yaxşılıqları əzizlərimdən görməmişəm heç!
– Bilirəm, ay ana, qurbanın olum, axı nə vaxt Cəlal haqda pis söz eşitmisən məndən?!
– Bəs niyə bağışlamırsan? Onun acığına edirsən hər şeyi.
– Məsələn, nəyi? Nəyi onun acığına edirəm?
– Bağışla…
– Ana, nə olar, mənə dəymə. Bir dəfə də məni başqalarına qurban vermə, bircə dəfə mənə, qərarıma, hislərimə güvən. Mən ağılsız deyiləm. İzin ver lap səhv edim, öz səhvlərimdən öyrənim. Mənim qırx yaşım olacaq, bu yaşdan sonra kim məni hansı yola çəkə bilər axı?! Əgər bir yola düşmüşəmsə belə, bu mənim öz qərarım olacaq, hətta seçimim sənin çox qorxduğun "pis yol" olsa belə bil ki, bilərək gedirəm o yolu.
Səssizlik…
– Deməli sənin niyyətin budur da, Lalə?!
Bayaqkı ağlamsınan səsdən əsər-əlamət qalmamışdı artıq. Dərisinin pörtdüyünü onu görmədən də anlaya bilirdim. Sözüm qalmamışdı, dəstəyi asdım.
Cəlalla tanış olanda mənim iyirmi, onun on doqquz yaşı vardı. Tibb universitetinin üçüncü kursunda oxuyurdum. Hər evdə internet yox idi, olanlar da bəzən yarım saat çəkən bir neçə uğursuz cəhddən sonra qoşulurdu. Virtual bir forum vardı, ikimiz də onun üzvü idik, təxminən eyni yaşda gənclərdən ibarət, güclü senzurası olan bir forum. Yüngül xasiyyətli adamlara burda yer yoxmuş kimi təəssürat vardı, çünki adminin xoşuna gəlməyən, əxlaqdan kənar hesab etdiyi postlar silinirdi, müəllifi forumdan kənarlaşdırılma xəbərdarlığı alırdı. Forumçularla görüşə getmək üçün iki gün ac qalmışdım. Evdən icazə vermirdilər deyə küsmüşdüm, iştahım qaçmışdı. Axırda anamın rəhmi gəlmişdi.
Ali təhsil almaq üçün Lənkərandan Bakıya gəlmişdi Cəlal, universitetə qəbul olana qədər də şagirdləri ancaq oğlanlardan, müəllimləri ancaq kişilərdən ibarət bir litsey bitirmişdi. Avazımış dərisi, bataqlıq rəngdə iri gözləri, palıdı, qısa, gur saçları olan arıq, hündür oğlan idi. Görən kimi diqqətimi çəkmişdi, mənə hamıdan fərqli görünmüşdü. Mənsə görüşə qədər onun diqqətini çəkirəmmiş, forumdakı yazılarımla. Sonradan bir dəfə də Səbinə ilə – forumçu idi o da – bizim universitetə gəlmişdi, ilk dəfə baxışımız onda toqquşmuşdu, təsirlənmişdim. Tanımadığım insanların gözünə baxmağa çəkinən qız idim. Qısa zaman içində evlənmək istədiyini bildirmişdi. Düzdü həmişə sevdiyim adama ərə veriləcəyimi deyirdilər, amma deməsələr də bildiyim başqa bir “həqiqət” də var idi, sevəcəyim adamın niyyəti sevmək yox, evlənmək olmalı idi. Yəni sonda məni evlənmək üçün seçən kimsəyə aşiq olacaqdım. Oldum da. Səni sevirəmə quru mən də ilə cavab verən birinə.
Yeniyetməlik xəyallarımda hər zaman təklik arzulamışam, evim, itim olacaqdı, ürəyim istəyəndə avtostopla səyahətə çıxacaq – niyəsə xəyalımda qırmızı pikapın arxasında günəşin, küləyin altında yol gedirdim – tanımadığım yerlərdə tanımadığım adamlarla vaxtımı keçirəcək, ürəyim istərsə, gücüm yetərsə qarşılıq və minnətdarlıq gözləmədən fayda verəcək, sonra məkan dəyişdirəcəkdim, öyrənəcək, düşünəcək, yaşayacaqdım. İndi mənə aydındır ki, mən evdən qaçmaq üçün evlənmək istəmişəm. Qız doğulmağın bəxş etdiyi qadağalardan yorulmuşdum, nə intihar etməyə, nə də evdən ayrılmağa cəsarətim çatırdı. Hər iki halda anam çox üzüləcək bəhanəsiylə fikrimdən daşınırdım.
Günün