Seçilmiş əsərləri. Чингиз Айтматов

Читать онлайн.
Название Seçilmiş əsərləri
Автор произведения Чингиз Айтматов
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8260-5-0



Скачать книгу

Bax elə sən özün, Yedigey, təəccüblənirsən ki, onlar kosmik gəmini radio ilə necə idarə eləyirlər. Halbuki bu heç nədir, keçmiş əhvalatdır! O maşınlar, aparatlar proqram üzrə idarə olunur. Gün gələcək ki, adamlar da radio ilə idarə olunacaq, bu indiki avtomatlar kimi. Başa düşürsünüzmü adamlar, uşaqlardan tutmuş böyüyə kimi, hamı. Artıq bunun üçün elmi əsaslar var. Elm ali mənafe naminə buna da nail olmuşdur.

      – Dayan bir görüm, elə tutub ki, ali mənafe naminə, ali mənafe naminə! – Caydaq Ədilbəy onun sözünü kəsdi.

      – Sən məni bir əməlli başa sal, nəsə yaxşı başa düşmürəm.

      Belə çıxır ki, bizlərdən hər birimiz yanımızda tranzistorsayaq kiçik bir radioqəbuledici gəzdirməliyik, verilən əmrləri eşitmək üçün? Bu, indi hər yerdə var ki?

      – Ay məzən olsun! Məgər söhbət bundan gedir? O, boş şeydir, uşaq oyuncağıdır! Heç kim heç nə gəzdirməyəcək. İstəsən, lap lüt-üryan gəz, dolan. Amma gözə görünməyən radio dalğaları biotik adlanan şey daim sənə və sənin şüuruna təsir edəcək.

      – Belə de!

      – Bəs sən nə bilmişdin! İnsan ancaq mərkəzdən verilən proqram əsasında iş görəcək. Ona elə gələcək ki, guya, sərbəstcə, azad gəzib-dolanır, özü bildiyi kimi, əslində isə, lap nəfəsi də yuxarıdan verilən göstərişə əsasən alır. Hamısı da ciddi qayda üzrə. İstəyir ki, oxuyasan siqnal verəcək, oxuyacaqsan. Oynamağın lazımdır siqnal oynayacaqsan. İşləməyin lazımdır işləyəcəksən, özü də necə işləyəcəksən! Oğurluq, əyrilik, xuliqanlıq, cinayət hamısı unudulub gedəcək, belə şeylər haqqında ancaq köhnə kitabları oxumaq lazım gələcək. Ona görə ki, insan davranışında hər şey nəzərə alınacaq bütün əməlləri, fikirləri, bütün arzuları. Məsələn, deyək ki, bu saat dünya demoqrafik fəlakət qarşısındadır, yəni o qədər doğub-törəyiblər ki, yedizdirmək olmur, ərzaq çatmır. Neyləmək lazımdır? Doğum azaldılmalıdır. Arvadına o vaxt yaxın duracaqsan ki, nə vaxt siqnal verəcəklər, cəmiyyətin mənafeyi naminə…

      – Ali mənafeyi? – deyə Caydaq Ədilbəy rişxəndlə düzəliş verdi.

      – Tamamilə doğrudur, dövlət mənafeyi hər şeydən üstündür.

      – Birdən mən mənafesiz-zadsız istədim ki, arvadla, necə deyim, bir balaca o söz, onda necə?

      – Əzizim, Ədilbəy, heç nə çıxmayacaq. Belə şey heç ağlına gəlməyəcək. İstəyir, lap dünya gözəli göstərsinlər heç gözünün ucuyla da baxmayacaqsan. Ona görə ki, sənə bunun əks biotoklarını qoşacaqlar. Belə-belə şeylərin də haqq-hesabını çəkəcəklər. Arxayın ol! Ya da elə hərbi işi götürək. Orada da hər şey komanda ilə olacaq. Oda atıl – atılacaqsan, paraşütlə atlan – göz qırpmayacaqsan, atom minasıyla tankın altına gir, partlat – gözüm üstə, bir göz qırpımında. Soruşsaz ki, niyə belə? Ona görə ki, qorxmazlıq biotokları verilib – vəssalam, deməli, adamda heç bir qorxu-filan olmayacaq… Bax, belə!..

      – Ay gopçusan ha! Ay boşboğaz, gör neçə il oxumusan, başına ağıl qoyan olmayıb! – deyə Ədilbəy səmimiyyətlə öz təəccübünü bildirdi.

      Oturanlar açıqca qımışıb gülürdülər, yerlərində qurcuxur, başlarını bulayırdılar, yəni yamanca yaxır, amma qulaq asırdılar – gopçuluğuna gopçudur, amma maraqlı, eşidilməmiş şeylər danışır, qoy danışsın, hamı bilirdi ki, araq onu götürüb, əməllicə dəmlənib, şubatla qurtum-qurtum gillətdiyi araq öz işini görüb, qoy nə çərənləyir, çərənləsin, qulağı ağzının dediyinə cavabdeh deyil, haradasa nəsə eşidib, nəyin yalan, nəyin doğru olduğunu haradan biləsən?.. Yedigeyi birdən əməlli-başlı qorxu basdı: “Bizim bu boşboğaz heç də boş yerə çərənləyib qırıldamır, – o, narahatlıqla düşündü, – o, bunu haradasa oxuyub, ya da qulaqucu eşidib, axı bir bəd xəbər eşidən kimi göydə tutur. Bəlkə, dünyada böyük elm sahibi olan adamlar var ki, bizim üstümüzdə allahlıq eləmək iddiasındadırlar…”

      Sabitcan ona qulaq asıldığını görüb, elə hey doğrayıb tökürdü. Eynəyinin tərləmiş şüşələri altında qaranlığa düşmüş pişiyin bəbəkləri kimi onun da bəbəkləri genişlənib qaralmışdı, arağı da qurtumlayıb, şubatla məzələnirdi. İndi də əllərini ölçə-ölçə okeanda Bermud üçbucağı deyilən bir şey barəsində goplamağa başladı, guya, o yerdə gəmilər harasa qeyb olur, bu yerdən uçan təyyarələr əlli-ayaqlı yoxa çıxır.

      – Bax, bizim vilayətdə birisi xaricə getmək üçün özünü lap həlak eləyirdi. Guya ki, orada yel əsib, qoz tökülüb! Axır ki istədiyinə çatdı, başqalarını sıxışdırıb, uçdu okeanın o tayındakı Uruqvaydı, Paraqvaydı-nədi, ora. Elə o gedən getdi. Bermud üçbucağının üstündən keçəndə təyyarə əlli-ayaqlı yoxa çıxıb! Buna görə də, dostlar, axı nəyə görə kimdənsə xahiş eləyib icazə almalıyıq, kimisə sıxışdırıb kənara atmalıyıq, biz elə Bermud üçbucağı olmasa da keçinərik, öz doğma torpağımızdaca cansağlığı ilə yaşasaq, bəsimizdir. Gəlin öz sağlığımıza içək!

      “Yenə də başlandı, – deyə Yedigey özlüyündə söyləndi. – Bu saat öz məşhur kəlamını deyəcək. Başa bəladır. Dilinə dəyən kimi kələfin ucunu itirir!” Necə demişdi, elə də oldu.

      – Öz sağlığımıza içək! – deyə Sabitcan təkrar edib, süzülən bulanıq gözlərlə oturanlara baxır, imkanı çatdıqca üzünə ciddi, mənalı görkəm verməyə çalışırdı. Bizim sağlığımız ölkənin ən qiymətli sərvətidir. Deməli, bizim sağlığımız dövlət əhəmiyyətli bir sərvətdir. Bəli, bəli! Biz elə də, sən deyən, sadə adamlar deyilik, dövlət adamlarıyıq! Bir də onu demək istəyirəm ki…

      Boranlı Yedigey onun tostunun ardını gözləməyib yerindən dik durub evdən çıxdı. Qaranlıq artırmada nəyə isə ilişib taqqıltı-şappıltı saldı, görünür, ayağı boş vedrəyə, ya da başqa nəyəsə toxunmuşdu. Tələm-tələsik açıq havada qalıb soyumuş kirz çəkmələrini geydi, dilxor və əsəbi halda evlərinə yollandı. “Yazıq Qazanqap! – deyə bığlarını gəmirərək sakitcə öz içində inlədi. Belə də şey olar, nə ölü qanır, nə diri, nə dərd, nə azar!.. Oturub vurur özüyçün, elə bil, qonaqlığa gəlib, heç vecinə deyil! Heç dəxli var deynən, söz tapıb dövlət sağlığı, hər dəfə də içəndə bu oyunu açır başımıza. Allahın köməyilə sabah işi halal-hümmətlə başa vuraq, üçünü verən kimi rədd olub getsin başımızdan, bir də üzünü heç görməyək, kimin nəyinə dərmandır?!”

      Amma Caydaq Ədilbəyin evində, sən demə, əməlli-başlıca oturubmuşlar. Gecəni yarı eləmişdilər. Yedigey Sarı-Özək gecəsinin ayazımış havasından sinədolusu ciyərlərinə çəkdi. Sabah havanın da həmişəki kimi aydın, yağmursuz və kifayət qədər isti olacağı gözlənilirdi. Həmişə belədir. Gündüzü isti, gecəsi soyuq, adama titrətmə gəlir. Buna görə də bütün çöllük quraqlıq içindədir bitkilər heç cürə uyğunlaşa bilmir. Gündüz istidə günəşə boylanır, qəddini düzəldir, su istəyir, gecələr də ayaz vurur. Bu səbəbdən də ancaq dözümlüsü baş saxlayır, cürbəcür tikan kolları, çoxlu yovşan, bir də ki yarğan ağzında adda-budda əmələ gələn qarışıq növlü otlar olur ki, bunları da qışa ehtiyat düzəltmək üçün biçirlər. Boranlı Yedigeyin köhnə dostu geoloq Yelizarov