Название | Hekayələr |
---|---|
Автор произведения | Ömər Seyfəddin |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241792 |
– Zarafatı burax, – dedim, – bu, xalis çərkəzdir…
Dostum and içdi:
– Vallah, deyil…
– Nə bilirsən?
– Niyə bilmirəm, mənim sinif yoldaşımdır.
– Dolama məni, – dedim.
– Ay balam, o, çərkəz deyil! – deyə israr etdi.
– Yaxşı, bəs danışdığı dilə nə deyirsən? Zabitdirmi?
– Bəli, amma cümə günləri bu qaydada çərkəz kimi geyinir.
Maraq məni bürüdü:
– Çərkəz deyilsə, onda gürcüdürmü?
– Xeyr.
– Çeçenmi?
– Xeyr.
– Ləzgimi?
– Xeyr.
– Bəs kimdir?
– Türkoğlu türk!
– Haralıdır?
– İstanbullu… Anası Germiyanzadələrdən. Atası mirliva13 olduğu halda hələ də dilini düzəldə bilməmiş bir Kastamonulu idi…
– O halda bu türk nə üçün hər kəsə özünü çərkəz zənn etdirmək istəyir? – deyə soruşdum. Dostum təkrar qəhqəhə çəkdi.
– Sənə danışım, nə üçün, – dedi. – Bu saxta çərkəzin adı Mahmud bəydir. Məktəbdə ikinci sinfə qədər heç bir milliyyət iddiası yox idi. O il Ramazan tətilində bir dostu özünə Qaramürsəldən olduqca zərif bir çərkəz qayışı gətirdi. Bu qayışı hamımız gördük. Həqiqətən, nəfisdi. Qara minalı gümüş toqqası ağır, qayışı qarayaçalan tünd-lacivərdi idi. Gümüşdən üç böyük sallaması vardı. Mahmud bəy bu qayışı belinə bağladı. O gündən etibarən türklərlə kəlmə kəsməməyə, yalnız çərkəzlərlə oturub-durmağa başladı. Növbəti il heç tanışı olmadığı halda çağırış vərəqi gətirərək Qaramürsələ çağırış məntəqəsinə getdi. Hərbi məktəbə keçdiyimiz zaman Mahmud bəy türk şivəsini artıq unutmuşdu. Böyük fədakarlıqlar bahasına yerini piyadadan süvariliyə dəyişdirə bildi. Zabit rütbəsi aldığımız zaman türkcəsi artıq tamamilə pozulmuşdu. Amma çərkəzcəni də öyrənə bilmədi. Öyrəndiyi mükəmməl bir çərkəz şivəsiydi. Zarafatla ona "Çərkəz Mahmud" ləqəbi qoşmuşduq. O buna hirslənməz, hətta iftixar edərdi. Zabitkən məşhur bir çərkəz paşa ilə yaxınlaşdı. Onunla İstanbula göndərildi. Sonra isə Qafqaza qaçdı. Milləti ilə heç bir əlaqəsi olmayan yerləri öz vətəniymiş kimi gəzib-dolaşdı. Bir çərkəz qızıyla evləndi. Hürriyyətdən14 sonra İstanbula gəldi. Artıq işi-gücü çərkəzlik üçün çalışmaq oldu. Hər yerdə bu eşitdiyin qəribə şivə ilə "Adıgey" təbliğatı15 aparmağa başladı. Kastamonulu paşa atasından qalan sərvəti "Çərkəz tarixi"ni qələmə alacaq yazara sərf etdi.
Qafqazdan yeni gəlmiş sandığım saxta çərkəz-türkə təkrar baxdım.
– Bəs əqrəbaları içində çərkəz-filan yoxdurmu?
– Yoxdur deyirəm sənə! – deyə əlini daş masaya vurdu, – xalis-müxlis türkdür deyirəm! Bircə kəlmə də çərkəzcə bilmir. Sinif yoldaşımın Qaramürsəldən gətirdiyi çərkəz qayışında sanki bir tilsim vardı. O andan etibarən çərkəzlik sevdasına düşdü.
Dostum yarım saata qədər çərkəz Mahmud bəyin gülünc əhvalatlarını danışdı. Zahiri görünüşü son dərəcə dəliqanlı sayaq olan bu qəhrəman, belə məlum olurdu ki, ömründə heç bir müharibədə iştirak etməmişdir. Son dərəcə qorxaqmış. Daim tanış-bilişlərinin iltimasıyla səfərbərlik zamanını arxa xidmətlərdə keçirirmiş.
Biz söhbət etdiyimiz vaxt Mahmud bəy gülərək, yanındakılarla çərkəz şivəsiylə zarafatlar edərək qalxdı. Bufetin önündə durdu. Pul verirdi. Pul qabını şalvarının cibindən çıxaranda belindəki qayışı gördüm. İyirmi il əvvəl Qaramürsəldən ona hədiyyə gələn bu qayışın qara mina işləməli gümüş sallamaları par-par parlayırdı. Türklərin xaricdən öz içlərinə könüllü "millətdaş" cəlb edəcək belə bir qayışlarının olmamasından təəssüfləndim.
ANTİSEPTİK
Miniatür bədənli, gözəl Bədianı ailəsi böyük bir adama ərə vermək istəyirdi. Halbuki o, tibb fakültəsinin tələbəsi olan bibisi oğlu Namiqlə iki ildir gizlicə işi bişirib dağ etmişdi. Onu almağı arzu edən bu böyük adam isə tək gözlüklü16, dəblə geyinmiş səfir idi. "Qırxı haqlamış olar- olmaz…" deyirdilər. Bədia hələ on yeddi yaşa girməmişdi. Anasının, atasının, xanım nənəsinin israrlarına bir az müqavimət göstərdi. Ağladı, sızladı, amma sonda məğlub oldu.
– Bu qoca hərif nəyimə gərəkdir? Əlli il Avropada ballarda sürtülmüşün biridir! – dedi.
– Yersiz danışırsan! Otuz səkkiz yaşındadır! Ər dediyin beləsi olar. “Fənərbağça” klubunda top oynayan oğlanlaramı gedəcəksən? – cavabını aldı.
Nişan günü evlərinə bütün qohumlar çağırılacaqdı. Fəqət bir gün əvvəl bibioğlu gəldi. Bədia ilə yalqız qaldılar. Əvvəlcə qüssəli bir tərzdə baxışdılar. Sonra Namiq:
– Hayıf sənə, Bədia! – dedi. – Baban yaşda bir adama gedirsən.
– Şişirtmə sən də…
– Şişirtmə deyil! Bir əsr yaşında, xınalı-boyalı bir qocadır ki var!
– Nə edim! Anamın, atamın böyük adamla qohumlaşmaq marağı var. Kürəkənləri səfir olacaq! Həm də anam qırx yaşında belə olmadığına and içir.
– Allah bəlasını versin! Bir əsr yaşında deyirəm. Sən bunu necə qəbul edirsən?
– Mənim gözümdə o qədər də qoca deyil. Qapqara, səliqəli bığları var! Təpəsi dazdır, amma bu da zəkaya dəlalət edir.
Namiq güldü.
– Anlaşıldı, – dedi, – sən qapqara, səliqəli bığlara vurulmusan! Bu bığlar fil dişi kimi bəyaz olsa, yenə gedərdinmi?
– Getməzdim. Hətta bəyaz bığlı deyil, çal bığlı olsa belə getməzdim.
Namiq bir az düşündü. Səfir arvadı olmaq, xarici paytaxtlarda hörmət, mədəniyyət görmək xülyasıyla indidən qabına sığmayan Bədia dediyində dururdu. Namiq dedi:
– Məndə tilsimli bir su var; onunla nişanlının bığlarını yudurda bilsən, bir əsr yaşında olduğunu sənə göstərəcək. O halda da gedəcəksənmi?
– Gəvəzəliyi burax. Nə sudur o?
– Bir antiseptik17…
– Necə yudurdum?
– Çox
13
14
Hürriyyət – cümhuriyyətin qurulmasını nəzərdə tutur. Türkiyədə 1923-cü ildə qurulub.
15
16
17