Название | Hekayələr |
---|---|
Автор произведения | Энвер Мамедханлы |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243796 |
Birdən ovçu diksindi. Maralın şüşəyə dönmüş gözlərində uzaq ulduzların ölgün işıqları titrəyirdi. Möcüzə baş verməmişdi, maral artıq nəfəs almırdı.
Ovçu ayağa qalxdı, tüfəngini çiynindən çıxarıb gölə atdı. Artıq ovçuluq qurtarmışdı, öz ehtirasının əqrəbi dönüb özünü çalmışdı. Son güllə ilə yıxdığı son ov – indi öz səadəti idi.
Ovçu obaya qayıdarkən gecəyarıdan xeyli keçmişdi. Yarıqaranlıq komada isə Pərinin başı üstündə bir şam yanırdı, bir ana. Ovçu içəri girərkən ana durub getdi. Pəri isə gözlərini açıb bir müddət dumanlı baxışlarla qapı ağzında dayanmış ovçuya baxdı. Əvvəlcə qız onu tanıya bilmədi, sonra birdən tanıyarkən yerindən sıçrayaraq çağırdı:
– Laçınım, bu nə haldır, sənin başın ağarıb. Laçınım, kor olsun Pərin, sənin başına bəla gətirdim.
Ovçu Pərinin yatağı yanına yıxılıb qızın dizlərinə qapandı:
– Bir yox, min bəla gəlsin başıma, sevgilim, – dedi. – Təki sən ayağa qalx, göyərçinim, təki sən ayağa qalx!..
Pəri çiyinləri titrəyən ovçunun başını dizi üstündən qaldıraraq qolları arasına aldı, bir müddət susdu, gözləri yol çəkdi, sonra qız həzin bir səslə oxudu:
Göydə göyərçin ağlar,
Yuvada laçın ağlar.
Sən yadıma düşəndə
Başımda saçım ağlar.
Ovçu başını qaldırdı, şamın titrək işığında sevgilisinin gözlərinə baxdı. Pəri ovçunun baxışlarına davam gətirməyərək var qüvvəsilə onu bağrına basdı:
– Yox, elə baxma, elim-günüm, bütün marallar, bütün pərilər sənə qurban! Neyləyək, qismətimiz bu imiş… Get, laçınım, daha bu yerlərdə qalma… Qayıt öz elinə, qayıt öz obana, orada səni gözləyənlərin gözünü yolda qoyma… Elə bu gecə, laçınım, bu gecə baş alıb get, bəlkə, o uzun yollarda qəmin dağıla…
Qızın ovçunu qucaqlamış qolları sustalıb açıldı, boynu vurulmuş bir quş kimi yana əyildi, başı yastıq üzərinə düşdü. O zaman komada ovçunun qulaqlarını batıran bir sükut cingildədi. Sevgilisinin əbədi olaraq bu sükuta qərq olduğunu görən ovçu fəryad edərkən, nəfəsi vurub şamı söndürdü. Ovçu ocağı sönmüş komasında dəhşətli bir qaranlıq ilə üz-üzə qaldı.
Pərini torpağa təslim edəndən sonra bütün oba, on dörd koma ovçunu da laləli dərənin kənarına qədər ötürdü. Əşrəf baba ovçunun başı üstündən dumana bürünmüş uzaqlara baxaraq dedi:
– Bu cığırları düz tutub gedərsən, ovçu, o, səni arana, gəldiyin yerə aparar… Get, ovçu, sənin ucbatından dağlarımız maralsız, obamız pərisiz qaldı, amma biz sənə qarğış eləmirik. Görünür, bəxtin çox qara imiş, bir gecədə öz başın ağardı.
Ovçu yola düzəldi.
O yalnız bircə dəfə dönüb geriyə, tərk edib getdiyi diyara baxdı. Tutulub qaralmış meşələr, qaşları çatılmış uca dağlar ağır bir sükut içində onu yola salırdı.
Sonra o, bir dəfə də olsa dönüb geriyə baxmadı. Dağlardan enən cığırlardan, düzənlərdə uzanan yollardan sanki bir yuxu içərisində keçib gedirdi. Nə açılan səhərləri, nə də qaralan axşamları bir-birindən ayıra bilirdi. Nə qədər keçəndən sonra yaşadığı yerlərə gəlib çıxdığının, nə vaxt doğma bir evin qapısını döydüyünün fərqinə varmadı.
Qapını açan anası oğlunu görərkən qışqırıb özünü onun üstünə saldı:
– Qabağında ölüm, oğul, – dedi, – sən ki ova getmişdin, bu başın harada ağardı?
Anasının qolları arasında birdən-birə ölümcül bir yorğunluq duyan ovçu qeyri-ixtiyari gözlərini yumaraq:
– Uzaqlarda, anacan, – dedi, – uzaqlarda… Əfsanəli dağlarda.
O zamandan ovçu qapanıb evində qaldı. Bir-birini təqib edərək ehtirasla onu çağıran ov mövsümlərinə qarşı artıq biganə idi. Günləri fikir-xəyal içində keçirdi, gözləri divardakı solğun bir kölgəyə, bir vaxtlar tüfəngini asdığı, indisə boş qalan yerə sataşanda diksinirdi, gəlib saatlarla pəncərə ağzında otururdu, səhər alaqaranlığında evinin yanından ötüb uzaqlaşan çiyni ov tüfəngli kölgələr arxasınca zillənən gözləri yol çəkirdi.
Səhər və axşamlar növbə ilə onun pəncərəsindən ağ və qara pərdələr asır, lakin ovçu bunun fərqinə varmır, həyatı sürükləyib aparan zamanın qoşa dalğaları – nə gündüz, nə də gecə onu bağlanıb qaldığı bir nöqtədən, keçmişin xatirə sahilindən qopara bilirdi.
Lakin nə zaman ki tufan qopardı, nə zaman ki göydə qara buludlar çaxnaşardı, qalın meşələrdə ağacların təpələri qaynayardı, dağlardan boğuq bir uğultu qopardı, o zaman ovçunun da ürəyi kükrəyən bir dəniz kimi təlatümə gələrdi.
O amansız bir təlaş, tutqun bir həyəcan içərisində nəyə isə qulaq verərdi. Bütün bu gurultu və vıyıltılar içərisindən ovçunu başqa bir səs çağırardı.
Bu səs sanki uzaqlardan, maralsız qalmış dağlardan, pərisiz qalmış obalardan qopub gələr, dumandan onu haraylardı.
Bu zaman ovçu çiyinlərini əzən dağ ağırlığını aşırmaq üçün çırpınar, baş alıb hara isə qaçmaq ehtiyacı duyar, yenə uzaq dağların başına qalxıb günəşin doğmasını, üfüqlərin geniş çevrəsini, meşələrin qaynayıb dalğalanmasını görmək istərdi.
Nəhayət, bir gün ovçu qətiyyəti ilə ayağa qalxdı, cəld evdən çıxıb harasa getdi, yalnız axşamüstü qayıdaraq, özü ilə bərabər bir yığın kitab gətirdi. Sonra atadanqalma naxışlı, köhnə xurcunu tapıb, hər iki gözünü gətirdiyi kitablarla doldurdu.
İçəri girən anası oğlunun harasa getməyə hazırlandığını görüb təlaşa düşdü:
– Yenə səfərin haradır, oğul? – dedi.
Ovçu başını qaldıraraq:
– Uzaqlara, anacan, – dedi, – uzaqlara… Əfsanəli dağlara. Orada kitab yoxdur, mən oraya kitab aparmalıyam. Mövhumat cəngəlində məhv olan sevgilimin intiqamını almalıyam. Orada mövhum kölgələrə, batil etiqadlara atdığım güllə qayıdıb öz ürəyimə dəydi. Sonra ayıldım, şəxsi fəlakət mənim üçün müəllim oldu. İndi bu kitablardır mənim silahım, indi işıq saçan bu silahla mən əbədi olaraq qaranlığa qarşı