Hekayələr. Абдурагим-бек Ахвердов

Читать онлайн.
Название Hekayələr
Автор произведения Абдурагим-бек Ахвердов
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952242218 



Скачать книгу

Ay! Şahid ol ki, sənin gözünün qabağında bir fəqir əlsiz-ayaqsız sövdəgəri nahaq yerə öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim yetimlərimin üstünə və deyinən ki, yazıq balalar, atanız uzaq səfərə gedib, ona müntəzir olmayın. Gedin, küçələrdə, qapılarda özünüzə gün ruzusu qazanın! Ey dağlar, daşlar, göllər, axan sular, əsən yellər, burada sizdən savayı bir kəs yoxdur, siz də şahid olun ki, bu yerdə dünya malından ötrü bir şəxsi öldürüb onun yeddi balasını yetim qoydular”.

      Sonra kəlmeyi-şəhadətini deyib, üzün quldura tutub dedi: “Qardaş, imdi ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan ki, bismillah, sözüm yoxdur, amma bil ki, mənim qanımı Allah yerdə qoymayacaq”.

      Quldur heç bir söz deməyib, tüfəngini düzəldib, Səlman kişinin ürəyindən bir güllə vurub onu qətlə yetirdi və sonra onun atını, çitini, libasını götürüb yola düşdü.

      Sübh kənd əhalisi Səlmanın meyitini tapıb, bir ata yükləyib dəfn üçün kəndə apardılar. Səlmanın balaca yetimlərinin, ələlxüsus on yaşında bir qızının nalə və şivənini heç bir qələm yazmağa qadir deyil. Hər bir oxucu özü yeddi nəfər yetim qalmış xırda balanın halətini təsəvvürünə gətirə bilər.

      Səlmanın ölümündən beş-altı ay keçmiş onun cavan qardaşı Süleyman bir qan üstündə müttəhim olub dustaqxanaya salındı. Bu oğlan bisahib və qan tərəfi zorlu olmağına görə göstərilən şahidlər gedib, divanda yalandan and içib qanı cavan Süleymanın boynunda qoydular. Bu binəvayə neçə il katorqa kəsildi.

      Bir neçə vaxtdan sonra Süleyman mümkün tapıb dustaqxanadan qaçıb quldurlar dəstəsinə qoşuldu və bu dəstənin də başçısı haman onun qardaşı Səlmanın qatili quldur idi. Süleyman öz qardaşının qatili ilə neçə müddət yoldaşlıq etdi.

      İttifaqən bir gecə bu iki yoldaşın yolu haman Səlman ölən dərədən düşdü. Dərənin içində quldur çox ucadan güldü. Süleyman onun belə gülməyinin səbəbini soruşdu. Quldur cavab verdi ki, vallah, gülməyimə bir elə artıq səbəb yoxdur, ancaq bir keçmiş əhvalat yadıma düşdü, ona görə güldüm. Süleyman təkidlə soruşandan sonra quldur cavab verdi ki, neçə il bundan əqdəm burada bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı. İndi yadıma düşüb, o çərçinin axmaqlığına gülürəm.

      Süleyman bu sözü eşidən kimi təəccüblə barmağını dişləyib dedi: “Bəli, dünyada belə qəribə işlər çox ittifaq düşər”.

      Yoldaşlar dərədən çıxdılar düzə. Bir az keçəndən sonra Süleyman atının irəştini düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Süleyman quldura bir az ara verib, tüfəngi düzəldib, onu kürəyinin ortasından vurub öz qardaşının qanını aldı…

      Əmim nağılını qurtarıb dedi: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz və ay, ulduz, daşlar, ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”.

      Qocanın nağılı tamam oldu, amma onun əvvəl sualı heç mənin başımdan çıxmadı. Öz ürəyimdə bir ucdan bu sualı verirdim: “Nə üçün bu göydəki Ay danışmır? Nə üçün onun dili yoxdur? Ah… Nə olaydı, bu Ay mənimlə bir az söhbət edə idi!” Bu xəyalla məni yuxu tutub yatdım.

      Gecə röyada gördüm, Ay yerindən hərəkət edib mənə tərəf enir, dedim: “Məramıma çatdım, yəqin, mənimlə söhbət edəcəkdir”. Həqiqət, Ay gəlib bərabərimdə durub dedi: “Doğrudur, mən dünyanın xilqətindən Yerin ətrafına dolanıram. Mən Həzrət Adəmin Həvva ilə bərabər behiştdən ixrac olunmaqlarını görmüşəm, mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm, mən Həzrət Yusifin quyu dibində üstünə işıq salmışam və Həzrət Yəqubun gecələr naləsini və “oğul vay” sədasını eşitmişəm. Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahənşahlarının, Bəni-Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Mən islamın tərəqqi və tənəzzülünün şahidi olmuşam. Mən o gecənin şahidiyəm ki, peyğəmbər axirəzzaman bir neçə nəfər əshabi ilə Məkkənin kənarında bir dağın başında durub deyirdi: “Mənim yoldaşlarım, mənim əzizlərim, Məkkə əhli bizə dünyanı təng edib, bunlar bizi öldürüb dini-mübini yox edəcəklər. Məsləhət budur ki, burada bölünüb iki dəstə olaq, yarımız Həbəşə tərəf, yarımız Yəsribə tərəf getsin. Əgər dəstənin biri tələf olsa, bəlkə, o birisi salamat gedib, bir yana çıxıb dini-islami nəşr edə. Və mən o gecənin şahidiyəm ki, meydani-Kərbəlada peyğəmbər övladı sübhədək ənvari-qüdsiyyə içində din yolunda şəhadətə hazırlanırdı… İslamın yolunda mən neçə davalar, neçə cihadlar görmüşəm, odur ki müsəlmanlar məni özlərinə bir əlaməti-məxsusə ittixaz47 etmişlər. Amma indi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara ləkə deyil, bəlkə, mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..”

      Bu halda xoruzlar banlayıb məni yuxudan oyatdılar. Baxdım gördüm, sübhə az qalıb və Ay da məğrib tərəfə yaxınlaşıb, batmağa hazırlaşır.

      Yuxudan ayılmağıma artıq heyif edib dedim: “Nə olardı, bir həftə yuxu yatıb, Ayla söhbət edib eşitdiyimi camaata bəyan edəydim.

      Ax, nə gözəl olardı, bu Ay danışsaydı!..”

      BOMBA

      Qorodovoy Kərbəlayı Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:

      – A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!

      Kərbəlayı Zal cavab verərdi:

      – Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan. Bir də mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.

      Belə danışıqdan sonra arvad həmişə sakit olardı.

      – Nə deyirəm, kişi, özün bil!

      Bu dəfə Kərbəlayı Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:

      – Kərbəlayı Zal, səndən narazıyam. Sən köhnə, dünyagörmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır… həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.

      Bu sözlər bir ox olub, Kərbəlayı Zalın bu tərəfindən dəyib o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:

      – Nə var?

      Dedi:

      – Heç, bir az başım ağrıyır.

      Arvad abgüşt48



<p>47</p>

İttixaz – qəbul etmə, götürmə

<p>48</p>

Abgüşt – köhn. bozbaş, piti