Hekayələr. Франц Кафка

Читать онлайн.
Название Hekayələr
Автор произведения Франц Кафка
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952242478 



Скачать книгу

şüşəsi götürüb anasının yanına şığıdı, çıxanda da ayağıyla qapını daldan çırpıb örtdü.

      İndi Qreqor üçün anasına tərəf gedən yol kəsilmişdi, halbuki dirigözlü ölümün caynağına anası elə onun ucbatından keçmişdi. Əgər o, bacısını otaqdan qovmaq istəmirdisə, onda gərək qapını açmayaydı, qız da gərək huşunu itirmiş anasının yanında olaydı. Gözləməkdən savayı daha indi onun ayrı heç bir çarəsi qalmamışdı və o da təlaş içərisində, peşmancasına, dilxorcasına sürünə-sürünə hər yeri – mebelləri, divarları, tavanı bircə-bircə dolaşıb axırda bütün ev başına fırlananda tam ümidsiz halda iri masanın tən ortasına düşdü.

      Bir neçə saniyə ötüb-keçdi. Qreqor taqətsiz halda masanın üstündə sərilib qalmışdı, ətrafda tam sakitlik idi, bu, yəqin ki, yaxşı əlamət idi. Birdən qapının zəngi çalındı. Qulluqçu mətbəxə bağlanıb qaldığından qapını Qreta açmalı oldu. Gələn atası idi.

      – Nə olub? – kişinin ilk sözü bu oldu, görünür, Qretanın görkəmi ona hər şeyi sözsüz anlatmışdı.

      – Anamın ürəyi getmişdi, indi babatdır, – deyə cavab verən Qretanın səsi boğuq çıxdı, çox güman ki, üzünü atasının sinəsinə sıxıb danışırdı. – Qreqor yuvasından çıxıb.

      – Mən bunu gözləyirdim, axı həmişə deyirdim, amma siz qadınlar heç kəsə qulaq asmırsınız.

      Qretanın beş-üç kəlməlik məlumatını atasının yanlış anladığını Qreqor dərhal kəsdirdi – qızın sözlərindən belə çıxmışdı ki, guya Qreqor zor işlədib. Buna görə o, indi atasını hər necəsə birtəhər yumşaltmağa cəhd etməliydi, çünki işin, həqiqətən, nə yerdə olduğunu ona izah etmək üçün Qreqorun nə vaxtı vardı, nə də imkanı. Odur ki tez cumub öz otağının qapısına qısıldı ki, atası onun qeyd-şərtsiz öz yerinə qayıtmağa hazır dayandığını elə içəri girən kimi görsün, həm də baxsın ki, heç onu geri qaytarmağa da lüzum yoxdur, sadəcə, qapını aralamaq yetər ki, Qreqor göz qırpımında içəri keçib yoxa çıxsın.

      Lakin atası belə incəlikləri görmək ovqatında deyildi. O, içəri girən kimi “bah” elədi, söz ağzından elə bir ahənglə çıxdı ki, sanki eyni vaxtda həm acıqlı, həm şad idi. Qreqor başını qapıdan aralayıb atasına doğru uzatdı. Kişini o heç zaman indi gördüyü kimi təsəvvür etməmişdi. Doğrudur, son vaxtlar otağın hər yerində, hər bucağında sürünməyə başlamış Qreqor evdə baş verənlərə qabaqkı diqqəti yetirmirdi, ona görə də hər hansı dəyişikliyə təəccüblənmək üçün əsası yox idi. Ancaq bütün bunlara baxmayaraq – lap hər necə də olsa! – yəni o, doğrudanmı, qarşısında öz atasını görürdü? Yəni doğrudanmı, bu adam, bir qayda olaraq, Qreqor işgüzar səfərlərə çıxarkən həmişə yorğun-üzgün halda öz yatağına uzanıb bərk-bərk yorğana bürünən, kreslodan qalxmağa iqtidarı çatmadığından səfərdən qayıdan oğlunu gecə xalatında qarşılayıb sevincini əlinin yüngül tərpənişiylə bildirən, birgə gəzintiyə çıxdıqları tək-tük hallarda – bazar günləri, yaxud bayramlarda – əlində əsa, yaxası kip düymələnmiş köhnə paltoda Qreqorla anasının arasında yavaş addımlarla yeriyən, – kişiyə görə elə onlar özləri də asta yeriyirdilər, – bir söz demək istəyəndə öz müşayiətçilərini başına cəmləmək üçün hökmən ayaq saxlayan həmin adamdır?! İndi o çox əzəmətliydi: əynində bank ayaqçılarının geydiyi qızıl düyməli göy mundir, dik yaxalığın kənarlarından sallanan yağlı-piyli buxaq, qalın qaşların altından iti nəzərlərlə baxan zil qara gözlər, səliqə ilə yana daranan yağlanmış ağ saçlar. Hə, atası üstündə hansısa bankın qızılı monoqramı olan furajkasını bütün otaq boyunca fırladıb divanın üstünə vızıldatdı, əllərini şalvarın cibinə şəstlə soxduğundan uzun mundirin ətəkləri dala dartıldı, hiddətindən qaralıb tanınmaz hala düşmüş bir sifətlə Qreqorun üstünə yeridi. Görünür, neyləyəcəyini heç özü də bilmirdi, amma ayağını çox hündürə qaldırmışdı və kişinin çəkməaltısının belə iriliyi Qreqoru əməlli-başlı heyrətə salmışdı.

      İntəhası Qreqor da ləngimədi, çünki yeni həyatın elə ilk günündən bilirdi ki, onunla son dərəcə sərt davranmağı atası yolun ən düzgünü sayır, odur ki irəli-geri qaçaraq atası dayananda dayanır, o tərpənən kimi özünü qabağa atırdı. Otaqda boş-boşuna bir-iki dövrə vurdular, amma ləng tərpəndiklərindən bu, əsla təqibə, qaçdı-tutduya oxşamırdı. Qreqor hələ ki yalnız döşəmədə sürünürdü, divara, yaxud tavana dırmaşmağın ataya hörmətsizlik kimi başa düşülməsindən qorxurdu. Amma onu da hiss edirdi ki, bu cür qaçışa çox tab gətirə bilməz. Atası bir addım atanda Qreqora yüz cür hərəkət etmək lazım gəlirdi, təngnəfəslik getdikcə şiddətlənirdi, ciyərlərinə isə heç əvvəllər də çox bel bağlamırdı. O, tam ümidsizlik içində ayrı heç bir xilas yolu barədə düşünmürdü, künc-bucağına əcaib naxışlı, girintili-çıxıntılı mebellər düzülən divarlardan yararlanmağı isə büsbütün unutmuşdu. Birdən, Qreqor ayaqlarını güclə sürüyüb bəbəklərini zorla qaldıraraq aradan çıxmaq üçün var qüvvəsini toplamağa çalışdığı vaxt, yuxarıdan atılan nəsə bir şey düz böyrünə düşdü və dığırlanıb getdi. Bu, alma idi. Birincinin ardınca dərhal ikinci də gəldi. Qreqor dəhşət içində duruxub qalmışdı, qaçmaq artıq mənasız iş idi, çünki atası onu alma atəşinə hədəf etmək qərarı vermişdi. Bufetin üstündəki meyvəqabından almaları götürüb cibinə doldurmuşdu və indi bir-bir çıxarıb necə gəldi ona tərəf atırdı. Balaca, qırmızı almalar maqnitlənmiş kimi bir-birinə dəyə-dəyə döşəmə boyunca dığırlanıb gedirdi. Almanın biri belinə yüngülcə toxunsa da, xətər yetirmədi, dərhal atılan o biri alma isə kürəyində ilişib qaldı. Sürünüb uzaqlaşmaq istədi, sanki yerini dəyişməklə bu qəfil ürcah olduğu dözülməz ağrıdan xilas olacaqdı. Ancaq özünü döşəməyə mıxlanmış kimi hiss etdi və huşsuz halda yerə sərələnib qaldı. Yalnız onu görüb-eşitməyə macal tapdı ki, otağının qapısı taybatay açıldı, alt köynəyində olan anası arxadan nəsə çığıran bacısını qabaqlayaraq bayıra şığıdı, görünür, qəşş edəndə rahat nəfəs alması üçün qız onu soyundurubmuş. İndi ərinə tərəf qaçarkən yubkaları bir-bir sürüşüb əynindən düşürdü və ayaqları tumanına dolaşa-dolaşa özünü yetirib kişinin ağuşuna atıldı, ona bərk-bərk sarılıb peysərindən yapışdı, yalvardı ki, Qreqora dəyməsin, onu vurub öldürməsin, Qreqor isə bu zaman artıq heç nə görmürdü.

III

      Qreqora bir aydan da artıq əziyyət verən həmin o ağır yara (almanı çıxartmağa heç kəs ürək eləmirdi; o da əyani nişanə kimi eləcə onun kürəyində ilişib qalmışdı), deyəsən, hətta atasına da xatırlatdı ki, indiki acınacaqlı və iyrənc görkəminə baxmayaraq, Qreqor, hər necə olsa, bu ailənin üzvüdür və onunla düşmən kimi rəftar etmək olmaz, ən azı ailə şərəfi naminə ikrah hissini boğub dözmək, yalnız dözmək lazımdır.

      Qreqor yaranın ucbatından əvvəlki çevikliyini həmişəlik itirsə də və şikəst qocalar sayağı indi otağın bu başından o başına getmək – divarlara dırmaşmaqdan, ya tavanda sürünməkdən heç söhbət gedə bilməzdi – ona uzun, çox uzun dəqiqələr bahasına başa gəlsə də, əvəzində vəziyyətinin bu cür pisləşməsi müqabilində, onun fikrincə, əməlli-başlı mükafatlandırılmışdı;