Название | Hekayələr |
---|---|
Автор произведения | Роальд Даль |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243529 |
Hə-hə, o dəqiq nəsə eşitməyə çalışırdı. Deyəsən, qulağını da yavaş-yavaş qapıya yaxınlaşdırırdı. Budur, qulağını qapıya dirədi, bir neçə saniyə bu pozada dayandı – baş yuxarı qalxıb, qulaq qapıya dirənib, əli açarı sıxıb… Evin dərin qatlarından gələn hansısa səslərə qulaq verib, elə indicə evə daxil olacaq.
Sonra missis Foster silkinib açarı deşikdən çıxartdı və pilləkənlərlə aşağı qaçdı.
– Artıq çox gecdir! – o, sürücüyə qışqırdı. – Onu gözləyə bilmərəm, sadəcə, bilmərəm. Mən təyyarəyə gecikirəm. Sürücü, tez olun! Hava limanına!
Sürücü qadına diqqətlə baxsaydı, onun üzünün kağıztək ağardığının fərqinə varardı. İndi bu sima o qədər də səfeh görünmürdü, əksinə, üstünə sərt bir pərdə çökmüşdü. Missis Foster, adətən, küncləri aşağı baxan ağzını büzdü, gözləri parıldadı, səsində hökmlü intonasiya peyda oldu.
– Sürücü, tez olun, ləngiməyin!
– Bəs əriniz sizinlə getmir? – sürücü təəccüblə soruşdu.
– Əlbəttə ki, yox! Mən onu klubda düşürəcəkdim. Amma artıq bunun bir önəmi yoxdur. O məni başa düşər. Taksi götürər. Siz də məni bu qədər danışdırmayın! Mən Parisə uçan təyyarəyə çatmalıyam!
Arxada oturan missis Fosterin durmadan tələsdirdiyi sürücü tezliklə hava limanına çatdı və qadın uçuşdan bir neçə dəqiqə əvvəl təyyarəyə minməyə macal tapdı. O, kreslosuna yayxanıb pəncərədən Atlantik sularını seyr etməyə başladı. Nəhayət, Parisə yollanır, mühərrikin uğultusunun müşayiəti ilə düşündü. Əcaib hisslər keçirirdi. O özünü olduqca əmin və yaxşı hiss edirdi ki, bu da şübhə doğururdu. Ruh halı qadını azacıq ehtiyatlandırırdı, amma təyyarə Nyu-Yorkdan və Altmış ikinci küçədən uzaqlaşdıqca qadın daha çox sakitləşirdi. Parisə çatan missis Foster özünü son dərəcə əmin, soyuqqanlı və sakit hiss edirdi.
O öz nəvələrini gördü və həyatda bu uşaqlar şəkildəkindən də qəşəng idilər. Sadəcə, mələkdirlər, o özünə deyir, çox qəşəngdirlər. Missis Foster nəvələrini hər gün gəzməyə aparır, onlara pirojna yedizdirir, hədiyyələr alır və maraqlı əhvalatlar danışırdı.
O, həftədə bir dəfə, çərşənbə axşamı ərinə məktub yazırdı – təzə xəbərlərlə və qeybətlə dolu mehriban, səmimi məktublar və onlar həmişə bu sözlərlə bitirdi: «Əzizim, vaxtında yeməyi unutma, hərçənd qorxuram ki, yanında olmadığım üçün bunu etməyəsən».
Altı həftə keçəndən sonra Amerikaya, ərinin yanına qayıtmalı olduğuna görə hamı məyus oldu. Daha dəqiq desək, ondan başqa hamı. Maraqlıdır ki, gözləniləndən fərqli olaraq, o bu gerçəyi rahatlıqla qarşılayırdı. Və missis Foster doğmaları ilə sağollaşanda davranışından və sözlərindən nəsə hiss olunurdu ki, qadın tezliklə geri qayıdacaq.
Lakin o, sadiq qadın kimi Parisdə lazım olandan çox qalmadı. Düz altı həftədən sonra ərinə teleqram göndərdi və Nyu-Yorka uçan təyyarəyə mindi.
Aydluaylda çatan missis Foster heç kəsin onu qarşılamadığını gördü. Bu ona maraqlı gəldi. Lakin bununla belə son dərəcə sakit idi və baqajını taksiyə aparan hambala lazım olandan çox pul vermədi.
Nyu-Yorkda Parisə nisbətən soyuq idi, küçələr boyu navalçalarda çirkli qar qalıqları vardı. Taksi Altmış ikinci küçədəki evə yaxınlaşdı və missis Foster sürücünü onun iki çamadanını pilləkənə kimi daşımağa razı sala bildi. Sonra onunla hesablaşıb zəngi basdı. Qapıda gözlədi, lakin zəngə heç kəs hay vermədi. Hər ehtimala qarşı, zəngi bir dəfə də basdı və səsin hardasa yemək otağında əks-səda verdiyini eşitdi. Qapıya isə heç kəs yaxınlaşmadı. O, açarını çıxarıb özü qapını açdı.
İçəri girərkən ilk gördüyü şey poçt yeşiyinin deşiyindən döşəməyə düşmüş bir yığın məktub oldu. Ev qaranlıq və soyuq idi. Babanın saatının üstündə əvvəlkitək mələfə vardı. Boş ev adamın üstünə gəlirdi və havada tanış olmayan qəribə, zəif bir qoxu hiss olunurdu.
Missis Foster holldan keçib bir anlıq sol tində itdi. Bu hərəkətdə nəsə qəsdən edilmiş bir şey vardı. Qadın sanki şayiələrin doğruluğunu yoxlamağa, ya da hansısa şübhəsindən əmin olmağa gedirdi. Bir neçə saniyə sonra geri qayıdanda isə üzündə xəfif məmnunluq sezilirdi.
O, hollda dayanıb, sanki bundan belə nə edəcəyini düşündü. Sonra geri çevrilib ərinin kabinetinə getdi. Yazı masasının üzərindəki ünvan kitabçasını götürüb tələsmədən vərəqlədi, dəstəyi qaldırıb nömrəni yığdı.
– Alo, – o dedi. – Altmış ikinci küçədəki doqquzuncu evdən narahat edirlər… Hə-hə. Bura təcili kimisə göndərə bilərsiniz? Hə, deyəsən, ikinci və üçüncü mərtəbənin arasında ilişib qalıb. Hər bir halda mənə belə gəlir… İndi gəlirsiniz? Çox yaxşı, lütf etdiniz. Bilirsiniz, bu ayaqlarla artıq pilləkənləri qalxmaqda çətinlik çəkirəm. Çox sağ olun. Hələlik.
O, dəstəyi qoyub eləcə ərinin yazı masasının arxasında oturub-qaldı və tezliklə gəlib lifti təmir edəcək işçini gözlədi.
MADAM ROZETT
– Aman Allah, necə də yaxşıdır, – Qoca dedi.
O bir əlində sodalı viski qədəhi, digərində siqaret vannada uzanmışdı. Vanna ağzınacan dolu idi və o, vaxtaşırı ayaq barmaqları ilə kranı çevirərək qaynar su əlavə edirdi.
O, başını azca qaldırıb bir udum viski içdi, sonra yenə geri söykənib gözlərini yumdu.
– Yalvarıram, çıx, – qonşu otaqdan səs eşidildi. – Qoca, çıx, bir saatdan çoxdur ki, ordasan.
Gənc çarpayının qırağında çılpaq oturub stəkandan yavaş-yavaş içir və öz növbəsini gözləyirdi.
– Yaxşı, – Qoca hay verdi. – Suyu buraxıram.
O, ayağını uzadıb tıxacı çıxartdı.
Gənc ayağa qalxıb əlində stəkan tələsmədən vanna otağına getdi. Qoca vannada bir az da uzanıb, sonra stəkanını ehtiyatla sabun taxçasına qoydu, ayağa qalxıb dəsmalı götürdü. O, bəstəboy idi, güclü, üstəlik, yoğun ayaqları və baldırları vardı. Kürən və dalğalı saçları cod idi, bir qədər sivri üzünü çillər basmışdı. Sinəsindəki tüklər də kürən idi.
– Aman Allah, – o, vannanın dibinə baxıb dedi, – mən ki səhranın yarısını bura gətirmişəm.
– Yaxşısı budur, qumu yuyub-təmizlə və məni ora burax. Beş aydır ki, vannada yuyunmamışam.
Bu, müharibənin əvvəlində, biz Liviyada italyanlarla döyüşəndə baş vermişdi. Çətin günlər idi, çünki təyyarəçilər azlıq edirdi, əvəzində çox