Название | Hekayələr |
---|---|
Автор произведения | Франц Кафка |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242478 |
Bu şıltaqlığa sonradan asanlıqla bəraət qazandırmaq mümkün idi və Qreqor da haqlı olaraq düşünürdü ki, indi göz yaşı tökməkdən, yaxud nəsihətlərlə təngə gətirməkdənsə, yaxşı olardı onu dinc qoysunlar, rahat buraxsınlar. Amma hamıya əziyyət verən, eyni zamanda hər birinin hərəkətinə haqq qazandıran məhz bu qeyri-müəyyənlik idi.
– Cənab Zamza, – müdir bu dəfə səsini yüksəltdi, – nə olub, nə baş verib axı? Siz otağa bağlanıb qalmısınız, “hə-yox”dan başqa ayrı bir cavabınız yoxdur, valideynlərinizi lüzumsuz intizarda saxlayırsınız, sözgəlişi onu da xatırladım ki, ağlagəlməz bir şəkildə vəzifənizdən boyun qaçırırsınız. İndi mən sizin valideynlərinizin və xozeyininizin adından danışıram. Rica edirəm, yubatmadan məsələni mənə izah edəsiniz. Mən təəccüb içindəyəm, mat-məəttəl qalmışam! Sizi dinc, dərrakəli bir şəxs bilirdim, sizsə, deyəsən, qəribə oyunlar çıxartmaq fikrinə düşmüsünüz. Düzdür, sahibkar bu səhər sizin işdən yayınmanızın mümkün izahına yüngülcə bir eyham vurdu – bu sizə yaxınlarda etibar edilmiş inkassoya3 aiddir, – lakin mən and içməyə hazır idim ki, həmin səbəb həqiqətəuyğun deyil. İndi bu anlaşılmaz inadınızı görərkən sizi hər hansı dərəcədə müdafiə etmək niyyətim puça çıxır. Vəziyyətiniz isə əsla möhkəm deyil, istəyirdim bunu sizə təklikdə deyəm, ancaq bir halda ki siz məni burda əbəs yerə vaxt itirməyə məcbur edirsiniz, onda mən bunu hörmətli valideynlərinizdən gizlətməyə səbəb görmürəm. Son vaxtlar nailiyyətiniz, açıq deməliyəm ki, qeyri-kafi idi. Doğrudur, indi ilin o mövsümü deyil ki, böyük sazişlər bağlayasan, biz burasını etiraf edirik, cənab Zamza, amma ilin heç bir saziş bağlanmayan fəsli də mövcud deyil və heç ola da bilməz.
– Cənab müdir, – Qreqor özünü saxlaya bilməyib çığırdı və bərk həyəcanlandığından hər şeyi unutdu, – mən axı bu saat, lap elə bu dəqiqə qapını açıram! Yüngülvarı bir kefsizlik, başgicəllənmə imkan vermirdi ayağa durum. Mən hələ indi də çarpayıdayam. Amma artıq özümə gəlmişəm, dururam. Bircə dəqiqə səbir edin! Əhvalım elə də yaxşı deyilmiş, amma hazırda nisbətən düzəlib. Müsibətə bax! Dünən axşam özümü əla hiss edirdim, bunu valideynlərim də təsdiqləyər, lap doğrusu, axşam ürəyimə nəsə dammışdı. Güman ki, bu, kənardan da hiss olunub. Gərək bu barədə firmaya xəbər verəydim, nə bilim! Adam həmişə fikirləşir ki, naxoşluğu elə ayaq üstə keçirə bilər. Cənab müdir! Siz Allah, valideynlərimə rəhm edin. Axı bayaqkı tənələriniz üçün heç bir əsas yoxdur, axı bu iradlar barədə mənə bir söz deməmisiniz. Çox yəqin ki, göndərdiyim axırıncı sifarişləri siz hələ görməmisiniz. Bir də ki mən saat səkkiz qatarıyla yola düşəcəyəm. Bu bir neçə saatlıq artıq yuxu mənə əlavə güc verib. Cənab müdir, siz ləngiməyin, bu saat mən özüm firmaya gəlirəm, lütfən, xozeyinə belə söyləyin və mənim ehtiramımı ona yetirin!
Nə danışdığını özü də dərk etmədən bu sözləri deyə-deyə Qreqor asanlıqla – görünür, buna hələ çarpayıda ikən alışmışdı – sandığa yaxınlaşdı, ona söykənib dikəlməyə çalışdı. O, həqiqətən, qapını açmaq, müdirlə danışmaq, bayırda intizarla durub gözləyənlərin onu görəndə nə deyəcəklərini bilmək istəyirdi. Əgər bayırdakılar onun görkəmindən qorxsaydılar – məsuliyyət onun üzərindən götürüləcəkdi və o da xatircəm ola bilərdi. Yox, əgər hər şeyi sakit qarşılasalar, deməli, təşvişə düşməyə heç bir səbəb yoxdur və o da saat səkkizdə vağzalda olacaq.
Sandığın çox hamar olması səbəbindən cəhdi dərhal baş tutmadı, bir neçə dəfə sürüşüb düşdü, nəhayət, axırıncı sıçrayışda bütün qamətiylə dikələ bildi, bu zaman bədəninin aşağı hissəsində ona olmazın əziyyət verən ağrıya da heç məhəl qoymadı. Sonra yaxınlıqdakı stulun söykənəcəyinə dayaqlanıb ayaqlarını onun qıraqlarına bənd elədi. İndi o daha bədəninə yiyəlik edə bilirdi, eyni vaxtda müdirin cavabını eşitmək üçün cınqırını çıxarmırdı. Müdirsə üzünü valideynlərə tutub soruşdu:
– Siz nəsə bir söz başa düşdünüz? Yoxsa o bizi məsxərəyə qoyur?
– Allah xatirinə, insaf edin! Uşağın halı xarabdır, bizsə ona əziyyət veririk, – deyə vay-şivən qoparan ana göz yaşları içində “Qreta! Qreta!” çığırdı, bacısı da əks tərəfdən “Ana!” deyərək ona hay verdi. – Tez ol, həkim dalınca qaç. Qreqor xəstədir, tez həkim çağır. Sən onun nə cür danışdığını eşitdin?
Müdirsə ananın çığırtısı ilə əsla müqayisəyə gəlməyəcək son dərəcə yavaş səslə:
– O, heyvan səsi idi, – dedi.
Atası əllərini bir-birinə çırpıb hiddətlə mətbəxə üz tutdu:
– Anna! Anna! Tez çilingər çağırın!
Yubkası xışıldaya-xışıldaya hər iki qız dəhlizlə qaçıb getdi, – bacısı nə tez geyindi ki? – küçə qapısı taybatay açıldı, amma necə örtüldüyü eşidilmədi, görünür, qapını açıq qoyub getmişdilər, qəfil bədbəxtlik üz verən evlərdə belə şeylərə təsadüf edilir.
Qreqor tam arxayınlaşdı. Onun sözlərini anlamasalar da, dedikləri özünə kifayət qədər aydın idi, hətta əvvəlkindən də aydın. Yəqin, qulaqları bu sözlərə alışdığından belə idi. Onu başa düşməsələr də, başına nəsə iş gəldiyinə artıq inanmışdılar və kömək etməyə hazır idilər. Verilən sərəncamlardakı qətiyyət və inam Qreqora müsbət təsir göstərdi. O, təzədən adamlara qoşulduğunu hiss etdi, mahiyyətcə birini digərindən ayırmadan həkimin də, çilingərin də möcüzə yaradacağını gözlədi, yaxınlaşmaqda olan həlledici danışıqlar ərəfəsində kəlmələri kifayət qədər anlaşıqlı tələffüz etmək üçün boğazını arıtlayanda səsini mümkün qədər boğmağa çalışdı – kim bilir, bəlkə, bu heç adam öskürəyinə bənzəmirdi? Ancaq bu barədə əlavə fikir yürütməyə ürək eləmədi. Bu arada qonşu otaqda tam sakitlik idi – nə biləsən axı, bəlkə, valideynləri müdirlə masa arxasında oturub xısınlaşır, ya da, ola bilsin, qulaqlarını qapıya söykəyib dinşəyirdilər.
Qreqor stulla birlikdə ağır-ağır qapıya doğru getdi, sonra stulu buraxıb dikinə qapıya söykəndi. Pəncələrində nəsə yapışqanlı maddə vardı. Uzun zəhmətdən sonra bir az da dikəldi, sonra açarı ağzıyla hərlətməyə başladı. Amma heyif ki, əsl dişləri yox idi, – bəs indi açarı ağzında necə tutsun? – əvəzində çənəsi kifayət qədər möhkəm idi və o da açarı elə çənəsiylə hərlətməyə başladı, heç aldığı xəsarətə də əhəmiyyət vermədi. Ağzına dolan boz maye açar
3