Название | Hekayələr |
---|---|
Автор произведения | Франц Кафка |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242478 |
Lakin bir belə əziyyətdən sonra təzədən əvvəlki vəziyyətə qayıdıb azacıq nəfəs dərəndə ayaqlarının bir-birinə daha bərk dolaşdığını və bu hərc-mərcliyi heç cür sahmana sala bilmədiyini görüb dübarə qət etdi ki, heç bir halda yataqda qalmaq olmaz və çarpayıdan enmək üçün, lap nəyin bahasına olursa-olsun, riskə getmək lazımdır. Ancaq eyni vaxtda orasını da unutmur və tez-tez yaddaşına təlqin edirdi ki, yersiz haray-həşirdənsə soyuq başla düşünmək daha çox fayda verə bilər. Belədə o, bütün diqqətini toparlayıb pəncərəyə daha zəndlə baxsa da, əfsuslar olsun ki, dar küçəni görünməz edən qatı sübh dumanı adamın ovqatına heç də qətiyyət və gümrahlıq aşılamırdı.
“Artıq yeddidir, – zəngli saatın çığırtısı təzədən eşidilib otağı başına götürəndə o öz-özünə pıçıldadı, – artıq yeddi tamamdır, amma duman hələ çəkilməyib”. Nəfəsini içinə qısaraq bir müddət öz yerində kirimişcə uzanıb qaldı, sanki hər yanı sarmış qatı sükunət onun həqiqi və təbii vəziyyətini özünə qaytaracaqdı.
Ancaq sonra o: “Səkkizə on beş dəqiqə işləmişi vuranacan gərək hökmən yatağı tərk edim, yəqin, o vaxtacan məndən xəbər tutmaq üçün idarədən də gələn olacaq, axı idarə yeddidən qabaq açılır”, – deyib bədənini yırğalayaraq hərəkətə gətirməklə özünü çarpayıdan düşürtməyə çalışdı. İşdir, birdən yıxılsaydı, onda başını havada cəld yuxarı qaldırmaqla, yəqin ki, xata-baladan sovuşa bilərdi. Kürəyi sarıdan tam arxayın idi – kifayət qədər möhkəm kürəyə xalçanın üstünə dəyməkdən heç nə olmazdı. Narahatlığı ən çox ondan idi ki, düşəndə gövdəsi guppultuyla yerə dəyəcəkdi, bu da, hər halda, təlaş doğuracaqdı. Amma başqa çarəsi də yox idi.
Çarpayının qırağından asılıb qaldığı vaxt düşündü ki, – yataqdan enməyin bu yeni üsulu yorucu işdən daha çox, oyuna bənzəyirdi, yalnız dartına-dartına sallanmaq lazım gəlirdi, – hərgah kömək edən olsaydı, bu zülmdən canı qurtarardı. İki qoluzorlu adam – xəyalında atası və qulluqçu canlandı – tamamilə kifayət edərdi; onların vəzifəsi qollarını Qreqorun domba kürəyinin altından salıb onu çarpayıdan götürməkdən, sonra da həmin yüklə bir az aşağı əyilib Qreqor döşəmənin üzərində ehmalca çevrilənə qədər gözləməkdən ibarət olacaqdı. Yerdə çevrildiyi vaxt, ehtimal ki, onun ayaqları da kara gələ bilərdi.
Fikirləşdi ki, bəs əgər qapı daldan bağlı olmasaydı, görəsən, doğrudanmı, kimisə köməyə çağırardı? Zarafatlıq halı olmasa da, bu fikri xəyalından keçirəndə gülümsəməkdən özünü saxlaya bilmədi.
Var qüvvəsiylə dartınarkən müvazinətini zorla saxladı və məsələ indicə biryolluq bitmək üzrə idi ki, tərslikdən elə bu vaxt küçə qapısının zəngi çalındı. “Kimdisə firmadandır”, – deyib yerindəcə donub-qaldı, xırda ayaqları isə daha sürətlə tərpəşməyə başladı.
Bir neçə anlığa hər yana sakitlik çökdü. Qreqor xam xəyala uyub hansısa çılğın bir ümidlə: “Deyəsən, onlar qapını açmırlar”, – deyə özünə təskinlik versə də, az sonra, əlbəttə, qulluqçu, həmişəki kimi, qəti addımlarla gedib küçə qapısını açdı. Gələnin kimliyini bilmək üçün onun bircə sözünü eşitmək Qreqora kifayət etdi: idarə müdiri şəxsən özü təşrif buyurmuşdu!
Lənətə gələsən, axı o, nəyə görə elə bir firmada işləməliydi ki, orda kiçicik bir xəta da ağır şübhələr oyatsın? Bəyəm bu firmada işləyənlərin hamısı ucdantutma əclaf və yaramazdır? Bəyəm onların içində etibarlısı və sədaqətlisi ola bilməzdi? Lap tutaq ki, həmin adam bir-iki saatını işə sərf etməyib – axı o yazıq vicdan əzabından qovrula-qovrula az qala ağlını itirmək dərəcəsindədir və əgər yataqdan qalxa bilmirsə, demək, etibarlı və sədaqətli deyil? Məsələnin nə yerdə olduğunu öyrənmək üçün – belə sorğu-suala, ümumiyyətlə, lüzum vardısa – bəyəm evə hansısa şagirdi göndərmək bəs etməzdi? Yəni, doğrudanmı, hökmən müdirin özü gəlməli və bu işdə heç bir təqsiri olmayan ailəyə göstərməlidir ki, bəs bu şübhəli məsələni yoxlamağa yalnız onun səlahiyyəti çatır?
Əslində, düşünüb-daşınaraq çıxardığı qəti qərar nəticəsində deyil, bu fikirlərin doğurduğu təşviş altında Qreqor var gücüylə sıçrayıb özünü çarpayıdan yerə tulladı. Döşəməyə zərblə çırpılan gövdənin qopartdığı səs qulaqbatırıcı olmasa da, hər halda, kifayət qədər bərk çıxdı. Xalça səsi bir az yumşaltdığına, həm də kürəyi ehtimal etdiyindən daha elastiki olduğuna görə gurultu kəskin deyil, nisbətən boğuq alındı. Di gəl ki, kifayət qədər ehtiyatlı tutmadığından kəlləsi yerə pis dəydi, ağrıdan dilxor olub başını hirslə xalçaya sürtməyə başladı. Bu vaxt sol tərəfdəki otaqdan müdirin səsi gəldi:
– Deyəsən, orda nəsə aşdı.
Qreqor xəyalında canlandırmağa çalışdı ki, görəsən, buna bənzər bir hadisə müdirin də başına gələ bilməzdimi? Axı bu tövr qəzavü-qədərin mümkünlüyü, əslində, danılmazdır. Sanki müdir də elə bu fərziyyəni rədd edirmiş kimi laklı çəkmələrini cırıldada-cırıldada qonşu otaqda bir neçə sərrast addım atdı. Bu gəlişdən Qreqoru xəbərdar etməyə çalışan bacısı güclə eşidiləcək pıçıltıyla sağ tərəfdəki otaqdan:
– Qreqor, müdir gəlib, – dedi.
– Bilirəm, – deyə Qreqor da çox astadan cavab verdi. Səsini bacısının eşidəcəyi dərəcədə qaldırmağa ürək eləmədi.
– Qreqor, – sol tərəfdəki otaqdan atasının səsi eşidildi, – cənab müdir bizə təşrif buyurub. Soruşur ki, sən hansı səbəbdən səhər qatarıyla getməmisən. Biz bilmirik ona nə cavab verək, həm də o, şəxsən sənin özünlə danışmaq istəyir. Zəhmət olmasa, aç qapını. Səliqəsizliyə görə cənab müdir bizi bağışlayar.
– Sabahınız xeyir, cənab Zamza, – deyə müdir özü də çox mülayim tərzdə bu söhbətə qoşuldu.
– Cənab müdir, o naxoşlayıb, – atası qapı dalından Qreqoru dilə tutmaqda ikən anası da bikar dayanmadı. – Mənə inanın ki, o xəstələnib. Yoxsa heç qatara gecikərdimi? Uşağın bütün fikri-zikri firmanın yanındadır. Hətta mən hərdən acıqlanıram ki, niyə axşamlar o, bir yana getmir. Şəhərdə düz səkkiz gün qaldı, bütün gününü də evdə keçirtdi. Masa arxasında oturub ya qəzet oxuyur, ya da qatarların hərəkət cədvəlini