Hekayələr. İsi Məlikzadə

Читать онлайн.
Название Hekayələr
Автор произведения İsi Məlikzadə
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952243826 



Скачать книгу

39-cu il idi, qardaş, indi 85-di. Gör neçə il keçib. – Həsən yaxınlıqdakı maşının yanında işləyən oğlanı göstərib:

      – Kiçiyimdi, – dedi, – mənə oxşayır?

      Mirzə gözlərini qıyıb oğlana baxdı.

      – Yox, sarışındı, anasına oxşayır, – dedi və birdən oğlanı səslədi:

      – Ay bala, onu düz qoymursan! – Mirzə oğlana yanaşdı, açarı ondan alıb özü başladı işləməyə.

      Həsən dedi:

      – Sən olan tərəflərdə pambıq əkmirlər, bu maşına hardan bələdsən?

      Mirzə əllərini Həsənin əlindəki əsgiyə sildi.

      – Mən motorçuyam, – dedi. – Daş kömür mədənində cürbəcür maşın var. Davada da tankçı olmuşam. Motorlardan başım çıxır. Davada olmusan?

      – Məni 44-də apardılar. Topçu idim, yüngül bir yara da almışam. – Həsən birdən-birə söhbətin səmtini dəyişdi.

      – Nə əcəb güzarın bu yerlərə düşüb?

      Mirzə cavabı ləngitdi, istədi desin ki, ölməyə gəlmişəm, ancaq demədi; bilirdi ki, köçünü o dünyaya hazırlayan adama oxşamır. Gördü ki, Həsən gözlərini zilləyib onun ağarmış qaşlarına, dedi:

      – Torpaq çəkib gətirir.

      Gecə yatağına uzananda Mirzə canında xoş bir yorğunluq duydu… Yuxuya nə vaxt getdiyindən özünün də xəbəri olmadı…

      Obaşdandan siqnal səsinə oyandı. Sonra Qədir artırmadan çağırdı onu:

      – Qağa, çöldə səni bir kişi gözləyir!

      Mirzə pijamada tez küçəyə çıxdı. Tez də qayıtdı. Şüşəbənddə dayanıb nigaran-nigaran ona baxan bacısına dedi:

      – Həsən “Jiquli”ynən gəlib dalımca. Bir az yemək qoy, aparım, bəlkə gec qayıtdım. Maşınları yığıma hazırlamaq lazımdı… İş çoxdu.

      Mirzə otağa keçib paltarını tələm-tələsik dəyişdi. Güldəstənin mətbəxdə bağlama düzəldə-düzəldə ağlamağından xəbəri olmadı.

oktyabr, 1985

      Duz

      Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.

      – Al, hələlik bunu xərclə…

      Seymur səliqə ilə bükülmüş pulun arasını açdı. Üç dənə qırmızı onluğu görüb qaşqabağını tökdü. Gah ovcundakı pula, gah da anasına baxdı. Ayrılıq dəqiqələrində ürəyini sarmış kövrəklik əriyib getdi. Deyəcəyi vida sözləri qırılmış zəncir halqaları kimi beynində dağıldı, pərən-pərən düşdü. Gözucu anasının ciblərinə baxdı. “Bəlkə yenə verdi?.. Bəlkə…”

      Firuzə sanki oğlunun titrəyən barmaqlarını görməmək üçün üzünü döndərdi. Baxışları həsir zənbilin üstündə dolandı:

      – Maşın küçədə səni gözləyir.

      Seymur qırmızı onluqları ovcunda sıxıb yumruladı:

      – Otuz manatla hara gedim?

      Firuzə istədi oğlunun hirsini dağıtsın, könlünü alsın. Gülümsədi. Və tez də peşman oldu; anladı ki, bu təbəssüm Seymurun olan-qalan səbrini çalxaladı, daşdırdı.

      Oğlan pulu stolun üstünə atdı:

      – Bilsəydim belə olacaq, heç qış tətilinə gəlməzdim. Başqaları öz uşaqlarını ağıllı-başlı yola salırlar.

      Ana köks ötürdü.

      – Bizim də gücümüz buna çatır.

      – Elə bilirsiniz tələbə olmaq asandır? Şəhərdə dolanmaq asandır?

      Seymurun səsi də titrədi, dodaqları da. Atası ilk dəfə onun nəzərində adiləşdi, balacalaşdı: “O da gedib özünə sənət tapıb. Poçtalyonluqdan nə çıxar? Otuz ildir onun-bunun qapısına məktub daşıyır. Cibləri də boş”.

      Firuzə istəmirdi ki, Seymur evdən narazı getsin. İstəmirdi ki, bu vida dəqiqələri sonralar ağır daş olub ürəyindən asılsın. Ana oğlunu məhəbbətlə süzdü:

      “Arıqlayıb Seymur. Rəngi də ağarıb. Ağız-burnu nəcimləşib. Yəqin çətinlik çəkir, doyunca yemir. Neynəsin, yanında anası yox, bacısı yox…”.

      Ana ayrılığın, həsrətin dad-tamını bilirdi. Altı aydan bəri gecəli-gündüzlü bütün fikri-zikri oğlunun yanında olmuşdu. Bircə qismət çörək yeyəndə də, bircə içim su içəndə də Seymuru xatırlamışdı: “Görəydim günləri necə keçir balamın!”.

      Seymurun tətildə olduğu müddətdə ana onunla üz-üzə çox oturmuşdu; doymamışdı. Firuzə bu ayrılıq anını qorxa-qorxa gözləmişdi. Özünə söz vermişdi ki, Seymur yola düşəndə ağlamasın: “Uşaq birdən könlü qırıq gedər”.

      – Bacarmırsınız, oxutmayın. Hələ birinci kursu qurtarmamışam. Bəs beş il məni necə dolandıracaqsınız?!

      Firuzə cavab verə bilmədi. Ürəyində ərinin qarasına deyindi: “Heç olmasa gəlib uşağı yola da salmadı. Bu yağışlı gündə çantasını atıb getməsəydi dünya dağılmazdı ki!”

      Küçədə maşın siqnal verdi. Ana stolun üstündən əzik pulları götürüb Seymura uzatdı:

      – Al, bala, dəlilik eləmə.

      – İstəmirəm!

      – Axı təqaüd də alırsan.

      – Ondan sizə nə?! Aldığım ayın başına çatmır. Ac qalanda kimin qapısına gedim?! Elə bilirsiniz yeməkdən savayı xərclərim yoxdu?

      – Biz də atanın maaşı ilə dolanırıq, bala. Axı səndən başqa evdə iki bacın da var.

      – Məni adam yerinə qoymursunuz. Şəhərdə batsam da vecinizə gəlməz.

      Maşın uzun-uzadı siqnal verdi. Seymur şəhadət barmağını çiyni üstdən qapıya tuşladı:

      – Uşaq oxudan elə olar. Oğlunu öz maşınında stansiyaya göndərir. Mən də onun qoltuğuna qısılmışam. Mənim atam…

      Firuzənin ərinə yazığı gəldi. Cansız-cəsədsiz kişinin bu yağışlı, küləkli gündə palçığa batıb qalacağından qorxdu. Naxoşlayıb yatağa düşəcəyindən qorxdu. “Pay-piyada nə qədər gəzmək olar?” Ayaq döyməkdən bədbəxtin canının suyu da quruyub. Bir dəridir, bir sümük… Gör neçə ildir… Gör ha”.

      Yenə siqnal səsi eşidildi; dalbadal, əsəbi Seymur çamadanın qulpundan yapışdı. Ana yalvardı:

      – Ağrın mənə gəlsin, pulu al. Yenə tapıb göndərərik. Bir az… qənaətlə xərclə, israfçılıq eləmə.

      – Yoxsa bu vaxta qədər gen-bol xərcləmişəm?! Bilirsən borc almaq nə deməkdir?! Şəhərdə olmusan?