Hekayələr. К. Г. Паустовский

Читать онлайн.
Название Hekayələr
Автор произведения К. Г. Паустовский
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952242454 



Скачать книгу

masanın üstündən bir yığın kitabı qaldırıb onları havada silkələdi və zərblə geri çırpdı. Masanın üstündən gipsin tozu qalxdı.

      – Bunların hamısı Qoqol haqqındadır! – o dedi və birdən-birə sakitləşdi. – Nədir? Deyəsən, qorxutdum axı sizi. Bağışlayın, əzizim, ancaq, vallah, mən dalaşmağa da hazıram.

      – Nə olar ki! Birlikdə dalaşarıq, – Nastya dedi və ayağa qalxdı.

      Timofeyev onun əlini bərk sıxdı və Nastya oranı bu istedadlı şəxsi naməlumluğun pəncəsindən qoparmaq haqqında qəti fikirlə tərk etdi.

      Nastya Rəssamlar İttifaqına qayıtdı, sədrin yanına keçdi və onunla xeyli danışaraq özündən çıxa-çıxa sübut etdi ki, Timofeyevin işlərinin sərgisini vaxt itirmədən təşkil etmək lazımdır. Sədr masasını qələmlə taqqıldadıb bir xeyli götür-qoy etdikdən sonra, nəhayət, razılığını verdi.

      Nastya tavanı qızılı rəngə boyanmış, Moykada11 yerləşən yaşadığı qədim evə qayıtdı və yalnız orada Katerina Petrovnanın məktubunu oxudu.

      – Hara gedim axı indi?! – deyib yerindən qalxdı. – Bu qədər işin içində buradan çıxmaqmı olar?!

      O, içi dolub-daşan vaqonlar, sonra oradan enib ensiz dəmiryol xətti ilə hərəkət edən qatara minmək, silkələnən araba, qurumuş bağ-bağça, anasının qaçılmaz göz yaşları, kənd həyatının ağır keçən, maraqsız günləri barədə düşündü və məktubu yazı masasının gözünə qoydu.

      Düz iki həftə boyunca Nastya Timofeyevin sərgisinin təşkili ilə məşğul oldu.

      Bu müddət ərzində o, bir neçə dəfə tərs heykəltəraşla küsüb-barışmışdı. Timofeyev öz işlərini sərgiyə elə göndərirdi ki, elə bil onları məhv olmağa məruz qoyurdu.

      – Heç bir şey alınmayacaq, əzizim, – o, Nastyaya bu sözləri elə bədxahlıqla deyirdi ki, sanki Nastya onun deyil, öz sərgisini təşkil edirdi. – Vaxtımı boşuna sərf edirəm, düz sözümdür.

      Nastya əvvəl ümidlərini itirir və inciyirdi, amma sonra başa düşdü ki, bütün bu nazlanmalar qəlb qırıqlığından irəli gəlir və əslində, Timofeyev ürəyinin dərinliyində bu sərgiyə çox sevinir.

      Sərgi axşamçağı açıldı. Timofeyev əsəbiləşir və heykəllərə elektrik işığı altında baxmağın mümkün olmadığını deyirdi.

      – Ölü işıq! – o deyinirdi. – Öldürücü mənasızlıq! Hətta kerosinlə işləyən fənərin işığı da bundan daha yaxşıdır.

      – Axı sizə necə işıq lazımdır, ay hər şeydən narazı insan?! – Nastya özündən çıxdı.

      – Şamlar lazımdır! Şamlar! – Timofeyev əzab içində çığırdı. – Axı Qoqolu elektrik lampasının altına necə qoymaq olar?! Absurddur!

      Açılışda heykəltəraşlar, rəssamlar vardı. Bu işlərdən xəbərsiz biri heykəltəraşların söhbətlərini eşitdikdə, ola bilsin, onların Timofeyevin işlərini tənqid, yoxsa tərif etdiyini anlamazdı. Ancaq Timofeyev yaxşı başa düşürdü ki, sərgi uğurlu alınıb.

      Saçı ağarmış, özündən tez çıxan bir rəssam Nastyaya yaxınlaşdı və onun əlini yoldaşcasına şappıldatdı:

      – Sizə minnətdaram. Eşitmişəm ki, Timofeyevi gün işığına çıxaran sizsiniz. Əla iş görmüsünüz. Yoxsa bizdə, bilirsinizmi, rəssama diqqət, qayğı haqqında danışan çox olsa da, söhbət gəlib işin üstünə çıxanda heç nə ifadə etməyən, bomboş gözlərlə qarşılaşırsan. Sizə bir daha təşəkkür edirəm!

      Müzakirələr başlandı. Hər kəs çox danışır, tərifləyir, özündən çıxır və qocaman rəssam tərəfindən deyilmiş – layiq olmadığı halda unudulmuş gənc heykəltəraşa diqqətin göstərilməsi fikri bütün nitqlərdə təkrarlanırdı.

      Timofeyev qaşqabağını sallayıb oturmuş, gözlərini parketə dikmişdi, amma yenə də çıxış edənlərə arabir gözünün ucu ilə baxır və heç cür qərar verə bilmirdi ki, onlara artıq inansın, ya yox.

      Qapıda ittifaqın mehriban və əfəl kuryeri Daşa göründü. O, Nastyaya göz-qaş edirdi. Nastya ona yaxınlaşdı və Daşa teleqramı ona gülümsəyərək uzatdı.

      Nastya öz yerinə qayıtdı və ətrafdakılara hiss etdirmədən teleqramı açıb oxudu, lakin heç nə başa düşmədi:

      “Katya ölür. Tixon”.

      “Hansı Katya? – Nastya çaşqın halda düşündü. – Hansı Tixon? Ola bilsin, bu teleqram başqa birinə göndərilib”.

      O, ünvana nəzər saldı: yox, teleqram elə ona ünvanlanmışdı. Elə həmin andaca onun gözü kağız lentin üzərindəki incə çap hərfləri ilə yazılmış “Zaborye” sözünə sataşdı.

      Nastya teleqramı ovcunun içində əzib qaşqabağını tökdü.

      Perşin çıxış edirdi:

      – Bizim zəmanəmizdə, – o, yerindəcə yırğalana-yırğalana və bir əli ilə eynəyini tutaraq deyirdi, – insana göstərilən qayğı bizə irəli getməyə və işləməyə kömək edən gözəl bir reallığa çevrilmişdir. Mən yoldaş Timofeyevin sərgisindən bəhs edirəm. Bu sərgiyə görə biz ancaq və ancaq – qoy sözüm rəhbərliyin xətrinə dəyməsin – ittifaqın sıravi işçilərindən biri, hamımızın sevimlisi – Anastasiya Semyonovnaya borcluyuq.

      Perşin Nastyaya təzim etdi və hamı əl çaldı. Alqışlar xeyli sürdü. Utandığından Nastyanın da gözü yaşardı.

      Arxada oturanlardan biri onun qoluna toxundu. Bu, yaşlı, özündən tez çıxan həmin rəssam idi.

      – Nə olub? – o, pıçıltıyla soruşdu və gözləri ilə Nastyanın əlindəki əzilmiş teleqrama işarə etdi. – Pis bir şey olmayıb ki?

      – Xeyr, – Nastya cavab verdi. – Bu, elə-belə… Bir tanışdandır…

      – Aha! – deyə qoca dilləndi və Perşinə qulaq asmağa davam etdi.

      Hamı Perşinə baxırdı, ancaq kiminsə ağır və dəlib keçən nəzərləri ona dikilmişdi. Nastya bu nəzərləri öz üzərində hiss edir və başını qaldırmağa qorxurdu. “Görəsən, bu, kim ola bilər? – o öz-özünə düşünürdü. – Yəni kimsə başa düşüb? Axmaqlıqdır. Əsəblərim pozulub”.

      O, gözlərini güclə qaldırdı və tez də aşağı saldı. Qoqol ona kinayə ilə baxırdı. Gicgahındakı damarı sanki ağır-ağır döyünürdü. Nastyaya elə gəldi ki, Qoqol qıcanmış dişləri arasından sakitcə dedi: “Eh, səni!”

      Nastya cəld ayağa qalxıb sərgi zalından çıxdı, aşağıda tez-tələsik geyindi və qaçaraq küçəyə çıxdı.

      Sulu qar yağırdı. İsaaki kilsəsinin üzərində bozumtul qırov görünürdü. Qaşqabaqlı səma daha da aşağı – şəhərin, Nastyanın, Nevanın üzərinə çökürdü.

      “Əziz balam, – Nastya bir müddət əvvəl aldığı məktubu xatırladı. – Əzizim!..”

      Nastya Admirallıq binasının yanındakı meydanın skamyalarından birinə əyləşdi və acı-acı ağladı. Qar onun üzündə əriyir, göz yaşlarına qarışırdı.

      Nastyanın



<p>11</p>

Moyka – hazırkı Sankt-Peterburqda çay; Neva çayının bir qoludur. Uzunluğu 4,6 km, eni 40 m-dir. Moykanın hər iki sahili boyunca şəhərin ən qədim binaları yerləşir.