Название | Dekameron |
---|---|
Автор произведения | Джованни Боккаччо |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8125-9-7 |
İKİNCİ HEKAYƏ
Rinaldo Asti var-yoxu qarət edildikdən sonra Kastel Gvilyelmoya gəlir, orada bir dul qadının yanında özünə sığınacaq tapır, çəkdiyi ziyanın əvəzini alaraq, sağ-salamat evinə qayıdır
Neifila Martellinonun başına gələn əhvalatı danışdıqca, xanımlar gülməkdən uğunub gedirdi, cavan oğlanlardan da ən çox gülən, Neifilanın yanında oturan Filostrato idi. Kraliça da elə ona ikinci hekayəni söyləməyi əmr etdi. Filostrato bir an ləngimədən sözə başladı: – Gözəl xanımlar, mən sizə, qismən bədbəxtlik və sevgi ilə əlaqədar olan müqəddəs şeylərdən danışmaq istəyirəm, bunu eşitmək bəlkə də faydalı olar, xüsusilə sevginin təhlükəli, məşəqqətli yolla-rında səyahətə çıxarılar bundan faydalana bilərlər. Sevginin bu təhlükəli yollarında çox vaxt elə olur ki, müqəddəs Yuliana dua oxumayanlar rahat yataqda da pis sığınacaq tapırlar.
Bəli, Ferrara markizi Assonun vaxtında Rinaldo Asti adlı bir tacir öz işi üçün Bolonyaya gəlir. Elə olur ki, o, işini düzəldib evinə qayı-danda, Ferraradan çıxıb Veronaya yola düşəndə üç adama rast gəlir. Onlar tacirə oxşasalar da, əslində quldur və dələdüz adamlarmış. Ri-naldo ehtiyatsızlıq edib, onlarla söhbətə girişir və onlara qoşulur. Bu üç adam görür ki, o, tacirdir, yanında da yəqin ki, pulu var, fürsət düşən kimi onu soymaq qərarına gəlirlər. Buna görə onu şübhələndir-məmək üçün, dinc və abırlı adamlar kimi, onunla ləyaqətli, yaxşı şeylərdən danışırlar, bacardıqca özlərini ona xoşrəftar və itaətkar göstərirlər. Rinaldo da onlara rast gəlməsini çox uğurlu bir təsadüf hesab edirdi, çünki o tək idi, ancaq bir nəfər atlı xidmətçisi vardı.
Bu qayda ilə, yol gedə-gedə söhbət edib bir məsələdən başqa bir məsələyə keçərək (söhbət zamanı çox vaxt belə olur), axırda gəlib dua məsələsi üstünə çıxdılar. Məlumdur ki, insanlar dua ilə allaha müraciət edirlər. Quldurlardan biri Rinaldoya dedi: «hörmətli adam, bəs sən yola çıxanda hansı duanı oxuyursan?» Rinaldo ona cavab verdi: «Düzünə qalsa, belə şeylərdə mən avam, kobud adamam, az dua bilirəm, köhnə qayda ilə yaşayıram, iki soldonu iyirmi dörd dinar bilirəm. Bununla belə mənim həmişə belə bir adətim vardır: səfərə çıxanda, hər səhər mehmanxanadan yola düşəndə müqəddəs Yulianın ata-anasının ərvahına «ya ilahi» və «Məryəm ana» duasını oxuyu-ram, sonra da allaha, övliyalara yalvarıram ki, onlar gecə qalmaq üçün mənə yaxşı bir mənzil yetirsinlər. Ömrümdə çox olub ki, səfərə çıxanda yaman təhlükəyə düşmüşəm, bunlardan qurtarandan sonra yenə də axşamı yaxşı yerdə keçirmişəm, gecəni də rahat yatmışam. Buna görə, lap qəti inanıram ki, müqəddəs Yulianın ki şərəfinə bu duaları oxuyuram, o bu mərhəməti allahdan mənim üçün yalvarıb almışdır. Mənə elə gəlir ki, səhərlər bu duanı oxumasam, yolda pis olacaq, gecə qalmaq üçün də yaxşı mənzil tapmayacağam». Rinaldo ilə söhbət edən adam soruşdu: «Bu gün səhər sən bu duanı oxumu-sanmı?» Rinaldo ona belə cavab verdi: «Əlbəttə!» O adam işin necə olacağını bildiyindən, öz-özünə dedi: «Dua sənə hələ lazım olacaq, çünki bizim işimiz bəd gətirməsə, elə bilirəm, sən gecəni qalmaq üçün pis mənzilə düşəcəksən». Sonra Rinaldoya dedi: «Mən də çox səfərə çıxmışam, amma o duanı heç oxumamışam, hərçənd eşitmi-şəm ki, çoxları bu duanı bəyənirlər. Ancaq mən bu duanı oxumasam da, heç elə olmayıb ki, gecə qalmaq üçün pis mənzilə düşmüş olam. Bu axşam bəlkə də özün görəcəksən ki, kim özünə yaxşı mənzil tapacaq: sən ya mən, – sən dua oxumusan, mən oxumamışam hərçənd mən o duanı yerinə: «Dirupisti» ya «Intemerata» ya da «De profundis» dualarını oxuyuram; nənəm deyərdi ki, bunların adama çox köməyi olur». Onlar bu qayda ilə cürbəcür şeylərdən danışa-danışa yol gedirdilər. O üç nəfər də alçaq niyyətini yerinə yetirmək üçün fürsət axtarır, əlverişli vaxt və yer gözləyirdi. Nəhayət, Kastel Gvilyelmonun o tərəfində, bir çaydan keçəndə o üç nəfər belə hesab etdi ki, vaxt da gecdir, yer də tənha, gözə dəyməyən yerdir, Rinal-donu basmarlayıb soydular, onu piyada və bir köynəkdə qoyub gedəndə dedilər: «Get bax gör sənin müqəddəs Yulianın bu gecə sənə yaxşı bir mənzil yetirəcəkmi, amma bizimki lap yəqin ki, yetirəcək». Onlar çayı keçib əkildilər. Rinaldonun xidmətçisi qorxaq adamdı, sahibinin soyulduğunu görüb, ona kömək eləmədi, atının başını döndərib Kastel Kvilyelmoya sarı qovdu. Axşam ora çatdı, heç nəyin fikrini çəkmədən, gecəni orada yatdı. Rinaldo bir köynəkdə qalmışdı, ayağı yalındı, hava da bərk soyuqdu, qar yağırdı, o bilmirdi nə eləsin. Axşam olduğunu görüb, titrəyə-titrəyə, dişi-dişinə dəyə-dəyə ətrafına baxmağa başladı: bəlkə sığınacaq bir yer gördü, soyuqdan ölməmək üçün gecəni orada qala bildi. Heç bir şey görmədi, çünki bundan bir az əvvəl o yerlərdə müharibə zamanı hər şey yanmışdı. Soyuğun təsirindən Kastel Gvilyelmoya sarı yüyür-məyə başladı. Xidmətçisinin orada olub-olmadığını bilmirdi, güman edirdi ki, özünü ora yetirsə, allah ona bir yerdən kömək göndərər. Lakin qəsrə bir mil qalmış qaranlıq düşdü, ora çox geç çatdı; qəsrin qapıları bağlanmış, körpülər qaldırılmışdı; içəri girə bilmədi. Qəmgin və pərişan halda, gözüyaşlı ətrafına nəzər saldı, heç olmasa üstünə qar yağmamaq üçün sığınacaq tapmaq istədi. Təsadüfən bir ev gördü. Ev divardan bir az qabağa çıxmışdı. Ora getmək, səhər açılana kimi bu çıxıntının altında qalmaq fikrinə düşdü. Ora çatanda, çıxıntının altında bir qapı gördü; qapı bağlı idi. Yan-yörədən küləş yığıb qapı-nın qabağına tökdü, məyus və dərdli halda küləşin üstündə özünə yer elədi, elə bir ucdan da müqəddəs Yuliandan şikayətlənirdi, deyirdi ki, mən sənə gör necə iman bağlamışdım, belə günə düşmək mənə layiq deyildi. Lakin müqəddəs Yulian onu öz himayəsi altına almışdı, çox ləngimədən Rinaldoya yaxşı bir mənzil hazırladı. O qəsrdə dul bir qadın yaşayırdı, dünyada tayı-bərabəri az tapılan bir gözəldi. Markiz Asso onu canından çox istəyirdi, onu burada öz ehtiyacı üçün saxla-yırdı. Xanım həmin evdə yaşayırdı