Название | Dahi |
---|---|
Автор произведения | Теодор Драйзер |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8245-8-1 |
Belə şeylər çoxdan Yucinin xəyalına gəlirdi. O bilirdi ki, məşhur emalatxanalar az deyildir və qəzetlərin verdiyi rəylərə görə, gözəl əsərlər yaratmış rəssamlar da vardır. Gah burada, gah orada düzələn sərgilər haqqında mətbuatda xəbərlər nəzərə çarpırdı; bu sərgilərin əksəriyyəti pulsuz olurdu, çünki onsuz da camaatı oraya cəlb etmək olduqca çətin idi. Bir dəfə Yucin hansı aqibətlə isə Qərb yarımkürəsinə düşmüş şöhrətli rus batalisti Vereşşaginin şəkillərinin sərgisi haqqında oxudu. Yucin bazar günlərinin birində onun şəkillərinə baxmağa getdi və döyüş təfsilatının bu qədər gözəl verilməsi, rənglərin heyrətamizliyi, surətlərin həqiqiliyi və bu tablodan gələn faciə hissi, təhlükə, dəhşət və əzablarla sarsıldı. Bunlar rus rəssamının təkamüllüyünü, dərin istedadını, onun təsəvvür və temperametrinin müstəsna zənginliyini sübut edirdi. Yucin baxır və belə bir təkamüllüyə necə çatmaq haqqında düşünürdü. Bütün gələcək həyatı boyu Vereşşaginin adı onun üçün ən böyük amil oldu. Rəssam olsan, ancaq beləsindən olasan!
Yucin başqa bir sərgidə, əvvəlcə ancaq sənətkarlıq nöqteyi-nəzərdən onu maraqlandırmış olsa da, başqa hislərini dindirən bir lövhə gördü. Bu, öz cəsarətli şəkilləri ilə vaxtilə sensasiya yaratmış olan fransız rəssamı Buqronun çəkdiyi şəkil – koloritinə görə çox hərarətli olan çılpaq qadın bədəni idi. Buqronun ən çox sevdiyi obrazlar qüvvə və ehtirasdan məhrum olmuş işvəsiz, xırda, zəif varlıqlar deyil, boyunlarının, qollarının, sinələrinin, sağrı və ayaqlarının şəhvətli cizgiləri olan gözəl, sağlam qadınlar idi. Bu qadınlar sanki gənc kişilərin qanında çoşqun ehtiras alovunu oyatmaq üçün yaranmışdılar. Onun təsvir etdiyi hissi maraq, şəhvət, şübhəsiz, rəssamın özünü də həyəcanlandırırdı; onun əsərlərində formaya, gözəlliyə vurğunluq, gözəl obrazların arxasında izdivac yatağı, analıq, sevinclə sinəyə basılan totuq, çiçək kimi körpələr duyulurdu. Onun qadınları özlərinin bütün gözəlliyi və cazibədar qüvvələri ilə – yarıaçılmış şəhvətli dodaqları, yanaqlarındakı ehtiras qızartısı, gözlərindəki azdırıcı şəhvətlə qarşıda dururdular. Söz yox ki, mühafizəkarlar, puritanlar və dini riyakarlar bu cür şəkillərə lənət yağdırırdılar. Bu şəkilin satılmaqdan ötrü Çikaqoya gətirilməsi özü həyəcan tufanının yaranması üçün kifayət idi. Belə şeyləri çəkmək olmaz, deyə qəzetlər bağırışırdılar, hər halda onların camaata göstərilməsinin mənası yox idi. Çoxları Buqronun simasında öz istedadı ilə ictimai adətlərə pozğunluq gətirməyi cəhd edən incəsənət iblislərindən birini görmək istəyirdi. Fəryad qoparırdılar ki, şəkili sərgidən rədd etmək lazımdır və ictimai etirazın partlayışı zamanı həmişə olduğu kimi, bu şəkil camaatda böyük maraq oyatdı.
Yucin də mübahisə ilə maraqlandı. O nəyinki Buqronun əsərini, ümumiyyətlə çılpaq bədən təsvir edən heç bir həqiqi şəkil görməmişdir. O, saat üçdə işdən çıxıb sərgilərə gedə bilirdi, həm də indiki işinin sayəsində həmişə yaxşı kostyum geyməyə də imkan tapırdı. Yucin ciddi, mötəbər bir gəncə oxşayırdı, bədii salonda bir şey göstərilməsi haqqında onun xahişi heyrətə səbəb olmamalı idi. Xarici görünüşü etibarilə o tamamilə ziyalılara, yaxud rəssamlar tayfasına mənsub ola bilərdi.
Bu qədər gənc olan bir adamın (onun hələ iyirmi yaşı da tamam olmamışdı) necə qarşılanacağına heç bir ümidi olmadan, Yucin yenə də Buqronun lövhəsi qoyulmuş mağazaya cəsarətlə daxil oldu və şəkilin ona göstərilməsini xahiş etdi. Xidmətçi maraqla onu süzdü, yenə də mağazanın o başına, tünd-qırmızı pərdələr olan otağa apardı, qırmızı məxmərlə örtülü divar oyuğunda olan elektrik qəndilini yandırdı, tablonun üzündəki örtüyü çəkdi. Yucin belə bir bədəni, belə bir çöhrəni xəyalına da gətirə bilməzdi. Bu, ancaq xəyallarda olan bir gözəllik – onun həyatda təcəssüm edən idealı idi. O, gözünü çəkmədən bu üzə və boyuna, canlı qumral saçların qıvrım halqasına, gül yarpağı kimi açılan dodaqlara, zərif yanaqlara baxırdı. O, yumşaq cizgili döşləri, kişiləri əsir edən, analıq vəd edən zərif qarnı heyrətlə nəzərdən keçirirdi. O, saatlarla beləcə durub baxaraq, düşünə bilər və zövq ala bilərdi, lakin bir neçə dəqiqəliyinə onu tək qoymuş xidmətçi otağa qayıtdı.
– Bu şəkilin qiyməti nə qədərdir? – deyə Yucin soruşdu.
– On min dollar, – deyə cavab verildi.
Yucin anlayan adam kimi qımışdı.
– Bəli, çox gözəl şeydir, – dedi və qapıya doğru yönəldi. Xidmətçi işığı söndürdü.
Bu şəkil də Vereşşaginin tablosu kimi, Yucinin qəlbində dərin iz buraxdı. Lakin nə qədər qəribə olsa da, onda bu tərzdə bir şey yaratmaq arzusu yox idi. O, ancaq sevincli həyəcan duyurdu. Bu şəkil ona yeni qadın idealını – gözəllik idealını açıb göstərmişdi və Yucin ona iltifatlı ola biləcək belə bir xilqət tapmağı bütün varlığı ilə arzu edirdi.
Ona az təsir etməyən başqa sərgilər də var idi (birində o Rembrandtın çəkdiyi şəkilin əslini görmüşdü). Lakin heç bir rəssam onu Vereşşagin və Buqro kimi dərindən həyəcanlandırmamışdı. İncəsənət Yucini qarşısıalınmaz bir qüvvə ilə cəlb edirdi, o çox bilmək və öz qüvvəsini sınamaq istəyirdi. Bir dəfə o, cəsarətini toplayaraq, incəsənət institutunun binasına daxil oldu və katibədən bəzi şeylər soruşdu. Katibə praktik ağla malik bir qadın idi. Bu qadın ona dedi ki, məşğələlər oktyabrdan maya qədər davam edir, o, canlı natura, yaxud gips qrupuna, yaxud hər ikisinə – başlanğıc üçün gips daha məqsədə uyğundur – yazıla bilər, yaxud müxtəlif dövrlərin paltarlarında naturaçı qız və oğlanlar çəkilən illüstrasiya qrupuna girə bilər. Katibə bunun üçün Yucinin nə qədər verəcəyini də dedi. O öyrəndi ki, hər qrupun öz adlı-sanlı və sanballı müəllimi (lakin bu saat Yucinin onlardan birinə müraciət etməsinə lüzum yoxdur) və öz qrup başçısı vardır. Oxuyanlardan vicdanla işləmək tələb olunur – bu tələb onların özlərinin xeyrinədir. Yucin sinifləri görmədi, lakin onda elə bir təəssürat oyandı ki, burada hər bir bucaq incəsənətlə qidanlanmışdır: hətta dəhlizlər və iş otaqları belə zərif bəzənmişdi. Hər yerdə gipsdən qayrılmış əllər, ayaqlar, gövdələr, sağrılar və başlar asılmışdır.
Yucinə elə gəlirdi ki, o açıq qapıda durub yeni dünyaya baxır. O sevinclə öyrəndi ki, ona illüstrasiya sinfində tuşla və ya rənglə şəkil çəkməyi öyrənmək, həmçinin, əgər arzu edirsə, axşamlar canlı natura sinfində məşğul olmaq və heç bir əlavə haqq vermədən saat beşdən altıya qədər eskiz sinfinə getmək imkanı verilir. Ona verilən çap edilmiş prospektdən canlı natura sinfində görüləcək işin çılpaq