Название | Hekayələr |
---|---|
Автор произведения | Абдурагим-бек Ахвердов |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242218 |
Keyfiyyət Səfərə təsir edib onu naxoşluğa saldı.
Atası oğlunun halətini görüb dedi:
– Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki, biz kasıbıq, qohum-əqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər? Oğul, burada qalsan, halın daha da xarablaşacaq. Yaxşısı budur, get piyadə Qurbanlıda bir neçə gün dayının evində qal, havanı dəyiş, bəlkə, bu sövda da başından çıxa.
Mirzə atasının sözünə baxıb getdi kəndə. Orada bir neçə gün qalmışdı, bir də gördü haradansa adına bir başıbağlı məktub gəlib, məktubu açıb gördü şeirdir. Bir nəfər naməlum şair belə yazmışdır:
Fəzayi-eşqdə Məcnuna nisbət,
Nə düşübsən biyabana, ay Səfər!
Hansı Leyli salıb dami-zülfünə,
Gətiribdir səni cana, ay Səfər!
Mahtab tələtli, kim vermiş fərib,
Dərdinin dərmanın tapmamış təbib.
Yar ilə aranı vuran səyrəqib,
Pərvanətək oda yana, ay Səfər!
Yarın çox gözəldir, nə pünhanı var,
Dövlətinin nə ədədi, sanı var.
Deyirlər ki, ancaq bir nöqsanı var…
Məhəl qoymaz səntək cana, ay Səfər!
Mirzə bu məktubdan çox dilgir oldusa da, onu özündə saxladı. Axır vaxtlarda bu şeiri özü çox həvəslə oxuyardı.
Mirzə Səfər kənddə ikən qızı Hacı Əbdüləzimin oğluna verdilər.
Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edirdi.
Mirzə Səfərlə biz tanış olanda onun yaşı qırx beşlə əllinin arasında idi. Özü də qəza dəftərxanasında qulluq edərdi. Rusca savadı az olduğundan ancaq işi mübəyyizlik50 idi. İyirmi beş manat da maaşı vardı.
Mirzəyə hər yerdə ehtiram göstərərdilər. Bununla belə, onun bircə nəfər həqiqi dostu var idi – saatsaz usta Zeynal. Mirzə hər gün nahardan sonra gedib, usta Zeynalın dükanında əyləşib onunla söhbət edərdi və söhbət əsnasında cibindən qozdan, fındıqdan, kişmişdən çıxarıb ortalığa tökərdi. Mirzənin cibləri çərəzdən boş olmazdı. Görürdünüz, yolla gedərkən dayanıb, cibindən bir qoz çıxarıb, divarın daşına dayayıb ağacının başı ilə sındırdı və yeyə-yeyə getdi.
Usta Zeynalın dükanında Mirzə qəzəllər oxuyub sonra da oxuduğu qəzəlləri rus dilinə tərcümə edərdi. Rus dilini bilmədiyindən tərcümələri də çox tuhaf çıxırdı. Başlardı:
– Usta Zeynal, gör şair nə gözəl deyib:
Xoş əst badeyi-gülgun ba kəbabi-şikari,
Zidəst saqiyi-gülçöhrə dər kənari-buxari.
Nə əz bəhri-niguyi-gül bə pişət dəstə avürdəm,
Zixubi-laf mizəd gül giriftə bəstə avürdəm.
Afərin şairə! – deyib qozun ləpəsindən birini ağzına qoyardı.
Usta Zeynal həmçinin bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı. O idi ki, Mirzə Səfərin onunla həmişə söhbəti tutardı.
Dəftərxanada Mirzənin hörmətini gözlərdilər. Çünki sair mirzələr bir abbası, altı şahı hər işə gələndən rüşvət alardılar, amma Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı və deyərdi: "Rüşvət almaq adamı qorxaq və gözükölgəli edər, rüşvət aldığın adamların hansını görsən, gərək ikiqat baş əyəsən… Nə lazım? Qulluğumda təmiz olaram, maaşıma qənaət edərəm, bir kəsə ehtiyacım olmaz, həmişə də başıuca gəzərəm, iyirmi beş manat məvacibim var, ayda bir on manat da evə gəlib ərizə yazdıranlardan qazanıram, bu da mənim başımdan girib ayağımdan çıxar".
Mirzənin zamanında bazarda ucuzluq idi, yaxşı qoyun ətinin girvənkəsi dörd qəpik, çörəyin girvənkəsi iki qəpik, yağın pudu dörd manat idi. Mirzə qazandığı para ilə dolanıb oğlanlarına da tərbiyə verərdi. Dünyada təməllüq51, yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Bir bəyə, bir xana etina eləməzdi və deyərdi: "Nə vaxt qapılarına çörəyə getsəm, verməsinlər".
Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib katibdən öz kağızından dolayı məlumat istəyir, katib cavab verir ki, kağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlir:
– Mirzə, mənim kağızımı, mümkün isə, yaz, aparım.
– Dayan, bu saat yazaram, əlimdə özgə iş var.
– Bilirsiniz, mən Həsən ağanın qohumuyam?
Mirzə qələmi əlindən buraxıb kişinin gözlərinin içinə baxdı:
– Doğrudan, Həsən ağanın qohumusan?
– Doğrudan.
– Sən Allah, Həsən ağanın qohumusan?
– Vallah, doğru deyirəm.
– Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
– Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.
– Deyinən, sən öl, Həsən ağanın adamıyam.
– Sən öl, Həsən ağanın adamıyam.
– Bəs elə isə gəl min mənim boynuma. Neynəyim, Həsən ağanın qohumusan, gözlə, vaxtında kağızın hazır olar, apararsan.
İş üçün gələn kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlandıqdan sonra qalıb təcili məktubları, teleqramları qəbul edərdi.
Bir gün növbə Mirzəyə gəlmişdi. Dəftərxananın səkisi üstündə əyləşib özünü havaya verirdi.
Bir neçə nəfər də kənddən gəlmiş adam küçənin ortasında oturub öz aralarında danışırdı.
Mirzə bunların birisinə əl elədi:
– A kişi, bura gəl, bura gəl.
Kişi durub gəldi.
– Nə buyurursan, Mirzə?
– Bir dil ki qəm düçarı ola, ağlar, ağlamaz?
– Mən nə bilim, ay Mirzə.
– Ənduhi-qüssə52 yarı ola, ağlar, ağlamaz?
– Başına dönüm, ay Mirzə, mənim belə şeylərdən başım çıxmaz. Avam adamam.
– Doğrudur, avamsan, bunlar gözəl sözlərdir, get oğlunu oxut. Belə-belə şeirlərdən ləzzət aparsın.
Bir dəfə nə üstə isə naçalnikin buna qəzəbi tutub dedi:
– Səfər! Papağını götür, buradan get!
Mirzə Səfər qalxıb şax naçalnikin sifətinə
50
51
52