Oğluma nəsihət. Низами Гянджеви

Читать онлайн.
Название Oğluma nəsihət
Автор произведения Низами Гянджеви
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-311-21-1

Скачать книгу

qana dönəcək, ömrüm zindana, inan!

Hiss edirəm, dözməsəm, atsam sirrin daşını,

Tale elə həmin gün yeyəcəkdir başımı.

– Saqın! Heç kəsə açma, – dedi qarı, – bunları,

Öz sirrinin sirdaşı tək özünsən, bil barı.

Heç bir kəsə güvənmə, açıq deyim qoy sənə:

Hətta öz kölgəni də yaxın bilmə özünə.

Rəvamı qılınc ilə al-qırmızı olasan?

Ondansa qızıl kimi kaş saralıb solasan.

Eşitmişəm, hər gecə dilə çox yalvarır baş:

– Saqın! Açma! Amandır, açma sirrimi, qardaş.

Baş saxlamaq istəsən, boşboğazlıq eləmə,

Sirrini gündüz kimi tökmə bütün aləmə.

Dilini saxlayanlar nə dolaşır, nə çaşır,

Hürmək yalnız qudurğan köpəklərə yaraşır.

Tez kəsilər uzun dil, unutma bircə an da,

Dil ağızda gözəldir, qılınc isə qınında.

Rahatlığın rəhnidir bu öyüdün mənası,

Dilin ucundan gəlir canın-başın bəlası.

İstəsən, ah çəkməsin qanlı ləyəndə başın,

Dilini dişinlə kəs, sirri açmaqdan daşın!

Dilin şəkər də saçsa, dodaqlarını açma,

Bil ki, divar dalında dinləyən var, danışma!

Çölə bənövşə kimi yaymasan rayihəni,

Kimsə başını kəsməz, yerdən qoparmaz səni.

Eyibləri görürkən sən gərək lal olasan.

Bir az ağır eşitmək, susmaq vaxtıdır, inan!

Yazarkən qələmini qıs, cilovla bir qədər,

Bil ki, hər kəlmən üçün hesab istəyəcəklər.

Axar su kimi pak ol, nə eşitsən, yuyub keç.

Gördüyünü aynatək göstərsən də, dinmə heç.

Uzaqgörən kişilər heç vaxt həddini aşmaz,

Gecə gördüklərini gündüz kimsəyə açmaz.

Bu ulduzlu qübbənin heyranıyam, düzü, mən:

Xəbərçilik edibmi heç gündüzə gecədən?

Sən də bir az pərdəli qalmaq istəsən əgər,

Gecə gördüklərini açıb demə gündüzlər.

Gecənin ürəyində neçə xəzinələr var,

Min-min işıqlı dürrü qaranlığında saxlar.

İldırım kimi odlu ürəklə yaşayanlar,

Gördüyünün yanından saymazyana sovuşar.

Başını doqquz göydən dışarı çıxaranlar,

Dəruni aləminin meydanında at çapar.97

Yaxınsa da dillə göz, uzaq biləsən gərək,

Necə ki, saç uzaqdır bədəndən çərək-çərək.

Eşqin gizli qalması bir möcüzə sayılır,

Elə ki üzə çıxdı, xərabatda bayılır.98

Sirr düyünü vurarkən din ipliyi seçdilər,

Həllacın da ipini bu pambıqdan eşdilər.99

Nə qədər ki bağlıdır qönçə rahat, salamat,

Dönür qan çanağına açılan kimi, heyhat.100

Susmaq səadətinə ağız yetərsə əgər,

Başından keçənləri qəlbin dililə söylər.

Könlünün kasasından yesən, xoşdu bu nemət,

Dilinə dəyən kimi atəş kəsilir fəqət.

Ən gözəl natiqliyin adı sükutdur bu gün,

Sükut ilə yürümək – sənin zəfər yürüşün.

İşıq dolu könüllər sükut etməyi xoşlar,

Ağız açmaz, bu haqqı özgəsinə bağışlar.

Könüllər dünyasında könül lüğəti gizli,

Bu lüğəti şərh edər yalnız ürəyin dili.

Ey Nizami, layiqdir qənaət mülkü sənə,

Çünki dilin xəsisdir, qəlbin – sonsuz xəzinə.

Harun ər-Rəşid ilə dəlləyin dastanı

Xəlifəlik təxtini alırkən ələ Harun,

Ucalmışdı bayrağı Abbas101 oğullarının.

Öz yataq otağından çıxdı bir gecəyarı,

Bir az dincəlsin deyə gəldi hamama sarı.

Saçını taraş edən saray bərbəri – usta,

Çox dadlı bir xəyala qapılmışdı iş üstə.

Dedi: – Ustadlığımdan agahsan, ey xəlifə!

Qoy sənə damad olum, xoşbəxt olum bir dəfə.

Toy-düyün xəbərini çəkək bu aləmə car,

Qızını bu quluna nişanlasan, nə olar?!

Bu təklifdən xəlifə öfkələndi bir qədər,

Cilovladı qeyzini, susub, dözdü birtəhər.

Dedi: “Bəlkə, çaşdırıb onu zəhmim, heybətim,

Bəlkə, vurub başına hamamın hərarəti.

Ağlını itirib ki, sayıqlayır gəvəzə,

Yoxsa dayana bilməz o mənimlə göz-gözə.

Ertəsi gün bərbəri yenə bir az əylədi,

O qəlp pul üstündəki damğa gördü eynidi.

Bir də, bir də xəlifə o bərbəri sınadı,

Gördü bədbəxt ustanın qırılmayıb inadı.

– Vaxtdır, – dedi, – bu işi ayırd eləmək gərək,

Vəzirilə qonuşdu: – Bir məsləhət ver görək.

Adicə bir dəlləyin göz qoyun təlaşına,

Nə cür alın yazısı yazmaq istər başıma.

Mənə damad olmağı heç ona yaraşarmı?

Görün,

97

Kainatın mənəvi hökmdarları yalnız və yalnız öz nəfsinə qalib gəlməyi bacaranlar, hər cür acgöz və yırtıcı ehtirasları boğub ram edə bilənlərdir ki, göylərin 9-cu qatından yuxarı qalxırdı ərşə, Tanrı mərtəbəsinə yüksəlir və özlərinin ruh aləmində köhlən səyirdirlər.

98

Eşq yalnız o zaman möcüzə səviyyəli gözəlliyə, ülviyyətə çevrilir ki, ürəkdə bəslənir, faş edilmir. Elə ki aşiq və məşuq bu sirri açdı, dilə-dişə saldı, bir gün onları xərabatda bayılmış görürlər. Yəni böyük məhəbbət əvəzinə yataq həyatı, cismani yaxınlıq müşahidə edilir.

99

Həllac – pambıqdarayan və X əsrin məşhur filosof-sufi şairi Mənsurun ləqəbi. Beytin mənası: Məhəbbətin sirr kisəsinin ağzı dinin sapı ilə bağlanıb. Onu bağlı saxlamağı bacarmalısan. Əks halda səni Mənsur Həllacın aqibəti bəklər. Sirri açdığına, “Mən – həqqəm!” deyə haray çəkdiyinə görə boğazına sabunlu ip, kəndir keçirildi.

100

Nə qədər ki səba və Günəşlə vüsal sirrini saxlaya bilir, qönçə salamatdır. Elə ki bu sirri açıb gülə çevrilir, dərhal qanını töküb onu dərir, aparırlar. Nəticə: sirri qorumalısan!

101

Abbas – Məhəmməd peyğəmbərin əmisi. Abbasilər xilafəti (750-1256) onun xələfləri və din tərəfdarları tərəfindən təşkil edilmişdir.