Seçilmiş əsərləri. Cəlil Məmmədquluzadə

Читать онлайн.
Название Seçilmiş əsərləri
Автор произведения Cəlil Məmmədquluzadə
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8252-1-3



Скачать книгу

bəy, peyğəmbər haqqı məndə yoxdu. Olseydi hansı qurumsaq müzayiqə elərdi?

      – Özündə yoxdu, özgədən tap. Qərəz, onu-bunu bilmirəm, gərək nə yolnan olsa, tapıb verəsən.

      Kərbəlayı Cəfər bir az fikirdən sonra dedi:

      – Vallah, yaxşı deyirsən. Amma indi əsr çox xarabdı. Hanı indi elə bir Allah bəndəsi ki, adamın əlini tutsun? İndi hər kəsə gedim deyim mənə bir yeddi manat lazımdı, deyəcək gətir yanımda on yeddi manatlıq bir şey zaloq15 qoy.

      – Heç zərər yoxdu, nə eybi var. Sən bir elə adam tap ki, mənə yeddi manat versin, mən onun yanında on yeddi manatlıq şey girov qoyum. Genə sözün var?

      Kərbəlayı Cəfər genə bir qədər fikir eləyib cavab verdi:

      – İndi sənin yanında nəyin var ki, zaloq qoyasan?

      – O sənə borc deyil. Sən pulu tap, gör qoyaram, ya yox.

      – Axır necə ola bilər ki, mən bilmiyim, sən necə şey girov qoyacaqsan?! Bəlkə pul sahibi sən qoyduğun şeyi qəbula götürmədi.

      Xudayar bəy bir qədər duruxdu. Çubuğu götürüb başladı doldurmağa. Üzünü Kərbəlayı Cəfərə tutub alçaqdan dedi:

      – Kərbəlayı Cəfər əmi, sən hər kəsdən olmuş olsa, mənə yeddi manat tap, gətirdiyim eşşək olsun zaloq. Nə vaxt mən sənin pulunu gətirib verdim, sən də mənim eşşəyimi qaytarıb verərsən özümə.

      – Xa-xa-xa! Xa-xa-xa!.. Xudayar bəy sənin dəstgahın varmış… xa-xa-xa! A kişi, sən zarafat eləyirmişsən… xa-xa-xa…

      – Qardaş, daxı niyə gülürsən? Hansı məlun zarafat eləyir?!

      – Xa-xa-xa… A kişi, eşşək sənin deyil ki, onu girov qoyasan! Söz yox, qoyarsan. Amma sabah olcaq eşşəyin sahibi gəlib eşşəyi aparacaq da!.. Xa-xa-xa…

      – Yavaş, qoy görək, a kişi, bir az yavaş gül, qoy sözümü deyim. And olsun Allaha, mən zarafat eləmirəm. Yaxşı, eşşəyin sahibi nə deyib səndən eşşəyi istəyəcək? Eşşəyin sahibi sənə kimin yanında eşşək tapşırıb? Bəli, gəldi dedi “mənim eşşəyim burdadı, eşşəyimi ver”. Deyərsən “kimin yanında sən mənim karvansarama eşşək qatmısan?” Ya xeyr, sənə dedi “pəs eşşək necə oldu?”, sən də de ki, “eşşəyi hər kəs gətirib bura qatmışdı, haman adam da eşşəyi çıxardıb apardı”. Onnan sonra mən bilirəm, eşşəyin sahibi bilər. Dəxi sənə nə dəxli var?..

      Bu sözləri deyəndən sonra Xudayar bəy çubuğu uzatdı Kərbəlayı Cəfərə. O da çubuğu alıb, məşğul oldu çəkməyə. Bunların söhbəti çox uzun çəkdi. O, belə dedi, bu belə dedi. Axırı bu cür şərt bağladılar: Kərbəlayı Cəfər Xudayar bəyə yeddi manat versin və eşşək qalsın onun ixtiyarında. Hər nə eləyir eləsin: ya satsın, ya gizlətsin, ya nə eləyir eləsin. Xudayar bəy də kəndə qayıdıb xəbər versin ki, eşşək karvansaradan oğurlanıb. Hərgah Məhəmmədhəsən əmi çox atılıb düşsə və şıltaq eləsə, Xudayar and-aman içsin ki, mirovoy suda ərizə verib, karvansaraçıdan eşşəyi istəyər. Əgər Məhəmmədhəsən əmi şəhərə gəlib, Kərbəlayı Cəfərdən əhvalatı soruşsa, Kərbəlayı Cəfər and içsin, aman eləsin ki, həqiqətdə eşşək oğurlanıb; yəni Xudayar bəyin bu işdə heç günahı yoxdu.

      Bu cür tədbiri tökən kimi Kərbəlayı Cəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi oturdu və cibindən bir beşlik və iki təklik çıxardıb, qoydu Xudayar bəyin qabağına. Xudayar pulu götürüb qoydu cibinə, bir qədər dikəldi. Sağ əlini Kərbəlayı Cəfərin qabağına uzadıb dedi:

      – Ver əlini mənə.

      Kərbəlayı Cəfər həmçinin sağ əlini verdi Xudayar bəyin əlinə.

      – Kərbəlayı Cəfər əmi, Allah sənin oğlunu saxlasın və səni səlamət eləsin. Allah öz birliyi xatirinə sənə bu sövdədə xeyir versin.

      IV

      Xudayar bəy yeyib qarnı tox və yeddi manatı cibinə qoyub, arxayın və rahat uzanıb yatdı. Yəqin ki, çoxdandı onun yuxusu bu gecəki kimi şirin olmamışdı.

      Amma dünyada bəzi vaxt, bəlkə də çox vaxt çox təəccüblü işlər ittifaq düşür. Məsəla, indi bu saat burada Xudayar katda ləzzətnən yıxılıb yatdı. Amma elə bu saat Danabaş kəndində üç yerdə matəm qurulubdu. Üçünə də Xudayar bəy özü bais olubdur. Doğrudan çox gülməli əhvalatdı və çox qəşəng əhvalatdı. Ondan ötrü qəşəng əhvalatdı ki, adam gülür, ürəyi açılır. Yoxsa nəyə lazımdır qəm və qüssə gətirən hekayət?!

      Bəli, bu saat, elə bu dəqiqə, bu gecə səhərə kimi Danabaş kəndində üç evdə matəm qurulubdur. Biri Məhəmmədhəsən əminin evində, – necə ki, məlumdu, – biri Xudayar bəyin öz evində və biri də Xudayar bəy istəyən övrətin, yəni Zeynəbin evində. Hələ Xudayar bəy şəhərdə qalmalı olsun, keçək Danabaş kəndinə və Zeynəbin matəmindən başlayıb, deyə-deyə gələk çıxaq başa.

      Zeynəb qırx-qırx iki yaşında, kök, dolu və qarabuğdayı bir övrətdir. İki il bundan irəli əri Kərbəlayı Heydər ölüb. Qalıbdı bir oğlu Vəliqulu, on yeddi yaşında, iki də qızı: Fizzə yeddi yaşında və Ziba dörd yaşında.

      Zeynəb nə Zeynəb!

      Hanı irəliki Zeynəb? Onu iki il bundan əqdəm16 görən indi heç tanımaz. Zeynəbi görəydiniz əri Kərbəlayı Heydərin sağlığında. Danabaş kəndində Zeynəbin adı tək idi gözəllikdə.

      Zeynəb uşaqlıqda bir yetim qız idi. Amma çox gözəlliyi səbəbə bibisi aparıb öz evində saxladı, bu qəsd ilə ki, alsın öz oğluna. Qərəz, bibisinin oğlu öldü və Zeynəbin adı bir elə şöhrət tapdı ki, elçi-elçi üstdən tökülüb gələrdi. And içirlər ki, bir ilin içində Zeynəbin on dörd müştərisi var idi. Hamısı da ağıllı-başlı yerlərdən. Axırı qismət belə gətirdi ki, Zeynəbi verdilər Heydərə; yəni çox yaxşı elədilər ki, verdilər Heydərə. Ondan ötrü ki, Heydərin atası Kərbəlayı İsmayıl kəndin mötəbər şəxslərindən biri idi və Zeynəbin qeyri müştərilərindən nə dövlətdə əskik idi, nə də hörmətdə.

      Zeynəb Heydərə gələndən üç il sonra Kərbəlayı İsmayıl vəfat edib, doqquz ulağ, dörd-beş baş qaramal, iyirmi üç qoyun və yeddi keçi və iki xalvar zəmi qoyub getdi. Söz yox, dövlətin yarısı çatdı Heydərə və yarısı da qardaşı Rzaya.

      Bir ildən sonra Rza öldü və Heydər atasının dövlətinə tək oldu malik və işi gəldikcə başladı tərəqqi eləməyə. Amma bununla belə, söz yox, xərci də az deyildi. Əvvəla, atasının və qardaşının ehsan və Kərbəlaya göndərmək xərci və sonra özü də Kərbəlaya gedib qayıdıb, genə dalı düşdü. Necə də dalı düşməsin? Hesab eləyirdi ki, atasının və qardaşının nəşlərini Kərbəlaya göndərməkliyə və öz Kərbəlaya getməkliyinə düz iki yüz manat xərci çıxıb. Amma Allah-taala rəhim Allahdır. Çünki bu pulları Kərbəlayı Heydər mübarək yolda xərcləmişdi, genə axırda Allah-taala öz qüdrət əli ilə Kərbəlayı Heydərin işini düzəltdi. Belə düzəltdi ki, Kərbəlayı Heydər öləndə özünə yetmiş manat xərc çıxdı və bundan əlavə övrəti Zeynəbə iki yüz əlli



<p>15</p>

Girov

<p>16</p>

Qabaq, əvvəl