Ağ diş. Джек Лондон

Читать онлайн.
Название Ağ diş
Автор произведения Джек Лондон
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8252-9-9



Скачать книгу

– deyə oturduqları tabutu barmağı ilə taqqıldatdı.

      – Deyirəm, biz öləndə, heç olmasa üstümüzü daşla, çınqılla örtsünlər. Yoxsa cəsədlərimizi itlər dağıdar…

      – Axı bizim kimimiz var? Nə bir qohumumuz var, nə də pulumuz… Eh, çətin bizi belə uzaq yerdə tapıb basdırsınlar.

      – Henri, mən bir şeyi heç cür başa düşə bilmirəm: axı, bu adama nə düşmüşdü ki, gəlib çıxsın dünyanın axırına – Allahın, Tanrının xəbərsiz olduğu bu yerlərə? Nə var, nə var, qızıl axtarır. Mağıl öz evində lord idi, ya da buna oxşar bir adam; nə yemək, nə də isti paltar dərdi çəkirdi.

      – Hə, demə day. Yəqin ki, evdə oturub qalsaydı, qocalana qədər yaşayardı, – Henri təsdiq etdi. Dostu ağzını açmaq istədi, amma danışmadı. Əlini hər tərəfdən divar kimi onları bürümüş qaranlığa uzatdı. Zülmət içində heç bir kölgə görmək mümkün deyildi: yalnız gözlər işıldayırdı.

      Henri səssizcə ikinci, üçüncü cüt gözləri də göstərdi. Yanar gözlərin halqası yavaş-yavaş onların düşərgəsinə sarı gəlirdi, hərdənbir bu işıldayan gözlər yerlərini dəyişir, yenidən görünmək üçün tez-tez itirdilər.

      İtlər daha çox narahat olmuşdular, birdən qorxub hürkdülər, bir-birlərinə sığınıb lap tonqala yaxınlaşdılar, adamların ayaqlarına tərəf sürünərək dayandılar. Bu basabasda itlərdən biri düz tonqalın üstünə düşdü və ondan dəhşətli zingilti qopdu, ətrafı yanıq tük iyi bürüdü. Göz “halqası” ani olaraq dayandı və bir az geri çəkildi. Amma itlər sakitləşən kimi işıldayan gözlər əvvəlki yerlərində göründülər.

      – Bədbəxtlikdən, patronumuz da azdı, Henri!

      Qəlyanını çəkib qurtarandan sonra Bill dostuna yatacaq hazırladı – yeməkdən qabaq qarın üstünə döşədiyi küknar ağaclarının üstünə adyal saldı. Henri ufuldadı, mokasin ayaqqabılarının ipini aça-aça soruşdu:

      – Neçə patronun qalıb?

      – Üç, – Bill dedi. – Amma gərək üç yüz olaydı. Ax, mən onlara göstərərdim!

      Acıqla yumruğunu düyümləyib işıldayan gözlərə tərəf yellətdi, sonra öz mokasinlərini ocağın böyründə sahmanladı.

      – Bu şaxtalar nə vaxt qurtaracaq? – Bill soruşdu. – İkinci həftədir ki, əlli dərəcədir. Eh, axı mənim nə ölümüm vardı burda, Henri?

      – Mən belə səyahətə nifrət edirəm, lap zəhləmi töküb. Vallah, bu mənim xörəyim deyildi. Bircə çıxıb getsəydik, canımız qurtarardı. İndi Mək-Qerri fortunun isti sobası yanında əyləşib nə kart vurardım səninlə!.. Canım üçün, buna hər şeyimi verərdim…

      Henri nəsə mızıldadı və yerini rahladı. O, artıq mürgüləyirdi, birdən dostunun səsinə ayıldı.

      – Bilirsən, Henri, məni nəsə narahat edir. Axı itlər o gələn qonağa niyə hücum etmədilər? O balığı çırpışdıran qonağı deyirəm e…

      – Yuxulu səs gəldi:

      – Bill, sən lap dəymədüşər olmusan. Əvvəllər belə deyildin. Az danış, yat, səhər onsuz da durub deyəcəksən ki, heç nə olmayıb. Vallah, mədən ağrıyır sənin, ona görə narahatsan…

      Onlar ağır-ağır nəfəs alaraq bir yorğan altında yanaşı yatmışdılar, Ocaq öləzimişdi və işıldayan gözlərin dairəsi adamların gecələdiyi düşərgəyə tuşlanaraq getdikcə daha da yaxınlaşırdı.

      İtlər bir-birlərinə sığınmışdılar. İşıldayan gözlərdən biri onlara lap yaxınlaşanda qorxa-qorxa hürüşməyə başladılar. Sonra elə bərkdən hürdülər ki, Bill yuxudan ayıldı, dostunu oyatmasın deyə ehtiyatla yorğanının altından çıxdı və ocağa quru çör-çöp atdı. Alov qalxıb ətrafı işıqlandırdı və gözlərin dairəsi o saat geri çəkildi.

      Bill bir yerə yığışmış itləri nəzərdən keçirtdi, gözlərini ovuşdurub bir az da diqqətlə baxdı və təzədən yorğanın altına girdi.

      – Henri, – dostunu səslədi. – Hey, Henri!

      Henri ayılaraq zarıldadı, soruşdu:

      – Nə var yenə?

      – Heç nə. İtlər yenə yeddi dənə olublar. İndicə saydım. Henri bu xəbəri deyinə-deyinə qarşıladı və tez də yuxuya gedib xoruldadı.

      Səhər birinci Henri durdu və dostunu da oyatdı. Saat altı olsa da, havanın işıqlanmasına hələ üç saat qalırdı. Henri ala-toranlıqda səhər yeməyi hazırlamağa başladı, Bill isə yeri yığıb şeyləri kirşəyə qoydu.

      – Bura bax, Henri. Sən nə deyirdin? Neçə itimiz var?

      – Altı.

      – Eh, düz demədin…

      – Nədi, yenə yeddi olub?

      – Yox, beş dənədi. Biri yoxdur. Henri hiddətlə çımxırdı:

      – Lənət sənə, şeytan! – Sonra əlindəki yemək qablarını kənara tullayaraq itləri saymağa başladı.

      – Düzdü, Bill. Fətti qaçıb.

      – Aradan elə çıxıb ki, heç xəbərimiz olmayıb. Tap görüm necə tapırsan.

      – İşlər korlandı, – Henri dedi. – Diri-diri yeyiblər onu.

      – Yəqin o vəhşilər Fəttini parçalayanda yazıq çox zingildəyib.

      – Fətti elə həmişə səfehləyirdi, – Bill dedi.

      – Ən ağılsız it də bilə-bilə ölümə getməz…

      Henri o biri itləri süzdü, beynində hər birinin nəyə qadir olduğunu götür-qoy etdi.

      – Bunlar ağıllıdı, belə hoqqa çıxarmazlar. Bill də köksünü ötürdü:

      – Bunları dəyənəklə də ocaqdan uzaqlaşdıra bilməzsən. Ürəyimə dammışdı ki, Fəttinin başında nəsə var. Şimal yollarında ölən itlər haqqında adətən belə vida sözləri deyirdilər. Bu sözlər çoxlu başqa itlərin, hətta insanların ölümündən sonra deyilən vida sözlərindən heç də fərqlənmirdi.

      2

      DİŞİ CANAVAR

      Səhər yeməyindən sonra Henri və Bill olan-qalanlarını kirşəyə yığıb bu cəfakeş ocağı tərk edərək, qaranlıq yolla irəlilədilər. Elə bu vaxt həmin dəhşətli, tükurpədici ulartı eşidildi; səs qaranlığı, şaxtanı yara-yara gəlib onlara çatdı. Qızılaxtaranlar dinməzcə gedirdilər. Düz saat doqquzda hava işıqlandı.

      Günortaçağı səma cənub tərəfdən çəhrayı rəngə çaldı. Üfüqdə günəşlə şimal ölkəsi arasında sədd çəkilmişdi. Çəhrayı rəng itdi. Günəşin solğun bənizi təxminən üç saat ətrafı işıqlandırdı. Sonra o da söndü və kimsəsiz, sakit şimal təzədən uzun Arktika gecəsini öz əyninə geyindi.

      Qaranlıq düşən kimi səyyahları hər tərəfdən izləyən o ulartı lap yaxından eşidilməyə başladı. Bəzən bu səs elə yaxından gəlirdi ki, itlər qorxudan yerlərində titrəyirdilər.

      Bu dəhşətli ulartıdan itlərin canına vəlvələ düşmüşdü. Bill və Henri qoşqunu düzəldirdilər. Bill dedi:

      – Yaxşı