Canlı əhvalatlar. Cek Kenfild

Читать онлайн.
Название Canlı əhvalatlar
Автор произведения Cek Kenfild
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8452-1-1



Скачать книгу

furqonun damı altındakı çarpayıdan sıçrayıb qalxdım və pəncərədən çölə baxdım. Bayırda gördüklərim məni yuxudan tam ayılmağa məcbur etdi: üzümaskalı kişilər maşını dövrəyə almışdılar və yumruqlarını qapı-pəncərəyə çırpırdılar. Qabaqlar macəra filmlərinə baxanda özümə həmişə sual verərdim ki, görəsən mən nə vaxtsa əsl təhlükə ilə qarşılaşsam hansı hissləri keçirərdim? Neyləmək olardı, mən vaxt itirmədən dərhal «qəhrəman» obrazına girdim. Heç bir qorxudan söhbət gedə bilməzdi – ailənin şərəfini qorumaq vaxtı çatmışdı.

      Cəld sürücü yerinə keçib açarı hərlətdim. İşə bax ki, bütün səyahət müddətində mühərrik dərhal işə düşmüş, bizi bir dəfə də olsun peşman etməmişdi. Amma bu dəfə o yalnız bir neçə dəfə «asqırıb» sönməklə kifayətləndi. Bu vaxt sürücü oturan tərəfin şüşəsi qırıldı və mən kabinəyə soxulan hansısa əli gördüm. Dərhal da ona zərbə ilişdirdim (burda necə də zorakı olmayasan! Bütün həyatım boyu mənə hakim kəsilən pasifist inam təhlükənin təzyiqi altında bir andaca puça çıxdı. Sonradan mən silahım olmadığına dəfələrlə sevinəcəkdim, çünki çox ehtimal ki, mən bu vəziyyətdə silahı dərhal işə salardım).

      Mühərriki işə salmaq şansı qalırdı. Öz xəyalımda qəhrəman rolunu mən indiyəcən bəlkə min dəfə oynamışdım və bu rolu gerçək həyatda da oynaya biləcəyimə əsla şübhə etmirdim. Açarı daha bir dəfə burub hərlətdim. Mühərrik canlanan kimi oldu, di gəl ki, tez də yenidən yatdı. Sonra tüfəngin lüləsi hülqumuma dirəndi. Beynimdən bir fikir keçdi: «İndi belə çıxır ki, mən öz ailəmi xilas edə bilməyəcəm?»

      – Pul! Pul ver! – deyə quldurlardan biri qışqırırdı; aralarında ingiliscə az-maz danışa bilən təkcə elə o idi.

      Lülənin ucu az qala boğazımı deşirdi. Mən əlimi oturacağın alt tərəfinə apardım və pul kisəmi sınmış şüşədən quldura tərəf uzatdım. Güman etmək istərdim ki, məsələ bununla da bitəcək.

      Amma bitmədi.

      Maşının sınıq şüşəsindən əllərini içəri soxan meksikalılar qapının kilidini açdı və əlisilahlı adam mənə güclü zərbə endirdi. Mən döşəmənin üstünə yıxıldım və quldur dəstəsi hay-küylə furqona doluşdu. Onlar eynən ikinci dərəcəli ucuz Hollivud filmlərindəki meksikalı banditlərə oxşayırdılar. Üzlərini yaylıqla örtüb gizlədən soyğunçular dörd nəfər idilər: birinin əlində silah, birinin əlində qəssab bıçağı, birində maçete4 vardı; dördüncü quldur isə silahsız idi. Mən onların çiyinlərindən patrontaş asılmadığına az qala hələ təəccübləndim də. Quldurlardan biri tüfəngin lüləsini sinəmə dirəyib məni tərpənməyə, yerdən qalxmağa qoymurdu, o birilər isə ispanca çığırışa-çığırışa furqonun altını üstünə çevirir, şey-şüyləri ələk-vələk eləyirdilər.

      Maraqlıdır, nə qədər ki, mən ailəmin xilası üçün nəsə eləyə bilərdim (ya da ən azından xam xəyala qapılanda ki, bəs guya nəsə eləyə bilərəm, məsələn, mühərriki işə salaram), canımda bir tikə də qorxu-filan yox idi, hərçənd qanımda adrenalin bəs edirdi. İndi isə, tüfəng sinəmə dirənmiş halda döşəmədə çılpaq uzanıb qalarkən mən öz köməksizliyimi hiss edirdim. Və əsməyə, titrəməyə başladım; qorxudan məni dəhşət bürüdü.

      Maraqlı həyəcandır. Tezliklə mən öz qorxuma isinişdim: daha bir az – və qorxu tamam yoxa çıxacaqdı. Beynimdə qəfil fikir doğdu: meditasiyaya yüklənməyin və Tanrıdan kömək istəməyin məqamıdır. Mən dərindən ah çəkdim və köməyə çağırdım.

      «Düşmənimin gözü qarşısında mənə süfrə açdın» – zəbur surəsi (22:5) içimdə ucadan və aydın səslənməyə başladı.

      – Nə? – deyə mən özümdən sakitcə soruşdum. – Başa düşmürəm, bu nəyə gərəkdir! – və dərhal da təsəvvürümdə necə bir bayram süfrəsi hazırladığımı canlandırdım.

      Onda mən özümə dedim: hə, bizə quldurlar basqın ediblər və işlərimiz xarabdır. Amma əgər bütün bunlar başqa cür olsaydı, onda necə alınardı? Əgər onlar quldur yox, gecənin soyuğunda bizə çöllükdən qonaq gəlmiş köhnə dostlarımız olsaydılar, onda necə? Əlbəttə, mən onların gəlişlərinə şad olardım və hamısını da ən hörmətli qonaqlar kimi qarşılayardım.

      Bədənimin hansısa hissəsi xəyalımda dəhşətli zorakılıq və qətl səhnələri fırladırdı. Amma eyni zamanda mənim daxilimdə yeni imkanlara maraq göstərən aydın, sakit bir məkan açılmışdı. Axı, onlar da Allah adamlarıdır. Mən bəyəm özümə az demişdim ki, məqsədim – insanlara xidmət etməkdir? Bu da sənə insanlar!

      İndi mən quldurlara yeni gözlə, insani nöqteyi-nəzərdən baxırdım. «Bir dayan görüm ey! Bunlar bandit-filan deyil! İlahi, onlar ki, hələ uşaqdılar!»

      Birdən mənə aydın oldu ki, qarətçilər çox cavan, təcrübəsiz və ağılsız uşaqlardı. Onlar əsəbiləşib özlərindən çıxırdılar. Onların amansızlığı və çığır-bağırları gücə yox, qorxuya dəlalət edirdi. Furqonun içində ağalıq edən cahıllar bir çox qiymətli qənimətləri görmədən əşyaları səliqəsiz şəkildə töküb-töküşdürməklə məşğul idilər. Və bu vaxt beynimdə qəribə bir aydınlıq əmələ gəldi: «süfrə açmaq» bizi talamaqda onlara kömək etmək demək idi.

      Mən ingiliscəni bilən cahıla üz tutdum:

      – Ey, siz ən yaxşı şeyləri görmürsünüz! Bax, orda pal-paltar topasının altında yaxşı bir kamera var.

      Oğlan mənə çaşqın nəzərlərlə baxıb, sonra yanındakılardan birinə ispanca nəsə dedi, o da dərhal kameranı mənim nişan verdiyim yerdən tapıb çıxartdı.

      – Otuz beş millimetrlikdir. Çox yaxşı şəkillər çəkir, – deyə mən onu həvəslə başa salıb, sözümə davam etdim: – Sənin dostların nahaq yerə hər şeyi qatıb-qarışdırırlar. Qiymətli şeylərin yerini mən özüm sizə göstərərəm.

      Oğlan yenə məni qəribə baxışlarla süzdü. Mənim davranışım onun kobud qarət ssenarisinə qətiyyən uyğun gəlmirdi.

      Mən şeyləri bir-bir onlara göstərdim.

      – Necədir, əla gitaradır? – mən barmağımı gitaranın tellərinə toxundurub soruşdum. – Çala bilirsiniz? Kimsə bunu götürmək istəyir? Bax, «Sony» pleyeri, əla qulaqcıqlar, batareyalar, bir neçə kaset də var! Kim istəyir? Hansınıza lazımdırsa, götürün!

      Mən xatırladım ki, bir vaxtlar hindular əllərində olan hər şeyi bizə verirdilər, özü də, demək olar ki, müftə. Fikirləşdim ki, bizim günlərimizdə sərvət bölgüsü dedikcə qeyri-bərabər vəziyyətdədir və bu uşaqların bizim şeylərimizə sahib çıxması hansı mənadasa hətta ədalətli olacaq. Öz şeylərimizi onlara bağışlamaq imkanı mənə məmnunluq bəxş etməyə başladı və fikirləşdim ki, görəsən, bu cavanlara mən daha nə bağışlaya bilərəm.

      Qurbanlıq rolunu rədd edərək, mən artıq şəraitə təsir etməyə başlamışdım, amma hər necə olsa vəziyyəti tam dəyişə bilmədim. Xüsusən də, əlində qəssab bıçağı tutmuş oğlan özünü heç də taraz aparmırdı. Ola bilsin, narkotikin təsiri öz sözünü deyirdi. O, məni elə hey itələyir və nəsə çığırırdı.



<p>4</p>

Maçete – soyuq silah, dəhrə (ispanca).