Qala. Арчибалд Джозеф Кронин

Читать онлайн.
Название Qala
Автор произведения Арчибалд Джозеф Кронин
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8451-1-8



Скачать книгу

başlandığını – ilk xəstə üstünə getdiyini düşünərək sevincək olmuşdu.

      Mənson palçıqlı, qaranlıq boş sahəni keçib, Çepel-stritlə missis Peycin ona əməlli-başlı izah etmədiyi istiqamətdə irəlilədiyi zaman yağış hələ də yağırdı. Küçələrindən keçdiyi şəhər qaranlıq içindən dumanlı halda qarşısında peyda olurdu. Dükanlar, bir düjinə qədər saydığı sektant kilsələri – Sion, Gebron, Vefil1, Vefizda2 kilsələri, sonra böyük kooperativ universal mağaza, Qərb bankının şöbəsi… Bütün bunlar vadinin lap dibində yerləşmiş yeganə baş küçə boyu uzanıb gedirdi. Şəhərin dağlar arasındakı yarğanın dibində gömüldüyünü görüb, bu barədə fikirləşdikcə adam lap dilxor olurdu.

      Küçədə çox az adam vardı. Çepel-stritdən hər iki tərəfə düzbucaq altında göy damlı evlərin saysız-hesabsız sırası uzanırdı. Bunlar fəhlələrin evləri idi. Uzaqlarda, vadinin girəcəyində gematit3 mədənləri və zavodları görünürdü, orada alovların şəfəqi qaranlıq səmaya nəhəng yelpinc kimi yayılmışdı.

      Mənson Qlayder-pleysdəki yeddi nömrəli evə çatıb tövşüyə-tövşüyə qapını döydü. Onu dərhal içəri buraxıb mətbəxə gətirdilər, burada taxçaya yerləşdirilmiş çarpayıda xəstə bir qadın uzanmışdı. Bu cavan qadın pudlinqçi Vilyamsın arvadı idi. Mənson ürəyi bərk döyünə-döyünə yatağa yaxınlaşdı, həyatında, nəhayət, həlledici anın gəlib çatdığını fikirləşincə həyəcandan dizləri zəiflədi, əsdi. Axı professor Lemplaf öz palatasında xəstələri nümayiş etdirərkən, tələbələr arasında durub onu dinləyən Mənson bu anı təsəvvüründə nə qədər canlandırmışdı! İndi ətrafda ona kömək edə biləcək adamlar yoxdu, ona heç kəs izahat vermirdi. O, tək-tənha, özü diaqnoz qoymaq, heç kəsin köməkliyi olmadan xəstəni sağaltmaq zərurəti ilə baş-başa qalmışdı. Birdən-birə ani və kəskin qorxu hissi ilə o, təcrübəsizliyini, əsəbiliyini, belə bir vəzifənin öhdəsindən gəlməyə qətiyyən hazır olmadığını dərk etdi.

      Yarıqaranlıq daş döşəməli, darısqal, mətbəxdə dayanan ərinin yanındaca o, xəstə qadını hərtərəfli, diqqətlə müayinə etdi. Xəstəliyin ciddiliyinə şübhə yoxdu. Qadın dözülməz baş ağrısından şikayətlənirdi. Hərarəti, nəbzi, dili – hər şey onun ağır xəstəliyə tutulduğunu göstərirdi. Qadını ikinci dəfə müayinə edən Əndru bütün diqqətini toplayıb gərginliklə özünə bu sualı verirdi: axı bu hansı xəstəlikdir? İlk xəstə!

      O, əlbəttə, əlindən gələni edəcək… lakin yanılsa, qaba bir səhvə yol versə onda necə? Ondan da pisi – diaqnoz qoya bilməsə? Xəstəni müayinə edərkən o heç bir şeyi nəzərdən qaçırmadı. Heç bir şeyi! Bununla belə məsələnin həllini tapa bilmirdi. Bütün xəstəlik əlamətlərini fikrən bir yerə toplayıb onları məlum xəstəliklərdən birinə şamil etməyə çalışdı. Nəhayət, müayinəni uzatmağın mümkün olmadığını hiss edərək, o, asta-asta qəddini düzəltdi, stetoskopunu hissələrə ayırıb gizlətdi, lakin o, hələ də nə deyəcəyini bilmirdi. Gözlərini döşəməyə dikib soruşdu:

      – Görünür özünü soyuğa verib, hə?

      Bütün müayinə müddətində üzündə qorxu ifadəsi olan Vilyams cəld təsdiq etdi:

      – Bəli, doktor, tamamilə doğrudur, üç-dörd gün olar. Doktor, mən əmindim ki, bu soyuqdəymədir.

      Əndru başını tərpədib bütün varlığı ilə bu adama özündə hiss etmədiyi bir inam aşılamağa çalışdı. O, mızıldandı:

      – Tezliklə onu ayağa qaldırarıq. Yarım saatdan sonra ambulatoriyaya gəlin, onun üçün dərman verim.

      O, xudahafizləşib çıxdı, başını aşağı salıb fikirləşə-fikirləşə gəlib ambulatoriyaya çatdı. Ambulatoriya Peycgilin evinə doğru uzanan xiyabanın lap başlanğıcında qərar tutmuş yarıuçuq taxta tikili idi.

      Əndru içəri girib qazı yandırdı, toz basmış rəflərdəki göy və yaşıl butulkalar arasında var-gəl edərək həmin məsələ üstündə yenə baş sındırmağa, onun düzgün həllini, xəstəliyin kökünü axtarmağa başladı. Xəstəliyin ümumi mənzərəsində simptomatik heç bir şey yoxdu. Bəli, bu, gərək ki, soyuqdəymədir.

      Lakin Əndru qəlbinin dərinliyində bilirdi ki, bu, soyuqdəymə deyil. Öz bacarıqsızlığına hirslənən qorxmuş gənc həkim ümidsizlikdən inlədi. O, fikirləşdi ki, diaqnoz qoymağı hələlik təxirə salmalı, bir müddət gözləməlidir. Professor Lemplafın klinikasında belə qaranlıq, çətin vəziyyətlərdən ötrü üstündə nəzakətlə "Qeyri-müəyyən mənşəli Pyrexia"4 sözləri yazılmış zərif kartoçkalar olurdu. Belə diaqnoz, həm düzgündü, həm də qeyri-müəyyəndi, həkimin boynuna məsuliyyət qoymurdu, əsası da budur ki, çox gözəl və elmi səslənirdi!

      Əndru tamam ruhdan düşmüş halda aptek piştaxtasının altındakı qutudan altı unsiyalı bir şüşə götürüb qaşqabağını tökərək fikirli-fikirli qızdırma salan dərman hazırlamağa başladı. Spiritus aetheris nitrosi, salisil natrium – bu zəhrimar natrium salisil harda itib-batıb? Aha, burda imiş ki! O, özünə ancaq bununla təskinlik verməyə çalışırdı ki, bütün bunlar çox gözəl, təsirli dərmanlardır, qızdırmanı mütləq salmalı, xəstənin halını yaxşılaşdırmalıdır. Professor Lemplaf tez-tez deyərdi ki, salisil natriumdan yaxşı, qiymətli dərman yoxdur.

      Sulu dərmanı təzəcə hazırlayıb qurtarmış Əndru özündən bir qədər razı halda siqnaturanı yazırdı ki, zəng çalındı, qapı küçə tərəfdən açıldı və orta boylu, enli kürəkli, dolu bədənli, qırmızı sifətli, otuz yaşlarında bir kişi içəri girdi, dalınca da bir it. Araya çökən sükutu bir müddət heç kəs pozmadı. Qarışıq cinsli qara-kürən rəngli it palçıqlı dal pəncələri üstə çömbəlib oturdu, çiyinlərinə saldığı yaş müşəmbə plaşının altından nimdaş məxmər kostyumu, uzun şaxtaçı corabları və mıx vurulmuş başmaqları görünən sahibi isə Əndrunu başdan-ayağadək gözdən keçirməyə başladı. Kişi danışmağa başlayanda səsinin ahəngində incə bir istehza və adamı əsəbiləşdirən ədəb-ərkan duyulurdu.

      – Burdan keçirdim, pəncərədə işıq gördüm, buna görə də sizə baş çəkmək, sizinlə tanış olmaq qərarına gəldim. Mən – Denniyəm, A.C.L.V. möhtərəm doktor. Nikolsun köməkçisi. Bu da (əgər bilmirsinizsə) "Aptekçilər cəmiyyətinin lisenziya verəni" deməkdir. Bu, allaha və insanlara məlum olan adların ən yüksəyidir.

      Əndru ona bir qədər şübhə ilə baxdı. Filipp Denni cibindən çıxartdığı əzik kağız paçkadan papiros götürüb alışdırdı, kibriti yerə tulladı, saymazyana yaxına gəldi. Dərman dolu butulkanı əlinə aldı, resepti və dərmandan istifadə qaydasını oxudu, şüşənin ağzını açıb iylədi, təzədən tıxacla bağlayıb yerinə qoydu. Onun qaşqabaqlı qırmızı sifəti mülayimləşdi, razılıq ifadə etdi.

      – Çox gözəl! Siz artıq işə başlamısınız! "Hər üç saatdan bir xörək qaşığı". Ey mərhəmətli allah, bütün həkimlərin səcdəgahı olan bu sevimli kəlamlara təzədən rast gəlmək necə də xoşdur! Bəs, doktor, nə üçün gündə üç dəfə yox, üç saatdan bir? Bəs sizə məlum deyilmi ki, ciddi ortodoksal



<p>1</p>

Qədim yəhudilərdə Allah evi.

<p>2</p>

Qədim yəhudilərdə Mərhəmət evi.

<p>3</p>

Qırmızı dəmir filizi, “qanlı filiz”.

<p>4</p>

Pyrexia – qızdırmalı vəziyyət.